Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-295/2021 28.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8, Cavabdeh, cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X16 və Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun tanınması və mənzilə məcburi köçürülmə tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququnun tanınması və ailə üzvləri ilə birlikdə (həyat yoldaşı və uşaqları) mənzilə məcburi köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 31 mart 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçı öz tələbini dəqiqləşdirərək ailə üzvləri ilə birlikdə mənzilə köçürülməsini xahiş etdiyindən ailə üzvlərinin adlarını dəqiq göstərmiş, özünün mənzilə yaşayış və istifadə hüququnun tanınmaqla ailə üzvləri ilə birlikdə-həyat yoldaşı X25, azyaşlı övladları X3 və X6 mənzil köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 31 mart 2021-ci il tarixli qərardadla iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təmin edilmişdir. İşə məhkəmədə baxılarkən X25 iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində, X30 və Naxçıvan Şəhər İcra Hakimiyyəti cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında 1973cü ildə anadan olduğunu, 1981-ci ildə anası X20 adına Naxçıvan şəhəri X13 İcraiyyə Komitəsinin qərarı əsasında mənzil verildiyini, həmin mənzilin orderində onun, bacısının, anasının və qardaşı cavabdehin adının olduğunu, mənzilin hələ özəlləşdirilmədiyini, 1981ci ildən 1992-ci ilə qədər anası və bacı-qardaşı ilə birlikdə həmin mənzildə yaşadığını, 1992-ci ildə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, 7 il 7 ay həbsdə olduğunu, 2000-ci ildə azadlığa çıxdığını, qayıdıb bir ay mübahisəli mənzildə yaşadığını, daha sonra iş tapmaq üçün Türkiyə Respublikasına getdiyini, 2009-cu ildə Naxçıvana qayıtdığını, ailə qurduğunu, ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşamağa başladığını, qardaşının ailəsini onu və arvadını yola vermədiyini, kiçik bir mübahisə üstündə arvadının atası evinə getdiyini, məhkəməyə verib ondan boşandığını, daha sonra işləmək üçün Bakı şəhərinə getdiyini, 2016-cı ildə Naxçıvana qayıtdığını, qardaşının onu evə qoymadığını, bacısı Sevdanın evində yaşadığını, anasına da bacısı Sevdanın baxdığını, anasının öz evində yaşamasına cavabdehin etirazı olduğunu, sonra bacısının əli ilə ailə qurduğunu, kirayə yaşmağa başladığını, anasına bir müddət özünün baxdığını, anasının kirayə evdə onun yanında vəfat etdiyini, cavabdehin anasına heç bir qulluq etmədiyini, bu gün qardaşı ilə danışıb məsələni həll etmək istədiyini bildirəndə cavabdehin onunla danışmadığını, evdə tək cavabdehin və ailəsinin yaşadığını, dövlət evi olduğunu, orada onun da haqqı olduğunu, uşaqlarını arvadının atası evinin qeydiyyatına saldığını, işləyib ancaq kirayə pulu ödədiyini, çətin vəziyyətdə yaşadığını bildirib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək izahatında iddiaçının dediklərini təsdiq etdiyini bildirib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X25 izahatında İddiaçı arvadı olduğunu, 11 avqust 2016-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə iddiaçı ilə ailə qurduğunu, birgə nikahlarından iki övladlarının doğulduğunu, ailə qurduqdan sonra kirayə yaşadıqlarını bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında mənzilin anasının adına verildiyini, lakin özəlləşdirilmədiyini, həmin evdə ailəsi ilə birlikdə yaşadığını, övladlarının böyük olduğunu, həmin evdə özlərinin ancaq yaşadıqlarını, iddiaçı və ailəsinin həmin evdə yaşamağa yerin olmadığını, onların ana bir ata ayrı qardaş olduqlarını, evi tam təmir etdirdiyini, iddiaçının məqsədinin evin satılması və pulun bir hissəsini götürməsi olduğunu bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X30 izahatında iddiaçının və cavabdehin onun ata ayrı ana bir qardaşları olduğunu, onun 1994-cü ildə ailə qurduğunu, yoldaşı rəhmətə getdikdən sonra qayıdıb anası ilə yaşadığını, 2003-cü ildə özünə ev alıb oradan getdiyini, nə olur olsun onun qardaşlarından, qardaşlarının da biri-biribindən başqa kimsələri olmadığını, xəstə anasına özünün baxdığını, daha sonra oğlunu evləndirəcəyi üçün iddiaçının anasını aparıb baxdığını, anasının iddiaçının yanında kirayədə vəfat etdiyini, hər kəsin payı nədir onun verilməsini istədiyini, iddiaçının yaşamağa yerinin olmadığını, gah onun himayəsində, gah kirayə yaşadığını, cavabdehin onu evə qoymadığını, halbuki bir ananın uşaqları olduğunu bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X26 iddia tələbinin araşdırıldığını, iddiaçının həqiqətən mübahisəli evin qeydiyyatında olduğunu, onun həmin mənzili daimi olaraq tərk etmədiyini, arada həmin mənzildə yaşadığını, daha sonra cavabdeh tərəfindən orada yaşamasına maneə yaradıldığını, iddiaçının mübahisəli mənzildə yaşayış və istifadə hüququnun olduğunu bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarına əlavə edilmiş Naxçıvan Şəhər XDS İcraiyyət Komitəsinin 1089 nömrəli orderin surətindən aydın olur ki, 20 fevral 1981-ci il tarixdə X27 order verilir ondan ötəri ki, o 4 nəfər ailə üzvü ilə mənzil sahəsi tutmaq hüququ vardır. Ailənin tərkibi X28-oğlu, Sevda-qızı, Bəxtiyar-oğlu. Order vermək üçün əsas Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin 30 yanvar 1978-ci il tarixli 25 nömrəli qərarı olmuşdur. Mülki işin materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 saylı Mənzil-İstismar İdarəsinin 28 fevral 2019-cu il tarixli 3498 nömrəli arayışına əsasən ünvan 3, blok 1, 1-ci mərtəbədə yerləşən 2 otaqlı sahəsi 30.05 kv.metr olan mənzilin kirayəçisi X17 olmuş mənzildə İddiaçı, Cavabdeh, X2, X10, X21 və X22 pasport qeydiyyatındadırlar. Mülki işin materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, X18 ilə X29 11 avqust 2016-cı il tarixdə nikah bağlamış və bu barədə 293 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan AZ-İİİ 962589 nömrəli doğum haqqında şəhatnamənin surətindən aydın olmuşdur ki, X23 14 avqust 2018-ci ildə Naxçıvan şəhərində doğulmuş, atası X18, anası X19r. Həmçinin AZ-İİİ 752668 nömrəli doğum haqqında şəhatnamənin surətindən aydın olmuşdur ki, X11 26 may 2017-ci ildə Naxçıvan şəhərində doğulmuş, atası X18, anası X19r. Mülki işin materiallarına əlavə edilmiş Şahbuz Rayon İcra Hakimiyyəti Sələsüz kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 24 nömrəli 25 yanvar 2021-ci il tarixli arayışdan aydın olur ki, X1 rayonu Sələsüz kəndində qeydiyyatdadır və onun ailə tərkibi X11-qızı-23.05.2017 və X24-oğlu-14.08.2018. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı mübahisəli mənzildə doğulması və həmin mənzildə evdə qeydiyyatda olması mülki işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri 2000-ci ildən əvvəl yarandığından, hazırki mübahisəyə 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının həmin mənzilə yaşayış və istifadə hüququnun mövcudluğu ilə bağlı məsələnin araşdırılması üçün iddiaçının tələbinin qanuni əsasını analogiyanı tətbiq etməklə 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123, 60, 87-ci maddələri təşkil edə bilər. 01.10.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 01.10.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə-həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə-onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə... 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1-7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İşin hallarından görünür ki, İddiaçı icarədarın ailə üzvü olaraq mübahisli mənzildə yaşamış, sonra mübahisəli mənzili cəzaçəkmə müəssisəsində olması, işləmək üçün başqa ölkəyə, başqa şəhərə getməsi ilə əlaqədar olaraq tərk etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatlarından aydın olur ki, iddiaçı sonuncu dəfə 2009-cu ildə ailə quraraq mübahisəli mənzildə arvadı ilə birlikdə yaşamış, daha sonra cavabdehlə mübahisələrinin olması ilə əlaqədar həmin evdən çıxmaq məcburiyyətində qalmış və ailəsi ilə nikahları pozulmuşdur. Bundan sonra iddiaçının həmin mənzildə yaşamasına cavabdeh tərəfindən maneçilik törədilmiş və yaşaması qeyri-mümkün olmuşdur. İddiaçının başqa yaşayış yerinin olub-olmaması barədə məhkəmə tərəfindən Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müvafiq sorğu verilmiş və alınmış cavabda İddiaçı adına hər hansı daşınmaz əmlakın qeydə alınmadığı göstərilmişdir. Cavabdeh iddiaçının mübahisəli mənzildə yaşayış və istifadə hüququnun tanınmasına və mənzilə köçürülməsinə etiraz etsə də iddiaçının daimi olaraq başqa yaşayış yerində yaşamasını sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübutetmə yükü onun üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddiaçının uzun müddətə başqa yerə köçüb orada yaşaması onun daimi yaşayış üçün getməsi anlamına gəlmir. Belə ki, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Buna görə də məhkəmə işin yuxarıda şərh edilmiş faktiki hallarını maddi hüquq normaları ilə əlaqəli şəkildə əsaslandırıb hesab edir ki, İddiaçı mübahisəli mənzildə yaşamaması zərurətdən irəli gəlmişdir və buna görə də onun yaşamaması istifadə hüququnun itirilməsi kimi qiymətləndirilməməlidir. Belə ki, iddiaçının mübahisəli mənzildə istifadə hüququ mövcuddur və itirilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı olunun ünvan 2 ünvanında yerləşən mənzilin tərkib hssəsindən yaşayış və istifadə hüququ tanınmalıdır. Qanunvericiliyin tələbinə görə əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində hər kəsin mənzil hüququ təsbit olunmuşdur. Konstitusiyanın müddəasına görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarının öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin iddiaçıya mübahisəli mənzildə yaşayış və istifadə hüququna maneçilik törətməsi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X15 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmə yuxarıda qeyd edilən hallara əsasən iddiaçının hazırki iddianı (mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququnun tanınması barədə) qaldırmaq üçün subyektiv hüquqa malik olması qənaətinə gəlməklə yanaşı Cavabdeh tərəfindən onun hüququnun pozulması nəticəsinə gəlir. Məhkəmə iddia tələbinin digər hissəsinə yəni X5 ailə üzvləri ilə birlikdə (həyat yoldaşı və uşaqları) ünvan 3 ünvanında yerləşən mənzilə məcburi köçürülməsi barədə tələbinə hüquqi qiymət verərək həmin tələbin azyaşlı uşaqlarına münasibətdə təmin edilməsi, arvadına münasibətdə rədd edilməsi nəticəsinə gəir. “İnsan hüquqları və X15 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fıziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün "mülkiyyət" kimi qəbul edilə bilər. Bu işdə Məhkəmə qeyd edir ki, 2 iyun 1993-cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında "sosial kirayə müqaviləsi" deyilən müqavilə bağlanmalı idi. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafıq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda Məhkəmə razılaşmışdır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən "mülkiyyət" hesab etmək üçün kifayət qədər əsaslar var. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafıq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Məhkəmə qeyd edir ki, 20 fevral 1981-ci il tarixli orderdə X20 ailə üzvü olaraq göstərilmiş X12 mübahisəli mənzildə yaşayış və istifadə hüququ mövcuddur, eyni zamanda order əsasında mülkiyyət hüququnun əldə olunmasına qanuni gözləntiyə malikdir. Belə olan halda İddiaçı mənzilə köçürülməlidir. Həmçinin iddiaçı öz yetkinlik yaşına çatmayan iki azyaşlı uşağını da mənzilə köçürmək hüququna malikdir. Mübahisəli mənzilin dövlət mənzil fondunda olması nəzərə alınaraq və maddi hüquq münasibətinin yarandığı zamana uyğun olaraq hazırkı mübahisə 2009-cu il 01 oktyabr tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qaydalarına uyğun həll edilməlidir. Həmin Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Yenə həmin Məcəllənin 54-cü maddəsinin tələblərinə görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə görə istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu səlahiyyət əsasında fiziki şəxs əşyadan istifadə etməklə öz maddi və mənəvi tələbatını ödəyir (hazırkı halda mənzildə yaşayır). Əşyadan istifadə etmək əşyaya münasibətdə şəxsin öz mənafeləri üçün hərəkət etməsini (müxtəlif ehtiyacı və tələbatı ödəmək, fayda götürmək, gəlir, artım və bəhər əldə etmək və s.), onun köməyi ilə istehsal və ya istehlak ehtiyaclarının ödənilməsini, əşyanın sosial-təsərrüfat təyinatına uyğun olaraq istismar edilməsini ifadə edir. İstifadə obyekti mənzil olduğu halda, bu əmlakdan (mənzildən) istifadəni həmin mənzildə yaşamaq təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1 və 27.2-ci maddələrinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüququnu itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə iş materiallarına əlavə edilən doğum haqqında şəhadətnamələr əsasında 14 avqust 2018-ci il təvəllüdlü X7 və 26 may 2017-ci il təvəllüdlü X4 atası iddiaçı X18 olduğu və iddiaçının onların valideyni olmasını nəzərə alınaraq öz yetkinlik yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzilə köçürülməsini qanuni və əsaslı hesab edir. Məhkəmə iddia tələbinin İddiaçı həyat yoldaşı X8 ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi tələbinə dair iddiasını iddia qaldırmaq hüququ olmayan şəxs tərəfindən qaldırıldığından rədd edilməsi nəticəsinə gəlir. Belə ki, X25 yetkinlik yaşına çatan şəxs olduğundan məhkəmədə iddia qaldırmaq hüququna malikdir və ya bu hüququ həyata keçirmək üçün səlahiyyətlərini başqasına verə bilər. İş materiallarına əlavə edilən iddia ərizəsindən və ona əlavə edilən sənədlərdən aydın olur ki, X25 İddiaçı səlahiyyətlərini həyata keçirməsi üçün etibarnamə verməmiş, iddia ərizəsi iddiaçı kimi İddiaçı tərəfindən imzalanmışdır. Belə olan halda arvadı X8 həmin mənzilə köçürülməsinə münasibətdə iddiaçının öz adından bu iddianı qaldırmaq üçün subyektiv hüququ olmamış, arvadının adından qaldırmaq üçün isə iddianı imzalamaq üçün səlahiyyəti olmamışdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan iddiaçı X18 tərəfindən “xxxx” ASC Naxçıvan filialına 19 yanvar 2021-ci il tarixdə 73814 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsini uyğun olaraq 5 (beş) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ünvan 3 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququ tanınmaqla o, iki azyaşlı uşağı X24 və X11 ilə birlikdə həmin mənzilə məcburi köçürülsün. İddiaçı X18 tərəfindən “xxxx” ASC Naxçıvan filialına 19 yanvar 2021-ci il tarixdə 73814 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsini uyğun olaraq 5 (beş) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-295/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-295/2021
28.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver