Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-300/2025 25.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi və ərizəçinin vəkil və nümayəndəsi Vəkil iştirakları ilə Ərizəçi şəxsin ölmüş elan edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, bibisi X11 məhkəmə qaydasında ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin vəkil və nümayəndəsi Vəkil iddia ərizəsini əsaslandıraraq bildirmişdir ki, vəkili və nümayəndəsi olduğu Ərizəçi mərhum atası X37 və mərhum babası Ərizəçi Cəfər oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini vərəsəlik qaydasında sənədləşdirərək öz adına miras əmlakı qəbul etmək və daşınmaz əmlakı öz adına qeydiyyata aldırmaq istəyir. Lakin vərəsələrdən biri olan 04 mart 1954-cü ildə anadan olmuş və ünvan 1 ünvanında pasport qeydiyyatında olmuş X35 təxminən 1999-cu ilin mart ayından evdən çıxıb getmiş (məlumatlara görə ümumiyyətlə onun harda olması və sağ qalması və ya ölməsi barədə dəqiq məlumat yoxdur) və həmin tarixdən bir daha geri qayıtmamışdır. Həmin şəxs barədə tərəflərindən müvafiq sorğular verilmiş və sənədlər toplanılmışdır. Bundan əlavə həmin şəxsin axtarılması və araşdırılması üçün Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinə yazılı müraciət edilmiş, həmin qurumun verdiyi cavabda həmin şəxs barəsində hər hansı bir məlumatın olmadığı qeyd edilmişdir. Nümayəndəsi olduğu şəxs yuxarıda qeyd edildiyi kimi miras qalmış əmlakı (fərdi yaşayış evini) vərəsəlik qaydasında həll etmək istəsə də, notariat ofisi X11 şəxsiyyətinə dair hüquqi sənəd tələb edir ki, bu sənədin də tərəflərindən təqdim edilməsi qeyri-mümkün olmuşdur. Məhz bu vərəsəlik işinin həll olunması üçün həmin şəxsin məhkəmə qaydasında ölmüş elan edilməsi zərurəti yaranmışdır. Həmin şəxs 1999-cu ildən evdən çıxıb getmiş və həmin tarixdən sonra ondan heç bir xəbər alınmamış və ya hər hansı bir məlumat əldə edilməmişdir. Bu ölmüş elan edilmənin məqsədi miras qalmış əmlakın hüquqi talehini həll etməkdir. Naxçıvan Şəhər Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2(078)-300/2025 nömrəli qərardadı ilə Ərizəçi şəxsin ölmüş elan edilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan “Asan Xidmət” X2 maraqlı şəxs qismində cəlb olunması qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(078)-300/2025 nömrəli qərardadı ilə Ərizəçi şəxsin ölmüş elan edilməsi tələbinə dair mülki iş üzrə Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb olunması qərara alınmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan “Asan Xidmət” X5 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, ancaq Naxçıvan “Asan Xidmət” X2 nümayəndəsi 26 fevral 2025-ci il, 11 aprel 2025-ci il, 08 may 2025-ci il, 18 iyun 2025-ci il və 24 iyun 2025-ci il tarixlərdə məhkəməyə eyni məzmunlu ərizələr göndərərək Ərizəçi şəxsin ölmüş elan edilməsi tələbinə dair mülki işə şöbədaxili işlərin çox olması səbəbindən Naxçıvan "ASAN xidmət" X2 nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə göndərdiyi ərizəni nəzərə alaraq maraqlı şəxs Naxçıvan “Asan Xidmət” X2 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 24 iyun 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər məhkəmə baxış iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 iştirakları olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında babasından miras əmlak qaldığını, həmin miras əmlakı özünün qəbul etmək istədiyini, bibisi X11 1999-cu ildə yox olduğunu, haraya getməsi, harada olması barədə heç bir məlumatları olmadığını, belə ki, digər bibisinin oğlunun vəfat etdiyini, həmin yasda Güllər bibisinin iştirak etdiyini, bunu özünün şəxsən gördüyünü, həmin yasdan sonra bibisinin yoxa çıxdığını, heç kimin də maraqlanmadığını, həmin vaxt nənəsi ilə babası ölmüş olsa da bibilərinin və əmilərinin sağ olduqlarını, onların maraqlanmadığını, heç bir quruma müraciət etmədiklərini, hətta həmin vaxt Güllər bibisinin uşaqlarının da böyük olduğunu, qızının 1978-ci il təvəllüdlü, oğlunun da 1980-ci il təvəllüdlü olduğunu, onların da heç bir orqana müraciət etmədiklərini, həmin vaxtdan sonra da sadəcə arada borc sahiblərinin onlara gəldiyini, bibisini soruşduqlarını, bibisinin onlara borcu olduğunu dediklərini, hətta borc sahibləri bir dəfə onlara gəldiyi zaman digər bibisinin Güllər bibisinə “mənim oğluma görə borcum var, sənin niyə borcun var?” dediyini, Güllər bibisinin də onu söyüb qovduğunu, elə həmin vaxtdan sonra da bibisinin yoxa çıxdığını, öldüyünü güman etdiklərini, harada olması barədə heç bir məlumat olmadığını, 1999-cu ildən ümumiyyətlə görmədiklərini, həmin vaxtdan yoxa çıxdığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkil və nümayəndəsi Vəkil izahatında iddia ərizəsində qeyd etdiklərinə və ərizəçinin məhkəmə iclasında bildirdiklərinə əlavəsi olmadığını, bütün orqanlara müraciət etdiklərini, X11 şəxsiyyət vəsiqəsi almaq üçün belə müraciət etmədiyini, 1999-cu ildən X7 heç bir məlumat olmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən Maraqlı şəxs2 izahatında anası X11 ölmədiyini, belə ki, özünün 1997-ci ilin dekabr ayında toyu olduğunu, anasının özünün toyundan 6 ay sonra yoxa çıxdığını, anasının ona “İrana gedirəm, sabah qayıdacağam” dediyini, sonra qayıtmadığını, həmin vaxt özünün Daxili İşlər Nazirliyinə yazılı müraciət etdiyini, heç bir xəbər çıxmadığını, anasının iş yoldaşları ilə birlikdə alverlə məşğul olduğunu, borca düşdüyünü, bu səbəbdən getdiyini düşündüyünü, hətta özünün bir müştərisi olduğunu, ona anasının adını verdiyini, İranda maraqlanacağını dediyini, sonra özünün İstanbul şəhərinə getdiyini, Bakı şəhərinə getdiyini, oradan da İsveçə getdiyini, 16 il İsveçdə yaşadığını, sonra Bakı şəhərinə qayıtdığını, bu keçən müddət ərzində hər danışanda anasını soruşduğunu, onların da heç bir xəbər olmadığını dediklərini, anasının ona 1998-ci ildə zəng vurduğunu, “İrandayam, gəl gömrüyə səni görüm” dediyini, özünün də anası onları qoyub getdiyinə görə anasını görməyə getmədiyini, xalası Gülzarın ərinin Yusif adlı bir qohumu olduğunu, Yusifin ona bu yaxınlarda olan bir hadisəni danışdığını, belə ki, anası gedəndən 5 il sonra xalası Gülzarın, xalasının oğlu Mahmudun, Yusifin və Yusifin arvadının İrana getdiklərini, orada anası Güllərin onların qarşılarına çıxdığını, bir nəfərin onlara “bacın bizdədi, gəl apar dediyini”, həmçinin Yusifin ona özünün, Əlinin və Kərimin bir yerdə olarkən bir nəfər İranlının gələrək Kərimə “Kərim ağa sənsən?, bacın mənə pul borcludu, məndə girovdu, pulu gətir bacını apar” dediyini, həmçinin Yusifin ona keçən dəfə yasda olarkən Əlinin “Güllərin ölüm kağızını çıxartdırıram” dediyini, bunların hamısını 3-4 gün əvvəl Yusifin dediyini, bu vaxta kimi Güllərin yada düşmədiyini, miras olduğu üçün Güllərin yada düşdüyünü, anası Güllərin ölüb-ölmədiyini dəqiq bilmədiyini, ölmədiyinə dair sübutu olmadığını, harada olduğunu da bilmədiyini bildirmişdir. Keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən Maraqlı şəxs1 izahatında Ərizəçi dayısının oğlu olduğunu, özünün 15 yaşında ailə həyatı qurduğunu, özü evlənənə kimi özünün, qardaşının və anasının dayısıgildə qaldığını, anasının əvvəl çörək zavodunda işlədiyini, sonra da xəstəxanada işlədiyini, özünün 1993-cü ildə qoşulub qaçdığını, anası ilə ünsiyyəti olduğunu, anasının borcları olduğunu, borc sahiblərinin onların da evinə gəlib pullarını istədiklərini, qayınanasının narazılıq etdiyini, anası ilə problemləri olduğunu, qayınanasının anasına “borc sahibləri gəlir bu evə, oğlumun əlindən bir xəta çıxar” dediyini, bundan sonra da anasının çıxıb getdiyini, bir daha gəlmədiyini, özünün anasının iş yerinə getdiyini, neçə vaxtdır işə də getmədiyini dediklərini, Xarici İşlər Nazirliyinə müraciət etdiyini, xəbər çıxsa ona məlumat verəcəklərini bildirdiklərini, heç bir xəbər çıxmadığını, sonradan həyat yoldaşı Vüqarın anasını İranda tapdığını dediyini, anasının Vüqara “uşaqlara yerimi demə” dediyini, sonradan Vüqarın onu da apardığını, gedib anasını gördüyünü, anasına gəlməsini dediyini, onun gəlmədiyini, gəlmək istəmədiyini dediyini, hətta Vüqarın anasına onu kiminsə narahat edirsə özünün həll edə biləcəyini dediyini, anasının isə “bu sirri ölənə kimi özümlə aparacağam” dediyini, anasının ölüb-ölmədiyini bilmədiyini, sadəcə olaraq borcları olduğu üçün anasının çıxıb getdiyindən əmin olduğunu, belə ki, anasının alverlə məşğul olduğunu, iş yoldaşları ilə İrandan xiyar, pomidor alıb gətirib satdıqlarını, borca düşdüyünü, bu səbəbdən çıxıb getdiyini, özünün ilk vaxtlar anasını axtardığını, ancaq sonradan soyuduğunu axtarmadığını, anası Güllərin ölüb-ölmədiyini dəqiq bilmədiyini, harada olduğunu da bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində X11 təxminən 1990-cı illərdə çıxıb getdiyini, sonradan özü İrana gedərkən tapdığını, belə ki, hər zaman İrana gedərkən bir nəfərin taksisindən istifadə etdiklərini, həmin adamın ona qayınanasının İranda məsciddə qaldığını dediyini, gedib onu tapdığını, söhbət etdiklərini, ona “borcum var, gəlməyəcəyəm, məni axtarmayın” dediyini, onunla acı danışdığını, sonra qızını da apardığını, onların söhbət etdiklərini, ona “gəl-gedək” dediklərini, qayınanasına “səni heç kim narahat etməyəcək” dediyini, qayınanasının da “məni axtarmayın” dediyini, sonra da özünün getmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində Güllərin oğluna toy etdiyini, ondan sonra Gülləri ümumiyyətlə görmədiyini, bir oğlu, bir qızı olduğunu, çörək zavodunda işlədiyini, sonradan hara getdiyini bilmədiklərini, getdiyini eşitdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X27 ifadəsində oğlunun toyundan sonra X13 görmədiyini, qapı qonşu olduqlarını, X13 1998-ci ildən ümumiyyətlə görmədiyini, hara getdiyini və ya ölüb-ölmədiyini bilmədiyini, sadəcə rəhmətə getdiyini eşitdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində X13 oğlu Zaurun toyundan bir neçə aydan sonra görmədiyini, onun hər hansı xəstəliyi olub-olmadığını bilmədiyini, başqa bir problemi olması barədə də məlumatı olmadığını bildirdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 314.1-ci maddəsinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Qeyd olunan qanunvericilik normalarında nəzərdə tutulan halların araşdırılması üçün məhkəmə tərəfindən aşağıda sadalanan sübutlara istinad edilmişdir: İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublıkası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X49 tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Naxçıvan şəhəri, Mircəfər Mirişli küçəsi, ev 44 ünvanında 0.0665 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 214.50 m2 olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Ərizəçi Cəfər oğlunun adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş 15 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatların 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, X11 dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkanları xaricindədir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən verilmiş 02 dekabr 2024cü il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanında pasport qeydiyyatında olmuş, xx.xx.1954-cü il təvəllüdlü X28 barəsində Naxçıvan Şəhər Polis İdarəsində heç bir təqsirləndirici material yoxdur. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 02 dekabr 2024-cü il tarixli, 1949 nömrəli arayışdan görünür ki, Naxçıvan şəhəri, Mircəfər Mirişli küçəsi, ev 44 ünvanında X29, X18, X19, X14, Ərizəçi, X8, X20 və X21 pasport qeydiyyatındadırlar. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 28 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, Naxçıvan şəhər Nikah Evinin arxivindən X11 ölümü barədə heç bir məlumat tapılmamışdır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X49 tərəfindən verilmiş 30 noyabr 2024-cü il tarixli, 167 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında pasport qeydiyyatında olmuş və 1999-cu ildə vəfat etmiş Naxçıvan şəhər sakini X11 ölümü haqqında tibbi şəhadətnamənin verilməsi barədə Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ-də heç bir məlumat tapılmamışdır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 03 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, “Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası” X49n xx.xx.2024-cü il tarixli, 167 nömrəli məktubuna əsasən ünvan 1 ünvanında pasport qeydiyyatında olmuş və 04 mart 1954-cü ildə anadan olmuş X11 1999-cu ilin mart ayında vəfat etməsi ilə bağlı, həmçinin həmin şəxsin ölümünə dair məlumat aşkar edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş 02 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X15 aid ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş 03 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, X12 1981-ci ildə və X11 1999-cu ildə vəfat etmələri ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində hər hansı bir məlumat mövcud deyil. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 28 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, X11 vəfat etməsi ilə bağlı idarədə heç bir məlumat və sənəd yoxdur. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti vəəndaşlarla Dəfn Xidməti Bürosu tərəfindən verilmiş 28 noyabr 2024-cü il tarixli, 28 nömrəli arayışdan görünür ki, X1 şəhər qəbiristanlığında dəfn olunmamışdır. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 28 noyabr 2024-cü il tarixli, 060976 nömrəli çıxarışdan görünür ki, Ərizəçi Cəfər oğlu və X9 birgə nikahından 14 mart 1954-cü il tarixdə X28 adlı övladları doğulmuşdur. İddia ərizəsinə əlavə edilmiş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli, İ-JQ seriyalı, 317176 nömrəli çıxarışdan görünür ki, X30 ilə X28 arasında xx.xx.1976-cı il tarixdə Babək rayon Cəhri kənd İcra Nümayəndəliyində nikah bağlanmış və həmin tarixdə bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli, 1892 nömrəli arayışdan görünür ki, Naxçıvan şəhəri, Mircəfər Mirişli küçəsi, ev 44 ünvanında qeydiyyatda olan X22 arvadı X16, qızı X10, qızı X23, oğlu X24 və oğlu X31 adlı vərəsələri var. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 27 noyabr 2024-cü il tarixli, 1914 nömrəli arayışdan görünür ki, Budaqov X32 şəhəri, Mircəfər Mirişli küçəsi, ev 44 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 04 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Babək Rayon Məhkəməsi və Naxçıvan Şəhər Məhkəməsinin 1985-ci ilə dair sənədlərində X28 ilə X30 arasında bağlanılan nikahın pozulması haqqında məhkəmə qətnaməsinə rast gəlinməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin, maraqlı şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 14 mart 1954-cü il tarixdə ünvan 4 ünvanında yaşamış X28 ölmüş elan edilməlidir. Belə ki, yuxarıda qeyd edilən sənədlərdən də aydın olur ki, X11 1999-cu ildən sonra müvafiq dövlət orqanlarında hər hansı qeydiyyatı aparılmamış, onunla bağlı heç bir sənəd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 42-ci maddəsinə əsasən ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər. Ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin. Əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; -14 mart 1954-cü il tarixdə ünvan 4 ünvanında yaşamış X28 ölmüş elan edilməli; -X11 ölüm tarixi qətnamənin qanuni qüvvəyə mindiyi gün hesab edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 14 mart 1954-cü il tarixdə ünvan 4 ünvanında yaşamış X28 ölmüş elan edilsin. X11 ölüm tarixi qətnamənin qanuni qüvvəyə mindiyi gün hesab edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-300/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-300/2025
25.06.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver