Məhkəmə qərarları › İş №2(078)-318/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-318/2025

03.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-318/2025 03.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi və digər ərizəçilərin nümayəndəsi Ərizəçi2, ərizəçilər Ərizəçi1, Ərizəçi4, Ərizəçi2 vəkili Vəkil və Maraqlı şəxs iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 mirasın onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Ərizəçi1 mərhum həyat yoldaşı X3 mülkiyyətində olan Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən miras qalmış daşınmaz əmlakın onun və övladları Ərizəçi3, Ərizəçi2 və Ərizəçi4 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Mülki-Prosessual Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Mülki-Prosessual Məcəllənin 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Naxçıvan Şəhər Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2(078)-318/2025 nömrəli qərardadı ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 mirasın onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Maraqlı şəxs qismində cəlb olunmuşlar. Məhkəmə tərəfindən Ərizəçi3 03 aprel 2025-ci il tarixə təyin edilmiş mülki iş üzrə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə hazırlıq iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçi və digər ərizəçilərin nümayəndəsi Ərizəçi2 Ərizəçi3 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq Ərizəçi3 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə 03 aprel 2025-ci il tarixə təyin edilmiş mülki iş üzrə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə hazırlıq iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, mülki iş üzrə məhkəmə iclasında iş yükü ilə əlaqədar iştirak edə bilməyəcəklərini, bu səbəbdən də, onların iştirakı olmadan işə baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq ərizəni nəzərə alan məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Maraqlı şəxs 01 aprel 2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək ərizədə qeyd etmişdir ki, Ərizəçi2, Ərizəçi1 və Ərizəçi4 və Ərizəçi3 birgə ərizə ilə müraciət edərək mərhum anası X1 miras qalmış Naxçıvan şəhər, ünvan 1 ünvanında yerləşən miras əmlakın onlar tərəfindən qəbul edilməsini xahiş etmələri nəticəsində xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-318/2025 nömrəli qərardadı əsasında özü iş üzrə maraqlı şəxs qismində cəlb olunmuşdur. Qəti bir dillə ərizə və digər sənədlər daxil, heç bir sənədin ona çatdırılmadığını, yalnız sonuncu məhkəmə bildirişinin xx.xx.2025-ci il tarixdə ona çatdırıldığını, məhz həmin bildirişi təhvil aldıqdan sonra ərizəçilərin bəyanları və digər sənədlərlə “elektron məhkəmə” sistemindəki şəxsi kabineti vasitəsilə, yəni öz təşəbbüsü hesabına tanış olduğunu, bu zaman da birgə ərizəçilərin bir sıra bəyanları ilə razılaşmadığını yüksək diqqətə çatdırır, razılaşmadığı məqamları bildirmək istəyir. Belə ki, ərizədə qeyd olunmuş “Ögey oğlum Maraqlı şəxs isə anasının ölümündən əvvəl 1995-ci ildə ailə qurub öz ailəsi ilə bərabər Bakı şəhərinə köçərək orada yaşayır” ifadəsi yalan bəyandır və bir baxımdan həqiqəti əks etdirmir. Belə ki, o ailə həyatı qurduqdan sonra bir müddət Naxçıvan şəhərində, 2003-cü ildən Bakı şəhərində, 2016-2019-cu illər aralığında isə Türkiyə Respublikasında anası və bacısı ilə birlikdə yaşamışdır. Birgə yaşadıqları dövrdə anası ilə münasibətləri normal olsa da, ögey atası ilə yola gedə bilmədiyindən 2019-cu ilin dekabr ayında Naxçıvan şəhərinə gəlməyə məcbur olub ailəsi ilə birlikdə həyat yoldaşının anasının evində yaşamışdır. Naxçıvana qayıtdıqdan sonra ilk vaxtlar mərhum anası ilə telefon vasitəsilə əlaqə saxlasa da, sonradan zənglərinə cavab verilməmiş, hətta nömrəsi bloklanmışdır. Bəhs etdiyi hadisələr baş verdiyi dövr covid 19 pandemiyası dövrünə təsadüf etdiyindən birbaşa gedərək də özünü görmə imkanı olmamışdır. Qeyd etdiyi faktı bir sıra şahidlər də təsdiq edə bilər. Mərhum anasının o Türkiyə Respublikasından qayıtdıqdan təxminən 1 ay yarım sonra vəfat etməsi faktının hazırkı iş üzrə ərizəçilər tərəfindən ondan gizlədildiyini böyük təəssüf və eyni zamanda qəzəb hissi ilə bəyan edir. Belə ki o, 2023-cü ildən daimi olaraq Bakı şəhərində yaşasa da, Naxçıvanda qaldığı 3 illik müddət ərzində heç bir halda anasının rəhmətə getməsi barədə övladı kimi ona heç nə deyilmədiyi halda ərizədə “Hətta anasının yasına belə gəlməmişdir” ifadəsinin işlədilməsi yalnız birgə ərizəçilərin onun miras əmlaka dair olan danılmaz hüququndan məhrum edilməyinə cəhd etdiklərinin açıq göstəricisidir. Ən acınacaqlı hal isə onun doğma anasının rəhmətə getməsi xəbərinin ona bildiriş çatdırılmadan təxmini 10 gün əvvəl ögey atası Ərizəçi1 tərəfindən deyilməsi idi. Sözügedən şəxslə telefon danışıqlarında (ki həmin telefon danışığının səs yazısı mövcuddur) o, əsl niyyətini bəlli edərək anasının miras əmlakını qəbul etməyi istəməyinin məhz miras qalmış əmlakı satması olduğunu etiraf etmişdir. Məhz bu halları diqqətə çatdırmaqla mərhum anası Həqiqət Əhmədovanın yas mərasimində iştirak etməməyinin səbəbinin bu halın ondan gizlədilməsi faktından qaynaqlandığını, anası ilə münasibətlərinin normal olduğunu, yalnız ögey atasının təsiri ilə onunla əlaqə saxlaya bilmədiyini, sağlığında illərlə onun qulluğunda dayandığını, ölümündən bir ay əvvələ kimi birlikdə yaşadıqlarını, ölüm faktının gizlədilməsini bir sıra şahidlərin təsdiq edə biləcəklərini bir daha vurğulamaqla, hər bir halda X3 faktiki vərəsələrindən biri olduğunu diqqətə çatdırır. Digər bir məqam kimi ərizəçilərin hər birinin ayrı-ayrı daimi yaşayış yerlərinin olduğunu, qardaşlarından Ərizəçi2 daimi olmasa da, ara-sıra miras qalmış evdə qaldığını, evin kommunal ödənişlərinin sonuncu dəfə 2024-cü ilin oktyabr ayının əvvəlində ödənilməsinin də bu faktı bir növü dəstəkləyən hal olduğunu diqqətə çatdırır. Yuxarıda qeyd etdiyi halları, ən əsası da mərhum anasının ölüm faktının ondan gizlədildiyini, məhz bu səbəbdən də onun vərəsəliyini hüquqi və ya faktiki olaraq qəbul etmək hüququndan suni şəkildə məhrum edildiyini təsdiq edən şahidlərin (X4 *** *** ** **; Naxçıvan şəhər, H.Əliyev pros, bina 64, mənzil 8 və Ədalət Əhmədov *** *** ** **) məhkəmədə dinlənilməsini zəruri hesab edir. Yuxarıda qeyd etdiyi halları və hüquqi əsasları nəzərə alaraq məhkəmədən mirasın qəbul edilməsində yaradılmış maneələrin təsdiq edilməsi üçün yuxarıda adlarını çəkdiyi şəxslərin şahid qismində məhkəmədə dinlənilmələri və X3 vərəsəsi kimi mirasın onun tərəfindən də qəbul edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin Maraqlı şəxs hazırlıq iclası zamanı məhkəməyə izahat verərək izahatında anasından qalan miras əmlakda özünün də payı olduğunu, özünə düşən payı istədiyini, miras əmlakın 5 nəfər arasında kimə nə qədər düşürsə payın verilməsini istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iş üzrə Maraqlı şəxs məhkəməyə göndərdiyi etiraz ərizəsindən və məhkəmə icalası zamanı verdiyi izahatından görünür ki, hazırki iş üzrə tərəflər arasında hüquq haqqında mübahisə yarandığı üçün ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.5-ci bəndinə əsasən, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.10-cu maddələrinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, Ərizəçi2 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 13 dekabr 2024-cü il tarixli, 26666 nömrəli qəbzlə ödənilmiş 101 (bir yüz bir) manat məbləğində dövlət rüsumu Ərizəçi2 qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 mirasın onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə verilərkən Ərizəçi2 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 13 dekabr 2024-cü il tarixli, 26666 nömrəli qəbzlə ödənilmiş 101 (bir yüz bir) manat məbləğində dövlət rüsumu Ərizəçi2 qaytarılsın. Ərizəçilərə ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar