Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-319/2024 07.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin öz vəsaiti hesabına boşaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Naxçıvan şəhəri, 54-cü məhəllədə mülkiyyətində olan 0.1079 ha torpaq sahəsində yerləşən 20 nömrəli fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və həmin mənzilin cavabdehin öz vəsaiti hesabına boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, Naxçıvan şəhəri, 54-cü məhəllədə mülkiyyətində olan 0.1079 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44.00 kv.m sahədən ibarət 20 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə onun yəni, X1 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş Seriya MH ******* nömrəli çıxarışa əsasən 2011-ci ildən etibarən onun tam mülkiyyətindədir. Cavabdeh X4 bir müddətdir ki, mülkiyyətində olan Naxçıvan şəhəri, 54cü məhəllədə 0.1079 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44.00 kvm sahədən ibarət 20 nömrəli fərdi yaşayış evində keçmiş həyat yoldaşı X8 və uşağı ilə birlikdə yaşayır. Onunla aralarında olan münasibətə görə o buna etiraz etməmişdir. Cavabdeh onu əmin etmişdir ki, qısa müddət ərzində mənzildən çıxacaqdır. Lakin artıq o imtina edərək ona məxsus mənzildən çıxmır. Cavabdehin heç bir hüquqi əsas olmadan mülkiyyətində olan Naxçıvan şəhəri, 54-cü məhəllədə 0.1079 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44.00 kv.m sahədən ibarət 20 nömrəli fərdi yaşayış evində yaşaması və mənzildən çıxmaması onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Dəfələrlə ona şifahi xəbərdarlıq etməyinə baxmayaraq, cavabdeh ona məxsus mənzildən çıxamaqdan imtina etmişdir. Hesab edir ki, cavabdeh Naxçıvan şəhəri. 54-cü məhəllədə mülkiyyətində olan 0.1079 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44.00 kv.m sahədən ibarət 20 nömrəli fərdi yaşayış evindən çıxarılması və həmin mənzilin cavabdehin öz vəsaiti hesabına boşaldılması barədə qətnamə qəbul edilməlidir. 07 may 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə iddiaçının vəkil və nümayəndəsi Vəkil mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının vəkil və nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş və məhkəmə baxış iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İddiaçı özünün hüquqlarını müdafiə edəcəyini bildirməsini, vəkil və nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq iddiaçının vəkil və nümayəndəsi Vəkil iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün saymışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Məhkəmə iclaslarında iştirak edən İddiaçı oğlunun cavabdehlə 2004-cü ildə ailə qurduğunu, onların toydan 3 gün sonra kirayəyə köçdüklərini, 2009-cu ildə oğlunun xərcləri çox olduğu üçün onlara köçdüyünü, o zamanlar binada yaşadıqlarını, 2 il elə yaşadıqdan sonra yerləşə bilmədiklərindən 2011-ci ildə həyət evi aldığını, cavabdehlə oğluna 2 otaq verdiyini, cavabdehin 14 il uşağı olmadığını, evləndikdən 14 il sonra uşağı olduğunu, uşaq olduqdan sonra dəyişildiyini, nəvəsinin hal-hazırda 6 yaşı olduğunu, oğlu ilə gəlininin boşandıqlarını, sonra yenidən birlikdə yaşadıqlarını, evləndiklərini, oğlu ilə gəlininin evə artırma etdiklərini, bunu qəbul etdiyini, evin onun olduğunu, cavabdehin də həmin evdən çıxarılmasını istədiyini, xəstə olduğunu, evi satıb 1 otaqlı ev alacağını, qalan pulu da müalicəsinə xərcləyəcəyini bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh izahatında iddiaçının oğluna qoşulub qaçdığını, 4 ay qaldıqdan sonra ona toy etdiklərini, qayınanasının onunla qalmaq istəmədiyini, ortancıl oğlu ilə qalmaq istədiyini dediyini, toydan 3 gün sonra kirayəyə çıxdıqlarını, təxminən 6-7 il kirayədə yaşadıqlarını, sonra qayınanasıgilin onlarla yaşamağını təklif etdiklərini, 2009-cu ilin yaz aylarında onlarla yaşamağa başladıqlarını, 2 il 2 gəlin bir evdə yaşadıqlarını, sonra alınmadığı üçün qayınanasıgilin həyət evi aldıqlarını, 2011-ci ildə həmin evə köçdüklərini, onlara 2 otaq verdiyini, həmin 2 otağın bərbad vəziyyətdə olduğunu, 10 il həmin 2 otağı başa gətirmək üçün çalışdıqlarını, əlavə salon, hamam, sanitar qovşaq, balkon tikdiklərini, remont etdirdiklərini, hasar çəkdiklərini, darvaza qoyduqlarını, ayrı bir ev halına gətirdiklərini, 2018-ci ildə uşağı olduğunu, uşaq böyüdükdən sonra qayınanasıgilin ona qarşı münasibətinin dəyişdiyini, iddiaçı tərəfin oğlunu ayrılmaq üçün doldurduqlarını, 2023-cü ilin iyul ayında nikahlarının pozulduğunu, yenidən nikaha düşdüklərini, birlikdə yaşadıqlarını, yaşamağa başqa yerinin olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, X8 ilə Cavabdeh arasında 20 fevral 2004-cü il tarixdə nikah bağlanması, onlar arasındakı nikahın 11 iyul 2023-cü il tarixdə pozulması, X8 ilə Cavabdeh arasında 18 mart 2024-cü il tarixdə yenidən nikah bağlanması, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olması, X3 2011-ci ildə qaynanası iş üzrə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçməsi işin mübahisəsiz hallarıdır. Həmin halların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan Naxçıvan şəhəri, 54-cü məhəllədə mülkiyyətində olan 0.1079 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44.00 kv.m yaşayış sahəsindən ibarət 20 nömrəli fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/6 nömrəli reyestr kitabının 1153 nömrəli vərəqində qeydiyyata alınması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli, AZ-İ seriyalı, 067484 nömrəli çıxarışdan X8 ilə Cavabdeh arasında 20 fevral 2004-cü il tarixdə Naxçıvan şəhər Nikah Evində nikah bağlanması, həmin tarixdə bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 38 nömrə ilə qeyd edilməsi və nikah bağlandıqdan sonra iddiaçının özünə cavabdehin soyadını yəni, “Haqverdiyeva” soyadını seçməsi; -iş materiallarına əlavə olunmuş və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli, AZ-İ seriyalı, 402601 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən X8 ilə X5 arasındakı nikahın pozulması və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 115 nömrə ilə qeyd aparılması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 18 mart 2024-cü il tarixli, AZ-İİ seriyalı, 515853 nömrəli nikah haqqında şəhadətnamədən X8 ilə Cavabdeh arasında 18 mart 2024-cü il tarixdə Naxçıvan şəhər Nikah Evində nikah bağlanması, həmin tarixdə bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 29 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 noyabr 2023-cü il tarixli, 2934 nömrəli arayışdan İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olması aydın olur. -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 noyabr 2023-cü il tarixli, 2935 nömrəli arayışdan X3 ünvan 1 ünvanında qeydiyyatda olması aydın olur. Hazırda iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehin məcburi qaydada çıxarılmasını və mənzilin cavabdehin öz vəsaiti hesabına boşaldılmasını tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, həmin izahatları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin mübahisəli halının həlli baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya məxsus mənzildən çıxarılması məsələsi həll edilərkən, ilk öncə cavabdehin həmin mənzildən istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30 cu maddəsinin müddəaları tətbiq edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materialları ilə müəyyən olunur ki, cavabdeh 2004-cü il tarixdə iddiaçının oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və 2011-ci ildən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamışdır. Eyni zamanda tərəflər arasında mübahisəli hüquq münasibəti 2009-cu il oktyabrın 1-dən sonra yaranmışdır, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarına əsasən bu halda mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 30.5-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının ailə üzvü olmadığından onun iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin mənzildən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı ona məxsus mənzildən cavabdehin çıxarılmasını və mənzilin onun vəsaiti hesabına boşaldılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Konistitusiyanın 29-cu maddəsində qeyd olunur ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləninin 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehin iddiaçıya məxsus mənzildə olması iddiaçının mənzil üzərində mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddia tələbi təmin edilməli; -İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məcburi qaydada çıxarılmalı və həmin fərdi yaşayış evi Cavabdeh tərəfindən boşaldılmalı; -iddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin olunsun. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məcburi qaydada çıxarılsın və həmin fərdi yaşayış evi Cavabdeh tərəfindən boşaldılsın. İddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-319/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-319/2024
07.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver