Məhkəmə qərarları › İş №2(078)-346/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-346/2024

23.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-346/2024 23.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, 22 yanvar 1983-cü il tarixdə vəfat etmiş atası X4 miras qalmış, Naxçıvan şəhəri, M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tərəfindən miras olaraq qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Mülki Prosessual Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 23 may 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə Ərizəçi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəçinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs qismində cəlb edilmiş X9, X10, X11, X14, X7, X12 və X3 təyin edilmiş mülki iş üzrə məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə hazırlıq iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə maraqlı şəxslər X9, X10, X11, X14, X7, X12 və X1 iştirakları olmadan məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs qismində cəlb edilmiş X6 23 may 2024-cü il tarixə təyin edilmiş mülki iş üzrə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə hazırlıq iclasına gəlməmiş, məhkəməyə 22 may 2024-cü il tarixdə ərizə göndərmişdir. Maraqlı şəxs X8 tərəfindən məhkəməyə göndərilmiş etiraz ərizəsində qeyd olunmuşdur ki, Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Naxçıvan Şəhər Məhkəməsinin icraatında baxılır. Bununla bağlı məhkəmə bildirişi ona poçt vasitəsilə göndərilmişdir. Məhkəmənin icraatına daxil olmuş ərizə ona təqdim edilməsə də, müəyyən etmək mümkündür ki, ərizəçi atası Həşim Kazımovdan qalan əmlaka dair vərəsəlik şəhadətnaməsi almaq üçün notariat ofisinə müraciət etmiş, lakin bütün vərəsələrin razılığı olmadığı üçün qeyd edilən ərizə ilə məhkəməyə müraciət etməsi ona tövsiyə edilmişdir. Həşim Kazımovun digər vərəsələri miras qalmış əmlaka dair hər hansı tələb irəli sürməsələr də o irsi transmissiya üzrə vərəsə olaraq əmlaka dair payını tələb edir, lakin İqbal Həşimov bundan imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, həmçinin mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. O miras kütləsinə daxil olan əmlakdan zəruri həddə istifadə etməklə mirasa əmlaka dair iradə ifadəsini əks etdirmişdir. Lakin əmlaka dair ümumi razılıq olmadığından, vərəsəlik şəhadətnaməsi əldə olunmamış və miras kütləsinə tələb irəli sürən şəxslərin payları müəyyən edilməmişdir. Hazırda da miras əmlaka dair hüquqlarından imtina etmir və hesab edir ki, həmin miras əmlakdan ona çatası pay müəyyən edilməlidir. Bu isə ərizəçinin verdiyi ərizə əsasında xüsusi icraat qaydasında müəyyən edilə bilməz. Bu məsələyə tərəflərin iştirakı ilə ümumi iddia icraatı qaydasında baxılmalı və bütün vərəsələrin iştirakı təmin edilməklə miras əmlaka dair hüquqlar müəyyən edilməlidir. Beləliklə, miras əmlaka dair mübahisə olduğundan, hesab edir ki, ərizəyə mahiyyəti üzrə baxıla bilməz. Mülki Prosessual Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Göstərilənləri nəzərə alaraq Ərizəçi ərizəsinin baxılmamış saxlanması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iş üzrə maraqlı şəxs qismində cəlb edilmiş X5 məhkəməyə göndərdiyi etiraz ərizəsindən də görünür ki, hazırki iş üzrə tərəflər arasında hüquq haqqında mübahisə yarandığı üçün ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.5-ci bəndinə əsasən hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.10-cu maddələrinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 08 yanvar 2024-cü il tarixli, 31557 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə verilərkən Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 08 yanvar 2024-cü il tarixli, 31557 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar