Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-369/2024 04.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə etməyə maneənin ardan qaldırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı 23 yanvar 2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə etməyinə şərait yaradılaraq maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 1/2 hissə İddiaçı xx.xx.2014-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 1/2 hissə Cavabdeh adına qeydiyyata alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinə Cavabdeh ilə paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən və torpaq sahəsindən cavabdehin 1/2 payını naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(078)-876/2022 saylı qətnaməsi ilə daşınmaz Əmlakdan payın naturada ayrılması tələbinə dair iddiası rədd edilmişdir. Cavabdeh 08 fevral 2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi göndərmişdir. Həmin ərizədə qeyd olunmuşdur ki, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə etməyə maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onlar 1990-cı ildə ailə qurmuş, 2010-cu ildə İddiaçı iddia ərizəsi əsasında aralarındakı nikah pozulmuşdur. Mübahisəli evi o ailə qurmamışdan əvvəl, 1989-cu ildə tikmişdir. O ailə qurandan sonra tikdiyi evin döşəməsi hazır olmadığından (döşəmənin vurulması üçün bütün materiallar alınmışdır) 1 (bir) il ata evlərində yaşamalı olmuşlar. Yaşadıqları müddətdə də öz evinin kəm-kəsirini düzəldib ora köçmüşlər. 2010-cu ildə onların arasındakı nikah pozulmuşdur. O evdən çıxmış, sabiq arvadı 2 uşağı ilə birlikdə 2014-cü ilə kimi həmin evdə yaşamışdır. Həmin dövrdə o qardaşının evi boş olduğundan müvəqqəti olaraq ora yerləşmişdir. Ev satıldığından o 2014-cü ildə gəlib ata evində yaşamağa başlamışdır. O ata evinə qayıtdığına görə İddiaçı ondan Naxçıvan şəhər Polis şöbəsinə şikayətlər etməyə başlamışdır. O da məcburiyyət qarşısında qalaraq öz evində yaşamağına İddiaçı tərəfindən olan maneənin aradan qaldırılması ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə onun iddiasının təmin olunması barədə qətnamə çıxarmış və o evinə yerləşdirilmişdir. Qətnamə çıxarılandan sonra İddiaçı evdən çıxıb az bir müddətdə Naxçıvan şəhərində kirayədə yaşamışdır. Ondan sonra iddiaçı oğlunu da götürərək Türkiyə Respublikasına getmiş, 8 il orada yaşamışlar. 2022-ci ildə İddiaçı oğlu ilə birlikdə Türkiyə Respublikasından qayıtmışdır. Gələndən sonra Naxçıvan Şəhər Məhkəməsində payın naturada ayrılması tələbi ilə iddia qaldırmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(078)-876/2022 nömrəli qətnaməsi ilə iddia rədd olunmuşdur. İddiaçı hazırkı iddiası ilə əlaqədar olaraq bildirir ki, yaşadığı ev 2 otaqdan ibarətdir. Onların bir evdə yaşaması mümkün deyildir, paylar ayrılmayıb, bir yerdə yaşamaları gələcəkdə xoşagəlməz nəticələrə səbəb olar. Onun övladları baxmayaraq ki, artıq böyüyüblər, qızı ailə qurub heç zaman onunla maraqlanmayıblar. 2022-ci ildən o iki ay yataq xəstəsi olarkən onların heç biri bir dəfə olsun onun yanına getməmişlər. Onunla maraqlanmamışlar. İndi isə köçüb onunla bir yerdə yaşamaq istəyirlər. Belə bir fikirlə heç cürə razılaşmaq mümkün deyildir. İndidən İddiaçı ona hədə-qorxu gəlir, onu müəyyən adlar çəkməklə hədələyir. Ona görə də məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasları zamanı İddiaçı izahatında cavabdehin məhkəməyə göndərdiyi etiraz ərizəsini qəbul etmədiyini, birlikdə yaşamalarının mümkün olmadığını bildiyini, ancaq özünün kirayədə yaşadığını, maddi imkanı çatmadığını, cavabdehə dəfələrlə pul verməyini təklif etdiklərini, cavabdehin bununla razılaşmadığını, evin satışının da mümkün olmadığını, maneə aradan qaldırıldıqdan sonra bölüb yaşayacaqlarını, həyətin də böyük olduğunu, evin yarısının onun olduğunu, orada yaşamağın onun da haqqı olduğunu, oğlunun cavabdehlə danışdığını, “qapı açım biz də yaşayaq” dediyini, onun razı olmadığını, evin sadəcə bir otağının qapısının bağlı olduğunu, oraya da cehizlərini yığıb bağladığını, cavabdehin onları evə girməyə qoymadığını, evin kilidini də dəyişdirdiyini, həmin bağlı otağa gedən qazı da kəsdiyini, evin 2 otaq, 1 aynabənd və mətbəxdən ibarət olduğunu, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hər şeyi hazır edib köçüb yaşayacağını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, iddiaçının 2014-cü ildə onun savadsızlığından istifadə edərək onu aldadaraq evin yarısını ələ keçirdiyini, evdə olan hər şeyi yığıb apardığını, evi evlənməmişdən əvvəl yəni 1989-cu ildə tikdiyini, 10 ildir o evə sığorta ödəmədiyini, hər şeyi özünün etdiyini, evin 2 otaqlı olduğunu, başqa sahə olmadığını, birlikdə yaşamalarının mümkün olmadığını, yola gedə bilməyəcəklərini, bunun başqa fəsadlar törədəcəyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, sübutları tədqiq edib və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məslələri üzrə Dövlət Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən nömrəli çıxarışdan ünvan 1 ünvanında 0.0088 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69.4 m2 olan fərdi yaşayış evinin ½ hissə mülkiyyət hüququ üzrə İddiaçı, ½ hissə isə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 18/4 nömrəli reyestr kitabının 746 nömrəli vərəqində qeydiyyata alınması məlum olur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 12 may 2010-cu il tarixli, 14382 invertar nömrəli daşınmaz əmlakın texniki pasportundan görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 05 may 2014-cü il tarixli, 2(078)-261/2014 saylı qətnaməsi əsasında ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın ½ hissəsi Cavabdeh, ½ hissəsi isə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 16 iyun 2010-cu il tarixli, 2(078)-82/2010 saylı qətnaməsindən İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Naxçıvan şəhər VVAQ şöbəsində 06 noyabr 1990-cı il tarixdə 352 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikah qeydinin pozulmasının qət edilməsi aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 23 sentyabr 2013-cü il tarixli, AZ-İ seriyalı, 151363 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, iş üzrə tərəflərin arasındakı nikahın pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 64 nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(078)-876/2022 saylı qətnaməsindən İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair iddiası rədd edilməsinin qət edilməsi aydın olur. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 10 iyul 2023-cü il tarixli, 861 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 10 iyul 2023-cü il tarixli, 860 nömrəli arayışdan görünür ki, Məmmədov X3 şəhəri, 6-cı küçə, döngə 4, ev 2 ünvanında qeydiyyatdadır. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Mülkiyyət hüququnun məzmunu Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Əgər bu hüququn subyekti birdən artıq olduqda əmlak üzərində ümumi mülkiyyət hüququ yaranır ki, bunun da növləri birgə və paylı mülkiyyətdən ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 213.3-cü maddəsinin tələbinə görə isə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Məhkəmə işin yuxarıda şərh olunmuş hallarını qeyd edilən maddi hüquq normalarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəf onlara məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı qanuni şəkildə əldə etsə də, sahiblik və istifadə hüquqlarını sərbəst şəkildə cavabdeh tərəfindən yaradılmış maneələrə görə həyata keçirə bilmir. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Belə olan halda iddiaçı qeyd olunan daşınmaz əmlakdan istifadəyə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılmasını tələb etməkdə haqlıdır, ona görə də iddiaçının iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin cavabdehin diqqətinə çatdırır ki, mülkiyyətçi olaraq iddiaçının haqlı olaraq həmin daşınmaz əmlakdan istifadəyə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılmasını tələb etmək hüququ var. Çünki həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədə olan daşınmaz əmlakın reyestrindən çıxarışdan da göründüyü kimi iddiaçı da mübahisəli daşınmaz əmlakın mülkiyyətçisidir və o, qanunvericiliyə uyğun olaraq daşınmaz əmlaka istənilən qəsdə son qoyulmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -paylı mülkiyyət hüququ əsasında İddiaçı və Cavabdeh məxsus ünvan 1 ünvanında 0.0088 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69.4 m2 olan fərdi yaşayış evindən istifadəyə Cavabdeh tərəfindən yaranmış maneə aradan qaldırılmalıdır. -iddia təmin edildiyindən 50 (əlli) manat miqdarında dövlət rüsumunun əvəzi iş üzrə Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Paylı mülkiyyət hüququ əsasında İddiaçı və Cavabdeh məxsus ünvan 1 ünvanında 0.0088 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69.4 m2 olan fərdi yaşayış evindən istifadəyə Cavabdeh tərəfindən yaranmış maneə aradan qaldırılsın. İddia təmin edildiyindən 50 (əlli) manat miqdarında dövlət rüsumunun əvəzi iş üzrə Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-369/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-369/2024
04.04.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver