Məhkəmə qərarları › İş №2(078)-39/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-39/2024

09.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-39/2024 09.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2 və cavabdeh və cavabdehlərin qanuni nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 Cəlal qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı fərdi yaşayış evindən məcburi çıxarılma, fərdi yaşayış evinin cavabdehlərin hesabına boşaldılması və əşyaların təhvil verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y yə n e t d i: Bağırlı X5 Elnur Vaqif oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 öz ailəsi ilə birlikdə (həyat yoldaşı Cavabdeh5 Cəlal qızının, övladları Cavabdeh3 və Cavabdeh4 ilə birlikdə) ona tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh2 və Cavabdeh1 (həyat yoldaşı Cavabdeh5, övladları Cavabdeh3 və Cavabdeh4) məxsus əşyaların cavabdehlərin hesabına boşaldılması, iddia ərizəsində qeyd olunan 9 adda əşyanın cavabdehlər tərəfindən ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2(078)-1392/2023 nömrəli qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən məcburi çıxarılma və fərdi yaşayış evinin boşaldılması tələbinə dair mülki iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil cavabdehlərin dairəsinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin olunmuş, iddia tələbinə “Cavabdeh2, Cavabdeh1, həyat yoldaşı Cavabdeh5 Cəlal qızının, övladları Cavabdeh3 və Cavabdeh4 İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh2, Cavabdeh1, həyat yoldaşı Cavabdeh5 Cəlal qızına, övladları Cavabdeh3 və Cavabdeh4 məxsus əşyaların cavabdehlərin hesabına boşaldılması, iddia ərizəsində qeyd olunan 9 adda əşyanın cavabdehlər tərəfindən İddiaçı təhvil verilməsi" tələbi çərçivəsində baxılması qərara alınmışdır. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. 22 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı qismində izahat verən İddiaçı izahatı: – Möhtərəm hakim, iddianı müdafiə edirəm. Bildirirəm ki, biz ev alqısatqısı edəndə biz atam X7 ilə razılığa gəldik ki, bu proseslərdə mən iştirak etməyim. Çünki bizdə evin böyüyü varsa, mənə söz düşməz ki, hər hansı müqavilənin bağlanmasında mən iştirak edim. Mənə ehtiyac yoxdur deyə mən atama dedim ki: “Sən mənim atam kimi bunları edə bilərsən”. Əslində, biz evin o qiymətə satılmasına razı deyildik. 18000 (on səkkiz min) manat ilkin ödəniş etmişdi, 12000 (on iki min) manat dəyərində də maşın vermişdi. Bu gün Azərbaycanda belə bir şey yoxdur ki, o qiymətə ev verilə. Sadəcə olaraq atam dedi ki, tanıyıram, problem olmaz. Mən də razılıq verdim, atam alqı-satqını etdi. 3 (üç) ay normal şəkildə ödənişləri etdilər, heç bir problem olmadı. Sonra axsamalar başladı. Hər dəfə gecikmələr olduğu üçün biz də zəng vurub tələb edəndə bizi təhqir edirdilər. Biz də məcbur məhkəməyə müraciət etdik. Axırıncı dəfə bizim evə hücum çəkdilər. Özünü öldürəcəyini deyib, bizi şantaj etdilər ki, qan çıxacaq. Dəfələrlə atamın iş yerinə gedib deyiblər ki, səni işdən azad edəcəyik. Vəzifəlilərin olduğunu deyib, Mirsənani Seyidovla bizi təhdid ediblər. Ali Məclisdə tanışlarının olduğunu deyiblər. Mən başa düşmürəm biz evi satmışıq pulumuzu istəyirik, başqa nə istəyirik ki. Bu həddə gəlib çatmağı nəyə lazım idi ki. Mən iyun ayına qədər ödədikləri 43000 (qırx üç min) manatı və 12000 (on iki min) manatlıq maşını qaytarmağa razıyam. Amma məndən artıq pul tələb etməsinlər. Evi təmir etdiklərini deyirlər, mənim evim təmirli idi. Evi öz adına keçirməmiş niyə təmir edirdi ki. Pulun elə çox idisə, mənim pulumu verərdin. Mən niyə hər ay sənin dalına düşməliydim. Hər ay sizdən niyə o cür təhqir eşitməliydim. Mən 43000 (qırx üç min) manatı və 12000 (on iki min) manatlıq maşını qaytarmağa razıyam, narazılığım yoxdur. Mən o pulu onsuz da qaytaracağam. Bir də hasar çəkilib, onun da pulunu qaytararam. Cavabdehlər iki il mənim evimdə yaşayıblar. Mən xeyriyyəçi deyiləm ki, mənim evimdə yaşasınlar. Mən müəyyən dərəcədə - ən azından kirayə haqqı kimi ödəniş də tələb edəcəyəm ki, iki il evimdə yaşadıqlarına görə ödəniş versinlər. Bizim o evdə iddia tələbimdə nəzərdə tutduğum əşyalarımız da var, onların da qaytarılmasını tələb edirəm. Atamla cavabdehlərin aralarında bağladıqları müqavilə hüquqi sənəd deyil. Mənim atam X7 dəfələrlə deyib ki, notariusa gedək, notarial qaydada müqavilə bağlayaq. Ayda 1500 (bir min beş yüz) manat ödəmək şərtilə razılığa gəlinmişdi. Biz hətta Cavabdeh1 zəng vuranda deyirdi: “Siz mənim anamla müqavilə bağlamışınız, gedin anamla söhbətinizi edin”. Mən evin mülkiyyətçisiyəm. Mən müqaviləni bağlamaq üçün razılıq vermişəm, özüm bağlamamışam. Razılığı atama verdiyim üçün ərizə yoxdur. Mən atama razılığı rəsmi yox, şifahi vermişəm. İddia ərizəsində nəzərdə tutulan əşyaların evin pulu olan 85000 (səksən beş min) manat ödənildikdən sonra 3000 (üç min) manat qarşılığında cavabdehin mülkiyyətinə keçməsi barədə razılaşmışdıq. İlahidə xanımın da o evdə yaşadığını düşündük. Mən də ailəmlə hasarın digər tərəfində evdə yaşayıram. İddia tələbimin təmin olunması barədə qətnamə qəbul edilməsini хаhiş edirəm. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatı. Möhtərəm hakim! Bildirirəm ki, İddiaçı evin mülkiyyətçisi olaraq mübahisəli daşınmaz əmlakın alqısatqısı müqaviləsinin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırıb. Həmin evin alqısatqısı İddiaçı atası vasitəsilə həyata keçirilib. Tərəflərin arasında ödəniş vaxtında aparılmadığına, yubandığına görə iddia qaldırılıb. İddiaçı mülkiyyətçi olaraq buna hüququ vardır. Cavabdeh tərəf isə bir növ iddianı qəbul edərək Bağırov Allahverdiyə qarşı pul tələbi ilə iddia qaldırıb. Həmin iddia üzrə məhkəmə iclası dekabrın 19-na təyin olunub. Həmin iddianın qaldırılması bir növü hazırki iddianın qəbul edilməsi kimi başa düşülməlidir. İddiaçının vəkili və nümayəndəsi Vəkil çıxışında iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasında cavabdeh və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndəsi qismində izahat verən Cavabdeh1 izahatı. Möhtərəm hakim! Bildirirəm ki, iddia tələbini qəbul etmirəm. 2022-ci il yanvarın 23-də Allahverdi Bağırovla anam Allahverdiyeva İlahidə müqavilə bağlayıb. Müqavilə bağlayanda kompüter vasitəsilə elə-belə kağız yazıblar. Anam deyib ki, həmin kağızı aparaq notariusa təsdiq etdirək, qayda-qanunla düz olsun. A.Bağırov da cavabında: “Bir-birimizi tanıyırıq da, 3 (üç) ildən sonra evi adına keçirəcəyəm, qurtarıb gedəcək. “Niyə xərc çəkib ora gedirik?” –deyib. Bu sözü dedi. Mən də həmin vaxt evi daşıyırdım. Özüm orada olmamışam. Mən də gördüm ki, müqavilə yoxdur, dedim A.Bağırovu vəkil kimi çoxdan tanıyırıq. Dedim olar da, problem olmaz. Ayba-ay pulu Bakıdakı evin kirayəsini alıb verirdim Allahverdi Bağırova. Arada da üç gün yubanırdı, A.Bağırova zəng vurub deyirdim ki, 3-4 gün yubanacaq. O da deyirdi: “Nə olacaq” Ya aparıb öz iş yerinə verirdim, ya da aparırdım ASAN Xidmətdə işləyəndə orada verirdim. Pulu A.Bağırova verirdim. Elə vaxt olub evdə yoldaşına vermişəm. Həmin vaxt hamımız qol çəkirdik. İyul ayında axırıncı dəfə pul verəndə anamla Allahverdi Bağırovun yoldaşı dilbədil düşdülər. Mən özüm də oradaydım, dinmədim, işim olmadı, anamı çölə çıxardım. A.Bağırov da həmin vaxt heç dinmədi. Anam A.Bağırova dedi ki, mən sizinlə alqı-satqı etməmişəm. A.Bağırov gəlsin qabağımda otursun, pulu verim qurtarıb-getsin. Ondan sonra da Bakıdan oğlu mənə zəng vurub dedi ki, siz mənə şəkilləri atın, evi satım, sizin pulunuzu verim. Bu sözü şəxsən mənə dedi. Mən də: “Niyə satasınız ki? 3-4 gün pul yubatmaqla evi satmazlar” –dedim. İyul ayına qədər pulu verdik. İyul ayında A.Bağırov dedi ki, biz pulu istəmirik. Dəfələrlə görürdüm, deyirdi: “Saxla verərsən, evdə mübahisə var. Evdə mübahisəni qurtaraq, mübahisə qurtarsın verərsən. Evdə razı deyillər”. Yubanmalar 5 (beş) gün olurdusa, zəng vurub Allahverdi Bağırovun özünə şəxsən deyirdim ki, yubanacaq. Deyirdi: “Eybiyox, nə olacaq, verərsən”. Biz iddiaçı ilə müqavilə bağlamamışıq. Mən o evə qaçqın olaraq girməmişəm, o evi alıb girmişəm. Xeyir ola kirayə haqqı ödəməliyəm. Alqı-satqı müqaviləsi bağlanarkən mən orada olmamışam. Allahverdi Bağırov deyib ki, sizlə biz bir-birimizi tanıyırıq, notariusa ehtiyac yoxdur. Qaçırdı, notariusa getmirdi. Allahverdi Bağırova qarşı qaldırdığımız iddia tələbimiz odur ki, indiki qiymət nədirsə, o hesablansın bizə ödənilsin. Məhkəmə baxış iclasında cavabdeh və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndəsi qismində izahat verən Cavabdeh1 əlavə izahatı. Möhtərəm hakim, şahidin ifadəsini təsdiqləyirəm. Yubanmalar olurdu. Yubanmalar olanda mən ona zəng vururdum və deyirdim ki, beş günmü, on günmü yubanacaq. Bakıdakı evi kreditlə satdığım üçün o bir az yubanırdı. Özümdə pul olmadığı üçün oradan alıb verirdim. Allahverdi Bağırov da deyirdi ki, eybiyox. Aylarla yubanmırdı, 5-10 gün filan olardı. Axırıncı dəfə pulu verməyə anam özü getdi. Bu vaxt da Allahverdi Bağırovun yoldaşı ilə anamın sözləri düz gəlmədi, dilbədil oldular. Mən də yanlarında durmuşdum, anamı götürdüm apardım, maşına mindirdim. Anam başdan dedi ki, mən evi almaq istəmirdim, siz istəyirdiniz mən aldım. Həmin gün pulu almadılar, istəmədilər, götürdüm gəldim. Səhəri gün Allahverdi müəllimə zəng vurdum, dedim ki, “ASAN Xidmət”-dəyəm. İkinci mərtəbəyə getdik qol çəkdim, pulu verdim. Yaşanan hadisəyə görə qardaşımla birlikdə Vəkillər Kollegiyasına getdik, Allahverdi müəllimi həyətə çağırıb anamın hərəkətinə görə üzr istədik. O, yenə də qəbul etmədi, dedi ki, evdə razı deyillər, hələ pulu saxla, sonra verərsən. Bir ay keçəndən sonra, oğlu Pərvin mənə zəng vurub dedi ki, bəlkə evin şəklini atasınız biz satıb sizin pulunuzu verək. Mən də dedim ki, niyə, biz imtina etmirik axı? Ondan sonra yenə uzandı, pulu istəmədilər. Allahverdi müəllimi görürdüm, deyirdim pulu verək. Deyirdi ki, gözlə görək hələ nə olur, özündə saxla. Mən qonşuluğum pis olmayıb. Nə pul istəyirəm, nə də başqa bir şey. Kəndə gedirdi toyuqlarına da baxırdım, otlarını da yolurdum, həyətini də suvarırdım. Hər şeyi edirdim. Qonşu olmaq istəmirlərsə, evi mən satım köçək gedək. Satmaqdırsa, evi mən özüm sataram. 2022-ci ildə olan qiymətlər indiyə qədər artıb. İddiaçının yazdığı siyahıda əşyalar barədə kəsrlər var. Orada yazılan əşyalardan əlavə əşyalar – pərdə, saat da var və evdədir. 9 yox, bəlkə də 13 tikə əşya var. Gəlinləri Səma ilə mənim yoldaşım danışdılar, hansı əşyaların saxlanmasını qərarlaşdırdılar. Evə 2022-ci ilin yanvar ayında yoldaşım və iki uşağımla köçmüşük. İlahidə xanım mikrorayonda öz evində qalır. Evdə mülkiyyətçiyə məxsus kondisioner, jurnalni, televizor, televizorun altı, tablo, təkərli balaca stol, stol böyük, çilçıraq (listur), qorka şkaflar, 4 ədəd şkaf var. Nə var hamısı ordadır. Razılığa gəlmişdik ki, evin pulu bitəndən sonra üç min manata əşyalar bizim mülkiyyətimizə keçəcək, bizə qalacaq. Allahverdi Bağırovla razılaşdıq ki, hasarın çəkilməsi xərclərini yarı-yarıya bölək. Təqribən 1550 (bir min beş yüz) manat pul tutdu, kağıza yazmışdım. Hasarın digər tərəfində A.Bağırov ailəsiylə yaşayır. Cavabdeh və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndəsi Cavabdeh1 çıxışında iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə baxış iclasında cavabdeh qismində izahat verən Cavabdeh2 izahatı. Möhtərəm hakim! Bildirirəm ki, mən Bakıda müalicə alanda oğlumgil mənə zəng vurdu. Dedi ki, ana, makler gəlib, ev satırlar. Mən də soruşdum ki, kimdir? Allahverdi Bağırov olduğunu dedi, dedim: “Yox, mən istəmirəm”. Çünki o vaxt pulun pul vaxtı Culfaya mal keçirib, mənim 5000 (beş min) manatlıq malımı beş dəqiqənin içində məhkəmədə yox etdilər. Allahverdi Bağırova zəng vurdum dedi ki, İlahidə xanım, evə 2-3 nəfər gəlib baxacaq, gəlib baxsınlar, əgər almasalar, o ev sizə qismətdir. Dedim ki, yaxşı, lazım deyil, mən istəmirəm. X13 mənə zəng etdi, dedi ki, evi almadılar. Bu ev sizə qismətdir, gəlin sizə 85000 (səksən beş min) manata satıram. Nəsə demədik, bir qəpik belə endirməsini istəmədik. Dedi ki, qabaqdan 30000 (otuz min) manat pul verəcəksiniz, aybaay 1500 (bir min beş yüz) manat da pul ödəyəcəksiniz. Maşını istəmişdilər, Cavabdeh1 maşını 12000 (on iki min) manata verdi. 18000 (on səkkiz min) manat da gətirdik, yoldaşı evdəydi, apardıq oğluna verdik. İki ildir ki, mənim oğlum o evdədir, ikicə dəfə mən onun evinə getmişəm. Allahverdi Bağırovun indiki günə kimi yanına gedirdim, mənə: “Mənim evimdə davadır, məni eşiyə ötürürlər. Sizdə qalmış pul, bizdə qalmış pul” –deyirdi. Vəkillər Kollegiyasının yanında qəbiristanlığı göstərdim, dedim: “Dön ora bax, ikimizin də yeri oradır, mənim uşağıma əziyyət verməyin. Niyə ev yoxdur Naxçıvanda? Elə bir sizin evinizdir?” Dedi: “Narahat olma, evdə mübahisələr qurtarandan sonra pulu mən sizdən götürəcəyəm”. 4 (dörd) aydan sonra məhkəməyə gəldim, eşitdim ki, Daşınmaz Əmlaka gedib evi hədiyyə edib, qızının adına keçirib. İddiaçı 4 (dörd) aydır ki, evin mülkiyyətçisidir. Gedib Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən çıxartmışam. Mən qızıyla – iddiaçı ilə bircə dəfə danışmışam. Demişdi ki, evin şəklini çək, sataq sizin pulunuzu verək. Dedim harada görülüb ki? Bu yaxınlarda gedib Allahverdi Bağırov barəsində hər yana sənədləri deyiblər vermişəm. A.Bağırov dedi ki, nəyə gəlmisən? Axşamçağılar A.Bağırov içir, təhqirli sözləri bizə deyir. Amma iddiaçı deyir ki, biz təhqir edirik. Biz onları təhqir etməmişik. İddiaçının atası məni təhqir edib. Bu yaxınlarda Cavabdeh1 zəng vurub deyib ki, ananı niyə mənim üstümə göndərmisən? Mən onun evinə bir dəfə - pulu verməyə getmişəm. A.Bağırovun yoldaşına dedim ki, xanım, adam yoldaşına elə etməz. Dedi ki, bunlar evlərinə hər şeyi ala bilir, bizim pulu verə bilmir? X18, nə oğlu, nə də gəlini ağzını açıb nəsə dedilər. Mən evə zorla girməmişəm. Onlar evi satıb, mən də almışam. Makler deyib belə bir ev var, biz də almışıq. Heç evi istəmirəm, mənə o ev ehtiyac deyil. Allahverdi Bağırova dedim notariusa gedək, “Neyniyirsən axı, pulumuz gedəcək” –dedi. Dedim ki, nə puldur axı. Dedi ki, tanıyırıq da bir-birimizi, üç ildən sonra evi adınıza keçirəcəyəm. Dedi ki, bu ev mənim adımadır, mənimdir. İstəyirsiniz evdən çıxarın, mən iddia qaldırmışam. Bizə iki il bundan qabaq verdiyimiz pulu faiziylə hesablayıb versin, aparsın evi lap iki yüz minə satsın. X7 məni aldadıb. Mənə dedilər ki, oğlu tutulanda ona pul ehtiyac idi, sənin pulundan istifadə edib, indi gəlib deyir ev bahalaşıb, evi istəyir. İddiaçı yalan danışır. Mən ondan ev almamışam, məni məhkəməyə verib. O gün iddia qaldıranda arayış almışam, onda deyərdilər Allahverdi kimdir ki onun adına arayış verəm? Nərminin adına verərdilər də. X14 al-ver etmişəm. 4 (dörd) aydır ki, ödənişi istəməyiblər. 2022-ci ilin yanvar ayından 2023-cü ilin iyul ayına qədər pulu ödəmişik. Məhkəmə baxış iclasında cavabdeh qismində izahat verən Cavabdeh2 əlavə izahatı. Şahid düz danışdı. Mən iddiaçını ilk dəfə məhkəmədə görmüşəm. Mən Bakıda olan zaman Allahverdi müəllimlə danışdım. O mənə dedi ki, evə iki-üç nəfər var ki baxacaqlar, qoy onlar baxsın, əgər alınmasa, ev sizin qismətinizdir. Mən də dedim ki, satırsan, sat. Bəlkə sənə ehtiyacdır, nağd satacaqsan. Ev al-verini Allahverdi Bağırovla ikimiz etmişik. Heç oğlumun xəbəri olmayıb. Əslində, mən evin alınmasına razı deyildim. Mən Bakıdan gələndə Allahverdi müəllimlə tək görüşdüm. Dedim ki, evimizi sıfırdan almışdıq, 50000 (əlli min) manata satmışıq. Mənim sülaləmin hamısı Şahbuzludur. Mən A.Bağırovun yoldaşına dedim o məni başa düşmədi. Deyirdim yəni yoldaşına hirslənmə. Əlli dəfə demişəm ki, mənə ev ehtiyac deyil. Allahverdi Bağırov deyirdi ki, evdə bir az narazılığımız var, gözlə. Ödəmə 5-10 gün gecikdi, mən 1500 (bir min beş yüz) manatı götürdüm getdim bu sözü dedim. Allahverdi də, oğlu da dedi ki, səs eləmə. Mən iddiaçını heç görməmişdim. X17 illərdir tanıyıram, niyə ondan yox, qızından ev alım. Allahverdi Bağırov dedi ki, biz bir-birimizi tanıyırıq, gəl aramızda müqavilə bağlayaq, pulumuz getməsin. Neçə il bundan qabaq mənim vəkilim olub. 5 (beş) aydır ki, bizdən pulu götürmür. Dedi ki, Nərmin məni məhkəməyə verib. Nərmin deyib ki, ev mənimdir, atama həvalə etmişəm. İddiaçı mənə zəng vurub dedi ki, evin şəklini atarsınız bizə, biz satıb sizin pulunuzu verək. Mən də dedim harada görülüb? Sən satmısan, biz də almışıq. Sənin bizdə sənədin yox, heç bir şeyin yox, nə deyirsən biz də edirik. Satmırdın əvvəldən satmazdın. Pulu evi satıb verməyinizi istəmirəm. Nağd verin. Cavabdeh2 çıxışında İddiaçı iddiasının əsassız olduğundan rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. 05 dekabr 2023-cü il tarixli məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X4 ifadəsi. Möhtərəm hakim, oğlum qəzaya düşdüyü vaxt ehtiyacımız olduğundan evi satmaq istədik. Nağd pula satılmadı. Sonra adını bilmirəm, Cavabdeh1 qayınanası ilə razılaşdıq. Elnurun yoldaşı, qayınanası ilə evə gəlmişdilər. Baxıb bəyəndilər. Elnurun anasıyla razılaşdıq, dedi ki, 12000 (on iki min) manat dəyərində bir maşınları var, onu versinlər, 18000 (on səkkiz min) manat pul versinlər, qalanını da ayda 1500 (bir min beş yüz) manat olmaqla ödəsinlər. Əslində, evin qiyməti daha bahadır. 4,5 sot torpağın üzərində yerləşir. Həmin yerdə torpağın sotunun qiyməti o vaxt da, indi də 20000 (iyirmi min) manatdır. Ev dörd otaqlı idi, yeni təmir etmişdim. Mətbəx, hamam, aynabənd, aşağıda zirzəmi və həyətində qarajı var idi. Razılaşdıq ki, bir-birimizlə əlaqə saxlamamaq üçün ortadan zabor çəkək. İlk üç-dörd ay ərzində ödənişi vaxtlı-vaxtında verdilər. Mən onlara dedim ki, mənim bank borclarım var, evi kefimdən satmamışam. Aldığım 1500 (bir min beş yüz) manat da borca gedirdi. Sonra yubatmağa başladılar. Mən demək olar ki, hər ay zəng edirdim. Özüm hər ayın 21-i banka ödəniş edirdim. Deyirdilər ki, pul Rusiyadan gəlir, pandemiya var və s. Mən də ötüşdürürdüm. Axırıncı dəfə yubanma çox oldu, hardasa 20 (iyirmi) gündən artıq yubanma oldu. Mən də İlahidə xanıma zəng vurdum, pulu istədim. Səhəri gün bir də gördüm ki, qapıya gəliblər. Cavabdeh2 orada böyük bir skandal yaratdı. Mən və oğlum müdaxilə etmədik, heç qarışmadıq. Özünü yandırıb öldürəcəyini, qanını bizim üstümüzə tökəcəyini dedi. Bu biyabırçılıqdan sonra biz ailəmizlə qərarlaşdıq ki, biz belə şəxslərlə bir həyətdə qala bilmərik. Cavabdehlər bizə qarşı məhkəmədə pul tələbi qaldırıblar. Hələ ortada heç nə yox idi, gedib şəhər polis idarəsinə izahat vermişəm. Ali Məclis, şəhər prokurorluğu, Vəkillər Kollegiyasının sədri ilə əlaqə saxlayıblar. Guya mən dələduzluq etmişəm. Mən nə dələduzluq etmişəm? Pul vermisən, pulunu da alacaqsan. Mən evi satanda Elnurla söhbət elədim. Dedim ki, mən evi kefimdən satmıram. İllərlə pul qazanıb ev tikmişəm. Vaxtlı-vaxtında pulu ver. Vermədilər, mən də Naxçıvanbankda da, Kapital Bankda da qara siyahıya düşdüm. Məndən pul tələb etmirsiniz? Satıb pulunuzu verəcəyik. Mən pulu danmıram, hər şey ortadadır. Nə xərc çəkilibsə, hamısı ortadadır. Sonuncu dəfə yubanma olanda zəng vurub pulu istədim. Bir də gördüm qapıma gəliblər. Mən demişdim ki, mənim qapıma gəlmə. Çünki bilirdim ki, xəstə və hövsələsiz insandır. Demişdi gəlib pulu verib gedəcək. Gəlib skandal yaratdı, qonşulara səs-küy yayıldı. Oğlu həyətdən zorla götürdü getdi. Ev satılanda evin mülkiyyətçisi qızım idi. Evin satışını 85000 (səksən beş min) manata razılaşdıq. Hər ayın 21-i mənə ödəniş etməliydilər. Ödəmə siyahısı aramızda formal bir kağız idi ki, pul verildi. Aramızda rəsmi alqı-satqı müqaviləsi olmayıb. Notariuslara tapşırıq verilib, alqı-satqı müqaviləsini təsdiqləmirlər. Pulları hər iki cavabdeh də verirdi. Yanvar 2022-dən başlamışıq. 2023-cü ilin iyun ayı da daxil olmaqla hər ay 1500 (bir min beş yüz) manat ödənilib. Pulu versələr də, götürmürəm. Münasibətləri pozmuşuq, deyirəm evi təhvil versinlər. 85000 (səksən beş min) manat tamam olanda ödəmələri qurtaracağımız barədə razılaşmışdıq. Yəni 55000 (əlli beş min) manat tamam olana qədər hər ay 1500 (bir min beş yüz) manat ödəniləcəkdi. Evə Elnur ailəsiylə köçdü qaldı. İlahidə xanım o evdə yaşamayıb. Evin mülkiyyətçisi Nərmindir, mənim adıma olsaydı, iddianı mən qaldıracaqdım. 4-5 ay pul vaxtında gəldi, ondan sonra yubanmalar başladı. Cavabdeh5 Cəlal qızına məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar, məhkəmə baxış iclasında iştirak etməmiş qanuni nümayəndə ilə məhkəmədə təmsil olunmuşlar. Məhkəmə baxış iclası cavabdehlərin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: AZ-İ seriyalı, ******* nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh1 ilə X12 arasında 06 noyabr 2006-cı il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra qadına “Əsgərova” soyadı verilmişdir. AZ-İİ seriyalı, 166351 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, iş üzrə Cavabdeh1 ilə X8 birgə nikahlarından xx xxx 2008-ci il tarixdə Cavabdeh3 adlı uşaqları doğulmuşdur. AZ-İİ seriyalı, 535520 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, iş üzrə Cavabdeh1 ilə X8 birgə nikahlarından xx xxxxxx 2016-cı il tarixdə Cavabdeh4 adlı uşaqları doğulmuşdur. 23 oktyabr 2018-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən, X1 şəhəri, 10-cu məhəllə, döngə 3, ev 7 ünvanında 0.0404 ha torpaq sahəsində yerləşən 125.5 kv.m fərdi yaşayış evini İddiaçı bağışlamışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 10 oktyabr 2018-ci il tarixli, 9957 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun təsdiqlənmiş surətindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 125.5 kv.m (torpaq sahəsinin ölçüsü 0.0404 ha) olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/54 nömrəli reyestr kitabının 10549 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********74-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023). Məhkəmə izahatları, iddia ərizəsinin dəlillərini araşdırıb işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və X10 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəməyə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh2, Cavabdeh1, həyat yoldaşı Cavabdeh5 Cəlal qızı, övladları Cavabdeh3 və Cavabdeh4 İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalı, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2, Cavabdeh1, həyat yoldaşı Cavabdeh5 Cəlal qızına, övladları Cavabdeh3 və Cavabdeh4 məxsus əşyalar cavabdehlərin hesabına boşaldılmalı, iddia ərizəsində qeyd olunan 9 adda əşyalar- 1. General Gold markalı kondisioner 1 ədəd, 2. jurnalni 1 ədəd, 3. LG markalı televizor 1 ədəd, 4. televizor altı 1 ədəd, 5. tablo 1 ədəd, 6. balaca stol 3 ədəd, 7. böyük stol 1 ədəd, balaca stul 6 ədəd, 8. çilçıraq 3 ədəd, 9. qorka (şkaflar) 1 dəst (4 ədəd)- cavabdehlər tərəfindən İddiaçı təhvil verilməlidir. İş üzrə tədqiq olunmuş sübutlardan aydın olur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 125.5 kv.m (torpaq sahəsinin ölçüsü 0.0404 ha) olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/54 nömrəli reyestr kitabının 10549 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********74-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023). Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən, mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Tərəflərin məhkəmə iclası zamanı verdiyi izahatlardan və eyni zamanda iş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, ******* nömrəli nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh1 ilə X12 arasında 06 noyabr 2006-cı il tarixdə nikah bağlanmışdır. Mülki işin materiallarından görünür ki, mülkiyyətçi ilə cavabdehlər arasında qanunvericiliyin yuxarıda sadalanan normalarına uyğun hər hansı razılaşma olmamış, onlar arasında alqı-satqı müqaviləsi bağlanmamışdır. İş materiallarında olan 22 yanvar 2022-ci il tarixdə X7 ilə X3 arasında fərdi yaşayış evinin nisiyə alqı-satqısı haqqında müqavilənin icrası-aylıq 1500 manat olmaqla üç il müddətinə razılaşmaları barədə sadə qeydiyyata qiymət verən məhkəmə bildirir ki, həmin sənəd qanuna uyğun tərtib edilmədiyində əsaslı hesab edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, tərəflərin izahatından görünür ki, Allahverdi Bağırova qarşı pul tələbi ilə əlaqədar məhkəməyə müraciət olunmuş və həmin tələb məhkəmədə baxılmaqdadır. Belə olan halda da yuxarıda qeyd olunduğu kimi, hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin müddəaları tədbiq olunmalıdır. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, Cavabdeh1 ilə X8 birgə nikahlarından xx xxx 2008-ci il tarixdə Cavabdeh3 və xx xxxxxx 2016-cı il tarixdə Cavabdeh4 adlı uşaqları doğulmuşdur. Məhkəmə belə hesab edir ki, yetkinlik yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır, uşaqlar valideynin himayəsində, valideynlərlə bir ailədə yaşamaq hüququna malikdirlər. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehlərin həmçinin uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzildə yaşaması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmə cavabdehlərin mənzildən çıxarılması nəticəsinə gələrkən həmçinin onların mülkiyyətində yaşayış mənzilinin olmasına əsaslanmışdır ki, cavabdehlər yaşayış sahəsinə olan ehtiyacını iddiaçının mülkiyyətində olan evindən istifadə etməklə qarşılamaq məcburiyyətində deyillər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında mütənasiblik prinsipini geniş təhlil edərək, onu insan hüquqlarının müdafiəsinin əsas prinsipi kimi təsbit etmişdir. Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə qeyd etmişdir ki, ictimai maraqla fərdin hüquqları arasında ədalətli balansın axtarışı bütün Avropa hüquq sisteminin xarakterik xüsusiyyətidir. Bu balansın təmin olunması üçün mütənasiblik təmin olunmalıdır. Həmçinin qanunun aliliyi prinsipinin əsas aspektlərindən biri, hüquqi müəyyənlik prinsipidir, bu prinsip, digərlərlə yanaşı, tələb edir ki, məhkəmələr iş üzrə yekun qərar çıxardıqda, bu qərarlar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh2, Cavabdeh1, həyat yoldaşı Cavabdeh5 Cəlal qızı, övladları Cavabdeh3 və Cavabdeh4 İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılsın. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh2, Cavabdeh1, həyat yoldaşı Cavabdeh5 Cəlal qızına, övladları Cavabdeh3 və Cavabdeh4 məxsus əşyalar cavabdehlərin hesabına boşaldılsın. İddia ərizəsində qeyd olunan 9 adda əşyalar- 1. General Gold markalı kondisioner 1 ədəd, 2. jurnalni 1 ədəd, 3. LG markalı televizor 1 ədəd, 4. televizor altı 1 ədəd, 5. tablo 1 ədəd, 6. balaca stol 3 ədəd, 7. böyük stol 1 ədəd, balaca stul 6 ədəd, 8. çilçıraq 3 ədəd, 9. qorka (şkaflar) 1 dəst (4 ədəd)- cavabdehlər tərəfindən İddiaçı təhvil verilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar