Məhkəmə qərarları › İş №2(078)-395/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-395/2025

28.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-395/2025 28.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi və payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Ərizəçi iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, nənəsi X1 miras qalmış ünvan 1 ünvanda 0.1699 ha torpaq sahəsi və üzərində yerləşən 167.84 m2 fərdi yaşayış evindən ibarət miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi və payların müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Qeyd olunan maddənin məzmunundan da aydın olur ki, qanunvericilikdə nəzərdə tutulmuş iddia ərizəsinə aid tələbləri xüsusi icraat qaydasında baxılan işlərə dair verilmiş ərizələrə də aid etmək olar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırki iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddia ərizəsində iddiaçı mərhum nənəsi X1 miras qalmış ünvan 1 ünvanda 0.1699 ha torpaq sahəsi və üzərində yerləşən 167.84 m2 fərdi yaşayış evinin özü tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini istəyir. Ancaq ərizəçi fərdi yaşayış evinin mərhum nənəsi X2 adına qeydiyyatda olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki qanunvericiliyin tələbindən də göründüyü kimi iddiaçı məhkəməyə müraciət edərkən tələbini təsdiq edən sübutlar siyahısını göstərməli və həmin sübutları iddia ərizəsinə əlavə etməlidir. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, ərizəçi iddia ərizəsinin qanunvericiliklə müəyyən olunmuş forma və məzmununa əməl etməmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, ərizənin məzmunundan görünür ki, Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi ilə yanaşı payların müəyyən edilməsini də istəyir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsində məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərin dairəsi müəyyən edilmişdir. Həmin işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Həmin məcəllənin 307.2 və 307.2.9-cu maddələrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunanlardan da göründüyü kimi, Ərizəçi miras əmlakda payların müəyyən edilməsi tələbi xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılacaq tələbdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi və payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 24 yanvar 2025-ci il tarixli, 10908 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi və payların müəyyən edilməsi tələbinə dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 24 yanvar 2025-ci il tarixli, 10908 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Ərizəçi izah olunsun ki, ərizənin geri qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar