Məhkəmə qərarları › İş №2(078)-415/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-415/2025

03.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-415/2025 03.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və cavabdeh təşkilatın nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh təşkilat «Naxçıvan MR Xəstəxanası» publik hüquqi şəxsinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə buraxılmış əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh təşkilat «Naxçıvan MR Xəstəxanası» publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Naxçıvan MR Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 01 avqust 2024-cü il tarixli əmri ləğv edilməklə onu əvvəlki işinə bərpa edib cavabdehin təqsiri üzündən 01 avqust 2024-cü il tarixdən hesablanmaqla məcburi iş buraxmağına görə ödənilməmiş orta aylıq haqqısı olan 4425.42 (dörd min dörd yüz iyirmi beş manat qırx iki qəpik) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 07 may 2004-cü il tarixdən Naxçıvan MR Xəstəxanasında Urologiya şöbəsində tibb qardaşı vəzifəsində işləyir. 01 avqust 2024-cü il tarixdə 65 yaşım tamam olmuşdur ki, onun razılığı olmadan Naxçıvan MR Xəstəxanasının keçmiş direktoru Fehruz Zehirovun məcburiyyəti qarşısında 65 yaşı tamam olduğundan ərizəsini yazıb işdən çıxmağı bildirmişdir ki, o da məcbur qalaraq öz ərizəsi əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinə əsasən xəstəxananın keçmiş direktoru Fehruz Zehirovun əmri əsasında onun əmək müqaviləsinə xitam verilmişdir. Pozulmuş əmək hüquqlarının qorunması məqsədi ilə əmək qanunvericiliyin icrasına nəzarət edən orqan Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciət etmiş və Xidmətin 13 dekabr 2024-cü il tarixli məktubunda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinin (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş hədinə çatdıqda) tələbinin pozulduğunu qeyd etməklə, bununla bağlı 27 noyabr 2024-cü il tarixdə müəssisənin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib olunduğunu və məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məcbur qalaraq məhkəməyə müraciət etməli olur. Naxçıvan MR Xəstəxanası publik hüquqi şəxsi dövlət büdcəsindən maliyyələşən təşkilat deyil, icbari tibbi sığorta əsasında öz-özünü maliyyələşdirən təşkilatdır. Həmçinin əmək mübahisəsi ilə bağlı X1 işə bərpa və 01 avqust 2024-cü il tarixdən 6 aylıq məcburi iş buraxdığı müddət üçün ödənilməmiş əmək haqqısının ödənilməsi ilə bağlı müraciət etmişdir. Mediasiya Təşkilatında cavabdeh təşkilatın nümayəndəsi iştirak etmiş, lakin razılaşma olmadığından mediasiya prosesinin davam etdirilməməsi barədə 22 yanvar 2025-ci il tarixli, MŞN/25-Q-00026 nömrəli arayışı təqdim olunmuşdur. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, uzun illərdir xəstəxanada tibb qardaşı işləmişdir və o urologiya şöbəsində bu iş üzrə tam ixtisaslaşmışdır. Sadəcə həkim kimi əməliyyat edə bilmirdi. Qalan bütün işləri həkim qədər yaxşı bilmişdir. Onu 6 ay müddətli əmək müqaviləsi ilə işə götürdülər. O vaxt o nazirin qəbuluna getdi və ondan sonra işə götürdülər. Ancaq 6 ay tamam olan kimi çıxardılar. Yoldaşı vəfat edib və iki azyaşlı əkiz uşaqları vardır. Həmin uşaqlara baxmaq üçün baxıcı ilə danışıbdır. Əlavə kredit ödəyir. Bacısının evində qalır. Çox çətin şəraitdə yaşayır. O həm müharibə veteranıdır, həm də hərbi hissədə dərman anbarının müdiri işləmiş və oradan pensiyaya çıxmışdır. Pensiyası 1100 manat təşkil edir. Ancaq uşaqları körpədir. Onların ehtiyaclarını qarşılaya bilmir. Ən azından uşaqları böyüyənə qədər onun işləməsinə icazə verə bilərdilər. O özü xəstədir və Türkiyə Respublikasına müalicəyə getmişdir. Ona görə vaxtında məhkəməyə müraciət edə bilməmişdir. İddia tələbinin əsaslı olduğundan təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh təşkilatın nümayəndəsi X5 izahatında bildirmişdir ki, İddiaçı dəfələrlə işdə nöqsana yol vermiş və bununla bağlı tənbeh tədbirləri tətbiq edilmişdir. İşdən azad edildikdən sonra yenidən müddətli əmək müqaviləsi bağlanmışdır və 6 ay müddətində işləmişdir. Müddət tamam olduqdan sonra isə işdən azad edilmişdir. Sənədləri təqdim etmişdir. Əlavə təqdim edəcək hər hansı sənədi yoxdur. İddia müddətinin tətbiqinə dair ərizəsinin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyərək aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: 26 yanvar 2024-cü il tarixli ərizənin surətinə əsasən, İddiaçı 6 ay müddətinə müqavilə ilə işləməyinə icazə verilməsini xahiş etmişdir. Əmək müqaviləsinə əsasən, «Naxçıvan MR Xəstəxanası» publik hüquqi şəxsi ilə İddiaçı arasında 22 fevral 2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Qurbanlı X3 şöbəsində feldşer vəzifəsində işə başlamışdır. Müqavilədən aydın olur ki, müqavilə müddətsiz bağlanmışdır. 20 avqust 2024-cü il tarixli ərizənin surətinə əsasən, İddiaçı 01 avqust 2024-cü il tarixdən vəzifədən azad olunmasını xahiş etmişdir. 01 avqust 2024-cü il tarixli, 225 nömrəli əmrin surətinə əsasən, xəstəxananın Urologiya şöbəsinin 1.0 ştat vahidi tibb qardaşı İddiaçı xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş, 65 yaşla əlaqədar bağlanan əmək müqaviləsinə xitam verilmiş və əmək məzuniyyətinin qalan gününün son hesabının kəsilməsi əmr edilmişdir. Əmək kitabçasının surətindən aydın olur ki, İddiaçı 01 avqust 2024-cü il tarixdən «Naxçıvan MR Xəstəxanası» publik hüquqi şəxsində Urologiya şöbəsində tibb qardaşı vəzifəsindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinə əsasən azad edilmişdir. Naxçıvan MR-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin İddiaçı ünvanlanmış 13 dekabr 2024-cü il tarixli məktubuna əsasən, "Naxçıvan Muxtar Respublika Xəstəxanası" publik hüquqi şəxsində əmək hüquqlarınızın pozularaq əmək müqavilənizə və əvvəlki işinizə bərpa edilməsinə dair müraciətinizə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətində baxılmışdır. Müraciətinizə münasibət bildirilməsi və sizə aid sənədlərin "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir və "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 7.9-cu maddələrinin əsasən təqdim edilməsi məqsədilə müəssisəyə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq təqdim olunan sənədlərə, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsistemində baxış keçirilərkən sizinlə bağlanılan əmək müqaviləsinə 1 avqust 2024-cü il tarixdə xitam verilərkən Müəssisə dövlət büdcəsindən maliyyələşmədiyi halda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinin (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) tələbi pozulmuşdur. Aşkar olunan pozuntu ilə bağlı müəssisənin vəzifəli şəxsi barəsində 27 noyabr 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin pozuntunun aradan qaldırılması barədə müəssisəyə 3 dekabr 2024-ü il tarixdə 3-17-9-5/2-2085/2024 nömrəli məktub ünvanlanmışdır. Bununla belə müraciətdə qaldırdığınız məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuzun olduğu diqqətinizə çatdırılır. "Naxçıvan Muxtar Respublika Xəstəxanası" publik hüquqi şəxsinin 27 yanvar 2025-ci il tarixli arayışına əsasən, İddiaçı 2024-cü ilin avqust ayında son haqq-hesabı ödənilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 255 nömrəli, 01 mart 2025-ci il tarixli arayışa əsasən, İddiaçı adına yaşayış evi və torpaq sahəsi yoxdur, lakin adına çöl pay torpaq sahəsi (0.2885 ha) vardır. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 28 fevral 2025-ci il tarixli arayışına əsasən, İddiaçı adına Naxçıvan şəhəri, Qaraçuq kəndində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (0.2885 ha) vardır. "Naxçıvan Muxtar Respublika Xəstəxanası" publik hüquqi şəxsinin 12 mart 2025-ci il tarixli tibbi arayışına əsasən, İddiaçı "Naxçıvan Muxtar Respublika Xəstəxanası" publik hüquqi şəxsinin Qastrolenterologiya şöbəsində ambulator olaraq müayinədən keçmiş, onda S-vari bağırsağın xorası müəyyən olunmuşdur. "Naxçıvan Muxtar Respublika Xəstəxanası" publik hüquqi şəxsinin 27 fevral 2025-ci il tarixli arayışına əsasən, İddiaçı 20 aprel 2004-cü il tarixdən "Naxçıvan Muxtar Respublika Xəstəxanası" publik hüquqi şəxsinin Endokrinoloji xəstəliklər şöbəsində dispanser qeydiyyatındadır. Ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC-nin Naxçıvan filialı ilə İddiaçı arasında 05 fevral 2025-ci il tarixdə kredit müqaviləsi bağlanmış, İddiaçı 40 ay müddətinə illik 19.9 faizlə 20000 manat məbləğində kredit götürmüşdür. Aylıq ödənişin məbləği 688.02 manat təşkil edir. Cavabdeh təşkilat «Naxçıvan MR Xəstəxanası» publik hüquqi şəxsi məhkəməyə etiraz ərizəsi təqdim etmişdir. Həmin etirazda göstərilmişdir ki, "Naxçıvan Muxtar Respublika Xəstəxanası" publik hüquqi şəxsi Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan 2(078)-415/2025 nömrəli mülki iş üzrə İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, "Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsinə qarşı "əmrin ləğvi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi ilə işə bərpa, ödənilməmiş əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsi” tələbinə etirazını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq aşağıdakı qaydada məhkəmənin nəzərinə çatdırır. Bildirirlər ki, "Naxçıvan Muxtar Respublika Xəstəxanası" publik hüquqi şəxsinin "Urologiya şöbəsi" bölməsində "feldşer” vəzifəsində işləmiş İddiaçı ilə 65 yaşı tamam olduğu üçün bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 70 "e" maddəsinə əsasən 01 avqust 2024cü il tarixdə xitam verilmişdir. İddiaçı 23 dekabr 2024-cü il tarixdə əmrin ləğvi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi ilə işə bərpa üçün X1 müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2 (fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər) maddəsinə uyğun olaraq İddiaçı 1 ay müddəti ötürdüyündən iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Məhkəmə tərəflərə izah edir ki, məhkəməyə müraciət etmək hüququnun məzmununa, mənasına görə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilib-verilməməsindən asılı olmayaraq məhkəmə iddiaya mahiyyəti üzrə baxmalıdır. Yəni məhkəmə işin hallarını araşdırıb, sübutları qiymətləndirməklə hərtərəfli proses aparmalıdır. Araşdırmalar nəticəsində müəyyən edilsə ki, iddia müddəti üzrlü səbəblərdən ötürülmüşdür, məhkəmə həmin müddəti bərpa edir və iddia tələbinin təmin edilməsi və yaxud rədd edilməsi barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanı, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə a) tərəflərdən birinin təşəbbüsü, b) əmək müqaviləsinin müddətinin qurtarması, c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), d) tərəflərin iradəsindən asılı olmayan hallar, e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin e) bəndinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu halda əmək münasibətlərinə xitam verilə bilər. Tərəflər arasında bağlanmış əmək müqaviləsindən aydın olur ki, «Naxçıvan MR Xəstəxanası» publik hüquqi şəxsi ilə İddiaçı arasında 22 fevral 2024cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Qurbanlı X3 şöbəsində feldşer vəzifəsində işə başlamışdır. İş materiallarında olan iddiaçı tərəfindən və cavabdeh təşkilatın nümayəndəsi tərəfindən təqdim edilən sənədlərdən aydın olur ki, 01 avqust 2024-cü il tarixli, 225 nömrəli əmrin surətinə əsasən, xəstəxananın Urologiya şöbəsinin 1.0 ştat vahidi tibb qardaşı İddiaçı xx.xx.2024cü il tarixdən tutduğu vəzifədən azad edilmiş, 65 yaşla əlaqədar bağlanan əmək müqaviləsinə xitam verilmiş və əmək məzuniyyətinin qalan gününün son hesabının kəsilməsi əmr edilmişdir. Əmək kitabçasının surətindən aydın olur ki, İddiaçı 01 avqust 2024-cü il tarixdən «Naxçıvan MR Xəstəxanası» publik hüquqi şəxsində Urologiya şöbəsində tibb qardaşı vəzifəsindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinə əsasən azad edilmişdir. Məhkəmə qeyd edir ki, daxil olan sənədlərdən aydın olur İddiaçı 20 avqust 2024-cü il tarixdə ərizə ilə 01 avqust 2024-cü il tarixdən vəzifədən azad olunmasını xahiş etməsinə dair ərizə verdiyi halda onun Azərbaycan respublikası 68-ci maddəsinin “a” bəndi ilə deyil, 70-ci maddənin “e” bəndi ilə azad edilmişdir. İlk olaraq iddiaçının işdən azad edildikdən 20 gün sonra ərizə verməsi hüquqi məntiqə uyğun olmur. Digər tərəfdən isə xəstəxana publik hüquqi şəxsdir və dövlət büdcəsindən maliyyələşən təşkilat deyildir. Bununla bağlı iddiaçının işdən azad edilməsi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndi əsas götürülə bilməzdi. Həmin maddə ilə işçi işdən azad edilə bilməzdi. Qeyd edilən əmrin düzgün olmaması əməyin mühafizəsinə nəzarət edən orqan tərəfindən araşdırılmış və işəgötürən barəsində müvafiq inzibati xəta tənbehi tətbiq edilmişdir. Məhkəmə cavabdeh təşkilat tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.1-ci maddəsinə əsasən iddia müddətinin ötürülməsi barədə ərizəsinə münasibət bildirərək hesab edir ki, iddiaçı işə bərpa tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnu pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296.2-ci maddəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.5-ci maddəsinə görə işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. 296.6-cı maddəsinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə qeyd edir ki, iddia müddətinin tətbiqi heç də həmişə iddianın rədd edilməsinə səbəb olmur. Yuxarıda əmək qanunvericiliyində qeyd edilən üzrlü səbəblər olduqda ötürülmüş müddət bərpa edilə bilər. Buraya iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı hallar aid edilir. İddia müddətinin bərpası ilə əlaqədar bu müddətin ötürülməsi səbəblərinin baş verdiyi müddət nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçının əmək qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada hüququnun pozulduğunu aşkar etdiyi gün 01 avqust 2024-cü il tarix kimi nəzərə alınmalıdır. Belə ki, təqdim edilən sənədlərdən aydın olur ki, işəgötürən tərəfindən işçinin-iddiaçının işdən azad edilməsinə dair 01 avqust 2024-cü il tarixdə əmr verilmişdir. İddiaçıya 01 avqust 2024-cü il tarixli əmr ona həmin gün verilmişdir və bu halı iddiaçı izahatında bildirir. Təqdim edilən sənədlərdən aydın olur ki, iddiaçı həmin əmri 22 yanvar 2025-ci il tarixdə mediasiya təşkilatına müraciət edərək mübahisələndirmişdir. İddiaçı cavabdeh təşkilata qarşı əmrin mübahisələndirilməsinə dair iddia ərizəsi 27 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin iddia ərizəsinin sonunda tərtib edilmə tarixi 27 yanvar 2025-ci il tarix olaraq qeyd edilmişdir. İddiaçı qanunun ona verdiyi bir aylıq müddəti mediasiya təşkilatına müraciət edənə qədər keçirmişdir. Mediasiya sənədi iddia ərizəsinə qoşma olaraq əlavə edilmişdir. İddiaçı məhkəmə iclaslarında müddət məsələsinə münasibət bildirərkən xəstəliyi ilə bağlı müddəti ötürdüyünü bildirmiş və bununla bağlı xəstəlik sənədlərini təqdim etdmişdir. Lain həmin sənədlər iddia ərizəsi məhkəməyə verildiksən sonra iddiaçıya təqdim edilmişdir. İddia verilənə qədər iddiaçının tələb irəli sürmək üçün qanunla müəyyən edilən müddətinin üzürlü səbəbdən keçməsi üçün hər hansı sənəd təqdim edilməmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən, avqust 2024-cü il tarixdən sonra qanunla ona verilən bir aylıq müddətdə işdən azad edilməsinə dair əmri mübahisələndirmədiyindən işə bərpa və məcburi iş buraxılmaya görə əmək haqqı tələbi üzrə iddia müddətini ötürülmüşdür. Nəticə: Məhkəmə işin hüquqi və faktiki hallarını araşdırıb onlara qiymət verərək hesab edir ki, iddia tələbi üzrə iddia müddəti keçdiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh təşkilat «Naxçıvan MR Xəstəxanası» publik hüquqi şəxsinə qarşı cavabdeh “Naxçıvan MR Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 01 avqust 2024-cü il tarixli əmri ləğv edilməklə onu əvvəlki işinə bərpa edib cavabdehin təqsiri üzündən 01 avqust 2024-cü il tarixdən hesablanmaqla məcburi iş buraxmağına görə ödənilməmiş orta aylıq haqqısı olan 4425.42 (dörd min dörd yüz iyirmi beş manat qırx iki qəpik) manat pulun tutularaq ona ödənilməsi tələbinə dair iddiası iddia müddəti keçdiyindən rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar