Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-443/2022 30.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı ərizəçilər Ərizəçi1 və Ərizəçi2 miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək müəyyən etdim: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək babaları X1 məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın Ərizəçi1 və Ərizəçi2 tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Ərizənin icraata qəbul edilməsinin mümkünlüyü yoxlanılarkən müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 150-ci və 152-ci maddələrinin tələblərinə əməl edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2-ci maddəsinə görə ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Lakin ərizəyə nəzər salındıqdan aydın olur ki, ərizəçi ərizənin forma və məzmununa riayət etməmiş, ərizəçiyə aid məlumatlar natamam formada göstərilmiş, nümayəndəyə aid məlumatlar ümumiyyətlə göstərilməmiş, maraqlı şəxslərlə bağlı hər hansı məlumat qeyd edilməmiş, vəfat edən şəxslərin vərəsəlik dairəsini təsdiq edən arayışlar ərizəyə əlavə edilməmiş, Ərizəçi1 tərəfindən nümayəndəyə verilmiş etibarnamənin jest dili ilə tərcümə edilməsi rəsmi qaydada təsdiq edilməmiş, bu hal etibarnamənin məzmununda göstərilməmiş, ərizəçilərin doğum haqqında şəhadətnamələri əlavə edilməmişdir. Ərizənin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, bu natamamlıqlarla bərabər həmçinin ərizə ilə bağlı məsələnin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydasına əməl edilməmişdir. Belə ki, tələb üzrə mirasın faktiki qəbulu faktının müəyyən edilməsi ilə bağlı xüsusi icraat qaydasında məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsində təsbit olunmuş miras əmlakla bağlı xüsusi icraat qaydasında baxılan işlər mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair mövcud olan hüquq münasibətlərinin tənzimlənməsini xarakterizə edən işləri özündə ehtiva edir. Bu cür işlərə məhkəmə qaydasında baxılmasını şərtləndirən əsas məhkəməyə müraciət etməzdən əvvəl mülki qanunvericiliyə uyğun olaraq öz hüququnu rəsmiləşdirməsi üçün notariat orqanına ərizə verilməsidir. Yalnız notariat orqanı vərəsəlik şəhadətnaməsini vermək hüququ olmadığı üçün onu verməkdən imtina etdiyi hallarda (məsələn, mirasın qəbul edilməsi üçün mülki qanunvericilikdə göstərilmiş müddətlər buraxıldıqda) məhkəməyə müraciət edə bilər. Ərizə və ona əlavə edilən sənədlər tərəfimdən araşdırılarkən müəyyən etdim ki, ərizəçilərin nümayəndəsi və vəkili tərəfindən notariat orqanına müraciətlə bağlı hər hansı sənəd təqdim edilməmişdir. Ərizədən və ya ona əlavə edilmiş sənədlərdən aydın olmuşdur ki, ərizəçilər vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı ümumiyyətlə notariat orqanına müraciət etməmiş və notariat orqanından müvafiq sənədin verilməsindən imtina olunması ilə bağlı hər hansı rəsmi cavab almamışdır. Göstərilən Məcəllənin 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Buna görə də məhkəmə belə hesab edir ki, Ərizəçi1 və Ərizəçi2 oğlunun miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Çünki, Mülki Prosessual Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmçinin həmin maddədə o da qeyd edilir ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyə mane olmur. Sözügedən Məcəllənin 114.1 və 114.1.3-cü maddələrində həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, Ərizəçi1 tərəfindən "xxxx" ASC Naxçıvan filialına 05.03.2022-ci il tarixli 9731 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanları Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizəçi1 tərəfindən "xxxx" ASC Naxçıvan filialına 05.03.2022-ci il tarixli 9731 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Ərizənin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-443/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-443/2022
30.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver