Məhkəmə qərarları › İş №2(078)-443/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-443/2023

19.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-443/2023 19.04.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə qarşı xx.xx.2019-cu il tarixli 127 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən qanunsuz azad olunmağı barədə olan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Filarmoniyasının 03 iyun 2019-cu il tarixli 127 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, o, 01 aprel 2019-cu il tarixdən başlayaraq 03 iyun 2019-cu il tarixədək Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Filarmoniyasında baş mühasib vəzifəsində işləyib. Orada işlədiyi qısa müddətdə verilən tapşırıqları həmişə layiqincə yerinə yetirib, hər hansı intizam tənbeh tədbiri almayıb. Lakin işlədiyi son bir neçə gündə İdarəyə məxsus onun tabeliyində, ümumi istifadədə olan kompüterdə Naxçıvan Muxtar Respublikasında son dövrlər baş verən hadisələrlə bağlı bir video rolik aşkar olunduğuna görə onun barəsində Əmək Məcəlləsində nəzərdə tutulmuş qayda da hər hansı xəbərdarlıq və intizam tənbeh tədbiri görülmədən işdən birbaşa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə uyğun olaraq əmək vəzifələrini kobud şəkildə pozduğuna görə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə 127 nömrəli əmri ilə qərəzli şəkildə xitam verilmişdir. Həmin maddələrin onunla heç bir əlaqəsi yoxdur. Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “c” bəndində işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetitmədikdə işdən xaric edilir. İşlədiyi müddətdə heç bir qanun pozuntusuna yol verməyib. Rəhbərlik onu qanunsuz olaraq işdən azad edib. İşdən çıxarıldıqdan sonra dəfələrlə əmək kitabçasını istəyib, lakin 6 ay keçdikdən sonra əmək kitabçasını verməklə digər tələb etdiyi sənədlərin verilməsindən qəti olaraq imtina edilib. Həm bu səbəbdən, həm də Naxçıvan Muxtar Respublikasının keçmiş rəhbərliyi vasitəsilə Mədəniyyət Nazirliyinin aparat rəhbəri ona hədə-qorxu gəldiyindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilməyib. X8 Respublikasında rəhbərlik dəyişəndən sonra rəsmi şəkildə müraciət etdiyi üçün ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. X3 müraciət etmiş, heç bir müsbət nəticə alınmadığından məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə tərəfindən verilən sualları cavablandıran iddiaçı qeyd etmişdir ki, hazırda işdən çıxarıldığı üçün normal bir iş yeri də yoxdur, hara gedirsə əmək kitabçasında olan maddəyə görə onu işə götürmürlər, ali təhsillidır, öz işini-mühasibatlıq işini yaxşı bilir, dəfələrə iş təklifi alıb, lakin əsas məqsədi əmək kitabçasında olan 70-ci maddınin “ç” bəndini ləğv etdirməkdir. Bu maddə ilə işdən azad edildikdən sonra dövlət orqanına işə götürülsə də həmin maddəyə görə bir gündən sonra işdən azad edilmişdir. Onu işdən azad edərkən nə həmkarlar iclası keçirilb, nə də həmin iclasa dəvət edilibdir. Dəfələrlə müvafiq qurumlara işdən azad edilməyi ilə bağlı şikayət edib, hətta onu yenidən mədəniyyət nazirliyinə işə dəvət ediblər, lakin müqavilə ilə işə qəbul etmək istədilər. Əmək kitabçasında olan maddəni ləğv etməkdən imtina etdilər. O əmək qanunvericiliyində olan müddəti ötürmüşdür. Buna səbəb o olmuşdur ki, işdən azad edildikdən sonra dəfələrlə Ali Məclisdə qəbulda olmuş, lakin məhkəməyə müraciət eməmişdir. Sonra iş təklifi aldığı üçün 2019-cu ilin sentyabr ayında Bakıya getmişdir. Oradan işdən azad edilmək barədə ərizə yazıb iş yoldaşına göndərmişdir. Lakin iş yoldaşı artıq onun 70-ci maddənin ç bəndi ilə işdən çıxarıldığını bidirmişdir. Bakıda işlədiyi, həmçinin pensiya aldığı üçün işə bərpa edilməsi barədə işi ilə maraqlanmamışdır. Onun son hesabı kəsilmiş və həmin pulu almışdır. 2020-ci ilin iyun ayında əmək kitabçasını götürmüşdür. Ali Məcisə arxayın olub məsələni həll edəcəklərini düşünmüşdür. Sonra isə Bakı şəhərində olduğu üçün pandemiya, İİ Qarabağ müharibəsi və İİİ qrup əlilliyi ilə bağlı müalicə alması səbəblərindən vaxtında məhkəməyə müraciət etməmiş, həmçinin keçmiş rəhbərlik mövcud olduğu dövrdə bunun müsbət nəticəsi olmayacağını düşünmüşdür. Hazırda pensiyası dayandırılmış və yeni rəhbərlik dövründə haqq ədalətin yerini tapacağını ümid edərək iddia qaldırmışdır. Hazırda 2022-ci ilin noyabr ayından Naxçıvan Şəhər Vətəndaşların Dəfn Xidməti Bürosunda baş mühasib vəzifəsində işləyir. Qeyd etdiklərinin nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi X5 izahatında bildirdi ki, İddiaçı Cavabdeh Dövlət Filarmoniyasında “baş mühasib” vəzifəsində işləyib. İşlədiyi vaxt istifadəsində olan kompüterdə Naxçıvan Muxtar Respublikasında son dövrlər baş verən hadisələrlə bağlı bir video rolik aşkar olunduğuna görə o, 70-ci maddəsinin “ç” bəndi ilə 127 №-li, əmrlə işdən azad edilmişdir. Yəni iddiaçı dövlətçiliyə qarşı video çarxa baxıb, təyinatı üzrə komputerdən düzgün istifadə etməyib və buna görə də işdən azad edilib. Əmək qanunvericiliyində işçinin işdən azad edilməsi ilə bağlı həmkarlar iclasına dəvət edilməsi barədə hər hansı norma yoxdur. Son vaxtlar iddiaçı bir neçə orqana işdən azad edilməsi barədə müraciət etmiş, həmin müraciətlərin həlli ilə bağlı iddiaçı Mədəniyyət Nazirliyinə çağırıldı hətta nazirin qəbulunda oldu. Nazir ona işini bərpa edərək yenidən müqavilə əsasında işə qəbul edilməsini təklif etsə də, iddiaçı razı olmadı və mütləq surətdə əmək kitabçasında olan maddənin ləğv edilməsini tələb etdi. Nazir maddənin düzgün olduğunu və əmrin qanuni olduğunu bildirmişdir. Hesab edir ki, 2019-cu ildən sonra iddiaçının məhkəməyə hazırki tələblə müraciət etməməsini, əmək qanunvericiliyində nəzərdə tutulan müddətin keçdiyini, qeyd edilənlərin nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyərək aşağıdakıları qeyd edir. İş materiallarında olan əmək kitabçasının surətindən aydın olur ki, İddiaçı 01 aprel 2019-cu il tarixdə 68 nömrəli əmrlə Cavabdeh X4na mühasibatlıq üzrə baş mühasib vəzifəsinə təyin edilmiş, 03 iyun 2019-cu il tarixdə X1 22 may 2019-cu il tarixli 119/a nömrəli təqdimatı nəzərə alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə uyğun olaraq əmək vəzifələrini kobud şəkildə pozduğuna görə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə 127 nömrəli əmrlə əmək müqaviləsinə xitam verilərək vəzifədən azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli izahatın surətindən aydın olur ki, İddiaçı izahat yazaraq xx.xx.2019-cu il tarixdə Naxçıvan MR Ali Məclisinin nümayəndələri tərəfindən onun istifadə etdiyi komputerin internet yaddaşında Youtubedə yayımlanan “Naxçıvanda daha bir hadisə” adlı video aşkarlanmışdır. Bu videoya baxmadığını və kim tərəfindən nə vaxt baxıldığı haqqında məlumatının olmadığını bildirmişdir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirinin 03 iyun 2019-cu il tarixli 127 nömrəli əmri ilə X1 22 may 2019-cu il tarixli 119/a nömrəli təqdimatı nəzərə alınaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərək vəzifədən azad edilmişdir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Naziri məhkəməyə məktub göndərərək vətəndaşın tutduğu vəzifədən azad olunmasının qanunvericiliyə uyğun aparılmasını və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə uyğun olaraq fərdi əmək mübahisəsində iddia müddətinin bitməsini nəzərə alaraq iddiaya etiraz etdiyini bildirmişdir. İddiaçı ərizə təqdim edərək iddia müddətinin bitməsi barədə Mədəniyyət Nazirliyinin etirazı ilə əlaqədar bildirmişdir ki, iddia müddətini ona görə buraxmışdır ki, əmək kitabçasını 2020-ci ilin noyabr ayında almışdır, dəfələrlə Ali Məclisə müraciət etmişdir, deyiblər ki, araşdırma aparacaqlar, bir az da Ali Məclisə arxayın olmuşdur. 2020-ci ildə pandemiya ilə əlaqədar Bakı şəhərində qalmışdır, gələ bilməmişdir, sonra məlum 2-ci Qarabağ müharibəsi dövründə yollar bağlı olub gələ bilməmişdir, özünün İİİ qrip əlilliyi ilə bağlı xətəliyinin müalicəsi olub. Keçmiş rəhbərlik dövründə müraciətin xeyri olmadığı üçün iddia qaldırmamıdşır. İndiki rəhbərliyə arxayın olub haqq ədalətin bərpa olunacağına ümid edir. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Məhkəmə tərəflərə izah edir ki, məhkəməyə müraciət etmək hüququnun məzmununa, mənasına görə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilibverilməməsindən asılı olmayaraq məhkəmə iddiaya mahiyyəti üzrə baxmalıdır. Yəni məhkəmə işin hallarını araşdırıb, sübutları qiymətləndirməklə hərtərəfli proses aparmalıdır. Araşdırmalar nəticəsində müəyyən edilsə ki, iddia müddəti üzürlü səbəblərdən ötürülmüşdür, məhkəmə həmin müddəti bərpa edir və iddia tələbinin təmin edilməsi və yaxud rədd edilməsi barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanı, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə a) tərəflərdən birinin təşəbbüsü, b) əmək müqaviləsinin müddətinin qurtarması, c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), d) tərəflərin iradəsindən asılı olmayan hallar, e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanıb ki, iddiaçının işdən azad olunması üçün həmin maddənin “e” bəndi əsas götürülmüşdür. Belə ki, 72-ci maddənin “e” bəndi əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün X4 Həmkarlar Təşkilatı iclasının 22 may 2019-cu il tarixli 1 nömrəli protokolundan aydın olur ki, təşkilatın üzvü İddiaçı öhdəliyində olan kompüter avadanlığına müvafiq yoxlama komissiyası tərəfindən baxış keçirilərkən “Naxçıvanda daha bir özbaşınalıq” adlı dövlətçilik əlehinə olan videoya baxdığı aşkar edilmişdir. Qeyd olunmuşdur ki, komputerdən təyinatı üzrə istifadə olunmaması, xüsusilə də muxtar respublikada görülən işlərə kölgə salacaq videoya baxılmışdır. X4 rəhbərliyinin müraciəti nəzərə alınaraq Həmkarlar Təşkilatının üzvü baş mühasib İddiaçı etdiyi hərəkətlə işlədiyi müəssisənin və həmkarlar təşkilatının nüfuzuna zərər verdiyi üçün onun sərt şəkildə cəzalandırılmasına etiraz edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələblərinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən işçidən yazılı izahat verilməsini tələb etməlidir. İşçinin yazılı izahat verməkdən imtina etməsi onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini istisna etmir. Hazırki işdə işçi izahat vermiş, onun komputerində olan videodan məlumatı və xəbəri olmadığını bildirmişdir. Əmək qanunvericiliyinə görə əgər işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verirsə onun zəruriliyini əsaslandırmalıdır. İşəgötürən əmrdə göstərməlidir ki, işçi konkret olaraq hansı öhdəliklərini yerinə yetirməmiş, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə hansı formada ciddi xələl gətirmiş və bütün bu sadalanan faktlar lazımi sənədlərlə təsdiq olunmalıdır. Halbuki iddiaçının əməlində göstərilən hal öz əksini tapmamış, ona məxsus olan komputerdən təyinatı üzrə istifadə olunmaması və vidomateriala baxılmasının məhz onun tərəfindən həyata keçirilməsi ümumiyyətlə araşdırılmamış, bundan əlavə həmin materiala dövlətçilik əlehinə olan videomaterial kimi düzgün olmayan qiymət verilməklə əsassız akt tərtib edilmiş və bunun nəticəsində işçi əsassız yerə işdən azad edilmişdir. İşçi tərəfindən həmin videomateriala baxılmasının və ya komputerdə aşkarlanmasının işəgötürənin qanuni mənafeyinə hansı formada xələl gətirilməsi ümumiyyətlə əsaslandırılmamışdır. Məhkəmə əmək qanunvericiliyinin tələblərinin mübahisənin predmeti ilə əlaqəli şəkildə təhlil edib hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənə, müəssisənin qanuni mənafeyinə hansı formada xələl gətirməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. Məhkəmə maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu halda əmək münasibətlərinə xitam verilə bilər. İş materiallarında olan iddiaçı tərəfindən və cavabdeh təşkilatın nümayəndəsi tərəfindən təqdim edilən sənədlərdən aydın olur ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə 03 iyun 2019-cu il tarixdə X1 22 may 2019-cu il tarixli 119/a nömrəli təqdimatı nəzərə alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə uyğun olaraq əmək vəzifələrini kobud şəkildə pozduğuna görə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə 127 nömrəli əmrlə əmək müqaviləsinə xitam verilərək vəzifədən azad edilmişdir. İşçinin istifadəsində olan komputerində video rolik aşkarlanması və əmrdə qeyd edidiyi kimi onun video çarxa baxması dövlətçilik əlehinə olan videoya baxması kimi qiymət verilə və bu hal onun işdən çıxarılmasına əsas ola bilməzdi. Yəni göstərilən əsasa görə iddiaçı və cavabdeh təşkilat arasında mövcud olan əmək müqaviləsinə xitam verilə bilməzdi. Eyni zamanda tərəflərin izahatlarından və təqdim edilən sənədlərdən iddiaçının işdə azad edilən zaman həmkarların iclasına çağırılmadığı və çağırılmadığı üçün iştirak etmədiyi müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarını maddi hüquq normaları ilə müqayisəli təhlil edib qeyd edir ki, əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün İdarənin Həmkarlar Komitəsinə məktubla müraciət olunmuş və həmin müraciətə baxılaraq protokol işəgötürənə təqdim olunmuşdur. İddiaçı izahatında Həmkarlar iclasının keçirilməsindən məlumatının olmadığını bildirmiş, həmin iclasda iştirak etmədiyini qeyd etmişdir. Cavabdeh təşkilatın nümayəndəsi iddiaçının bu izahatına cavab olaraq qanunvericilikdə həmkarlar iclasında işçinin dəvət edilməsi barədə hər hansı norma olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “k” bəndində işçinin həmkarla təşkilatının yığıncağında iştirak etmək hüququ nəzərə tutulmuşdur. Ona görə də işçi üzvü olduğu həmkarlar təşkilatının yığıncağına dəvət edilməlidir. Qeyd edilənlər bir daha təsdiq edir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmə Məcəlləsinin 9-cu maddəsinin “k” bəndi, 80-ci maddəsinin, “Həmkarlar İttifaqları haqqında” Qanunun 20-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuş, İddiaçı iclasa dəvət olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının işdən azad edilməsi ilə bağlı əmr düzgün olmamış və qanunvericiliyin tələblərinə riayət edilməklə verilməmişdir. Bununla belə məhkəmə cavabdeh təşkilat tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.1-ci maddəsinə əsasən iddia müddətinin ötürülməsi barədə ərizəsinə münasibət bildirərək hesab edir ki, iddiaçı işə bərpa tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Məhkəmə iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin ona təqdim edilməməsi, əmək kitabçasının bir ildən sonra təqdim edilməsi ilə bağlı bildirdiyi hallara hüquqi qiymət verərək qeyd edir ki, əmrin və əmək kitabçasının verilməsi şəxsin hüquqlarının müdafiəsi üçün məhkəmə müraciət etmək hüququnun başlandığı müddətdir. İddiaçı izahatında əmək kitabçasının 2020-ci ilin iyun ayında verildiyini bildirmiş və bu hal cavabdeh təşkilat tərəfindən təqdim edilən əmək kitabçasının təqdim edilməsi barədə jurnalda öz təsdiqini tapmışdır. Bundan əlavə iddiaçı son hesabın ona verildiyini qeyd etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, əmrin surətinin iddiaçıya təqdim edilməməsi onun məlumatı və xəbəri olmadan işdən azad edilməsini bildirməsi üçün əsas olmamışdır. İddiaçı 2019-cu ilin may ayının 22-dən sonra işə çıxmamış, 2019-cu ildə öz izahatına əsasən iş təklifi aldığı üçün Bakı şəhərinə getmiş, 2020-ci ilin uyun ayında əmək kitabçasını götürmüşdür. İddiaçının onun hansı qaydada işdən azad edilməsi barədə məlumatlı olmuşdur ki, izahatında dəfələrlə bu barədə müxtəlif orqanlara müraciət etdiyini bildirmişdir. Lakin keçən bu müddət ərzində iddiaçı qanunvericiliyin ona verdiyi məhkəmə müdafiəsi hüququndan istifadə etməmiş və öz hüquqlarının müdafiə üçün məhkəmədə iddia qaldırmamışdır. Cavabdeh qeyd edilən müddətdə məhkəməyə müraciət etməməsini əmək kitabçasını 2020-ci ilin noyabr ayında alması, Ali Məclisə müraciət etməsi və arxayın olması, 2020-ci ildə pandemiya olması, müharibə olması, xəstəliyi ilə bağlı müalicə alması və sonuncu olaraq keçmiş rəhbərliyin dövründə müraciətin xeyri olmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnu pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296.2-ci maddəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.4-cü maddəsinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. 296.5-ci maddəsinə görə işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. 296.6-cı maddəsinə görə bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə qeyd edir ki, iddia müddətinin tətbiqi heç də həmişə iddianın rədd edilməsinə səbəb olmur. Yuxarıda əmək qanunvericiliyində qeyd edilən üzürlü səbəblər olduqda ötürülmüş müddət bərpa edilə bilər. Buraya iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı hallar aid edilir. İddia müddətinin bərpası ilə əlaqədar bu müddətin ötürülməsi səbəblərinin baş verdiyi müddət nəzərə alınmalıdır. İddiaçı tərəfindən verilmiş izahatdan aydın olmuşdur ki, iddiaçının işdən hansı əsasla çıxarılma barədə məlumatı 2019-cu il tarixdə olmuşdur. Belə ki, iddiaçı izahatında qeyd etmişdir ki, 2019-cu ilin iyul, iyul, avqust ayı ərzində dəfələrlə Ali Məclisə müraciət etmiş, daha sonra iş təklifi aldığı üçün Bakı şəhərinə getmiş, oradan iş yoldaşına zəng vuraraq işdən azad edilməsi barədə ərizə göndərdiyini bildirəndə onun maddə ilə işdə azad edilməsi bildirilmişdir. Bundan sonra 2020-ci ilin iyun ayında əmək kitabçasını almışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əmək kitabçasının təhvil verilməsi barədə qeydiyyat jurnalından aydın olur ki, həqiqətən iddiaçıya əmək kitabçası 2020-ci ilin 02 iyun tarixində təhvil verilmişdir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçının əmək qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada hüququnun pozulduğunu aşkar etdiyi gün əmək kitabçasının ona təqdim edildiyi gün hesab edilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının işə bərpa və məcburi iş buraxılmaya görə əmək haqqı tələbi üzrə iddia müddəti ötürülmüşdür. Həmçinin məhkəmə Cavabdeh 03 iyun 2019-cu il tarixli 127 nömrəli əmrinin ləğv edilməsi üçün əmək qanunvericilində müəyyən edilmiş müddətin keçməsi və həmin müddətin bərpası üçün iddiaçının qeyd etdiyi halların üzürlü hal hesab edilməməsi nəticəsinə gəlir. Belə ki, İddiaçı Cavabdeh X1 mühasibatlıq üzrə baş mühasib vəzifəsində işləmiş, ali təhsillidir. O üzürlü hal olaraq xəstəliyi ilə bağlı müalicə almasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda pandemiya, müharibə olması ilə əlaqədar yolların bağlı olması barədə iddiaçının bildirdiyi arqumentləri məhkəmə əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən üzürlü hal olaraq qeyd etdiyi müddətlərdə məhkəmələr fəaliyyət göstərmişdir. Onun hüququnun pozulmasını aşkar etdiyi vaxt əmək kitabçasını aldığı vaxtdır. İddiaçının izahatında da bildirdiyi kimi əmək kitabçasını 2020-ci ilin iyun ayında şəxsən özü almış və həmin müddətdə o, Naxçıvan şəhərində olmuşdur, həmin vaxt hazırki tələblə iddia qaldırmaq üçün əsası olmuş və o zaman hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməsi müddəti ötürülməmişdir. İddiaçının dəfələrlə Ali Məclisə müraciət etməsi, onların araşdırmasına arxayın olması, həmin dövrdə məhkəməyə müraciət etməyin əhəmiyyətsiz olmasına dair bildirdiyi halları məhkəmə hazırki vəziyyətdə formal mülahizə hesab edir. İddiaçı qanunvericiliyin ona verdiyi pozulmuş hüquqlarının məhkəmə müdafiəsi hüququndan müddəti ötürmədən istifadə etməli və həmin hərəkətlərinin nəticəsi ilə razılaşmadığı halda mövqeyini bu cür əsaslandıra bilərdi. Halbuki iddiaçı işdən azad edildiyi vaxtdan keçən dörd ilə yaxın müddət ərzində ümumiyyətlə məhkəmə müdafiəsi hüququnda istifadə etməmiş, məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Nəticə: Məhkəmə işin hüquqi və faktiki hallarını araşdırıb onlara qiymət verərək hesab edir ki, iddia tələbi üzrə müddət keçdiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə qarşı xx.xx.2019-cu il tarixli 127 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddiası iddia müddəti keçdiyindən rədd edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar