Məhkəmə qərarları › İş №2(078)-453/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-453/2021

27.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-453/2021 27.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh və Cavabdeh3 nümayəndəsi Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsinə hüququn itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y yə n e t d i : İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, azyaşlılar X3 və X4 onun mülkiyyətində olan Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 12-də yerləşən 31 saylı mənzilə olan hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 12, mənzil 31 ünvanında yerləşən mənzili mərhum atası X5 Naxçıvan şəhər Dövlət Notariat Kontorunun 07 iyul 2000-ci il tarixli, 3-M- 14 saylı Bəxşiş Müqaviləsinə əsasən ona bəxş etdiyini, həmin vaxtdan 21 ilə yaxındır ki, həmin mənzilin onun mülkiyyətində olduğunu, həmin mənzili öz adına Naxçıvan şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində 09 iyul 2000-ci ildə qeydiyyata aldırdığını, 02 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində həmin mənzilə dair çıxarış aldığını, atası ilə anasının 2010-cu ildən ailə münasibətlərinin pozulduğunu, 2011-ci ildə boşanmalarının reallaşdığını, həmin tarixdən anasının bacıları ilə birlikdə başqa yerə köçdüklərini, yəni 12 ilə yaxındır ki, cavabdehlərin özlərinə daimi yaşayış yeri seçərək başqa ünvanlarda yaşadıqlarını, formal olaraq onun mülkiyətində olan mənzilin pasport qeydiyyatında dayandıqlarını, bacısı Samirənin 2014-cü ildə ailə həyatı qurduğunu, yoldaşına məxsus olan Bakı şəhərindəki evlərində yaşadıqlarını, bacısı Aygünün 2021-ci ildə ailə həyatı qurduğunu, onun mülkiyyətində olan evə dair mülkiyyət hüququnu həyata keçirə bilmədiyini, faktiki olaraq uzun müddətdir onun mülkiyyətində olan mənzildə yaşamayan cavabdehlərin yaşayış hüquqlarına xitam verilməsi barədə iddia tələbinin tam qanunauyğun olduğunu, anası və bacısına həmin mənzildən istifadə hüququnun verilməsinə dair 2010-ci il tarixli qətnamənin olmasına baxmayaraq onların həmin mənzilə köçmədiklərini və yaşamadıqlarını, bunları nəzərə alaraq, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, azyaşlılar X3 və X4 onun mülkiyyətində olan Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 12-də yerləşən 31 saylı mənzilə olan hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili qismində izahat verən Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərdikləri xüsusatları, iddiaçının izahatını müdafiə etdiyini qeyd edərək əlavə olaraq iddiaçının tam mülkiyyətiçi olmasına baxmayaraq hüquqlarından istifadə edə bilmədiyini, mənzildə yaşamayan qeydiyyatda olan şəxslərin formal maneyələr yaratdığını, mülkiyyətçinin əlavə sosial xərc çəkməsinə səbəb olduqlarını bildirərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası Cavabdeh3 iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxış iclasında cavabdeh və Cavabdeh3 nümayəndəsi qismində izahat verən Cavabdeh1 iddianı qəbul etməyərək, iddiaçının mülkiyyətində olan mənzilin 2000-ci il tarixədək mərhum ərinin mülkiyyətində olduğunu, mərhum ərinin polis əməkdaşı olaraq müharibə iştirakçısı olduğundan əlavə mənzil almaq niyyəti ilə mülkiyyətində olan evi 2000-ci ildə oğlu İddiaçı hədiyyə etdiyini, ailəliklə həmin evin qeydiyyatında olduqlarını, 2010-cu ildə ailə müaqişəsi nəticəsində ərindən ayrıldıqlarını, ərinin onu evə buraxmaması səbəbindən məhkəməyə müraciət edib oğlu İddiaçı mülkiyyətində olan mənzildə qızına və özünə istifadə hüququ aldığını, həmin mənzilə köçüb təxminən 2014-cü ilədək yaşadıqlarını, ərinin onu narahat edib yaşamağına şərait yaratmaması səbəbindən qızlarını götürüb kirayə mənzildə yaşamağa məcbur olduğunu, hazırda da kirayədə yaşadığını, qızları Samirənin ailə qurub Bakı şəhərində, Agünün də ailə qurub Naxçıvan şəhərində ayrı mənzillərdə yaşadıqlarını, təxminən 7 il olar ki, İddiaçı mülkiyyətində olan mənzildə yaşamadıqlarını, ərinin 2018-ci ildə vəfat etdiyini, bu illər ərzində həmin mənzilə qayıdıb yaşamadıqlarını, mənzildən istifadə hüququnun bərpası və yenidən köçürülməsi ilə əlaqədar heç bir orqana müraciət etmədiyini, həmin mənzilin qeydiyyatında olmalarının səbəbi mənzilləri olmadığından başqa yerə qeydiyyata düşə bilmədiklərinin olduğunu, Samirin həmin mənzili satmaq istədiyini, mənzili ona bağışlasalarda onu ər-arvad olaraq əldə etdiklərini, hər kəsin mənzildə payının olduğunu düşündüyünü, Samirin mənzili dəyərindən ucuz satmaq istədiyini bildiyini göstərərək, iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etdi. Cavabdeh2 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Lakin telaqram ilə məhkəməyə müraciət edərək iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə baxış iclası Cavabdeh2 iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: Naxçıvan Şəhər İcra Hakimiyyəti 6 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 02 mart 2021-ci il tarixli, 01/0557 nömrəli arayışa əsasən, Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 12, mənzil 31 ünvanında yaşayan İddiaçı öhdəsində aşağıdakı ailə üzvləri vardır:

1. X7 anası 1961-ci il təvəllüdlü;

2. Cavabdeh2 bacısı 1989-cu il təvəllüdlü;

3. Aygün Əli qızı bacısı 1995-ci il təvəllüdlü;

4. X8 bacısı qızı 2017-ci il təvəllüdlü;

5. X10 bacısı qızı 2019-cu il təvəllüdlü. AZ-İ seriyalı, 167687 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X11 ilə Cavabdeh1 arasında olan nikah pozulmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti 6 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 07 fevral 2020-ci il tarixli, 08 nömrəli məktuba əsasən, Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 12-də 31 saylı mənzilin mülkiyyətçisi İddiaçı mülkiyyətində olan mənzildə anası Bağırova (Rzayeva) Solmaz Abbas qızının, bacıları Samirə və Cavabdeh3ların yaşayıbyaşamadığı barədə (2011-ci ildən) müraciəti olmadığından göstərilən şəxslərin Naxçıvan Şəhər 6 saylı Mənzil-İstismar İdarəsinə hər il kommunal xərclər ödəndiyindən onların hansı tarixdən həmin mənzildə yaşamadıqlarını müəyyən etmək mümkün olmamışdır. Naxçıvan şəhər 1 nömrəli Dövlət Notariat Kontoru tərəfindən verilmiş 118 nömrəli, 04 dekabr 2019-cu il tarixli cavab məktubuna əsasən, İddiaçı müvafiq məhkəməyə müraciət edə biləcəyi göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətindən aydın olur ki, Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 12, mənzil 31 ünvanında yerləşən ümumi sahəsi 52.9 kv.m olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/24 nömrəli reyestr kitabının 4700 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********39-05101-093048, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 02.12.2019). Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Fərdi yaşayış fonduna aid yaşayış evinin Texniki Pasportunun təsdiqlənmiş surətinə əsasən, Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 12, mənzil 31 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyata alınmışdır. Müqavilənin surətinə əsasən, X2 şəhəri, Babək məhəlləsi, bina 12, mənzil 31 ünvanında yerləşən mənzili 2000-ci ildə İddiaçı bağışlamışdır. Məhkəmə izahatları, işin digər hallarını nəzərdən keçirib iddianın dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 12, mənzil 31 ünvanında yerləşən ümumi sahəsi 52.9 kv.m olan mənzilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 və X4 yaşayış hüquqları itirilmiş hesab edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən onların mübahisəli mənzilə ehtiyaclarının olmasına və iddiaçının onların mübahisəli mənzildən istifadəsini mümkünsüz etməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, cavabdehlərin iddiaçıya məxsus mübahisəli mənzilə ehtiyaclarının aradan qalxdığı və onların daimi olaraq başqa ünvanda, mənzildə yaşadıqları müəyyən edilmişdir. Göstərilənlərə əsasən, cavabdehlərin mübahisəli mənzilə ehtiyaclarının aradan qalxdığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, onların həmin mənzildən yaşayış hüquqları itirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarının 1 və 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göstərilənlərə əsasən cavabdehlərin mübahisəli mənzilə ehtiyaclarının aradan qalxdığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, onların həmin mənzilə istifadə hüquqlarının itirilməsi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

q ə t e t d i:

İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 12, mənzil 31 ünvanında yerləşən ümumi sahəsi 52.9 kv.m olan mənzilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 və X4 yaşayış hüquqları itirilmiş hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu özünə aid hesab edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar