Məhkəmə qərarları › İş №2(078)-455/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-455/2025

05.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-455/2025 05.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının nümayəndəsi X1, cavabdeh təşkilatın nümayəndəsi X2 iştirakları ilə, İddiaçının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Universitetinə qarşı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Naxçıvan Dövlət Universitetində işləməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Naxçıvan Dövlət Universitetində işləmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, 05 yanvar 2022-ci il tarixində Naxçıvan Dövlət Universitetinin Kadr və ümumi işlər şöbəsinin 812 nömrəli əmri ilə Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Memarlıq kafedrasına laborant olaraq işə qəbul olunmuşdur. Lakin onunla əmək müqaviləsi bağlanandan sonra Naxçıvan Dövlət Universitetinin Kadr və ümumi işlər şöbəsi tərəfindən elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı məlumatlar düzgün daxil edilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə daxil olanda ona məlum olmuşdur ki, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə stajı elektron sistemə işlənməmişdir. Bu da kadr və ümumi işlər şöbəsinin məsuliyyətsizliyi ucbatından olmuşdur. İddiaçı tələbinin hüquqi əsaslandırmasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə iclaslarında İddiaçı rəsmi qaydada məlumat verilsə də iştirak etməmiş, nümayəndə vasitəsilə təmsil olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 izahatında iddia ərizəsinə əlavə edilmiş sənədlər içərisində qızının işləməsini təsdiq edən sənədlərin olduğunu, 2022-ci ilin yanvar ayından əmri verilsə də, 2022-ci il dekabr ayına qədər sistemə yerləşdirilmədiyini, qızının stajında problem yarandığını, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh təşkilatın nümayəndəsi X4 izahatında iddiaya etirazının olmadığını, iddiaçının bu gündə Universitetdə işlədiyini bildirmiş və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını əlaqəli şəkildə nəzərdən keçirib belə nəticəyə gəlir ki, mülki işin icraatına Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 261-ci maddəsinin tələbinə əsasən xitam verilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndində görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 13.2-ci bəndinə görə əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Ərizəyə əlavə edilmiş əmək kitabçasından aydın olur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin memarlıq kafedrasında laborant vəzifəsində işləməyə başlaması əmək kitabçasında öz təsdiqini tapmış, həmin tarixdə 812 nömrəli əmr verilmiş, 2022-ci ilin dekabr ayından başlayaraq hər ay əmək haqqı almışdır. Bu baxımdan məhkəmə hesab edir ki, mövcud olan faktın yenidən təsdiq edilməsi yolverilməz olduğundan hazırki tələbə məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Ona görə də MPM-nin 261.0, 261.0.1-ci maddələrinin tələblərinə əsasən, işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçıçi İddiaçı işləmə faktının müəyyən edilməsi tələbinə tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakimi: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar