Məhkəmə qərarları › İş №2(078)-457/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-457/2023

11.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-457/2023 11.04.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Qaz İstismar İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Qaz İstismar İdarəsinə qarşı işə bərpa və əmək haqqı tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Qaz İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan MR Qaz İstismar Xidmətinin 10 yanvar 2023-cü il tarixli 04 nömrəli əmrinin ləğv edilməsi, işinə qaytarılması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisinin 16 avqust 2021-ci il tarixli 65 nömrəli əmri ilə operator vəzifəsinə təyin edilmişdir. Həmin, tarixdən 10 yanvar 2023-cü il tarixə kimi operator vəzifəsində işləmişdir. Axırıncı dəfə növbədən çıxarkən ailə vəziyyəti ilə əlaqədar işdən 5 dəqiqə tez getməli olmuşdur. 10 yanvar 2023-cü il tarixdə növbəyə gələrkən ona təzyiq göstərilərək işdən öz ərizəsi əsasında çıxması barədə ərizə yazdırmışlar. Əks təqdirdə maddə ilə işdən çıxaracaqları ilə hədələmişlər. İşlədiyi müddət ərzində ona heç bir xəbərdarlıq tənbeh tədbirləri tətbiq olunmamışdır. Məcbur qalaraq ondan tələb olunan ərizəni yazıb onlara vermişdir. Lakin səhərisi günü, yəni 11 yanvar 2023-cü il tarixdə işdən azad olunmaqla bağlı yazdığı ərizəsinin etibarsız ediməsi barədə ərizə yazıb Qaz İstismar Xidmətinə göndərmişdir. Lakin onun ərizəsi qəbul olunmamışdır. İşdən qanunsuz çıxarılması barədə Naxçıvan Muxtar Respublika Həmkarlar İttifaqları, X3 göndərdiyi ərizələr lazımınca araşdırılmayaraq məhkəməyə müraciət etmək məsləhət bildirilmişdir. Həmin təşkilatlar onun işdən çıxarılmasının qanuni və yaxud qanunsuz olması barədə öz münasibətlərini bildirməyi belə lazım bilməyiblər. Mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə X1 müraciət etsə də, mübahisə orada da öz həllini tapmamışdır. Hazırda işdən çıxarıldığı üçün normal bir iş yeri də yoxdur. Onu məcbur ediblər və öz ərizəsi əsasında işdən çıxmışdır. Hazırda onun yerinə bir nəfər götürüblər, lakin növbədə olan digər şəxs işdən çıxıbdır və yeri boşdur. Özü xəstədir, İİİ qrup əlildir, xəstə uşaqlarının müalicə etdirməsi üçün onun maddi imkanı yoxdur. Qeyd etdiklərinin nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı Qaz istismar idarəsində operator işləyirdi. Lakin iş vəzifəsini icra edən zaman bir neçə dəfə iş yerini icazəsiz və idarə rəhbərinə xəbər vermədən tərk edib. Heç kimə də məlumat verməyib. Qaz istismar sahəsi təhlükəli və məsuliyyətəli sahədir. Hər an diqqət və ciddilik tələb edir. Ancaq iddiaçı bunları nəzərə almayaraq işini icra edən zaman özbaşına işini tərk edib. Ona görə də idarə rəhbərliyi tərəfindən öz ərizəsi ilə işdən azad edilib. Qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. İş materiallarında olan əmək kitabçasının surətindən aydın olur ki, İddiaçı 16 avqust 2021-ci il tarixdə Naxçıvan MR Qaz İstismar Xidmətinin MQK və QPS şöbəsinin operatoru vəzifəsinə təyin edilmiş, 10 yanvar 2021-ci il tarixdə öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilmişdir. İş materiallarına əlavə edilmiş ərizədən aydın olur ki, İddiaçı 10 yanvar 2023-cü il tarixdə ərizə təqdim edərək öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan 10 yanvar 2023-cü il tarixli 04 nömrəli əmrdən aydın olur ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin Magistral qaz kəmərlərinin və qaz paylayıcı stansiyaların istismarı şöbəsinin operatoru 10 yanvar 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, 8 gün son hesab kəsilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş ərizədən aydın olur ki, İddiaçı 11 yanvar 2023-cü il tarixdə işdən azad olunması barədə yazdığı ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin nümayəndəsi X2 təqdim etdiyi sənədlərdən aydın olur ki, İddiaçı 11 yanvar 2023-cü il tarixli ərizəsi 23 yanvar 2023cü il tarixdə Xidmətə daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin nümayəndəsi X2 təqdim etdiyi 09 fevral 2023-cü il tarixli 08 nömrəli əmrdən aydın olur ki, X6 üç aylıq sınaq müddəti ilə Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin Magistral qaz kəmərlərinin və qaz paylayıcı stansiyaların istismarı şöbəsində operator vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanı, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə a) tərəflərdən birinin təşəbbüsü, b) əmək müqaviləsinin müddətinin qurtarması, c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), d) tərəflərin iradəsindən asılı olmayan hallar,e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 69.1-ci maddəsinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci bəndinə görə ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69.4-cü bəndinə görə əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69.5-ci bəndinə görə işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Məhkəmə maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu halda əmək münasibətlərinə xitam verilə bilər. İş materiallarında olan iddiaçı tərəfindən və cavabdeh təşkilatın nümayəndəsi tərəfindən təqdim edilən sənədlərdən aydın olur ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə işçinin ərizəsi əsasında xitam verilmişdir. Ərizəyə nəzər saldıqda görünür ki, iddiaçı tərəflər arasında bağlanmış əmək müqaviləsinin öz ərizəsi əsasında məhz ərizə verdiyi tarix 10 yanvar 2023-cü il tarixdən xitam verilməsini xahiş etməmişdir. Bu halda işçinin ərizəsi xəbərdarlıq funksiyası daşıdığından ərizəni verdiyi tarixdə əmək müqaviləsinə xitam verilə bilməzdir. Belə ki, işçi bir aylıq xəbərdarlıq müddətində öz ərizəsinə geri götürmək və ya onu etibarsız hesab etmək hüququna malikdir. İşə götürən olaraq cavabdeh təşkilat iddiaçı tərəfindən ərizənin etibarsızlığı barədə ərizəni rəsmi qaydada 23 yanvar 2023-cü il tarixdə təqdim edilməsinə baxmayaraq hər hansı hüquqi qiymət verməmiş, ərizənin mövcud olduğu halda təxminən 17 gün sonra iddiaçının yerinə işçi götürmüşdür. Halbuki iddiaçının yerinə işçi götürməsi barədə ona yazılı xəbərdarlıq etməmiş, bunun əksinə işçi götürülməzdən 17 gün əvvəl iddiaçı işdən azad edilməsi barədə ərizəsinin etibarsızlığı barədə cavabdeh təşkilata yazılı müraciət etmişdir. Belə olan halda iddiaçı və cavabdeh təşkilat arasında mövcud olan əmək müqaviləsinə xitam verilə bilməzdir. Məhkəmə hesab edir ki, iddiaçının işdən azad edilməsi ilə bağlı əmr düzgün və qanunvericiliyin tələblərinə riayət edilməklə verilmədiyindən iddia təmin edilməli, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin 10 yanvar 2023-cü il tarixli 04 nömrəli əmri ləğv edilməli, İddiaçı Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin Magistral qaz kəmərlərinin və qaz paylayıcı stansiyaların istismarı şöbəsinin operatoru vəzifəsinə bərpa olunmalı, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Nəticə: Məhkəmə işin hüquqi və faktiki hallarını araşdırıb onlara qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin 10 yanvar 2023-cü il tarixli 04 nömrəli əmri ləğv edilməli, İddiaçı Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin Magistral qaz kəmərlərinin və qaz paylayıcı stansiyaların istismarı şöbəsinin operatoru vəzifəsinə bərpa olunmalı, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı təmin edilsin. Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin 10 yanvar 2023-cü il tarixli 04 nömrəli əmri ləğv edilsin. İddiaçı Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin Magistral qaz kəmərlərinin və qaz paylayıcı stansiyaların istismarı şöbəsinin operatoru vəzifəsinə bərpa olunsun. Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar