Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-460/2022 03.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qızına qarşı torpaq sahəsində olan maneənin aradan qaldırılması və hasar divarının sökülməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 41 ünvanında yerləşən İddiaçı məxsus olan daşınmaz əmlakın (torpaq sahəsinin) 0.06 ha hissəsinin 59.7 kv.m olan hissəsinə münasibətdə onun tərəfindən istifadəyə və sahibliyə yaradılmış maneənin aradan qaldırılması, həmin torpaq sahəsinin 59.7 kv.m olan hissəsində Cavabdeh tərəfindən tikilmiş hasar-divarın cavabdehin öz vəsaiti hesabına məcburi qaydada sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında İddiaçı tələbini dəqiqləşdirərək mütəxəssis məsləhətində cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin dəqiq ölçüsünün göstərildiyini, həmin ölçünün 69 kv.metr olduğunu nəzərə alıb tələbin məhz 69 kv.metr hissəsində torpaq sahəsinin qaytarılması və hasarın sökülməsini xahiş etmişdir. İddia tələbinə dəqiqləşmiş çərçivədə baxılmasına qərar verilmişdir. İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o uzun müddətdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evi 0.06 ha torpaq sahəsinin üzərində yerləşir və həm torpaq sahəsi, həm də həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Lakin iddiaçı torpaq sahəsinin 69 kv.m hissəsindən istifadə edə bilmir və həmin torpaq sahəsi cavabdeh olan qonşusu Cavabdeh tərəfindən zəbt olunmuş və eyni zamanda onun tərəfindən hasar divar çəkilmişdir. torpaq sahəsindən heç bir halda istifadə edə bilmir və cavabdeh tərəfindən ona maneələr yaradılır. İddiaçı cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, bunun bir nəticəsi olmamışdır və o, son nəticədə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı bu məsələ ilə bağlı Naxçıvan MR Daşınmaz Əmlak və torpaq Məsələləri üzrə Dövlət xidmətinə müraciət etmişdiroradan ona həmin torpaq sahəsinin yerquruluşu planından çıxarış təqdim olunmuşdur. İddiaçı müvafiq inzibati orqanı həmin torpaq sahəsinə yerində baxışa dəvət etsə də, lakin bundan imtina olunmuşdur və yalnız məhkəmənin müvafiq göstərişi ilə yerində baxışa gedə biləcəyi ona bildirilmişdir. Daha əvvəl məhkəməyə müraciət etməməyinin səbəbi odur ki, əvvəllər ev onun adına deyildi, atasından miras qalmışdı və sənədləşdirilməmişdi. Hasar divarı 2014-cü ildə çəkilmişdir. İddiaçı torpaq sahəsini kompensasiya ilə əvəz etmək istəmir, həmin torpaq sahəsinə ehtiyacı vardır. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, həmin mübahisəli sahə 50-60 ildir ki, onun istifadəsində olmuşdur. Həmin həyət və torpaq atalarından onlara qalmışdır. Cavabdeh qeyd etmişdir ki, məhəllədəki torpaq sahələrinin yer quruluşunda faktiki ölçülərə hüquqi sənəddəki ölçülər arasında fərqlər vardır. Əgər o iddiaçının torpaq sahəsini zəbtetmiş olursa, bütün qonşular bir-birinin torpaq sahəsini zəbt etmiş olur. Çünki məhəllənin torpaq ölçülərində paralel olaraq göstərilsə də sol tərəfə meyillilik vardır. Çünki torpaq sahəsi uzun illər atasının istifadəsində olub, sonra da onun istifadəsinə verilmişdir. Onun tərəfindən hasar 2014-cü ildə deyil 20 il əvvəl inşa edilmişdir. Atadan qalma köhnə tikilinin həmin torpaqda tikilməsi də torpaq sahəsinin əvvədən onlarda olmasını bir daha təsdiq edir. Onun iddiaçı ilə razılığa gəlmək fikri yoxdur. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında mütəxəssis Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 izahatında yerində müayinə və tədqiq aparıldığını, baxış zamanı hüquqi sənəddə müyyən edilmiş torpaq sahələrinin ölçüləri ilə faktiki mövcud vəziyyətdə torpaq sahələrinin ölçülərinin müqayisəsinin aparıldığını, iddiaçıya məxsus olan torpaq sahəsinin hüquqi sənəddə 600 kv.metr olduğunu, lakin həmin torpaq sahəsinin faktiki olaraq yerdə 531 kv.metr mövcud olduğunu, 69 kv.metr kəsir olduğunu, cavabdehin torpaq sahəsinin hüquqi sənədlə 600 kv.metr olduğunu, faktiki olaraq yerdə 669 kv.metr olduğunu, iddiaçının kəsir torpağının cavadehin torpaq sahəsində oldunu və hasardan cavabdehə tərəf yerləşdiyini qeyd etdi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin və mütəxəssisin izahatını dinləyib, həmçinin işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib, onları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki iş üzrə təyin edilmiş mütəxəssis Naxçıvan MR Dövlət Yerqurluşu, Geodeziya və X1 Yerqurluşu şöbəsinin rəisinin 10 iyun 2022-ci il tarixli rəyindən aydın olur ki, ünvan 2 ünvanlarına baxış keçirilmişdir. Məlum olmuşdur ki, İddiaçı sənəd üzrə torpaq sahəsi 600 m2 olmasına baxmayaraq, faktiki istifadəsində 531 m2 torpaq sahəsi mövcuddur. Cavabdeh sənəd üzrə torpaq sahəsi 600 m2 olmasına baxmayaraq faktiki 669 m2 torpaq sahəsindən ibarətdir. Mülki işin materiallarından aydın olur ki, Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan aydın olur ki, Naxçıvan şəhər Ə.Qəmküsar küçəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 41 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/47 nömrəli reyestr kitabının 9128 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarından aydın olur ki, Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan aydın olur ki, Naxçıvan şəhər Ə.Qəmküsar küçəsində olan 600.0 kv.m torpaq sahəsində yerləşən, 1 mərtəbəli 3 otaqlı 51.7 kv.m yaşayış, 19.5 kv.m qeyriyaşayış, 13.2 kv.m köməkçi sahədən ibarət 43 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 558 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Məhkəmə işin yuxarıda sadalanmış faktiki və hüquqi hallarını yuxarıda qeyd olunan hüquq normalarına uyğun təhlil edib hesab edir ki, cavabdeh tərəfindən hasar-divar iddiaçının mülkiyyətində olan toorpaq sahəsində tikilmişdir. Torpaq sahəsinin cavabdehə verilməsinə dair hər hansı sbüut iddiaçının razılığı mövcud deyildir. Eyni zamanda yerində müayinə və tədqiq aparılarkən, həmçinin mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, hasardivar tikilisi iddiaçıya məxsus olan torpaq sahəsində tikilmişdir. İş üzrə tərəflərin izahatlarından aydın olur ki, torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunması ilə bağlı qonşular arasında mübahisə yaranmış, bu halda iddiaçının sərbəst şəkildə öz mülkiyyət hüququnu həyata keçirməsi cavabdeh tərəfindən məhdudlaşdırılmış və iddiaçının mülkiyyət hüququna müdaxilə olunmuşdur “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Məhkəmə o hala diqqət yetirir ki, göstərilən normalar nəinki fərdi mülkiyyəti təşkil edən əmlaklarla bağlı, hətta ümumi mülkiyyətdə olan əmlaklara dair mülkiyyətçilərin malik olduqları hüquqlarının üstünlüyünü tamamilə inkar edir. Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, mülkiyyət hüququ müəyyən əsasların mövcud olduğu halda məhdudlaşdırılmaya məruz qala bilər. İlk növbədə buna qanuni əsas, mülkiyyətçinin razılıqla ifadə olunan iradəsi, cəmiyyətin və dövlətin mühüm mənafeyi mövcud olmalıdır. Hazırkı işin halları baxımından belə bir zərurətin mövcud olmasını əsaslandıra biləcək heç bir hal müəyyən edilməmişdir. Məhkəmə bu baxımdan hesab edir ki, cavabdehin iddiaçının razılığı olmadan onun mülkiyyətində olan torpaq sahəsində hasar divar inşa etməsi qanuni olmamış və bu baxımdan qanuni olmayan hərəkəti dəstəkləyən cavabdehin mövqeyi əsaslı hesab edilə bilməz. Məhkəmə belə nəticəyə gəlir ki iddiaçı mülkiyyət hüququna müdaxilə təşkil edən hasarın sökülməsini və torpaq sahəsindən istifadəyə maneəninn aradan qadırılmasını tələb etməkdə haqlıdır. Nəticə: Beləliklə işin yuxarıda şərh olunan hallarını ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tam əsaslı olduğundan təmin olunmalı, İddiaçı məxsus Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 41 ünvanında yerləşən torpaq sahəsinin 69 kv.m olan hissəsində Cavabdeh tərəfindən tikilmiş hasar-divar cavabdehin öz vəsaiti hesabına sökülməli, həmin hissədə cavabdeh tərəfindən istifadəyə və sahibliyə yaradılmış maneə aradan qaldırımalıdır. İddia təmin edildiyindən məhkəmə məsrəflərinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən “Kapital Bank”ın Naxçıvan Filialına 23 mart 2022-ci il tarixdə 13937 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 41 yerləşən İddiaçı məxsus torpaq sahəsinin 69 kv.m olan hissəsində Cavabdeh tərəfində istifadəyə və sahibliyə yaradılmış maneə aradan qaldırılsın. Həmin torpaq sahəsinin 69 kv.m olan hissəsində Cavabdeh tərəfindən tikilmiş hasar-divar Cavabdeh öz hesabına məcburi qaydada sökülsün. İddiaçı tərəfindən “Kapital Bank”ın Naxçıvan Filialına 23 mart 2022-ci il tarixdə 13937 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb iddiaçıya ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-460/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-460/2022
03.08.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver