Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-460/2025 30.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsində olan maneənin aradan qaldırılması, hasar divarının sökülməsi və 43 kv.m torpaq sahəsinin ona qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun mülkiyyət hüququna məxsus olan Naxçıvan şəhəri 56-cı məhəllə, 1/16 ünvanda yerləşən daşınmaz əmlakın (torpaq sahəsinin) 0.06 ha hissəsinin 33 m2 hissəsinə münasibətdə onun tərəfindən istifadəyə və sahibliyə yaradılmış maneənin aradan qaldırılması, həmin torpaq sahəsinin 33 m2 olan hissəsində Cavabdeh tərəfindən tikilmiş hasar-divarın, yardımçı tikililərin cavabdeh öz vəsaiti hesabına məcburi qaydada sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan Naxçıvan şəhəri, 56-cı məhəllə, 1/16 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini (daşınmaz əmlakı) xx.xx.2023-cü ildə alqı-satqı müqaviləsi əsasında Cavabdeh almışdır. Həmin torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Buna dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmış və onun adına xx.xx.2025-ci il tarixli çıxarış verilmişdir. Lakin torpaq sahəsinin 33 kv.m hissəsindən istifadə edə bilmir və həmin torpaq sahəsi hazırki iş üzrə cavabdeh olan qonuşusu Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunmuş və eyni zamanda onun tərəfindən hasar divar çəkilmiş və yardımçı tikili tikilmişdir. Torpaq sahəsinin həmin hissəsindən heç bir halda istifadə edə bilmir və cavabdeh tərəfdən ona maneələr yaradılır. Özü də ona dəfələrlə müraciət və xəbərdarlıqlar etsə də, müxtəlif vəzifəli şəxslərin adını çəkərək icarə sənədi olduğunu iddia etmiş və son nəticədə məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda qeyd etdiyi torpaq sahəsinin 33 kv.m olan hissəsi sadəcə kağız üzərində onun torpaq sahəsi olaraq görsənsə də, faktiki olaraq qonşusu Cavabdeh istifadəsindədir. Bunu da hesab edir ki onun mülkiyyət hüququnun kobud şəkildə pozulması deməkdir. Onu da qeyd edir ki, torpağı aldığı zaman Cavabdeh özünün olduğunu iddia etdiyi həyətyanı torpaq sahəsi ilə aralarında hasar yox idi, çəpərlərlə sərhədlənmişdi. Həmin torpağın sahəsinə hərdən gəlib nəzarət edirdi. Bir dəfə yenə nəzarət üçün gəldikdə görmüşdür ki, cavabdeh aralarında olan sərhədi pozaraq onun torpaq sahəsindən özbaşına qanunsuz olaraq hasar çəkib. Eyni zamanda hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində onun mülkiyyətində kimi qeyd edilən torpaq sahəsində də cavabdeh onun razılığı olmadan özbaşına ara məsafəsi gözləmədən yardımçı tikililər tikib. Cavabdehə dəfələrlə müraciət etməyinə baxmayaraq tikililəri sökməkdən imtina etmişdir və demişdir ki, “sökmürəm, kimə müraciət etsən də, sökməyəcən”. Mübahisə ilə bağlı Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə müraciət etmişdir. Oradan ona həmin torpaq sahəsinin yer quruluşu planından çıxarışlar təqdim olunmuşdur. Müraciətinə əsasən, həyətyanı torpaq sahəsinə baxış keçirilmiş və sənədləri əsasında araşdırılma apararaq akt tərtib edilmişdir. Akta əsasən Cavabdeh qonşu sərhəddi pozaraq qanunsuz hasar tikərək onun mülkiyyətində olan 0.06 ha torpaq sahəsindən 33 kv.metr torpaq sahəsini ələ keçirərək qanunsuz olaraq hasar çəkməsi, yardımçı tikililərin tikilməsi aşkar edilmişdir. Nəticədə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi müraciətinə cavab olaraq bildirmişdir ki, mübahisə ilə bağlı məhkəmə qaydasında həll edilir və bu mübahisə ilə bağlı məhkəməyə müraciət edin. Artıq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Torpaq sahəsindən istifadəyə olan maneənin aradan qaldırılmasını və həmçinin həmin hissədə tikilmiş hasar divarın və yardımçı tikililərin sökülməsini istəyir. Mülkiyyət hüququ qanunla toxunulmazdır və dövlət tərəfindən də müdafiə olunur, ən müqəddəs hüquqlardan biri məhz mülkiyyət hüququdur. 06 may 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, ilkin olaraq mütəxəssislərin metrlə ölçükdüklərinə kəsir torpaq sahəsinin 33 m2 olduğunu, lakin mütəxəssis rəyinə görə cihazla ölçü aparıldığını, bu zaman ölçünün 43 m2 olduğunu qeyd etdiyini nəzərə alaraq iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə təqdim edərək iddia ərizəsinin xahiş etdi hissəsinin “İddiaçı Cavabdeh qarşı torpaq sahəsində olan maneənin aradan qaldırılması, hasar divarın sökülməsi və 43 m2 torpaq sahəsinin ona qaytarılması” tələbi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 06 may 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə qərardadı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsində olan maneənin aradan qaldırılması, hasar divarın sökülməsi və 33 m2 torpaq sahəsinin ona qaytarılması tələbinə dair mülki iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi nəzərə alınmaqla, iddia tələbinə “İddiaçı Cavabdeh qarşı torpaq sahəsində olan maneənin aradan qaldırılması, hasar divarın sökülməsi və 43 m2 torpaq sahəsinin ona qaytarılması” tələbi çərçivəsində baxılması qərara alınmışdır. İddiaçı məhkəməyə izahat təqdim etmişdir. İzahatda göstərilmişdir ki, ona aid olan Naxçıvan şəhər 56-cı məhəllə 1/16 ünvanındakı torpaq sahəsi (006 ha) 18 fevral 2023-cü il tarixində Cavabdeh tərəfindən alınmışdır. Alqı-satqı prosesindən əvvəl torpaq sahəsinə baxış keçirərkən yanında anası (Nümayəndə) və onun rəfiqəsi Gülümzər xanım var idi. Cavabdeh torpağın sahəsi və ölçüsü barədə soruşmuşlar. Cavabdeh torpağın 6 sot olduğunu və 32000 manata satdığını, lakin torpaq sahəsi üzərində 1 otaqlı tikili olduğu üçün əlavə 4000 manat istədiyini, beləliklə cəmdə 36000 manata satmağa razı olduğunu, habelə torpağın heç bir probleminin olmadığını demişdir. Cavabdeh təklif etmişdir ki, “bu tikili mənə lazım deyil, sök və nə istəyirsən götür apar istifadə elə, amma mənə 32000 manata sat". Cavabdeh razı olmamış və 1 otaqlı tikili ilə birlikdə satdığını demişdir. Beləliklə razılaşdmışlar və 18 fevral 2023-cü il tarixində alqı-satqı prosesi zamani 36000 manata Cavabdeh torpaq sahəsini 1 otaqlı tikili ilə bir yerdə almışdır. Alqı-satqı prosesindən bir neçə gün sonra sözügedən ərazisinə baxmağa getmiş və bu zaman Cavabdeh tərəfindən onun razılığı olmadan həmin 1 otaqlı tikilinin qapı, pəncərə, şifer dam örtüklərinin sökülərək qismən götürüldüyünün şahidi oldmuşdur. Etiraz etsə də onu saymamış və hamısının onun olduğunu demişdir. Sonra Cavabdeh böyük qardaşı gəlmiş və onu təhdid edərək hədələmişdir. Yaşca ondan böyük olduğu üçün heç nə deməmiş və polis çağırmışdır. Polis gəldikdən sonra ərazisini tərk etmişlər. Həmin gün 22 fevral 2023cü il tarixdə ƏMDX-nin əməkdaşı Həsən müəllimdən torpaq sahəsini ölçməyini və torpaq sahəsinə hər hansı müdaxilə olub-olmamasını aydınlaşdırmağı xahiş etmişdir. Ölçü zamanı aydın olmuşdur ki, Cavabdeh tərəfindən tikilmiş qanunsuz yarı tikilisi onun torpaq sahəsinə düşür. Bu qanunsuz müdaxilə yerindəcə Cavabdeh ƏMDX-nin əməkdaşı Həsən müəllim tərəfindən də deyilmişdir. Lakin buna baxmayaraq Cavabdeh onun xaricdə işləməyindən və ildə bir dəfə Naxçıvana gələ bilməyindən istifadə etmiş, dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq qanunsuz tikililərini 2024-cü ilin sonlarına qədər davam etdirmişdir. Bununla bağlı Naxçıvan Şəhər Polis İdarəsi, İcra hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlara ərizə formasında müraciət etmişdir. Bundan başqa məsələ ilə bağlı Naxçıvan Şəhər Prokurorluğuna da müraciət etmiş və ona bu məsələnin yekun həlli üçün məhkəməyə müraciət etməyin daha doğru olduğunu demişlər. Məhkəmədə iştirak etməməyinin səbəbi ölkə xaricində işlədiyinə görədir. Bunun nəzərə alınmasını, izahatının qəbul edilib işə əlavə edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə məhkəmə çıxış mətni təqdim etmişdir. O qeyd etmişdir ki, mən İddiaçı 2023-cü ilin fevral ayında qanuni qaydada çıxarış əsasında mülkiyyətimə keçmiş 600 kv.m torpaq sahəsi ilə bağlı bu iş üzrə iddiaçı qismində çıxış edirəm. Torpaq sahəsinin alınmasındakı məqsəd qeyri-yaşayış quru anbaq tikintisi olub. Mən bu 2 il ərzində Cavabdeh əksinə tikinti aparmamışdan əvvəl qanunun tələblərinə uyğun olaraq layihə hazırlatmışam sonra müvafiq orqanlarda təsdiqlətmişəm və hazırda son mərhələsindədir. Hazırkı iş üzrə mübahisə və hüquq pozuntularını aşağıdakı qaydada, maddi sübutlarla əsaslandırılmış şəkildə təqdim edirəm: 1. Torpaq üzərindəki qanunsuz tikili və onun sökülməsi. Belə ki, torpaq sahəsini aldığım zaman üzərində bir otaqlı tikili mövcud idi. Sübut olaraq bu tikilinin Cavabdeh tərəfindən inşa edildiyi və heç bir hüquqi sənədinin, nə layihə, nə də istismar aktının olmadığı məhkəmə prosesində Cavabdeh özü tərəfindən də etiraf edilmişdir. Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən Əgər daşınmaz əmlak (torpaq sahəsi) alınarkən üzərində tikili varsa və bu haqda ayrıca razılaşma yoxdursa, bu tikili torpağın tərkib hissəsi kimi sayılır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144-cü maddəsinə əsasən Torpağın üzərində yerləşən tikili əgər bu tikili sökülmədən ondan ayrılması mümkün deyilsə torpağın ayrılmaz tərkib hissəsi hesab edilir. AR Qanunvericiliyinə əsasən, belə hallarda qanunsuz tikilinin sökülməsi xərcləri bu qanunsuz tikintini inşa edən şəxs tərəfindən yəni Cavabdeh tərəfindən qarşılanmalıdır. Lakin cavabdeh bu öhdəliyini yerinə yetirmədiyi üçün tikilini mən öz vəsaitim hesabına sökmüşəm. Bu isə mənim üçün əlavə maddi itki yaratmışdır və bu məsrəfin cavabdehdən tutulması hüququnu yaradır. 2. Dam örtüyü, pəncərə və darvazanın mənimsənilməsi və ya oğurlanması. Cavabdeh həmin tikili tam sökülməmişdən əvvəl, mənim xəbərim olmadan onun dam örtüyünü, darvaza və pəncərə hissələrini sökərək aparmışdır. Subut olaraq bu əməllərlə bağlı biz video materialları Məhkəməyə təqdim etmişik. Cavabdeh videoda açıq şəkildə bu tikinti materialların ona məxsus olduğunu iddia edir, lakin bu iddiasını sübut edən hüquqi sənəd təqdim etməmişdir. Bu faktlar Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə hüquqi qiymət tələb edir. Cavabdeh bu hərəkətləri AR Cinayət Məcəlləsinin 177.1-ci maddəsi üzrə - oğurluq (əgər əşyalar gizli şəkildə aparılıbsa), AR Cinayət Məcəlləsinin 186.1-ci maddəsi üzrə Əmlakı qəsdən məhv etmə və ya zədələmə əlamətlərini daşıyır. Habelə AR Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən demek olar ki, mülkiyyətçiyə maddi zərər vurmaq hüquqi məsuliyyət yaradır və bu Mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 3. Torpaq sahəsinin zəbt edilməsi və qeyri-qanuni tikinti. Cavabdeh mülkiyyətçisi olduğum torpaq sahəsinin 43 kv.m torpaq sahəsini zəbt etmişdir. Bu sahə mənim çıxarışla sahib olduğum ərazidə yerləşir. Cavabdeh tikinti aparması ilə bağlı heç bir razılıq, icazə və ya rəsmi sənəd təqdim etməmişdir. Sübut olaraq bu fakt müvafiq aktla sənədləşdirilmiş və torpaq komitəsi tərəfindən təsdiqlənmişdir. Beləliklə AR Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyət hüququnun müdafiəsi və mülkiyyətçinin razılığı olmadan istifadə halı baş vermişdir. 4. Bələdiyyəyə aid torpağın zəbt edilməsi və X4 Xəttinin Müdafiə zolağı ərazisində soyuducu konteyner yerləşdirməklə yanaşı qanunsuz biznes fəaliyyəti. Cavabdeh etdiyi bütün qanunsuzluqlarla yanaşı o həmçinin bələdiyyəyə məxsus torpaq sahəsində habelə X4 Xəttinin Müdafiə zolağı ərazisində icazəsiz tikinti aparmış, bununla kifayətlənməyərək oraya soyuducu konteyner yerləşdirmişdir. Bu, texniki təhlükəsizlik qaydalarının və torpaq qanunvericiliyinin kobud şəkildə pozulmasıdır. Sübut olaraq Məhkəməyə təqdim olunmuş sözügeden ərazinin əvvəli və sonrasına aid foto şəkilləri və Məhkəmə prosesi zamanı Cavabdeh etiraf etdiyi 1997-ci ildən bəri torpaq sahəsindən istifadə etməsi ilə bağlı ifadələr. AR Fövqəladə Hallar Nazirliyinin və X1 əsasən X4 xətlərinin mühafizə zolağında (adətən 15 metr) tikinti və ya konteyner yerləşdirmək qadağandır. Bu, fövqəladə təhlükə zonası sayılır. Habelə burada AR Cinayət Məcəlləsinin 188.1 və 188.2-ci maddəsinin əlamətləri vardır. Burada Torpaq sahəsinin qanunsuz zəbt edilmesi halı baş vermişdir. Beləliklə AR Cinayət Məcəlləsinin 188.1-ci Maddəsinə əsasən Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.O cümlədən AR Cinayət Məcəlləsinin 188.2-ci Maddəsinə əsasən Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparmaq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd olunmalıdır ki, bu cür təhlükəli və texniki cəhətdən riskli ərazidə kommersiya fəaliyyətinin həyata keçirilməsi xüsusilə də X4 xətti altında soyuducu konteynerin saxlanılması - gələcəkdə insan həyatı və əmlakı üçün ciddi təhlükə yarada bilər. Bu kimi hallarda ölüm, yanğın, partlayış və digər faciəvi nəticələrin baş vermə riski yüksəkdir. Aidiyyəti dövlət orqanlarının bu sahədə tədbir görməməsi səbəbindən bu risklərin məsuliyyəti artıq yalnız hörmətli məhkəmənin qərarına və hüquqi müdaxiləsinə bağlı qalır. Bu səbəbdən də, bu halın nəticələrinə görə hüquqi məsuliyyətin məhkəmə tərəfindən düzgün qiymətləndirilməsi zəruridir. 5. Vergidən yayınma ehtimalı və rəsmi qeydiyyatsız fəaliyyət Cavabdeh Məhkəmə prosesi zamanı öz etirafına əsasən 1997-ci ildən etibarən bu ərazidə(özünün olduğunu iddia etdiyi lakin Naxçıvan şəhər Bələdiyyəsinə aid olan torpaq sahəsi) heyvandarlıq , əkinçilik fəaliyyətləri ilə məşğul olaraq gəlir əldə etdiyini və bu əldə etdiyi gəlirlə ailəsini saxladığını demişdir. Lakin bu dövr ərzində vergi ödənişləri və qeydiyyatla bağlı heç bir sənəd təqdim etməmişdir. Bu hal AR Cinayət Məcəlləsinin 213-cü maddəsi yəni vergidən yayınma əlamətini daşıyır. Bu halın araşdırılması və lazımı tədbirlərin görülməsi zeruridir. 6. Qazi statusundan sui-istifadə. Cavabdeh özünü 1-ci Qarabağ müharibəsi qazisi kimi təqdim edərək bu statusdan istifadə etməklə qanunsuz zəbt etdiyi torpaq sahəsinə haqq qazandırmağa çalışmışdır. Halbuki Qazi statusu heç bir halda mülkiyyət hüququnun əldə olunması üçün əsas verə bilməz. Qanunvericilikdə belə şəxslərə dövlət tərəfindən torpaq ayrılması müəyyən olunmuşdursa da, bu proses yalnız rəsmi qərar, sərəncam və ya çıxarışla təsdiqlənməlidir. Cavabdeh bu iddiasını sübut edən heç bir hüquqi sənəd təqdim etməmişdir və bu hal statusdan sui-istifadə nümunəsi kimi hüquqi qiymətləndirilməlidir. 7. Böhtan xarakterli ifadələr. Cavabdeh məhkəmə prosesində mənim “məhkəmədə tanışım olması” və buna görə işin guya mənim xeyrimə yönləndirilməsi ilə bağlı heç bir sübuta əsaslanmayan ifadələr işlətmişdir. Bu: • AR CM-nin 147.1-ci maddəsi üzrə - böhtan, yəni yalan və nüfuzdan salan məlumatların yayılmasıdır. Bu cür əsassız ittihamlar yalnız mənim şəxsi nüfuzuma deyil, eyni zamanda məhkəmə orqanlarının obyektivliyinə kölgə salmaq və məhkəmə hakimiyyətinə qarşı cəmiyyətin etimadını sarsıtmaq məqsədi daşıyır. Bu hal, məhkəmə prosesinə hörmətsizlik və ədalət mühakiməsinin nüfuzuna xələl yetirmək kimi qiymətləndirilməlidir. Buna görə də cavabdehdən: • Böhtan xarakterli ifadələrin təkzib edilməsi və ictimai üzr istənilməsi, • Mənim nüfuzuma vurduğu mənəvi zərərə görə 3.000 (üç min) manat məbləğində kompensasiya ödənilməsinin təmin edilməsi məqsədəuyğun hesab olunur. 8. Aidiyyəti dövlət orqanlarının hərəkətsiz qalması. Mən Təhlükəsizlik barədə Fövqəladə Hallar Nazirliyinə, özbaşına tikili barədə İcra Hakimiyyətinə , oğurluq barədə Polis İdarəsinə , soyuducu konteyner barədə Vergilər idarəsinə, qanunsuz zəbt barədə Şəhər Bələdiyyəsinə ərizələrimi poçt vasitəsi ilə göndərmişəm və göndərilən poçt qəbzlərini bu çıxış mətnimin yazılı formasına əlavə edirəm .Mənim yazdığım ərizələrə əsasən yalnız İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi tərəfindən yazılı cavab verilmiş və məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. Lakin bu qurumlar faktiki tədbir görməmiş, Cavabdeh əvvəldən bəri mövcud olan qanunsuz fəaliyyətlərinə qarşı tədbirsizlik nümayiş etdirməklə yanaşı mənim rəsmi ərizəmlə müraciət etdikdən sonra belə bu passivliklərini davam etdirmişlər. Bu cür davamlı hərəkətsizlik Cavabdeh üçün real cəzasızlıq görüntüsü yaratmış və onun daha da cəsarətlənərək hüquqazidd, təhlükəli və özbaşına addımlar atmasına şərait yaratmışdır. Belə ki, cavabdeh həm mənim mülkiyyətimə, həm də bələdiyyəyə məxsus torpağa qanunsuz müdaxilə etmiş, X4 Xəttinin mühafizə zolağında soyuducu konteyner yerləşdirmiş və bu ərazidə qeydiyyatsız kommersiya fəaliyyəti həyata keçirmişdir. Digər müraciət etdiyim qurumlar - o cümlədən Naxçıvan Şəhər Bələdiyyəsi, Polis İdarəsi və Vergilər İdarəsi ümumiyyətlə heç bir rəsmi cavab təqdim etməmiş, vətəndaş müraciətinə cavab vermək öhdəliyini yerinə yetirməmişdir. Bu, AR Qanunvericiliyinə əsasən vətəndaşın müraciətinə vaxtında yəni 15 gün ərzində və qanunauyğun cavab verilməsi tələbini pozur. Qanunvericiliyə əsasən, bu cür hərəkətsizlik və vəzifə borcunun icra olunmaması AR CM-nin 314.1-ci maddəsinə - vəzifə səhlənkarlığına uyğun olaraq hüquqi qiymət almalı və aidiyyəti üzrə AR Prokurorluğuna təqdimatla çıxış edilməlidir. Nəticə və hüquqi tələblərim. Yuxarıda sadalanan faktlar, təqdim olunmuş sənədlər və hüquqi əsaslara istinadən aşağıdakı konkret tələblərlə çıxış edirəm: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mənim qanuni mülkiyyət hüququma edilmiş müdaxiləyə hüquqi qiymət verilməsini, belə ki özgəsinin qanunsuz sahibliyinden öz əmlakımın geri qaytarılmasının, 2. Cavabdeh qanunsuz olaraq inşa etmiş olduğu tikililərin sökülməsini və zəbt edilmiş torpaq sahələrinin azad edilməsinin, 3. Mənim vəsaitim hesabına sökülmüş qanunsuz 1 otaqli tikili və Cavabdeh tərəfindən oğurlanmış/mənimsənilmiş əşyalar (dam örtüyü, darvaza və s.) üzrə ümumilikdə 5.000 (beş min) manat məbləğində maddi ve mənəvi ziyanın cavabdehdən tutulmasının, 4. Cavabdeh aşağıdakı cinayət tərkibli əməllərinə görə: o AR Cinayət Məcəlləsinin 177.1 (oğurluq), o AR Cinayət Məcəlləsinin 188.1 (torpaq sahəsini özbaşına hasarlama) o AR Cinayət Məcəlləsinin 188.2 ( torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparmaq) o AR Cinayət Məcəlləsinin 186.1 (əmlaka ziyan vurma), o AR Cinayət Məcəlləsinin 213 (vergidən yayınma), o AR Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddələrinə əsasen aidiyyəti üzrə AR Prokurorluğuna təqdimat göndərilməsinin, 5. İcra Hakimiyyəti, FHN və digər aidiyyəti qurumların hərəkətsizliyi və vəzifə borcunu yerinə yetirməməsi ilə bağlı müvafiq araşdırmanın aparılması və məsul şəxslər barəsində CM-nin 314.1 (vəzifə səhlənkarlığı) aidiyyəti üzrə AR Prokurorluğuna təqdimat göndərilməsinin, 6. Cavabdeh “məhkəmədə tanışım olması” ifadəsi ilə həm mənim nüfuzuma, həm də məhkəmə hakimiyyətinə böhtan atdığı üçün: o İctimai şəkildə üzr istəməsi, o Mənəvi zərərə görə 3.000 (üç min) manat kompensasiya ödəməsinin, 7. Cavabdehin qazi statusundan sui-istifadə etməklə ictimai rəyi manipulyasiya cəhdi və hüquqi əsası olmayan iddiaları ilə bağlı ayrıca hüquqi tədbirlərin görülməsinin, 8. Yaranmış hüquq pozuntularının tam əsaslı olduğu nəzərə alınaraq həm mülki, həm də cinayət xarakterli tələblərin təminatı ilə yanaşı, Mülki Prosessual Məcəllənin 122-ci maddəsinə istinadən, məhkəmə xərclərimin Cavabdeh tutulmasının təmin edilməsini hörmətli məhkəmədən xahiş və tələb edirəm. Hörmətli məhkəmə, Cavabdeh heç bir əsaslı rəsmi sənədi yoxdur. Tikilini mənə məxsus torpaqda qanunsuz inşa edib. Bələdiyyə torpağını da zəbt edib. Zəbt etdiyi sahədə qanunsuz kommersiya fəaliyyəti göstərir. Mənimsəmə, oğurluq və vergi yayınması kimi cinayət əlamətləri olan əməllərə yol verib. Bu səbəbdən bu mübahisə Mülki hüquq mübahisəsi ilə yanaşı İnzibati hüquq pozuntusu və cinayət xarakterli hüquq pozuntuları ehtiva edir. Hörmətli məhkəmə! Bu işdə hüquq pozuntularının arxasında dövlətin vətəndaşa münasibəti dayanır. Əgər qanunsuzluq cavabsız qalarsa, bu gələcək üçün təhlükəli presedent yarada bilər. Sizin ədalətli və cəsarətli qərarınız həm hüququn aliliyini, həm də ictimai etimadı qoruyacaq. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, izahtını kağız daşıyıcıda təqdim edir, onu izahatı kimi qəbul edilməsini xahiş edir, bütün sübutları təqdim etmişdir. Cavabdeh nəinki qeyriqanuni torpağına daxil olub və tikili aparıb. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət məcəlləsinə əsasən qanunsuz tikili, vergidən yayınma, qazdan sui istifadə, şər və böhtan xarakterli hərəkətləri ilə bağlı da əməllərə yol veribdir. Onun torpaq sahəsində olan tikilini razılığı olmadan söküb, materialları aparıb. Bütün bunlara qiymət verilməsini xahiş edir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclası zamanı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, iddia ərizəsində hər şey qeyd edilib. xx.xx.2023-cü ildə İddiaçı torpaq sahəsi almaq istəyərkən Cavabdehla tanışıb aralarında torpaq alqı-satqısı ilə bağlı razılaşma olub. Müşfiq Orxana torpaq sahəsində olan tikililərlə birgə satmaq istəyib. İddiaçı torpaq sahəsində olan tikililəri istəməyib. Ancaq Cavabdeh razı olmayıb. 32.000 manata razılaşmayıblar. 36.000 manata alqı-satqı olub. Orxan işi ilə bağlı Çin Respublikasında yaşadığından çıxıb gedib və buraya gələn zaman gəlib baxıb ki, Müşfiq dəmir hasarlarla İddiaçı mülkiyyətinə məxsus torpaq sahəsində tikili aparıb, divar tikib və 33 kv.m hissəni özbaşına özününküləşdirib. Bu məsələ ilə bağlı daşınmaz əmlak komitəsinə sorğu verilən zaman məlum olub ki, heç həmin torpaq sahəsi Cavabdeh adına deyil. Yəni o bələdiyyət torpağını qeyri-qanuni zəbt edib, bütün bunlara qiymət verilməsini xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, İddiaçı oğludur. Orxan hazırda iş vəzifəsi ilə bağlı Çin Respublikasında işləyir. Özüm dəfələrlə Cavabdeh orada tikinti aparmaması ilə bağlı xəbərdarlıq və iradını bildirsədə, heç bir məhəl qoymamış və “mən qaziyəm mənə heç kim söz deyə bilməz, gedin hara şikayət edirsiniz edin” demişdir. Orxan da bir neçə dəfə cavabdehə irad bildirmişdir. Baxdı ki, artıq heç bir əhəmiyyəti yoxdur. Məcbur qalıb məhkəməyə müraciət etdi. Orxanla danışın o 43 kv.m əvəzində Orxan pul istəmir. Ancaq torpağının bərpa edilməsini istəyir. Məhkəmə baxışı iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddianı qəbul etmir. O qazi olduğundan dövlət tərəfindən torpaq sahəsi verildi. Torpaq sahəsi 12 sotdur, lakin 6 sotu sənədləşdirilibdir. Həmin 6 sotda evi olub, digər 6 sotda tövləsi olub. Həmin tikililər 30 il qabaq tikilib. Mən müalicə məqsədilə Türkiyə Respublikasına gedb-gəlir, pula ehtiyacı vardış Orxanla torpağın alqı-satqısı üçün razılaşdılar. Ancaq tikili qeydiyyata alınmamışdır. Orxana dedi ki, imkan yarat mən tikilini söküm! O da dedi ki, ona tam boş torpaq sahəsi versin. 20 gün möhlət istədi ki, tikilini söksün. Ancaq Orxan möhlət vermədi və özü özbaşına onun əziyyətlə tikdiyi tikililəri sökdürdü. Sadəcə tam örtüyünü götürə bildi. Bütün əşyaları çöldə qaldı. Halbuki hazır tikili idi. İçində əşyaları da vardı. Hamısınını traktorla dağıdıb uçurtdu. Orada ev vardı. Əşyalar vardı, listur divan kreslo və bir neçə əşya vardı. İcra Hakimiyyəti də gəlib baxıb ki, qanuni torpağıdır. Bələdiyyə 1995-ci ildə torpağı ona verib, orada mal heyvan saxlayırdı. Torpaq alqı-satqısı etmişlər. Pulu adına banka qoyan kimi gətirib traktorla sökdürdü. Bir dam örtüyünü götürüb. 43.km.m onun tərəfində ola bilər. İddiaçı dedi ki, 5000 manat pul ver və əlavə də 1 st torpaq versin, sona da dedi məhkəmədə və başqa yerlərdə adamı var. Bu işi həll edə bilər. O hətta vəkil tutub iddia qaldırmaq istədi. İddia ərizəsi başqa hakim tərəfindən geri qaytarıldı. Mən hətta dedi ki, torpağını geri qaytarmaq istəyir. Alq-satqıdan 1-2 gün keçmişdir. Ancaq notarius ləğv etmədi. Sonra tikili üçün məhkəməyə müraciət etdi. Məhkəmə iddianı rədd etdi. Üstündən bir müddət keçdi. Orxan gəlib dedi ki, əsəbləşib tikilini sökdü. O da dedi torpağını qaytarsın və 32.000 manatını geri qaytarsın. O da razılaşmadı. 06 may 2025-ci il tarixli məhkəmə iclasında mütəxəssis Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, torpaq sahəsini ölçmüşdür. 33 kv.m metr ilə ölçən zaman yenə də torpaq sahəsi az oldu. Sonra elektron ölmə ilə ölçüldü və 43 kv.m qədər artım fərq var. Divarın uzunluğu 34 m, sonra 46 sm azalıb 33 m və 90 sm qədər azalmışdır. Qabaq hissədən isə 92 sm keçmə azalma var. 15 kv.m sahə azalıb. Rəyi təqdim edir. Ümumi cavabdeh iddiaçının 43 kv.metr sahəsini zəbt etdi və orada divar inşa etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X3 bildirmişdir ki, Orxanın anası Xuraman xanımla birlikdə işləmişdir. Eşitdi ki, Orxan torpaq axtarır ki, alsın. O da dedi ki, qonşusu Müşfiq torpaq satır. Orxan, o və Xuraman Müşfiqin həyətinə getdik. Orxan Müşfiqlə danışdı və razılaşdı. Həmin torpaqda 1 otaq, hamam-tualet, mətbəx vardı. Nəyə görə həmin ev söküldü xəbəri yoxdur. Səbəbini bilmir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan: Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetsrindən Çıxarış”ın təsdiqlənmiş surətinə əsasən, Naxçıvan şəhəri, 56-cı məhəllə, 1/6 ünvanında 0.06 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 16/28 nömrəli reyestr kitabının 5203 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********07, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023). Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 20 fevral 2025-ci il tarixli, 04/279 nömrəli məktubuna əsasən, haliyyədə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeyd edilən ünvanda torpaq sahəsi mövcud deyil. Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin İddiaçı ünvanlanmış 12 mart 2025-ci il tarixli məktubuna əsasən, sizin Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə ünvanladığınız müraciətinizə Nazirliyin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən qanunvericiliyə uyğun müvafiq qaydada baxıldı. Bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı tərəfimizdən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə yazılı müraciət ünvanlanmış və bu məsələyə münasibət bildirilməsi xahiş olunmuşdur. Energetika Xidməti tərəfindən həmin ərazidən 110/35/10 kV-luq “Naxçıvan" yarımstansiyasından qidalanan 35kV-luq Oaraçuq xəttinin keçdiyi qeyd olunmuşdur. Eləcə də, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bildirilmişdir ki, həmin ərazidə Cavabdeh istifadə etdiyi ərazi bələdiyyə mülkiyyətindədir, həmçinin Cavabdeh inşa etdiyi tikililərin 33 m2 hissəsi isə sizə məxsus torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Qeyd edirik ki, müraciətinizdə qeyd etdiyiniz məsələnin hüquqi həlli üçün qanunvericiliyə uyğun aidiyyəti üzrə müraciət etməyiniz məqsədəuyğun hesab olunur. Mütəxəssis rəyinə əsasən, Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “torpaq sahəsində maneənin aradan qaldırılması, hasar divarın sökülməsi və torpaq sahəsinin ona qaytarılması tələbi”nə dair mülki işə baxılması ilə əlaqədar Naxçıvan Şəhər Məhkəməsinin 16 aprel 2025-cü il tarixli 2(078)-460/2025 nömrəli müraciətinə əsasən Xidmətin mütəxəssisləri tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin nümayəndəsinin və mülkiyyətçilərin iştirakı ilə mübahisə predmeti olan əraziyə baxış keçirilmiş, elektron ölçü cihazları vasitəsilə təkrar ölçmə-dəqiqləşdirmə işləri aparılmışdır. Ölçmə-dəqiqləşdirmə işləri zamanı məlum olmuşdur ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə Cavabdeh istifadəsində olan torpaq sahəsinin hüquqi sənəddə göstərilən sərhəd döngə nöqtələrinin yeri dəyişdirilməklə torpaq sahələri hasara alınmışdır. Nəticədə İddiaçı mülkiyyətində olan 43 m2 torpaq sahəsinin Cavabdeh tərəfindən daş və dəmir hasarla məhdudlaşdırılaraq istifadə olunduğu müəyyənləşdirilmişdir. Məhkəmə izahatları dinləyib, həmçinin işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib, onları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Məhkəmə işin yuxarıda sadalanmış faktiki və hüquqi hallarını yuxarıda qeyd olunan hüquq normalarına uyğun təhlil edib hesab edir ki, cavabdeh tərəfindən hasar divar iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikilmişdir. Torpaq sahəsinin cavabdehə verilməsinə dair hər hansı sübut, iddiaçının razılığı mövcud deyildir. Eyni zamanda yerində müayinə və tədqiq aparılarkən, həmçinin mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə Cavabdeh istifadəsində olan torpaq sahəsinin hüquqi sənəddə göstərilən sərhəd döngə nöqtələrinin yeri dəyişdirilməklə torpaq sahələri hasara alınmışdır. Nəticədə İddiaçı mülkiyyətində olan 43 m2 torpaq sahəsinin Cavabdeh tərəfindən daş və dəmir hasarla məhdudlaşdırılaraq istifadə olunduğu müəyyənləşdirilmişdir. Torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunması ilə bağlı onlar arasında mübahisə yaranmış, bu halda iddiaçının sərbəst şəkildə öz mülkiyyət hüququnu həyata keçirməsi cavabdeh tərəfindən məhdudlaşdırılmış və iddiaçının mülkiyyət hüququna müdaxilə olunmuşdur. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Məhkəmə o hala diqqət yetirir ki, göstərilən normalar nəinki fərdi mülkiyyəti təşkil edən əmlaklarla bağlı, hətta ümumi mülkiyyətdə olan əmlaklara dair mülkiyyətçilərin malik olduqları hüquqlarının üstünlüyünü tamamilə inkar edir. Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, mülkiyyət hüququ müəyyən əsasların mövcud olduğu halda məhdudlaşdırılmaya məruz qala bilər. İlk növbədə buna qanuni əsas, mülkiyyətçinin razılıqla ifadə olunan iradəsi, cəmiyyətin və dövlətin mühüm mənafeyi mövcud olmalıdır. Hazırkı işin halları baxımından belə bir zərurətin mövcud olmasını əsaslandıra biləcək heç bir hal müəyyən edilməmişdir. Məhkəmə bu baxımdan hesab edir ki, cavabdehin iddiaçının razılığı olmadan onun mülkiyyətində olan torpaq sahəsində hasar divar inşa etməsi qanuni olmamış və bu baxımdan qanuni olmayan hərəkəti dəstəkləyən cavabdehin mövqeyi əsaslı hesab edilə bilməz. Məhkəmə belə nəticəyə gəlir ki iddiaçı mülkiyyət hüququna müdaxilə təşkil edən torpaq sahəsindən istifadəyə maneənin aradan qadırılmasını, hasarın sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə İddiaçı izahatında və çıxışında bildirdiyi hallara münasibətdə qeyd edir ki, hazırki iddianın predmeti zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbidir. Göstərilən arqumentlər və bildirilən hallar iddianın əsasını və predmetini təşkil etmir və həmin hallarla bağlı iddiaçı aidiyyəti hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət etmək hüququna malikdir. Nəticə: Beləliklə işin yuxarıda şərh olunan hallarını ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tam əsaslı olduğundan təmin olunmalı, İddiaçı məxsus Naxçıvan şəhəri 56-cı məhəllə, 1/16 ünvanda yerləşən torpaq sahəsinin 43 m2 olan hissəsində Cavabdeh tərəfindən tikilmiş hasar-divar cavabdehin öz vəsaiti hesabına sökülməli, həmin hissədə Cavabdeh tərəfindən istifadəyə və sahibliyə yaradılmış maneə aradan qaldırılmalı, 43 m2 torpaq sahəsi İddiaçı qaytarılmalıdır. İddia təmin edildiyindən məhkəmə məsrəflərinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 05 fevral 2025-ci il tarixdə 4105 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı məxsus Naxçıvan şəhəri 56-cı məhəllə, 1/16 ünvanda yerləşən torpaq sahəsinin 43 m2 olan hissəsində Cavabdeh tərəfindən tikilmiş hasar-divar cavabdehin öz vəsaiti hesabına sökülsün. Həmin hissədə Cavabdeh tərəfindən istifadəyə və sahibliyə yaradılmış maneə aradan qaldırılsın və 43 m2 torpaq sahəsi İddiaçı qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 05 fevral 2025-ci il tarixdə 4105 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-460/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-460/2025
30.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver