Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-461/2025 19.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X14 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, cavabdeh Naxçıvan Şəhəri Naxçıvan Bələdiyyəsinin nümayəndəsi X15 və mütəxəssis X1 iştirakları ilə, İddiaçı cavabdehlər “X20” MMC-yə və Naxçıvan Şəhəri Naxçıvan Bələdiyyəsinə qarşı torpaq sahəsinin geri qaytarılması və istifadə olunmuş illər ərzində əldən çıxmış faydanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı cavabdeh “X20” MMC-yə qarşı torpaq sahəsinin geri qaytarılması və istifadə olunmuş illər ərzində əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh “X20” Məhdud Məsuliyyətli Cəmiyyətindən mərhum atası X2 mülkiyyətində olan Naxçıvan şəhəri, 5-ci məhəllədə yerləşən 600 kv.metr fərdi yaşayış evinin tikintisi üçün verilmiş torpaq sahəsinin hüquqi varisi olaraq ona geri qaytarılması və istifadə olunmuş illər ərzində əldən çıxmış faydanın 18.720 (on səkkiz min yeddi yüz iyirmi) manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, mərhum atası X4, 1984-cü ildən 12 nömrəli MSD-də mənzilalma növbəsində dayandığına görə Naxçıvan şəhər XDM (X22) İcraiyyə Komitəsinin 20 oktyabr 1993-cü il tarixli, 452 saylı qərarı ilə Naxçıvan şəhəri 5-ci məhəllədə, 3-cü nömrə ilə 600 kv.metr olmaqla fərdi yaşayış ev tikintisi üçün torpaq sahəsi verilmişdir. Mərhum atası X5 həmin torpaq sahəsini 25 iyul 2006-cı il tarixdə Naxçıvan MR Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Reyestrindən 905 qeydiyyat və **********66 reyestr nömrə ilə qeydiyyatdan keçirib adına çıxarış alaraq həmin torpaq sahəsini dəmir məftillə hasara alıb, orada evin özülünü tikərək, qalan torpaq sahəsində müxtəlif növ meyvə tingləri əkmişdir. Lakin Naxçıvan MR-in keçmiş rəhbərliyinin göstərişi əsasında sözügedən torpaq sahəsi mərhum atasından həbs etdirmək hədə-qorxusu altında zorla alınaraq Naxçıvan Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi kimi göstərilərək Naxçıvan Bələdiyyəsi tərəfindən 22 iyul 2009-cu il tarixli, 44 nömrəli sahibkarlıq fəaliyyəti göstərmək üçün X20 MMC-nin icarəsinə verilmişdir. Buna görə də həmin vaxtlar atası M.Şıxəliyev haraya şikayətə getmişdisə onunla xoşagəlməz rəftar edib, əsaslı şikayətinə baxmamışlar. Ona həbs etdirməklə hədə-qorxu gəlmişdirlər. Artıq sözügedən həmin torpaq sahəsi 22 iyul 2009-cu il tarixdəndir ki, (15 ildir) mərhum atası X2 mülkiyyətində olsa da X20 MMC-nin istifadəsindədir. Naxçıvan Bələdiyyəsinin 27 fevral 2023-cü il tarixli, 96 nömrəli məktubuna əsasən 2009-cu il tarixdən başlayaraq X20 MMC ilə 1 (bir) illik icarə müqaviləsi bağlanaraq, hər il yenilənmişdir. Hazırda isə həmin qurumlar arasında 2023-2024cü illər üzrə icarə müqaviləsi bağlanıb, yenilənməmişdir. Lakin buna baxmayaraq həmin torpaq sahəsini yenə də X20 MMC istifadə etməklə onların qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Mərhum atası X2 ölümündən sonra onun birinci növbəli vərəsəsi olaraq miras əmlakını özü qəbul etmişdir. Hesab edir ki, sözügedən torpaq sahəsi də mərhum atasının mülkiyyətində olduğundan onun hüquqi varisi kimi özünə çatmalıdır. Belə ki, X20 MMC həmin torpaq sahəsini boşaldaraq M.Şıxəliyevin hüquqi varisi kimi ona qaytarmalı və icarə müqaviləsi əsasında torpaqdan istifadəyə görə 15 illik əldən çıxmış faydanı ona qaytarmalıdır. İcarə müqaviləsinə əsasən 1 kv.metri 0.20 qəpikdən, 600 kv.metr torpaq sahəsinə 13 illik əldən çıxmış fayda 18.720 (on səkkiz min yeddi yüz iyirmi) manat təşkil edir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 15 aprel 2025-ci il tarixdə məhkəməyə başqa cavabdehin cəlb olunması barədə vəsatət təqdim edərək vəsatətdə vəkil və nümayəndəsi olduğu İddiaçı cavabdeh “X20” MMC-yə qarşı torpaq sahəsinin geri qaytarılması və istifadə olunmuş illər ərzində əldən çıxmış faydanın ödənilməsi barədə Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırdığını, mübahisə olunan torpaq sahəsinin 2023- 2024-cü il tarixlərədək Naxçıvan Bələdiyyəsi tərəfindən “X20” MMC-yə icarəyə verildiyindən mülki iş üzrə Naxçıvan Bələdiyyəsinin də cavabdeh qismində işə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(078)-461/2025 saylı qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 vəsatətinin təmin edilməsi və İddiaçı cavabdeh “X20” MMC-yə qarşı torpaq sahəsinin geri qaytarılması və istifadə olunmuş illər ərzində əldən çıxmış faydanın ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhəri Naxçıvan Bələdiyyəsinin cavabdeh qismində mülki işə cəlb edilməsi qərara alınmışdır. Mülki iş üzrə təyin edilmiş məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə cavabdeh “X20” MMC-yə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh “X20” MMC məhkəmə baxış iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdeh “X20” MMC-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclaslarının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında artıq 2 ildir bu prosesin davam etdiyini, inzibati məhkəməyə müraciət etdiyini, bu məhkəməyə yönləndirdiklərini, özünə dəymiş ziyanı və torpaq sahəsinin özünə qaytarılmasını istədiyini, bələdiyyənin illik müqavilə bağlaya bilməyəcəyini, dəfələrlə də bələdiyyəyə də müraciət etdiyini, lakin heç bir nəticəsi olmadığını, çıxarışla torpaq sahəsinin ona məxsus olduğunun sübuta yetirildiyini, torpaq sahəsinin zavodun içərisində yerləşdiyini, boş sahə olduğunu, üzərində heç bir tikili yerləşmədiyini, sadəcə müəyyən əşyaların torpaq sahəsində olduğunu, qeyd olunanları köhnə icra başçısı Vüqar Səfərovun etdiyini, özünün polisdə işlədiyini, işindən çıxarmaqla hədələndiyini, torpağın sənədlərini vermədiklərini, bələdiyyə ilə bağlı heç bir müqavilə olmadığını, müəyyən şəxsləri torpaq sahəsi ilə təmin etdiklərini, özünün də razılıq verdiyini, lakin sənədlə torpaq sahəsinin ona mövcud olduğunu qeyd edib heç bir torpaq sahəsi verilmədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 izahatında iddiaçının mərhum atası X4 1984-cü ildən 12 nömrəli MSD-də mənzilalma növbəsində dayandığına görə Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin 20 oktyabr 1993-cü il tarixli, 452 saylı qərarı ilə Naxçıvan şəhəri 5-ci məhəllədə, 3-cü nömrə ilə 600 kv.metr olmaqla fərdi yaşayış ev tikintisi üçün torpaq sahəsi verildiyini, iddiaçının mərhum atası X2 həmin torpaq sahəsini 25 iyul 2006-cı il tarixdə Naxçıvan MR Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Reyestrindən 905 qeydiyyat və **********66 reyestr nömrə ilə qeydiyyatdan keçirib adına çıxarış alaraq həmin torpaq sahəsini dəmir məftillə hasara alıb, orada evin özülünü tikərək, qalan torpaq sahəsində müxtəlif növ meyvə tingləri əkdiyini, lakin Naxçıvan Muxtar Respublikasının keçmiş rəhbərliyinin göstərişi əsasında sözügedən torpaq sahəsinin iddiaçının mərhum atasından həbs etdirmək hədə-qorxusu altında zorla alınaraq Naxçıvan Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi kimi göstərilərək Naxçıvan Bələdiyyəsi tərəfindən 22 iyul 2009-cu il tarixli, 44 nömrəli sahibkarlıq fəaliyyəti göstərmək üçün X20 MMC-nin icarəsinə verildiyini, buna görə də həmin vaxtlar iddiaçının atası M.Şıxəliyev haraya şikayətə getmişdirsə onunla xoşagəlməz rəftar edildiyini, əsaslı şikayətinə baxmadıqlarını, ona həbs etdirməklə hədə-qorxu gəldiklərini, artıq sözügedən həmin torpaq sahəsinin 22 iyul 2009-cu il tarixdəndir iddiaçının mərhum atası X2 mülkiyyətində olsa da, X20 MMC-nin istifadəsində olduğunu, Naxçıvan Bələdiyyəsinin 27 fevral 2023-cü il tarixli, 96 nömrəli məktubuna əsasən 2009-cu il tarixdən başlayaraq X20 MMC ilə 1 illik icarə müqaviləsi bağlanaraq, hər il yeniləndiyini, hazırda isə həmin qurumlar arasında 2023-2024-cü illər üzrə icarə müqaviləsi bağlandığını, lakin yenilənmədiyini, buna baxmayaraq həmin torpaq sahəsini yenə də X20 MMC istifadə etməklə iddiaçının qanunla qorunan mülkiyyət hüququnu pozduğunu, iddiaçının mərhum atası X3 ölümündən sonra onun birinci növbəli vərəsəsi olaraq miras əmlakını qəbul etdiyini, iddianın əsaslı olduğunu düşündüklərini, iddia tələbinin təmin edilməsini istədiklərini, ortada çıxarış olduğunu, çıxarışın daşınmaz əmlak komitəsi tərəfindən verildiyini, yəqin ki, çıxarışın elə-belə verilmədiyini, verilməsi üçün əsas olan torpaq sahəsinin hər bir halda iddiaçının atasına verildiyini, onun əsasında çıxarışın verildiyini, mütəxəssis rəyində müəyyən şeylərin göstərilmədiyinin qeyd olunduğunu, bunun vətəndaşın günahı olmadığını, daşınmaz əmlak komitəsinin günahı olduğunu, onun düzəltməli olduğunu, rəylə razı olmadıqlarını, vətəndaşın heç bir halda məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməyəcəyini, bu səbəbdən çıxarış verildiyi üçün vətəndaşın da torpaq sahəsi ilə təmin edilməli olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Şəhəri Naxçıvan Bələdiyyəsinin nümayəndəsi X18 izahatında iddia tələbinin cavabdeh Naxçıvan Şəhəri Naxçıvan Bələdiyyəsinə münasibətdə əsassız olduğunu, bu səbəbdən iddiaçının iddia tələbinin cavabdeh Naxçıvan Şəhəri Naxçıvan Bələdiyyəsinə münasibətdə rədd edilməsini məhkəmədən xahiş etdi. 20 may 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Şəhəri Naxçıvan Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 izahatında icarəyə verilən ərazilərlə bağlı aidiyyəti qurumlara sorğu göndərildiyini, müsbət rəy alındıqdan sonra icarəyə verildiyini, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə sorğu verilib bələdiyyə mülkiyyətinin müəyyən edildiyini, icarəyə veriləcək torpaq sahəsinin ünvanını, ölçüsünü göstərək sorğu verdiklərini bildirmişdir. Keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh “X20” MMC-nin nümayəndəsi Nümayəndə4 izahatında özlərinin niyə cavabdeh olduğunu anlaya bilmədiklərini, 2 ildir bələdiyyə ilə icarə müqaviləsi bağlamadıqlarını, çünki icarə haqqının artırıldığını, özləri bununla razılaşmadıqları üçün icarə müqaviləsi bağlamadıqlarını, bələdiyyə torpağı olduğunu bildiklərini, illərdir də icarə haqqı ödədiklərini, torpaq komitəsinin verdiyi çertiyojda da qeyd olunan torpaq sahəsinin görünmədiyini, özlərinin şifahi olaraq komitəyə müraciət etdiklərini, ərazinin yenidən ölçülməsini istədiklərini, verilən şifahi məlumatla vətəndaşa məxsus heç bir torpaq sahəsinin mövcud olmadığının deyildiyini, ümumilikdə iddia tələbini qəbul etmədiklərini, icarə haqqının əvvəllər 20 qəpik olduğunu, indi isə 80 qəpik olduğunu, özlərinin Naxçıvan Şəhəri Naxçıvan Bələdiyyəsi ilə yenidən müqavilə bağladıqlarını bildirmişdir. 04 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh "X20" MMC-nin nümayəndəsi Nümayəndə3 izahatında özlərinin həmin torpaq sahəsinin sahibi olmadıqlarını, icarə müqavilələri əsasında həmin torpaq sahəsinin icarədarı olduqlarını, iddia tələbini qəbul etmədiklərini bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş və Şərur rayon İbadulla kənd İƏD-si İcra Nümayəndəliyi tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli, AZ-V seriyalı, 216223 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və X6 birgə nikahından xx xxxx 1981-ci il tarixdə İddiaçı adlı övladları doğulmuşdur. İddia ərizəsinə əlavə edilmiş və Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 11 yanvar 2012-ci il tarixli, AZ-İ seriyalı, 376484 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 26 fevral 2011-ci il tarixdə xroniki böyrək çatmamazlığı səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 83 nömrə ilə qeyd aparılmışdır. İddia ərizəsinə əlavə edilmiş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı mənzilistismar idarəsi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli, 840 nömrəli arayışdan görünür ki, X2 həyat yoldaşı X10, oğlu X9, oğlu İddiaçı və qızı X7 adlı vərəsələri vardır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X25 tərəfindən verilmiş 12 iyun 2024-cü il tarixli, 04/50 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən 600 m² olan torpaq sahəsi Naxçıvan şəhər XDM İK-nin 20 noyabr 1993-cü il tarixli 452 saylı Qərarı əsasında 25 iyul 2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X2 adına qeydiyyata alınmışdır. Torpaq sahəsi Naxçıvan Bələdiyyəsinin 22 iyul 2009-cu il tarixli 46 nömrəli Qərarı əsasında "X20" MMC-nin icarəsinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X25 tərəfindən verilmiş 12 iyun 2024-cü il tarixli, 04/49 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən 23905,0 m² torpaq sahəsi Naxçıvan Bələdiyyəsinin 22 iyul 2009-cu il tarixli 46 nömrəli Qərarı və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 14 dekabr 2009-ci il tarixli A004563 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında “X20" MMC-nin icarəsinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş 25 iyul 2006-cı il tarixli, MH seriyalı, 000817 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Naxçıvan şəhəri, 5-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 600 m² olan torpaq sahəsi X2 adına qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə edilmiş X8 Avtomobil zavodu MMC-nin icarəsinə torpaq sahəsi verilməsi haqqında 22 iyul 2009-cu il tarixli, 46 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinin 1-ci bəndinin 5-ci abzasına və "Bələdiyyə torpaqlarının idarə edilməsi" haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 7.3.3 yarımbəndinə əsasən Naxçıvan şəhərinin 5-ci məhəlləsində yerləşən 23852 kv.m torpaq sahəsi X20 MMC-nin icarəsinə verilməsi və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 6-сı bəndinə, "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci abzasına və həmin qanunun 6-cı maddəsinə əsasən X20 MMC ilə bir il müddətinə icarə müqaviləsi bağlanması qərara alınmışdır. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan şəhəri Naxçıvan Bələdiyyəsinin 27 fevral 2023cü il tarixli məktubunda qeyd edilmişdir ki, “İddiaçı 14 fevral 2023-cü il tarixdə Naxçıvan Bələdiyyəsinə ərizə ilə müraciət emişdir. X20nun tikintisinə 2007-ci ildə başlanılmışdır. Həmin dövrdə torpaq sahibləri zavod rəhbərliyinə müraciət etmisiniz və zavod rəhbərliyi bu torpaq sahəsini Naxçıvan Bələdiyyəsi tərəfindən ayrıldığını bildirmişdir. Həmin dövrdə siz sənədlərinizlə Naxçıvan MR X21 Komitəsinə və Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməliydiniz. Nəzərinizə çatdırırıq ki, 2007-ci ildə Naxçıvan Bələdiyyəsi zavoda torpaq sahəsi ayırmamışdır. 2009-cu ildə Naxçıvan şəhər Torpaq və Xəritəçəkmə Şöbəsinin müvafiq rəyi əsasında Naxçıvan Bələdiyyəsinin qərarı ilə X20 MMCnin icarəsinə torpaq sahəsi verilmiş və 1 (bir) il müddətinə icarə müqaviləsi bağlanmışdır. Keçən müddət ərzində sizin heç bir müraciətiniz olmamışdır. 2009-cu ildən indiyədək bələdiyyə ilə zavod arasında hər il müqavilə yenilənmişdir. Cari il üçün müqavilə bağlanmamışdır. Torpaq sahənizlə bağlı X20 MMC-yə müraciət etməyiniz tövsiyə olunur”. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan şəhəri Naxçıvan Bələdiyyəsinin 15 may 2024cü il tarixli məktubundan görünür ki, X20 MMC ilə 2023-cü ilədək hər il üçün bir illik icarə müqaviləsi bağlanılmış, son iki il yəni 2023 və 2024-cü illər ərzində X20 MMC ilə Naxçıvan şəhəri Naxçıvan Bələdiyyəsi tərəfindən icarə müqaviləsi bağlanılmır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X25 tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 2.3401 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Naxçıvan Bələdiyyəsinin adına qeydiyyata alınmışdır. İddiaçı ilk tələbi olan mərhum atası X2 mülkiyyətində olan Naxçıvan şəhəri, 5-ci məhəllədə yerləşən 600 kv.metr fərdi yaşayış evinin tikintisi üçün verilmiş torpaq sahəsinin hüquqi varisi olaraq ona geri qaytarılmasını tələb etməsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Mülkiyyət hüququnun məzmunu Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Məhkəmə tərəfindən iddiaçının iddia tələbinin əsaslılığını müəyyən etmək üçün sözügedən daşınmaz əmlakın naturada harada yerləşməsinin aydınlaşdırılması və Naxçıvan Bələdiyyəsinə məxsus torpaq sahəsinin naturada yeri ilə X4 məxsus əmlakın yeri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi xüsusi bilik tələb edən məsələ olduğundan, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-461/2025 nömrəli, 04 iyun 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, ekspertin qarşısına “1. Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “X20” MMC-nin adına tərtib edilmiş A №004563 saylı Torpaq sahəsinin planı və ölçüsündə göstərilən əmlak naturada harada (dəqiq ünvan göstərilməklə) yerləşir?
2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, 000817 nömrəli çıxarışa əsasən X4 məxsus əmlak naturada harada yerləşir? 3. Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “X20” MMC-nin adına tərtib edilmiş A №004563 saylı Torpaq sahəsinin planı və ölçüsündə göstərilən əmlakın naturada yeri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, 000817 nömrəli çıxarışa əsasən X4 məxsus əmlakın yeri ilə üst-üstə düşürmü? 4. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X25 tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 07 yanvar 2025-ci il tarixli çıxarışa əsasən Naxçıvan Bələdiyyəsinə məxsus 2.3401 ha torpaq sahəsinin naturada yeri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, 000817 nömrəli çıxarışa əsasən X4 məxsus əmlakın yeri ilə üst-üstə düşürmü?” sualları qoyulmuş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2025ci il tarixli, 722 nömrəli məhkəmə ekspertizasına dair rəydə qeyd olunmuşdur ki, məhkəmənin ekspertiza tədqiqatına 19 avqust 2025-ci il tarixli 266 nömrəli təqdim etdiyi məktubuna qoşma olaraq Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Nurlan Fətəliyevin 11 avqust 2025-ci il tarixli 04/1111 nömrəli elektron imzası ilə təsdiq edilmiş mütəxəssis məktubunda qeyd olunanlara əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "X20" MMC-nin adına verilmiş A 004563 inventar nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahəsi ünvan 8 ünvanı Naxçıvan şəhəri, Xiyabani küçəsi) ünvanında yerləşdiyi müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Nurlan Fətəliyevin 11 avqust 2025-ci il tarixli 04/1111 nömrəli elektron imzası ilə təsdiq edilmiş mütəxəssis məktubuna əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH 000817 nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"da X4 məxsus torpaq sahəsinin ünvanı Naxçıvan şəhəri 5-ci məhəllə (faktiki ünvanı Nəsrəddin Tusi küçəsi) göstərilmişdir. Lakin həmin torpaq sahəsi kadastr uçotuna alınmadığından və torpaq sahəsinə dair tərtib edilən sənədlərdə torpaq sahəsinin koordinatları və qonşu torpaq istifadəçiləri barədə müfəssəl məlumatlar göstərilmədiyindən həmin torpaq sahəsinin naturada dəqiq sərhədlərini müəyyənləşdirmək mümkün deyildir. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Nurlan Fətəliyevin 11 avqust 2025-ci il tarixli 04/1111 nömrəli mütəxəssis məktubuna əsasən iddiaçı X4 məxsus 0,06 ha (600 kv.m) torpaq sahəsinin Naxçıvan bələdiyyəsinə məxsus 2,3401 ha torpaq sahəsi və "X20" MMC-nin icarəsində olan 2.3305 ha torpaq sahəsi ilə eyni ərazidə yerləşməsi ehtimal olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Lakin yuxarıda qeyd edilən rəyə nəzər saldıqda görünür ki, ekspert məhkəmə tərəfindən qoyulmuş suallara dəqiq və əsaslandırılmış cavablar verməmiş, ehtimal üzərindən rəy vermişdir. Bu səbəbdən məhkəmə tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2(078)-461/2025 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, 14 noyabr 2025-ci il tarixdə İddiaçı cavabdehlər “X20” MMC-yə və Naxçıvan Şəhəri Naxçıvan Bələdiyyəsinə qarşı torpaq sahəsinin geri qaytarılması və istifadə olunmuş illər ərzində əldən çıxmış faydanın ödənilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2025-ci il tarixli, 3-16-16/2-10/7352/2025 nömrəli məktubu ilə 30 oktyabr 2025-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat Naxçıvan Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə tərəfindən ilkin ekspert rəyi konkret olmadığından və təkrar məhkəmə ekspertizası üzrə rəy verilməsindən imtina edildiyindən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə mütəxəssis rəyi verilməsi üçün məktub ünvanlanmışdır. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti sektorunun aparıcı məsləhətçisi Vəliyəddin Allahverdiyev tərəfindən verilmiş Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan “İddiaçı cavabdehlər “X20” MMC-yə və Naxçıvan bələdiyyəsinə qarşı torpaq sahəsinin geri qaytarılması və istifadə olunmuş illər ərzində əldən çıxmış faydanın ödənilməsi tələbi”nə dair mülki iş üzrə 18 fevral 2026-cı il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “X20” MMC-nin adına verilmiş A 004563 inventar nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahəsi ünvan 12 ünvanı Naxçıvan şəhəri, Xiyabani küçəsi) ünvanında yerləşir. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH 000817 nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”da X4 məxsus torpaq sahəsinin ünvanı Naxçıvan şəhəri 5-ci məhəllə (faktiki ünvanı Nəsrəddin Tusi küçəsi) göstərilmişdir. Lakin həmin torpaq sahəsi kadastr uçotuna alınmadığından və torpaq sahəsinə dair tərtib edilən sənədlərdə torpaq sahəsinin koordinatları və qonşu torpaq istifadəçiləri barədə müfəssəl məlumatlar göstərilmədiyindən həmin torpaq sahəsinin naturada dəqiq sərhədlərini müəyyənləşdirmək mümkün deyildir. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH 000817 nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən X4 məxsus torpaq sahəsi kadastr uçotuna alınmadığından və torpaq sahəsinə dair tərtib edilən sənədlərdə torpaq sahəsinin koordinatları və qonşu torpaq istifadəçiləri barədə müfəssəl məlumatlar göstərilmədiyindən həmin torpaq sahəsinin Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “X20” MMC-nin adına verilmiş A 004563 inventar nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH 000817 nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən X4 məxsus torpaq sahəsi kadastr uçotuna alınmadığından və torpaq sahəsinə dair tərtib edilən sənədlərdə torpaq sahəsinin koordinatları və qonşu torpaq istifadəçiləri barədə müfəssəl məlumatlar göstərilmədiyindən həmin torpaq sahəsinin Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən verilmiş 07 yanvar 2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Naxçıvan bələdiyyəsinə məxsus 2,3401 hektar torpaq sahəsi ilə üstüstə düşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək belə qeyd edir ki, məhkəmə tərəfindən müvafiq ekspertizalar təyin edilsə, həmçinin mütəxəssis rəyi alınsa da, həmin rəylərdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH 000817 nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən X4 məxsus torpaq sahəsi kadastr uçotuna alınmadığından və torpaq sahəsinə dair tərtib edilən sənədlərdə torpaq sahəsinin koordinatları və qonşu torpaq istifadəçiləri barədə müfəssəl məlumatlar göstərilmədiyindən həmin torpaq sahəsinin Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “X20” MMC-nin adına verilmiş A 004563 inventar nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyənləşdirməyin mümkün olmadığı və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH 000817 nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən X4 məxsus torpaq sahəsi kadastr uçotuna alınmadığından və torpaq sahəsinə dair tərtib edilən sənədlərdə torpaq sahəsinin koordinatları və qonşu torpaq istifadəçiləri barədə müfəssəl məlumatlar göstərilmədiyindən həmin torpaq sahəsinin Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən verilmiş 07 yanvar 2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Naxçıvan bələdiyyəsinə məxsus 2,3401 hektar torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyənləşdirmək mümkün olmadığı qeyd edilmişdir. İddiaçı tərəfindən isə həqiqətən atası X4 məxsus torpaq sahəsinin cavabdeh Naxçıvan Şəhəri Naxçıvan Bələdiyyəsinin mülkiyyətində olan və digər cavabdeh “X20” MMC-nin istifadəsində olan torpaq sahəsi ilə üstüstə düşməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən və həmçinin məhkəmədə işin araşdırması zamanı həmin hal təsdiqini tapmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən Mülki-Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. İddiaçı isə həqiqətən atası X4 məxsus olan torpaq sahəsinin cavabdeh Naxçıvan Şəhəri Naxçıvan Bələdiyyəsinin mülkiyyətində olan və digər cavabdeh “X20” MMC-nin istifadəsində olan torpaq sahəsi ilə eynilik təşkil etməsini və həmin torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyində olması ilə bağlı iddia tələbinin əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı digər tələbi olan mərhum atası X2 mülkiyyətində olan Naxçıvan şəhəri, 5-ci məhəllədə yerləşən 600 kv.metr fərdi yaşayış evinin tikintisi üçün verilmiş torpaq sahəsinin istifadə olunması nəticəsində illər ərzində əldən çıxmış fayda olan 18.720 (on səkkiz min yeddi yüz iyirmi) manat məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsini tələb etməsinə münasibətdə isə məhkəmə belə qeyd edir ki, qeyd olunan iddia tələbinin torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən alınması tələbi ilə birbaşa hüquqi bağlılığı olduğundan və iddia tələbi həmin hissədə cavabdeh Naxçıvan Şəhəri Naxçıvan Bələdiyyəsinin mülkiyyətində olan və digər cavabdeh “X20” MMC-nin istifadəsində olan torpaq sahəsinin iddiaçının atası X4 məxsus olan torpaq sahəsi olmasını və həmin torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyində olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən rədd edilməli olduğundan iddiaçının iddia tələbi torpaq sahəsinin istifadə olunması nəticəsində illər ərzində əldən çıxmış fayda olan 18.720 (on səkkiz min yeddi yüz iyirmi) manat məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsinə dair hissədə də rədd edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər “X20” MMC-yə və Naxçıvan Şəhəri Naxçıvan Bələdiyyəsinə qarşı torpaq sahəsinin geri qaytarılması və istifadə olunmuş illər ərzində əldən çıxmış faydanın ödənilməsi tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia rədd edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüüsumu İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddiaçı cavabdehlər “X20” MMC-yə və Naxçıvan Şəhəri Naxçıvan Bələdiyyəsinə qarşı torpaq sahəsinin geri qaytarılması və istifadə olunmuş illər ərzində əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
qətetdi:
İddiaçı cavabdehlər “X20” MMC-yə və Naxçıvan Şəhəri Naxçıvan Bələdiyyəsinə qarşı torpaq sahəsinin geri qaytarılması və istifadə olunmuş illər ərzində əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Gülsüm Əliyeva.