Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-466/2023 25.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh təşkilat “Arkoz” X3” MMC-yə (keçmiş adı X7” MMC) qarşı işlədiyi müddətdə buraxılmış əmək məzuniyyətinin hesablanıb ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 2009-2020-ci illərdə “X7” MMC-nin oksigen istehsalı sexində sex rəisi vəzifəsində işlədiyi müddətdə buraxılmadığı əmək məzuniyyətinin hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən iş üzrə İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, xx.xx.2009-cu il tarixdən Cavabdeh-nin Oksigen istehsal sexində sex rəisi vəzifəsində işləyib. 2019-cu ildə həmin müəssisədən azad edilmişdir. Daha sonra Gəmiqaya Nəqliyyat MMC-də bir il işləmişdir. 2020-ci ildə işdən azad edilmişdir. X7 MMC-də işlədiyi müddətdə əmək məzuniyyətinə buraxılmayıb. Həmişə əmək məzuniyyəti barədə fikrini söylədiyində həmin müəssisədən ona bildirilmişdir ki, “iş rejimi ağırdır və sən müəssisədə olmasan nöqsanlar yarana bilər.” Buna görə də o, məzuniyyət hüququndan istifadə edə bilməyib. Əmək müqaviləsini cavabdeh təşkilat təqdim etməlidir. Bəlkə müqavilədə 21 gün deyil 30 gün məzuniyyət yazılıbdır. Sədrik edənin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, iddia ərizəsində 2020-ci il üçün də məzuniyyət pulunu qoymuş, lakin həmin ildə o X4 işləməmişdir. Həmin vaxt o iş yerini dəyişdirmiş və Gəmiqaya Nəqliyyat MMC-də işləmişdir. Onun tələbi 2009-2020-ci illərdə işlədiyi müddətdə buraxılmadığı məzuniyyətin kompensasiyasını tələb edir. Mütəxəssisin hesablaması ilə razılaşır. O Əmək Müfəttişliyinə müraciət edərkən ona son illər aldığı əmək haqqına münasibətdə məzuniyyətin hesablanmalı olduğunu bildirmişdilər. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh təşkilatın nümayəndəsi X2 iddianı rədd edərək verdiyi izahatında bildirmişdir ki, iddiaçının qaldırmış olduğu iddia əsassızdır. Çünki 2020-ci ilin sonlarına kimi sözügedən müəssisədə işləyən işçilərin heç birinə məzuniyyət haqqı verilməyib. Son 2 ildir artıq məzuniyyət məsələsi bərpa olunub. Əlavə olaraq da məzuniyyət pulları da artıq verilir. Eyni zamanda iddiaçı məhkəmədə iddia qaldırmaq müddətini artıq buraxıb. Müddətin nəzərə alınmasını xahiş etmişdir. Sonrakı məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh təşkilat “Arkoz X3”na məlumat verilməsinə baxmayaraq nümayəndənin iştirakı təmin edilməmişdir. Məhkəmə işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında Naxçıvan MR Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin mütəxəssisi X12 izahatında göstərmişdir ki, İddiaçı cavabdeh təşkilatda işlədiyi müddət ərzində 200 iş günü məzuniyyət günü olub. Məzuniyyət günün 21 təqvim günündən hesabladıqda iddiaçının məzuniyyət pulu 3894 (üç min səkkiz yüz doxsan dörd) manat təşkil edir. Məhkəmə baxış iclasında mütəxəssis “Arkoz X3” MMC-nin mühasibi X11 izahatında göstərmişdir ki, o, İddiaçı işlədiyi illər ərzində əmək haqqı cədvəlini və hər bir il üçün hesablanmalı olan məbləğin cədvəlinin məhkəməyə təqdim edib. Ancaq əmək müqaviləsinə aid heç bir sənəd təşkilatda tapılmadığından məzuniyyət gününün 21 və ya 30 gün olması barədə dəqiq məlumatı yoxdur. Məhkəmənin qiymətləndirməsi: İş materiaalarında olan: Naxçıvan MR Dövlət Vergi Xidməti tərəfindən 05 yanvar 2023-cü il tarixli ********** qeydiyyat nömrəli “X7” MMC-nin nizamnaməsinə edilmiş dəyişikliyə görə “X7” MMC sözləri “Arkoz X3” MMC kimi oxunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin dövlət reyestrindən çıxarışdan “Arkoz X3” MMc-nin qanuni təmsilçisinin X9 oldu müəyyən edilir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, “X7” MMC ilə İddiaçı arasında xx.xx.2009-cu il tarixdə əmək müqaviləsi bağlanmış, xx.xx.2019-cu il tarixdə isə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan əmək kitabçasının surətindən aydın olur ki, İddiaçı xx.xx.2009-cu il tarixdə 33 nömrəli əmrlə “X7” MMC-nin oksigen istehsalı sexində sex rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cü il tarixdə 85 nömrəli əmrlə Gəmiqaya Nəqliyyat MMC-yə keçirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının tələbi X7 MMC-də (indiki X5 MMC) bütün iş illəri üzrə məzuniyyətin alınıb verilməsi tələbidir. İddia ərizəsində və izahatında iddiaçı 2009-2020-ci illər ərzində istifadə etmədiyi məzuniyyətin hesablanmasını xahiş etmiş və bildirmişdir. Lakin əmək kitabçasından və əmək haqqı cədvəlindən aydın olur ki, iddiaçı cavabdeh təşkilatda 2009-2019-cu illərdə işləmiş, 2020-ci ildə iş yeri-başqa təşkilat-Gəmiqaya Nəqliyyat MMC olmuşdur. Tələb X7 MMC-yə qarşı yönəldiyindən məhkəmə tələbin yalnız iddiaçının cavabdeh təşkilatda işlədiyi müddət üzrə məzuniyyət hüququndan istifadə edib-etməməsinin araşdırılmasını qanuni və əsaslı hesab edir. Əmək Məcəlləsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87-ci maddəsinə görə işəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. Həmin Məcəllənin 113-cü maddəsinə görə əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər. Həmin Məcəllənin 131-ci maddəsinə görə işçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər. Həmin Məcəllənin 135-ci maddəsinə görə işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 138-ci maddəsinə görə məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir. Həmin Məcəllənin 143-cü maddəsinə görə işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə, ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 154-cü maddəsinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məhkəmə qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin əmək məzuniyyəti barədə işəgötürənin əmri ilə işçi tanış edilməlidir. İş materialları ilə işəgötürənin qanunun bu tələbinə riayət etmədiyi məhkəmə tərəfindən müəyyən edilmişdir. İddiaçı işlədiyi dövr ərzində məzuniyyətin hesablanıb verilmədiyi işin mübahisəsiz halıdır. İddiaçı məzuniyyətə çıxmdığını qeyd etməklə yanaşı, cavabdeh təşkilatın nümayəndəsi məzuniyyətin verilmədiyini bildirmişdir. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələbini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud olmamışdır. Əmək qanunvericiliyində istər müddətli, istərsə də müddətsiz əmək müqavilələri bağalanarkən işçinin əmək məzuniyyətini tənzimləmiş və bunun üçün başlıca meyarları dəqiq şəkildə göstərmişdir. , Əmək Məcəlləsinin 110.1-ci maddəsinə görə işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 110.3-cü bəndinə görə işçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 132.1-ci maddəsinə görə əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt daxil edilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə görə işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. 03 iyul 2023-cü il tarixli rəydən aydın olur ki, 2010-2019-cu illərin məzuniyyət hesablanması aparılmış, İddiaçı bu illər ərzində məzuniyyət günləri 200 təqvim günü olmaqla 3894 (üç min səkkiz yüz doxsan dörd) manat təşkil edir. Məhkəmə cavabdeh təşkilatın iddia müddətinin keçməsinə dair etirazda bildirdiyi hallarla bağlı aşağıdakıları qeyd edir. Belə ki, iddiaçının tələbi məzuniyyətin hesablanıb ödənilməsi tələbidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. 296.6-cı maddəsinə görə bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə qeyd edir ki, iddia müddətinin tətbiqi heç də həmişə iddianın rədd edilməsinə səbəb olmur. Yuxarıda əmək qanunvericiliyində qeyd edilən üzürlü səbəblər olduqda ötürülmüş müddət bərpa edilə bilər. Buraya iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı hallar aid edilir. İddia ərizəsinə əlavə edilən əmək kitabçasının surətindən aydın olur ki, iddiaçının işdən azad edildiyi 2019-cu il tarixdən sonra bir neçə idarədə-Gəmiqaya Nəqliyyat MMC-də, Naxçıvan Muxtar Respublikası Xəstəxanasında, X1 və Planlı yardım şöbəsində işləmişdir və əmək kitabçasında onun iş yeri dəyişiklikləri qeyd edilmişdir. Bu onu deməyə əsas verir ki, işçi 2019-cu il tarixdə işdən azad edildikdən sonra əmək kitabçası özünə verilmiş, o işlədiyi iş yerlərinə əmək kitabçasını təqdim etmişdir. İddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ 2020-ci il tarixdə başa çatmışdır. Həmin 1 il müddətində məhkəməyə müraciət etməmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə sonda belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh təşkilat “X7” MMC-nə (“Arkoz X3” MMC) qarşı işlədiyi müddətdə buraxılmış əmək məzuniyyətinin hesablanıb ödənilməsi tələbinə dair iddiası müddət keçdiyindən rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh təşkilat “X7” MMC-nə (“Arkoz X3” MMC) qarşı işlədiyi müddətdə buraxılmış əmək məzuniyyətinin hesablanıb ödənilməsi tələbinə dair iddiası iddia müddəti keçdiyindən rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-466/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-466/2023
25.07.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver