Məhkəmə qərarları › İş №2(078)-482/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-482/2021

21.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-482/2021 21.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı Ərizəçi maraqlı şəxs Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinə qarşı doğumun qeyd edilmə faktının müəyyən olunması tələbinə dair ərizəsinə baxaraq, müəyyən e t d i m: Ərizəçi məhkəməyə müraciət edərək, onun xx xxxx 1979-cu il tarixdə Ermənistan SSR Ararat rayonunun Şirazlı kəndində anadan olmasının qeyd olunmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Ərizəçinin ərizəsini yuxarıda qeyd olunan Qərarın tələbləri çərçivəsində yoxlayaraq müəyyən edilir ki, ərizəçi ərizəsində atası X1 mülkiyyətində olan yaşayış evini ərizəçinin adına keçirmək istədiyini, lakin doğum haqqında şəhadətnaməsi olmadığından sənədləşdirməni apara bilmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin bağışlamadan bəhs edən 32-ci fəslində bağışlama müqaviləsi əsasında hədiyyə verənin əmlakını hədiyyə alana bağışlaması üçün onların yaxın qohum olmasına dair hər hansı bir şərt göstərilməmişdir. Qeyd olunan fəslin tələblərindən görünür ki, hədiyyə verənlə hədiyyə alan arasında qohumluğun mövcud olub-olmamasından asılı olmayaraq hədiyyə verən istənilən şəxsə əmlakını bağışlaya bilər. Qanunvericiliyin qeyd olunan müddəalarından da göründüyü kimi ərizəçinin bağışlamanın reallaşdırılması məqsədilə müəyyən olunmasını istədiyi fakt məhkəmə tərəfindən müəyyən olunacağı halda onun ərizəsində göstərdiyi məqsədi üçün faktiki olaraq heç bir hüquqi nəticə doğurmur. Eyni zamanda qanunvericilik qohumluq münasibətlərindən asılı olmayaraq şəxsin əmlakı bağışlamaq hüququnu tanıyır və bunun üçün şəxsin doğumunun qeyd edilmə faktının müəyyən olunmasının zəruriliyi yoxdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.3-cü bəndində qeyd olunur ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinin xx xxxxx 2021-ci il tarixli məktubunda ərizəçinin doğum yerinin Ermənistan, Ararat rayonu olduğu üçün Naxçıvan şəhər Qeydiyyat Şöbəsinin arxivindən doğum akt qeydinin tapılmadığı göstərilmişdir. Qeyd olunan məktubdan da göründüyü kimi müvafiq qedydiyyat şöbəsidnə ərizəçinin doğumu ilə bağlı ümumiyyətlə heç bir qeyd yoxdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 4-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Qanunvericiliyin sadalanan normalarına əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmçinin ərizəçiyə izah edilir ki, qanunvericilik qohumluq münasibətlərindən asılı olmayaraq şəxsin əmlakı bağışlamaq hüququnu tanıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə dövlət rüsumu qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx xxxxx 2021-ci il tarixli, 5189 nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1, 153.3, 153.4, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi maraqlı şəxs Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinə qarşı doğumun qeyd edilmə faktının müəyyən olunması tələbinə dair ərizəsinin qəbulundan yolverilməzliyə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. Ərizə verilərkən Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx xxxxx 2021ci il tarixli, 5189 nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu ona qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qanunvericilik qohumluq münasibətlərindən asılı olmayaraq şəxsin əmlakı bağışlamaq hüququnu tanıyır. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar