Məhkəmə qərarları › İş №2(078)-494/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-494/2025

03.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-494/2025 03.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi nümayəndə vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, X6 xx xxxxxx 1961-ci ildə Şahbuz rayon Külüs kəndində doğulmasının qeyd edilməsi faktının müəyyən edilərək atasının X26, anasının X13 olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən хаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X26 anası X13 ilə ailə həyatı qurmuşlar, birgə nikahlarından səkkiz övladları olmuşdur. X1, X27, X18, X7, X21, X15, X8 və Babayeva (Quliyeva) X23 rayon Külüs kəndində xx.xx.1961-ci il tarixində anadan olmuşdur. Mərhum həyat yoldaşı X16 miras qalmış əmlakla bağlı müraciət etmək istədiyində həmin zaman doğum haqqında şəhadətnamə lazım olmuşdur. Doğum haqqında şəhadətnaməni tapa bilməmiş, Şahbuz rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, doğum haqqında şəhadətnamə təkrar verilərkən ata qrafasında ata adının olmadığını müəyyən etmiş, şifahi formada ata adının yazılmasını tələb etsə də, ilkin sənədlərdə işlənmədiyi bildirilmişdir. Səkkiz qardaş-bacıdırlar, sayca beşinci uşaqdır, qardaş bacılarının hər birinin ata qrafasında ata adı X26 olaraq qeyd olunmuş, lakin onun doğum haqqında şəhadətnaməsində ata qrafası boş saxlanılmışdır. Nikah haqqında şəhadətnamədə, attestatda ata adı Fətulla olaraq qeyd olunmuşdur. Şahbuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 nömrəli arayışına əsasən xx.xx.1961-ci il tarixdə doğum akt qeydi tərtib olunarkən ata qrafası boş olaraq saxlanılmışdır. Bu sənədə əsasən şöbə tərəfindən yoxlama aparılmış və aydın olmuşdur ki, atası deyilən şəxs X26 ilə anası X13 xx.xx.1963-cü il tarixdə Şahbuz rayon Külüs K.İ.Ndə nikaha daxil olmuşdur. Bu səbəbdən də nikah qeydiyyatından qabaq doğulduğundan doğum akt qeydi tək ana ərizəsi əsasında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktının qeydində dəyişiklik, bərpa və ya ləğv qaydalarını müəyyən edən müddəalar"a əsasən vətəndaşın akt qeydində düzəliş edilməsi sadəcə səlahiyyətləri daxilində mümkündür. X22 öz atalığını vermədiyi üçün, doğum akt qeydində ata qrafası boş olaraq saxlanıldığı üçün vətəndaşın doğum akt qeydində ata qrafasına şöbə tərəfindən düzəliş edilməsi Azərbaycan Respublikasının qanunlarına ziddir. Bununla bağlı məhkəməyə müraciət edilməsi bildirilmişdir. Şahbuz rayonu, Külüs kəndində xx.xx.1961-ci il tarixində anadan olmuşdur, atası X26, anası X13 olmuşdur. Doğum haqqında şəhadətnaməsində ata adı qeyd olunmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etməli olmuşdur. Şahbuz rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində prosesə cəlb olunmuşdur. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə baxışı iclasında ərizəçi X19 izahatında 1961-ci ildə Şahbuz rayon Külüs kəndində doğulduğunu, doxsanıncı illərdə əlifbaya görə doğum sənədinin yeniləndiyi vaxt siyahıda ad soyadının qeyd olunduğunu, lakin ata adının qeyd edilmədiyini, şəxsiyyət vəsiqəsini üç dəfə dəyişdirdiyini, orta məktəbi bitirdikdən sonra, iyirmi beş yaşında və əlli yaşında olarkən şəxsiyyət vəsiqəsi aldığını, ilk şəxsiyyət vəsiqəsini Şahbuz rayonunda digərlərini Naxçıvan şəhərində aldığını, o zamanlar doğum sənədini təqdim edərkən ata adının şəhadətnamədə olduğunu lakin indi itirdiyini, iki il əvvəl yeni doğum sənədi aldığını lakin ata adanın qeyd olunmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid X14 ifadəsində Ərizəçi ilə bacı olduğunu, ümumilikdə ailədə səkkiz uşaq olduqlarını, Ərizəçi beşinci uşaq olduğunu, analarının X13 atalarının isə X26 olduğunu, özünün 4 may 1952-ci ildə doğulduğunu, gətirdiyi doğum haqqında şəhadətnamədə də bu tarixin qeyd olunduğunu, iki gün əvvəl doğum günü olduğunu, artıq yetmiş üç yaşının tamam olduğunu, atasının birinci qrup müharibə əlili olduğunu, valideynlərinin nikah kağızının harada olduğunu bilmədiyini, arxivdə ola biləcəyini düşündüyünü, 1973-cü ildən bəri Külüs kəndini tərk etdiyini, o zamandan bəri şəhərdə yaşadığını, müharibə dövründən sonra sənədləşmələrin düzgün aparılmadığını, yoldaşının 1945-ci il təvəllüd olduğunu, doğum haqqında sənədini on bir yaşı olarkən aldığını və doğum tarixini sənədi aldığı ilə qeyd etdiklərini, səkkiz uşağın hər birinin doğum haqqında şəhadətnaməsinin olduğunu, lakin hər kəsin uzun illərdir ayrı-ayrı bölgələrdə yaşadığını, qardaşı X17 1954-cü ildə doğulduğunu, X2 1956-cı ildə doğulduğunu və Bakıda yaşadığını, X9 1958-ci ildə doğulduğunu, X3 1963-cü ildə doğulduğunu lakin vəfat etdiyini, X11 1965-ci ildə doğulduğunu, X4 1968-ci ildə doğulduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında şahid X27 ifadəsində Ərizəçi onun bacısı olduğunu, 1954-cü il təvəllüdlü olduğunu onun doğum sənədində atasının adının qeyd olunduğunu, lakin valideynlərinin evlənmə sənədinin 1963-cü ilə qeyd olunduğu üçün bu səbəbdən uşaqların bəzilərində sənədlərin səhv olduğunu və ata adının qeyd edilmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada maraqlı şəxs Şahbuz rayon Qeydiyyat şöbəsinə məlumat verilmiş, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin maraqlı şəxs məhkəməyə ərizə göndərərək, işlərinin çox olduğunu, iştirakları olmadan işə baxılmasını və müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə izahatı dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: Şahbuz rayon Qeydiyyat şöbəsinin X12 ünvanlanmış 10 fevral 2025-ci il tarixli məktubuna əsasən, sizə Şahbuz rayon Külüs K.İ.N tərəfindən xx.xx.1961-ci il tarixdə doğum akt qeydi tərtib olunarkən ata qrafası boş olaraq saxlanılmışdır. Bu sənədə əsasən şöbəmiz tərəfindən yoxlama aparılmış və aydın olmuşdur ki, vətəndaşın atası deyilən şəxs X26 ilə anası X13 xx.xx.1963-cü il tarixdə Şahbuz rayon Külüs K.İ.N-də nikaha daxil olmuşdur. Bu səbəbdən də siz nikah qeydiyyatından qabaq doğulduğunuzdan doğum akt qeydiniz tək ana ərizəsi əsasında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar"a əsasən vətəndaşın akt qeydinə düzəliş edilməsi sadəcə səlahiyyətimiz daxilində mümkündür. X5 öz atalığını vermədiyi üçün doğum akt qeydində ata qrafası boş olaraq saxlanıldığı üçü vətəndaşın doğum akt qeydində ata qrafasına şöbəmiz tərəfindən düzəliş edilməsi Azərbaycan Respublikasının qanunlara ziddir. Bununla əlaqədar məhkəməyə müraciət edə bilərsiniz. 12 iyul 1981-ci il tarixdə verilmiş Aİ 476168 nömrəli orta təhsil haqqında attestatın və 09 mart 2012-ci il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətinə əsasən, Quliyeva Vəsmənin ata adı Fətulla olaraq göstərilmişdir. 12 sentyabr 2024-cü il tarixdə verilmiş AZ-V 214300 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X20 xx xxxxxx 1961-ci il tarixdə anadan olmuşdur, ata adı qrafası boş saxlanılmış, ana adı X13 göstərilmişdir. AZ-İ 041650 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X28 ilə X20 arasında 20 may 2002-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına “Babayeva” soyadı verilmişdir. Şahbuz rayon Qeydiyyat şöbəsinin 26 fevral 2025-ci il tarixli məktubuna əsasən, vətəndaş X12 Şahbuz rayon Külüs K.İ.N tərəfindən xx.xx.1961-ci il tarixdə doğum haqqında akt qeydi tərtib olunarkən ata qrafası boş olaraq saxlanılmışdır. Bu sənədə əsasən şöbəmiz tərəfindən yoxlama aparılmış və aydın olmuşdur ki, vətəndaşın atası deyilən şəxs X26 ilə anası X13 xx.xx.1963-cü il tarixdə Şahbuz rayon Külüs K.İ.N-də nikaha daxil olmuşdur. Bu səbəbdən də vətəndaşın doğum haqqında akt qeydi ata və ananın nikah qeydiyyatından öncə tərtib olduğundan həmin doğum qeydiyyatı tək ana ərizəsi əsasında aparılmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.5-ci maddəsinə əsasən atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı həmin Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Lakin vətəndaşın doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adı "Fətulla” olaraq yazılsa da ata haqqında məlumat qrafası boş olaraq saxlanılmışdır. Ata Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar"a əsasən vətəndaşın akt qeydinə düzəliş edilməsi sadəcə səlahiyyətimiz daxilində mümkündür. X26 vətəndaşa atalığını vermədiyindən doğum haqqında akt qeydində ata qrafası boş olaraq saxlanıldığı üçün vətəndaşın doğum haqqında akt qeydində ata qrafasına şöbəmiz tərəfindən düzəliş edilməsi Azərbaycan Respublikasının qanunlarına ziddir. Bu səbəbdən də tərəfimizdən vətəndaşa aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. 29 aprel 2025-ci il tarixli çıxarışa əsasən, X26 ilə X13 14 fevral 1963-cü il tarixdə nikah bağlanmışdır. 29 aprel 2025-ci il tarixli çıxarışa əsasən, X20 xx xxxxxx 1961-ci il tarixdə anadan olmuşdur, ata adı qrafası boş saxlanılmış, ana adı X13 göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə izahata və iş materiallarında olan digər sənədlərə mülki-prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərinə uyğun qiymət verərək belə qənaətə gəlir ki, ərizəçinin ərizəsinin əsası kimi göstərdiyi hallar sübuta yetir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.1-ci maddələrinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.5-ci maddələrinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: Birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); İkincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; Üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə səhvlərin düzəldilməsi mümkün olmamalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Bütün bu qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçiyə bu faktının müəyyən edilməsi mərhum həyat yoldaşından qalan miras əmlakı qəbul etməsi üçün lazımdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, ərizəçi X6 xx xxxxxx 1961-ci ildə Şahbuz rayon Külüs kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilərək atasının X26, anasının X13 olması faktı müəyyən edilməlidir, çünki ərizəçinin məhkəməyə təqdim etdiyi hüquq müəyyənedici sənədlərdə onun ata adının Fətulla olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi X6 xx xxxxxx 1961-ci ildə Şahbuz rayon Külüs kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilərək atasının X26, anasının X13 olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar