Məhkəmə qərarları › İş №2(078)-495/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-495/2022

30.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-495/2022 30.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, Ərizəçi və Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə komissiyasının nümayəndəsi X7 iştirakları ilə, Ərizəçi X1n fəaliyyət qabiliyyəti olmayan hesab olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 09 oktyabr 1978-ci ildə Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində doğulmuş ünvan 1 ünvanında yaşayan X1n fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, oğlu X4 09 oktyabr 1978-ci ildə Naxçıvan rayonunun Qaraxanbəyli kəndində doğulmuşdur. Uşaq doğulandan sonra onlar onda hər hansı bir xəstəlik, çatışmamazlıq aşkar etməmişlər. Lakin 2 aydan sonra uşaqda heç bir inkişaf getmədiyindən onlar həkimlərə müraciət etmiş. Sonra isə Bakı şəhərinə aparmış. Orada onlara uşağın beynində inkişaf getmir, belə uşağı saxlamaq onlara çətin olacaq, onu verin uşaq evinə demişlər. Lakin o uşağını uşaq evinə vermək istəməmişdir. Onlar Naxçıvana öz evlərinə qayıtmış, oğlu 1980-ci ildən ömürlük birinci qrup əlildir. Oğlunun görmə qabiliyyəti yoxdur, eşitmir, danışmır. Dəfələrlə qazdan, peçdən yanıb, ancaq hiss etməyib. Onun yeməyini onlar verir. Aclığını, toxluğunu bilmir. Paltarlarını onlar geyindirir, onlar soyundurur, yatağa onlar uzadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 12 may 2022-ci il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına X1n sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan verib-verməməsinin araşdırılması ilə bağlı sual qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 08 iyun 2022-ci il tarixli 41 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, X1n sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Bunu nəzərə alan məhkəmə X1 məhkəmə iclaslarına dəvət etməmiş və dindirməmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi izahatında oğlu X1n 09 oktyabr 1978-ci ildə Naxçıvan rayonunun Qaraxanbəyli kəndində doğulduğunu, uşaq doğulandan sonra onların onda hər hansı bir xəstəlik, çatışmamazlıq aşkar etmədiyini, lakin 2 aydan sonra uşaqda heç bir inkişaf getmədiyindən onların həkimlərə müraciət etdiklərini, sonra isə Bakı şəhərinə apardıqlarını, orada onlara uşağın beynində inkişaf getmədiyini, belə uşağı saxlamağın onlara çətin olacağını, onu uşaq evinə verməklərini dediklərini, lakin onun uşağını uşaq evinə vermək istəmədiyini, onların Naxçıvana öz evlərinə qayıtdıqlarını, oğlunun 1980-ci ildən ömürlük birinci qrup əlil olduğunu, oğlunun görmə, eşitmə, danışma qabiliyyətinin olmadığını, dəfələrlə qazdan, peçdən yandığını, ancaq hiss etmədiyini, onun yeməyini onların verdiyini, aclığı, toxluğu bilmədiyini, paltarlarını onların geyindirdiklərini, onun bütün ehtiyaclarını ərizəçinin özünün qarşıladığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X9 məhkəmə iclasında verdiyi izahatında mülki işlə əlaqədar olaraq komissiyanın nümayəndələrinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs xx.xx.1978-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş X1n yaşadığı ünvan 2 ünvanında yerləşən evdə olaraq onun həyat şəraitini müayinə etdiklərini, müayinə zamanı inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən və qonşulardan alınan məlumata görə X1n ailəsi və cəmiyyət üçün heç bir təhlükə törətmədiyini, araşdırma nəticəsində X1n anadangəlmə xəstə olduğunu, öz ehtiyaclarını ödəyə bilməməsi, onun İ qrup əlil olması, komissiyanın X1n fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmamasını müəyyən etdiyini qeyd etdi. Mülki iş materiallarını tədqiq edən məhkəmə müəyyən edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş X1n xx.xx.1978-ci il tarixdə Naxçıvan rayonu Qaraxanbəyli kəndində anadan olması, onun hazırda ünvan 2 ünvanında yaşaması, Ərizəçi X1n anası olması, X1n birinci qrup əlil kimi sosial müavinət alması, onun Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 qeydiyyatda dayanması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iş materiallarına əlavə edilmiş Naxçıvan rayonu, Cavidabad kənd XDSİ Komitəsi tərəfindən 14 noyabr 1978 -ci il tarixdə verilmiş V-ЖГ seriyalı, 352227 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X1n xx.xx.1978-ci il tarixdə Naxçıvan şəhərində anadan olması, atasının X12, anasının isə X10 olması; - iş materiallarına əlavə edilmiş Naxçıvan rayonu, Cavidabad kənd XDSİ Komitəsi tərəfindən 06 oktyabr 1977-ci il tarixdə verilmiş İ-ЖГ seriyalı, 331075 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X12 ilə Ərizəçi arasında 06 oktyabr 1977-ci il tarixdə nikah bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 34 nömrə ilə qeyd edilməsi və nikah bağlanması zamanı ərizəçinin özünə “Mehdiyeva” soyadını seçməsi; -İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər ƏSMM tərəfindən verilmiş 10 iyun 2014-cü il tarixli, 036910 nömrəli əlillik vəsiqəsinin təsdiq edilmiş surətindən X1n birinci qrup əlil olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X5 tərəfindən verilmiş 06 aprel 2022-ci il tarixli, 192 nömrəli məktubdan xx.xx.1978-ci il təvəllüdlü X1n xx.xx.1994-cü il tarixdən “anadangəlmə əqli zəiflik, İdiotiya səviyyəsində, Fiziki inkişafdan geri qalma. Epileptik tutmalarla” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X3 qeydiyyatda olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər İcra hakimiyyətinin 1 saylı Mənzil- İstismar İdarəsi tərəfindən 05 aprel 2022-ci il tarixdə verilmiş 7750 nömrəli arayışdan və Elektorn Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqsəi məlumatlarından X1n ünvan 2 ünvanında qeydiyyatda olması aydın olur. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etməsinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması isə xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmənin hazırlıq iclasında bunun müəyyən olunması üçün 12 may 2022-ci il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 ambulator məhkəmə-psixiatriya ekspertizasının xx.xx.2022-ci il tarixli 41 saylı ekspert rəyində qeyd olunur ki, X4 “Anadangəlmə əqli zəiflik. İdiotiya səviyyəsində” xəstəliyindən əziyyət çəkir. X4 öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil. Onun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1n anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X1n əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin və Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin izahatları ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X4 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; - xx.xx.1978-ci il tarixdə Naxçıvan rayonu Qaraxanbəyli kəndində anadan olan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; -Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1978-ci il tarixdə Naxçıvan rayonu Qaraxanbəyli kəndində anadan olan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar