Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-559/2024 02.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi Ərizəçinin vəkili və nümayəndəsi Vəkil və Maraqlı şəxs iştirakları ilə Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və yaşayış məntəqələrinin torpaqlarından ibarət miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Mülki Prosessual Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə Ərizəçi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəçinin iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs qismində cəlb edilmiş X8, X5, X6 və X4 təyin edilmiş mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə teleqramlar göndərmişlər. X8 09 aprel 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda 18 aprel 2024-cü il tarixə saat 09:30-a təyin olunmuş Naxçıvan Şəhər Məhkəməsində iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan keçirilməsini, mərhum həyat yoldaşı, X1 mirasını qəbul etmədiyini və qəbul etməyəcəyini, mirasın oğlu, Ərizəçi adına keçirilməsinə razı olduğunu, onun tərəfindən mirasın qəbul olunmasına heç bir etirazı olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. X5 09 aprel 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəməsində iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan keçirilməsini, atası məhrum X1 ölümündən sonra onun payına düşən mirasını qəbul etmədiyini və qəbul etməyəcəyini, Ərizəçi adına keçirilməsinə onun tərəfindən qəbul olunması faktına heç bir etirazı olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. X6 09 aprel 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda Naxçıvan Şəhər Məhkəməsinin 18 aprel 2024-cü il tarixə saat 09:30-a təyin olunmuş Naxçıvan Şəhər Məhkəməsində iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan keçirilməsini, mərhum atası, X1 ölümündən sonra qalmış mirasını qəbul etmədiyini və qəbul etməyəcəyini, mirasın qardaşı, Ərizəçi adına keçirilməsinə razı olduğunu, onun tərəfindən mirasın qəbul olunmasına etiraz etmədiyini və gələcəkdə də etiraz etməyəcəyini bildirmişdir. X7 15 aprel 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəməsində iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan keçirilməsini, atası məhrum X1 ölümündən sonra onun payına düşən mirası qəbul etmədiyini və qəbul etməyəcəyini, Ərizəçi adına keçirilməsinə onun tərəfindən qəbul olunması faktına heç bir etirazı olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə maraqlı şəxslər X8, X5, X6 və X2 məhkəməyə göndərdikləri teleqramları nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs hazırlıq iclası zamanı məhkəməyə izahat verərək izahatında atasından qalan miras əmlakın atası tərəfindən bölündüyünü, 10 sot torpaq olduğunu, 2.5 sot torpaqda özünün ev tikdiyini, sadəcə həmin hissəni istədiyini, qalan ev, torpaqda marağının olmadığını, həmin hissənin qardaşına keçməsinə etiraz etmədiyini, 2.5 sotda tikdiyi evinin miras əmlaka daxil olduğu üçün mirasa dair tələbinin olduğunu, qalacaq yeri olmadığını, 4 nəfər ailədə orada qeydiyyatda olduqlarını bildirdi. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iş üzrə Maraqlı şəxs məhkəməyə verdiyi izahatından görünür ki, hazırki iş üzrə tərəflər arasında hüquq haqqında mübahisə yarandığı üçün ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.5-ci bəndinə əsasən hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.10-cu maddələrinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 23 fevral 2024-cü il tarixli, 12389 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə verilərkən Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 23 fevral 2024-cü il tarixli, 12389 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-559/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-559/2024
02.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver