Məhkəmə qərarları › İş №2(078)-588/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-588/2023

31.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-588/2023 31.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Vəkil və mütəxəssis X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı istifadə olunmamış əmək məzuniyyəti pulunun verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" İnşaat Şirkəti MMC-dən 01 aprel 2008-ci il tarixdən - 07 yanvar 2023-cü il tarixədək istifadə edə bilmədiyi 15 illik məzuniyyət pulu olan 6000 (altı min) manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, o, 01 aprel 2008-ci il tarixdən 08 yanvar 2013-cü il tarixədək "xxxx" MMC-də usta vəzifəsində və 12 mart 2013-cü il tarixdən 07 yanvar 2023-cü il tarixədək gözətçi işində işləmişdir. Lakin işlədiyi bu 14 il müddətində hər il dəfələrlə məzuniyyətə buraxılmağı ilə bağlı müraciət etmişdir. Ancaq müxtəlif bəhanələrlə ona məzuniyyət hüququndan istifadə etməyinə imkan verilməmişdir. "xxxx" MMC hal-hazırda indi "xxxx" İnşaat Şirkəti MMC kimi fəaliyyət göstərir. O işdən çıxarıldıqdan sonra dəfələrlə şirkətin mühasibatlığından 01 aprel 2008-ci il tarixdən fasiləsiz olaraq 07 yanvar 2023-cü il tarixədək istifadə edə bilmədiyi 14 illik məzuniyyət pulunun hesablanıb verilməsini tələb etsə də bundan imtina olunaraq verilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəfindən Mediasiyaya müraciət edilmiş, lakin heç bir müsbət nəticə alınmadığından məhkəməyə müraciət etməyi tövsivyə olunmuşdur. Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil tərəfindən məhkəməyə göndərilmiş iddiaya etirazda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respubilkasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş 1 (bir) illik iddia müddətini ötürmüşdür. Belə ki, Cavabdeh MMC ilə İddiaçı arasında 01 aprel 2008-ci ildə bağlanılan əmək müqaviləsinə 08 yanvar 2013-cü il tarixində xitam verilmişdir. Daha sonra isə 12 mart 2013-cü il tarixində yenidən əmək müqaviləsi bağlanmış və xx.xx.2023-cü il tarixində isə müqaviləyə xitam verilmişdir. Müqaviləyə xitam verildiyi gün isə iddiaçının son haqq-hesabı aparılmaqla son 4 (dörd) ilin məzuniyyət pulu ödənilmişdir. İddiaçıya edilən ödənişlərin çıxarışının əldə edilməsi üçün "xxxx" ASC-yə (bundan sonra “bank”) yazılı müraciət də ünvanlanmış, lakin müraciət bir qədər gec ünvanlandığından bank tərəfindən lazımi çıxarış hələ təqdim edilməmişdir. Azərbaycan Respubilkasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmçinin, həmin maddənin 3-cü hissəsində qeyd edilmişdir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər (Əmək Məcəlləsi, m. 134.1). Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, cari ildə məzuniyyətinin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir (Əmək Məcəlləsi, m. 134.2). Həmçinin, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir (Əmək Məcəlləsi, m. 135.2). Göründüyü kimi, İddiaçı cari iş ili üçün məzuniyyətini istilada etmədiyi təqdirdə, ya tərəflər arasında həmin məzuniyyətin başqa bir vaxta keçirilməsi qarşılıqlı olaraq razılaşdırılmalı, yaxud da istifadə edilməmiş əmək məzuniyyətinə görə müvafiq kompensasiya ödənilməli idi. Qanunvericiliyə əsasən müəyyən olunmuş qayda isə ondan ibarətdir ki, məhz cari iş ilinin sonunda bu hərəkətlərdən hər hansı biri yerinə yetirilməli və müvafiq qaydada sənədləşdirilməli idi. Tərəflər arasında cari iş ilinin istifadə edilməmiş məzuniyyətinin növbəti ilə ötürülməsi barədə razılıq əldə edilməmiş və iddiaçının bu barədə hər hansı bir təşəbbüsü olmamışdır. Həmçinin, ötən illər ərzində hər ilin sonunda istifadə edilməmiş məzuniyyət əvəzinə kompensasiya ödənilməsi də həyata keçirilməmişdir. İstifadə edilməmiş əmək məzuniyyətinin ötürülməsi ilə bağlı sənədləşdirmə qaydalarının pozulmasına baxmayaraq, iddiaçı bununla əlaqədar etirazını bildirməmiş və ötən illər ərzində kompensasiyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. Hər iş ilinin istifadə edilməmiş məzuniyyəti üçün pul əvəzinin ödənilməsi və ya həmin məzuniyyət günlərinin növbəti ilə ötürülməsinin razılaşdırılması həmin iş ilinin sonunda həyata keçirilməli olduğundan, il sonunda bu hərəkətlərin edilməməsi məzuniyyətlə bağlı müddəaların pozulması hesab edilir. Belə olan halda, növbəti ilə keçdikdə artıq iddiaçının məzuniyyət əvəzinə kompensasiya ödənişinin həyata keçirilməsi tələbi üçün iddia müddətinin axımı başlamış olur. Yəni, iddiaçı 2008-ci ilin istifadə edilməmiş məzuniyyətinin əvəzinə kompensasiyanı 2009-cu ildən etibarən tələb etməli idi, çünki hər iş ilinin məzuniyyəti ilə bağlı məsələlər həmin il sonuna qədər həll edilməlidir və həll edilmədiyi təqdirdə, növbəti ildən etibarən 1 illik iddia müddətinin axımı başlayır. Nəticə etibari ilə iddiaçı 2008-ci ilin istifadə edilməmiş məzuniyyətinin əvəzinə kompensasiyanı 2009-cu ilin sonunadək, 2009-cu ilin istifadə edilməmiş məzuniyyətinin əvəzinə kompensasiyanı 2010-cu ilin sonuna qədər tələb etməli idi. Hər növbəti ilin məzuniyyət pulunun tələbi üçün iddia müddətinin hesablanması eyni qaydada həyata keçirilir. Belə olduğu halda, 2021-ci ilin məzuniyyət pulu tələbi üçün iddia müddətinin axımı da 2022-ci ilin sonunda bitmişdir. Hər iş ili üçün əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin, yəni məzuniyyətlə bağlı müddəaların işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən pozulması faktı iddiaçıya aydın olduğundan Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsindəki 1 (bir) illik iddia müddəti 2008-2021-ci illərə münasibətdə ötürülmüşdür. Bu səbəbdən, iddiaçı yalnızca son iş ili üçün istifadə edilməmiş məzuniyyətə görə kompensasiya tələb edə bilər ki, 2022-ci il üzrə, hətta 2019-2022-ci illər üzrə istifadə edilməmiş məzuniyyət üçün kompensasiya iddiaçıya ödənilmişdir. Əmək Məcəlləsinin 144.2-ci maddəsində qeyd edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Lakin bu müddəa işçinin işdən çıxdığı gün bütün əvvəlki illərin məzuniyyət pulunu əldə edə biləcəyi mənasına gəlmir. Belə ki, Əmək Məcəlləsinin 135.2-ci maddəsi məzuniyyət pulunun ödənilməsini yalnızca tərəflərin razılığı nəticəsində növbəti iş ilinə keçirilən məzuniyyətin istifadə edilməməsi ilə şərtləndirir və müəyyən olunmuş kompensasiyanın müvafiq iş ilinin sonunda ödənilməsini nəzərdə tutur. Əmək Məcəlləsinin 144.2-ci maddəsində qeyd olunan "hər hansı şərt və ya məhdudiyyət qoyulmadan” ifadəsi yalnızca qanunvericiliyə uyğun qaydada sənədləşdirilən məzuniyyətə münasibətdə keçərli olmaqla, 1 illik iddia müddətinin tətbiqini istisna etmir. Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər ki, qanunvericilikdə nəzərdə tutulmuş belə məhdudiyyətlərdən biri də iddia müddətidir. Hüquqi müəyyənliyin və qətiliyin təmin edilməsi, cavabdehin “köhnəlmiş'’ tələblərdən müdafiə edilməsi və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısının alınması məqsədi ilə iddia müddətinin tətbiq edilməsi zəruridir (AR Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin AR Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair KM-nin plenum qərarı. xx.xx.2023). Azərbaycan Respubilkası Mülki Məcəlləsinin 375.2-ci maddəsində qeyd olunur ki, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunanları və Azərbaycan Respubilkası MPM-nin 154-cü maddəsini əsas tutaraq iddaçı İddiaçı Cavabdeh MMC-yə qarşı istifadə olunmamış əmək məzuniyyəti pulunun verilməsi tələbinə dair 2(078)- 588/2023 nömrəli mülki iş üzrə iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında iddiaçı tərəfindən ona 15 mart 2023-cü il tarixdə 1185.26 (min yüz səksən beş manat iyirmi altı qəpik) manat məbləğində pul ödənildiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə məhkəmə iclaslarında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil izahatında iddiaya etiraz ərizəsində hər şeyi göstərdiklərini, həmin halların nəzərə alınmasını istədiyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə məhkəmə iclasında mütəxəssis X3 İddiaçı əsas məzuniyyət günləri 2008-2023-cü illər üçün 308 təqvim günü və hər gününə 14.68 manat olmaqla, ümumilikdə 4521.44 (dörd min beş yüz iyirmi bir manat qırx dörd qəpik) manat məbləğində istifadə edilməmiş əsas məzuniyyət günlərinin pul əvəzi müəyyən edildiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı məxsus əmək kitabçasının təsdiq olunmuş surətindən İddiaçı: -01 aprel 2008-ci il tarixli, 08 nömrəli əmrlə həmin tarixdən bağlanmış əmək müqaviləsi əsas tutularaq "xxxx" MMC-yə usta vəzifəsinə qəbul edilməsi; -08 yanvar 2013-cü il tarixli, 02 nömrəli əmrlə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndi əsas tutulub əmək müqaviləsinə xitam verilərək, öz ərizəsi əsasında işdən azad edilməsi; -12 mart 2013-cü il tarixli, 46 nömrəli əmrlə həmin tarixdən bağlanmış əmək müqaviləsi əsas tutularaq "xxxx" MMC-yə gözətçi qəbul edilməsi; -07 yanvar 2023-cü il tarixli, 3 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2ç bəndinə əsasən işlərin və xidmətlərin azalması nəzərə alınaraq, bağlanılmış əmək müqaviləsinə xitam verilməsi aydın olur. İş materiallarında olan Cavabdeh MMC-nin 01 aprel 2008-ci il tarixli, 27 saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı 01 aprel 2008-ci il tarixindən "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsi əsasında usta vəzifəsinə qəbul edilməsi və əmək haqqısının əmək müqaviləsinə əsasən ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 10 may 2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan aydın olur ki, işçinin son haqq-hesabı kimi İddiaçı hesabına 1.185,26 (min yüz səksən beş manat iyirmi altı qəpik) manat köçürülmüşdür. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli arayışdan aydın olur ki, İddiaçı son bir ildə hesablanan əmək haqqısı hər ay üçün 446.24 (dörd yüz qırx altı manat iyirmi dörd qəpik) manat olmaqla bir il üçün 5354.91 (beş min üç yüz əlli dörd manat doxsan bir qəpik) manat, əmək haqqından tutqular hər ay üçün 46.24 (qırx altı manat iyirmi dörd qəpik) manat olmaqla bir il üçün 554.91 (beş yüz əlli dörd manat doxsan bir qəpik) manat, verilən məbləğ isə hər ay 400 (dörd yüz) manat olmaqla bir il üçün 4800 (dörd min səkkiz yüz) manat təşkil etmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin direktorunun müvafiq əmri ilə İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qeydin xx.xx.2023-cü il tarixdə elektron informasiya sisteminə daxil edilməsi aydın olur. İş materiallarında olan 31 avqust 2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı əsas məzuniyyət günləri 2008-2023-cü illər üçün 308 təqvim günü və hər gününə 14.68 manat olmaqla, ümumilikdə 4521.44 (dörd min beş yüz iyirmi bir manat qırx dörd qəpik) manat məbləğində istifadə edilməmiş əsas məzuniyyət günlərinin pul əvəzi müəyyən olunmalıdır. Məhkəmə ilkin olaraq iddiaçının 01 aprel 2008-ci il tarixdən 08 yanvar 2013-cü il tarixədək olan müddətdə işlədiyi illər üçün məzuniyyət pulunun hesablanıb ona verilməsi ilə bağlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hisəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən –iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz göndərilərək iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını nəzərə alaraq cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini iddiaçının 01 aprel 2008-ci il tarixdən 08 yanvar 2013-cü il tarixədək olan müddətdə işlədiyi illər üçün məzuniyyət pulunun hesablanıb ona verilməsi ilə bağlı hissəsində əsaslı sayır və belə nəticəyə gəlir ki, həmin illərə dair məzuniyyət pulunun hesablanıb verilməsi ilə bağlı tələbə iddia müddəti təbiq edilməlidir. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 01 aprel 2008-ci il tarixdən 08 yanvar 2013-cü il tarixədək cavabdeh təşkilatda usta vəzifəsində işləmiş, onunla bağlanan əmək müqaviləsinə 08 yanvar 2013-cü ildə xitam verilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilərkən iddiaçıya işlədiyi illər üçün ödənilməmiş məzuniyyət pulu verilməsə də, iddiaçı onunla bağlanan əmək müqaviləsinə xitam verildiyini təsdiqləyən sənədlər ona təqdim edildiyi, ona ödənilməmiş məzuniyyət pulunun ona verilməməsinə baxmayaraq hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il müddətində qeyd olunan məzuniyyət pulunun ödənilməsi üçün müraciət etməmiş, bununla da hüququnun bərpası üçün vacib olan iddia müddətini buraxmışdır. Məhkəmə araşdırması zamanı da iddiaçının qeyd olunan illərə dair məzuniyyət pulunun ödənilməsi üçün müraciət etməli olduğu müddətin qanunvericilikdə göstərilən hər hansı bir üzürlü səbəbdən (AR Əmək Məcəlləsi 296-cı maddəsinin 6-cı hissəsində göstərilən səbəblər) buraxılması aşkarlanmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Həmin Qərarda həmçinin qeyd olunur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququ vardır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərə əsasən belə qənaətə gəlir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının işlədiyi müddətdə məzuniyyət hüququ təmin edilməməklə, həmçinin iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən ona işlədiyi illər üçün istifadə etmədiyi məzuniyyət günləri üçün pul hesablanılaraq verilməli olduğu halda verilməməklə iddiaçının subyektiv hüququ pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbi 01 aprel 2008-ci il tarixdən 08 yanvar 2013-cü il tarixədək olan müddətdə işlədiyi illər üçün məzuniyyət pulunun hesablanıb ona verilməsinə dair hissədə iddia müddəti keçdiyindən rədd edilməlidir. Məhkəmə iddiaçının iddia tələbinin 12 mart 2013-cü il tarixdən 07 yanvar 2023-cü il tarixədək olan müddətdə işlədiyi illər üçün məzuniyyət pulunun hesablanıb ona verilməsi ilə bağlı hissəsinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz göndərilərək iddiaçının bütün tələbi üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin 12 mart 2013-cü il tarixdən 07 yanvar 2023-cü il tarixədək olan müddətdə işlədiyi illər üçün məzuniyyət pulunun hesablanıb ona verilməsinə dair hissəsinə münasibət bildirilməzdən öncə ilkin olaraq cavabdeh təşkilatın iddia tələbinin həmin hissəsinə münasibətdə iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Qeyd olunan qanunvericilik normalarından həmçinin yuxarıda göstərilən Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinin tələbindən də göründüyü kimi iddiaçı 12 mart 2013-cü il tarixdən 07 yanvar 2023-cü il tarixədək olan müddətdə məzuniyyət pulun hesablanıb ödənilməsi üçün məhkəməyə müraciət edərkən iddia müddətini buraxmamışdır. Belə ki, cavabdeh təşkilat tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən iddiaçıya 12 mart 2013-cü il tarixdən 07 yanvar 2023-cü il tarixədək işlədiyi bütün müddət üçün məzuniyyət pulu hesablanıb verilməli olduğu halda verilməmiş, iddiaçı isə qeyd olunan hüququnun bərpası üçün 1 illik iddia müddətini buraxmadan məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçının iddia tələbinin 12 mart 2013-cü il tarixdən 07 yanvar 2023-cü il tarixədək olan müddətdə işlədiyi illər üçün məzuniyyət pulunun hesablanıb ona verilməsinə dair hissəsinə münasibətdə iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı madəsinə əsasən, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımlar atacaqlar. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. AR Əmək Məcələsinin 110.1-ci maddəsinə görə işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. AR Əmək Məcələsinin 114.2-ci maddəsinə görə işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. AR Əmək Məcələsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkəndə tətbiq edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən onun 12 mart 2013-cü il tarixdən 07 yanvar 2023-cü il tarixədək olan müddətdə işlədiyi illər üçün məzuniyyət pulunun hesablanıb verilməli olduğu halda qeyd olunan məzuniyyət pulu verilmədiyindən iddiaçının həmin illərə dair hissədə məzuniyyət pulunun ödənilməsi barədə tələbi təmin edilməlidir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, iddiaçının cavabdeh təşkilatda işlədiyi 10 il müddətdə (12 mart 2013-cü il tarixdən 07 yanvar 2023-cü il tarixədək) iddiaçının 210 gün məzuniyyət hüququ yaranmışdır. Məhkəməyə təqdim olunan mütəxəssis rəyində isə hər məzuniyyət gününə 14.68 (on dörd manat altmış səkkiz qəpik) manat məbləğində pul ödənilməli olması nəzərdə tutulduğundan iddiaçıya qeyd olunan 10 il müddət üçün nəzərdə tutulmuş 210 gün müddətə cavabdeh tərəfindən 3082.8 (üç min səksən iki manat səksən qəpik) manat məbləğində pul ödənilməli idi. Aparılan məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçıya 15 mart 2023-cü il tarixdə 1185.26 (min yüz səksən beş manat iyirmi altı qəpik) manat məbləğində pul ödənildiyi müəyyən edilmişdir. Ona görə də cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 1185.26 (min yüz səksən beş manat iyirmi altı qəpik) manat məbləğində pul nəzərə alınmalı və cavabdehin iddiaçıya ödəməli olduğu məbləğin yəni 3082.8 (üç min səksən iki manat səksən qəpik) manat məbləğində pulun qalan hissəsi yəni 1897.54 (min səkkiz yüz doxsan yeddi manat əlli dörd qəpik) manat məbləğində pul iddiaçıya ödənilməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti 1000 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 25.30 (iyirmi beş manat otuz qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin edilməli; -1897.54 (min səkkiz yüz doxsan yeddi manat əlli dörd qəpik) manat məbləğində pul Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməli; - Cavabdeh MMC-dən 25.30 (iyirmi beş manat otuz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməli; -iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 1897.54 (min səkkiz yüz doxsan yeddi manat əlli dörd qəpik) manat məbləğində pul Cavabdeh MMC-dən alınaraq İddiaçı verilsin. Cavabdeh MMC-dən 25.30 (iyirmi beş manat otuz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar