Məhkəmə qərarları › İş №2(078)-619/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-619/2024

21.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-619/2024 21.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs3 iştirakı ilə, Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X2 miras qalmış Naxçıvan şəhəri B.Abbasov küçəsi döngə 4-də olan 11B nömrəli fərdi yaşayış evindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs1, Kərimova (Əhmədova) Gülnaz Abbasəli qızı, Maraqlı şəxs3 və Maraqlı şəxs4 maraqlı şəxs qismində prosesə cəlb olunmuşdur. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, Naxçıvan şəhəri, B.Abbasov küçəsi, döngə 4-də olan 0.0324 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 11B nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə mərhum həyat yoldaşı X3 adına daşınmaz əmlakın dövlət reyestrində 18/18 nömrəli reyestr kitabının 3389 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mərhum həyat yoldaşı Kərimov Abbasəli oğlu xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm akt qeydləri kitabında 2013-ci ilin sentyabr ayının 10-da 257 nömrə ilə qeyd edilmişdir. X5 şəhəri, B.Abbasov küçəsi, döngə 4-də olan 11B nömrəli fərdi yaşayış evi miras olaraq qalmışdır. Qızlarının ikisi 2014-cü ildən ailə qurub evdən ayrılıblar. Həyətin 1 hissəsini yoldaşının sağlığında oğluna qanuni pay veriblər. Oğlu da ev tikib hazırda həmin evdə yaşayır. Özü isə ayrı, tək qalır. 3 qızı və 1 oğlu var. Onlar da mirası qəbul etməyinə razıdırlar. Ərizəçi qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən Maraqlı şəxs3 izahatında bildirmişdir ki, atası öldükdən sonra anası həmin evdə yaşayır. Bununla heç bir mübahisələri yoxdur. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı izahat verən Maraqlı şəxs4 izahatında bildirmişdir ki, atası öldükdən sonra anası həmin evdə yaşayır Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər maraqlı şəxslər Maraqlı şəxs1, Kərimova (Əhmədova) Gülnaz Abbasəli qızına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin maraqlı şəxslər məhkəmənin ünvanına teleqram göndərərək Bakı şəhərində yaşadığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə digər maraqlı şəxslər Maraqlı şəxs1, Kərimova (Əhmədova) Gülnaz Abbasəli qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X9 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur. Gövhər xanım 40 ildir həmin evdə yaşayır. Həyat yoldaşı öldükdən sonra da orada yaşayıb. Məhkəmə baxışı iclasında şahid X6 ifadəsində bildirmişdir ki, ərizəçi ilə qonşudur. Ərizəçinin həyat yoldaşı rəhmətə getdikdən sonra ancaq Gövhər xanım həmin evdə yaşayıb. Hazırda da özü yaşayır. Övladları ailə qurub ayrılmışdır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib ərizəçinin, maraqlı şəxslərin izahatını, maraqlı şəxslərin teleqramını, şahidlərin ifadəsini, işin bütün hallarını nəzərə alıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.1985-ci il tarixdə Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, X8 ilə Hüseynova (Kərimova) Gövhər Fərman qızı arasında həmin tarixdə nikah bağlamış və bu barədə 413 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1986-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Maraqlı şəxs1 xx.xx.1986-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur, atası X8, anası Ərizəçidır. İş materiallarında olan Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1987-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X4 xx.xx.1987-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur, atası X8, anası Ərizəçidır. İş materiallarında olan Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Maraqlı şəxs3 xx.xx.1991-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur, atası X8, anası Ərizəçidır. İş materiallarında olan Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X8 xx.xx.2013-cü ildə kəskin ürək çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə xx.xx.2013-cü il tarixdə 257 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 112 nömrəli arayışdan aydın olur ki, ünvan 2 ünvanında yaşamış mərhum X3 müəyyən edilən vərəsələri aşağıdaklardır:

1. Ərizəçi -həyat yoldaşı-1961;

2. Maraqlı şəxs1-qızı-1986;

3. X4-qızı-1987;

4. Maraqlı şəxs3-qızı-1991;

5. Maraqlı şəxs4 -oğlu-1982. Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Naxçıvan şəhər B.Abbasov küçəsi, döngə 4-də mülkiyyətdə olan 0.0324 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 49.30 kv.m yaşayış, --kv.m qeyri yaşayış, --- kv.m köməkçi sahədən ibarət 11B nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində 18/18 nömrəli reyestr kitabının 3389 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 154 nömrəli arayışından aydın olur ki, Kərimova X7 şəhəri, B.Abbasov döngə 4, ev 11 ünvanında yaşayır. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlaşılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur:

1. Miras əmlaka sahiblik etmək üsulu.

2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin tələbinə əsasən mirasın qəbul edilməsi faktı və vərəsəliyin açılma yeri məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə belə hesab edir ki, mərhum X3 vəfatından sonra ondan qalmış ünvan 4 ünvanında yerləşən miras əmlak Ərizəçi tərəfindən qəbul etmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, mərhum X3 vəfatından sonra ondan qalan miras əmlakı Ərizəçi faktiki qəbul edərək yaşayır. Bu hal ərizəçinin izahatı ilə yanaşı, maraqlı şəxslərin izahatı, şahidlərin ifadəsi və iş materiallarında olan digər sənədlərlə təsdiqini tapmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilən hüquqi mövqeyə uyğun olaraq Ərizəçi miras əmlakda yaşaması vərəsə tərəfindən mirasın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsinə dəlalət edir. Hazırki tələbi üzrə vərəsə Ərizəçi həyat yoldaşının vəfatından sonra həmin mənzilin idarəçiliyini həyata keçirmişdir. Ərizəçinin vəkili və nümayəndəsinin izahatından da məlum olmuşdur ki, ərizəçi qanunla müəyyən olunmuş müddətdə notariat orqanına müraciət etmədiyi üçün notariat orqanı tərəfindən vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçinin izahatından məlum olmuşdur ki, bu faktın təsdiqi qeyd edilən əmlaka hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazımdır. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X1 miras qalan ünvan 4 ünvanında yerləşən əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi: Ərizə təmin edilsin. X1 qalan Naxçıvan şəhər B.Abbasov küçəsi, döngə 4-də mülkiyyətdə olan 0.0324 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 49.30 kv.m yaşayış, --- kv.m qeyri yaşayış, --- kv.m köməkçi sahədən ibarət 11B nömrəli fərdi yaşayış evindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar