Məhkəmə qərarları › İş №2(078)-62/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-62/2023

03.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-62/2023 03.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı payın kompensasiyası tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək paylı mülkiyyətdə olan Şahbuz rayon Kükü kəndində yerləşən 0.3871 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87.26 m2 olan fərdi yaşayış evinin kompensasiya olunaraq mərhum X3nun vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 kompensasiya olaraq 10000 (on min) manat, mərhum X1 yeganə vərəsəsi oğlu Cavabdeh6 10000 (on min) manat pul vəsaitinin kompensasiya şəklində alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Şahbuz rayon Kükü kəndində 0.3871 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87.26 m2 olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə onun, X3nun və X1 mülkiyyətində olmaqla və bu barədə Naxçıvan MR DƏTM üzrə DX-də 13 iyul 2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. Həmin əmlakda onun payı 5/7 hissə, X3nun payı 1/7 hissə, X1 payı isə 1/7 hissə təşkil edir. X3 15 iyul 2015-ci il tarixdə, bacısı X8 isə 19 aprel 2014-cü il tarixdə vəfat etmişlər. X11 vərəsələri həyat yoldaşı Cavabdeh1, oğlu Cavabdeh2, oğlu Cavabdeh3, qızı Cavabdeh4, qızı Cavabdeh5 adlı vərəsələri vardır. X1 yeganə vərəsəsi oğlu Cavabdeh6dur. Aralarında mübahisələr, narazıçılıqlar olduğu üçün payının naturada ayrılması ilə bağlı Şahbuz rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Şahbuz rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli 2(090)-8/2022 nömrəli qətnaməsi ilə paylı mülkiyyətdə olan Şahbuz rayon Kükü kəndində yerləşən 0.3871 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87.26 m2 olan fərdi yaşayış evindən payının 5/7 hissədə ayrılması barədə iddia tələbi rədd edilmişdir. xx.xx.2022-ci il tarixdə Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası Cavabdeh2 Şahbuz rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxmış, apellyasiya şikayəti təmin olunmamışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh5 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə Cavabdeh1 və Cavabdeh5 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh4 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək xəstə olmağı ilə əlaqədar olaraq məhkəmə prosesində iştirak edə bilməyəcəyini, anası Cavabdeh1 verdiyi qərarın onun üçün keçərli olduğunu qeyd etmişdir. Qeyd olunan ərizəni nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla Cavabdeh4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 03 iyul 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh6 və Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehlər Cavabdeh6 və Cavabdeh2 iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında iddianı qəbul etmədiyini, mübahisəli evin onlara ataları X6 miras qaldığını, qonşuların ondan evi niyə satdıqlarını soruşduğunu ondan xəbərsiz evi 85000 manata satışa qoyulduğunu, həmin daşınmaz əmlakın satılmasını istəmədiyini, onun payına düşən hissədə torpaq sahəsinin verilməsini istədiyini, hər şeyin maddiyyatdan ibarət olmadığını, atasının məzarının həmin kənddə olduğunu, evindən ayrı düşmək istəmədiyini, iddiaçıya pul vermək istəmədiyini, onların razılığı olmadan heç kəsin onlara məxsus olan paydan onları məhrum edə bilməyəcəyini, evin dəyərinin çox aşağı həddə müəyyən edildiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında izahat verən Cavabdeh2 Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilən qiymətləndirmə rəyində qeyd olunan 25000 manat məbləğin evin dəyərindən aşağı olduğunu, bununla razı olmadığını, iddiaçıya pul verməyə razı olmadığını, evin satılmasına da razı olmayacağını, evin naturada hər kəsin payına uyğun bölünməli olduğunu bildirmişdir. 28 noyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh6 izahatında qanunun göstərdiyi qaydada məsələnin həll edilməsini istədiyini, payın dəyərini ödəməyə maddi imkanının çatmadığını bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, Şahbuz rayon Kükü kəndində yerləşən 0.3871 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87.26 m2 olan fərdi yaşayış evinin 5/7 hissəsinin İddiaçı, 1/7 hissəsinin X7 qalan 1/7 hissəsinin X4 mülkiyyətində olması, qeyd olunan daşınmaz əmlakda olan payların naturada bölünməsinin mümkün olmaması işin mübahisəsiz hallarıdır. Həmin halların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan Şahbuz rayon Kükü kəndində yerləşən 0.3871 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87.26 m2 olan fərdi yaşayış evinin 5/7 hissəsinin İddiaçı, 1/7 hissəsinin X7 və qalan 1/7 hissəsinin X4 adına daşınmaz əmlakın dövlət reyestrində 22/2 nömrəli reyestr kitabının 333 nömrəli vərəqində qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 497386 nömrəli çıxarışdan X7 xx.xx.2015-ci ildə Naxçıvan şəhərində ürəyin dayanması səbəbi ilə vəfat etməsi və bu barədə xx.xx.2015-ci il tarixdə 560 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 433839 nömrəli çıxarışdan X10 xx.xx.2010-cu ildə Naxçıvan şəhərində qaraciyər çatmamazlığı səbəbi ilə vəfat etməsi və bu barədə xx.xx.2010-cu il tarixdə 41 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 318717 nömrəli çıxarışdan X4 xx.xx.2014-cü ildə Naxçıvan şəhərində kəskin ürək çatmamazlığı səbəbi ilə vəfat etməsi və bu barədə xx.xx.2014-cü il tarixdə 176 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 495452 nömrəli çıxarışdan X15 ilə X4 xx.xx.1975-ci ildə nikahının bağlanması və bu barədə xx.xx.1975-ci il tarixdə 265 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısının 2 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 01/3919 nömrəli arayışından X2 ünvan 1 ünvanında yaşamış olması və onun həyat yoldaşı Cavabdeh1, oğlu Cavabdeh2, oğlu Cavabdeh3, qızı Cavabdeh4, qızı Cavabdeh5 adlı vərəsələrinin olması ; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 440 nömrəli arayışından X4 ünvan 2 ünvanında yaşamış olması və onun oğlu Cavabdeh6 adlı vərəsəsinin olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 25 aprel 2022-ci il tarixli, 2(108)-53/2022 nömrəli qətnaməsindən Şahbuz Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(090)-8/2022 nömrəli qətnaməsi ilə İddiaçı paylı mülkiyyətdə olan Şahbuz rayon, Kükü kəndində yerləşən 0.3871 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87.26 kv.m olan fərdi yaşayış evindən onun 5/7 payının naturada ayrılması barədə iddiasının rədd edilməsi, həmin qətnamədən verilən apelyasiya şikayətinin təmin edilməməsi və qeyd olunan qətnamənin dəyişdirilmədən saxlanılmasının qət edilməsi aydın olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 25 aprel 2022-ci il tarixli, 2(108)- 53/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını tərəflərin nəzərinə çatdırmaqdır. Hazırda iddiaçının Şahbuz rayon Kükü kəndində yerləşən 0.3871 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87.26 m2 olan fərdi yaşayış evi paylı mülkiyyət olduğundan iddiaçının 5/7 hissədə payının dəyərininin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 kompensasiya olaraq 10000 (on min) manat və mərhum X1 yeganə vərəsəsi oğlu Cavabdeh6 10000 (on min) manatın alınıb ona verilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin mübahisəli halının həlli baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 12 aprel 2023-cü il tarixli rəydən görünür ki, Şahbuz rayon Kükü kəndində 0.3871 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87.26 m2 olan fərdi yaşayış evinin 12 aprel 2023-cü il tarixinə bazar dəyəri 25000 (iyirmi beş min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə görə mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3- cü maddəsi). Həmin Qərarda qeyd olunmuşdur ki, Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Həmin qərarda həmçinin göstərilmişdir ki, ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Həmin Qərara əsasən məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göstərilənlərə əsaslanaraq və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, tərəflərin, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin, tərəflər ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlaka sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Həmçinin paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında naturada bölünməsində də razılıq əldə edilməmiş, buna görə də paylı mülkiyyətin naturada bölünməsi üçün məhkəməyə müraciət edilmiş, lakin payın naturada bölünməsi mümkün olmadığından iddia rədd edilmişdir. Məhkəmə iddiaçının payının dəyərinin cavabdehlər tərəfindən ona ödənilməsi (kompensasiya vermək) ilə bağlı qeyd edir ki, iddiaçı, mübahisəli daşınmaz əmlakın paylı mülkiyyətçisi olmaqla, qeyd edilən əmlakın onun mülkiyyətində olan hissəsinin dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçilərinin vərəsələri olan cavabdehlərdən ona ödənilməsini tələb etmişdir. Lakin iddiaçının payının dəyərinin əvəzində digər mülkiyyətçilərin vərəsələri olan cavabdehlərdən kompensasiya tələb etməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak edən Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 iddiaçıya kompensasiya ödəməyə razı olmadıqlarını bildirmiş, digər cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 isə məhkəmə iclaslarında iştirak etməmiş və iddiaçının tələbi ilə bağlı məhkəməyə hər hansı bir münasibət bildirməmişdir. Məhkəmə cavabdehlər Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 iddiaçıya payının əvəzi olaraq kompensasiya ödəməyə razı olmadığını qeyd etməsini, digər cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 tərəfindən bu istiqamətdə hər hansı hərəkətlərin edilməməsini, məhkəmə iclaslarında iştirak etməməklə yanaşı bu məsələ ilə bağlı məhkəməyə münasibət bildirməməsini nəzərə alıb, belə qənaətə gəlir ki, onların kompensasiya vermək imkanı yoxdur və ya onlar kompensasiya vermək istəmir. Yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin Qərarını nəzərə alan məhkəmə hesab edir ki, cavabdehlər iddiaçıya payın əvəzi olaraq kompensasiya ödəmək istəmədiklərindən iddiaçının tələbi təmin edilə bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz manat) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı payın kompensasiyası tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı payın kompensasiyası tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar