Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-639/2022 31.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı Ərizəçi mirasın qəbul edilmə vaxtının (müddətinin) uzadılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Ərizəçi iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mirasın qəbul edilməsi müddətinin uzadılması və ya bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə iddiaçının cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi konkret tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçı tərəfindən məhkəməyə müraciət olunarkən hər bir halda tələb iddia ərizəsində konkret ifadə olunmalıdır. Həmçinin qeyd olunananlardan da göründüyü kimi iddia tələbi iddiaçının öz xeyrinə cavabdehdən istədiyi tələbdir. Hazırki iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddia ərizəsində ərizəçinin tələbi konkret göstərilməmişdir. Belə ki, ərizəçi iddia ərizəsinin xahiş hissəsində mirasın qəbul edilməsi müddətinin uzadılması və ya bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi ərizəçinin konkret tələbinin mirasın qəbul edilməsi müddətinin uzadılması və ya bərpa edilməsi olması onun iddia ərizəsindən müəyyən oluna bilmir. Ərizəçi iddia ərizəsi verərkən tələbini konkret göstərməməklə iddia ərizəsinin qanunvericiliklə müəyyən olunmuş forma və məzmununa əməl etməmişdir. Həmçinin Ərizəçi iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə tərəfindən iddia ərizəsinin icraata qəbul edilməsi zamanı yoxlanılmalı məsələlərdən biri də iddia ərizəsinə əlavə edilməli sənədlərin mövcud olub-olmamasıdır. Belə ki, həmin Məcəllənin 150-ci maddəsində iddia ərizəsinə əlavə edilməli sənədlər qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən bu sənədlərdən biri də dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəddir. Lakin hazırki iş üzrə məhkəməyə ünvanlanmış iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, ərizəçi qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət rüsumunu ödəməmişdir. İddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddələrinə müvafiq olaraq, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qeyd olunan maddələrin tələbindən də göründüyü kimi vərəsələr arasında narazılıq olduqda mirasın qəbulu müddəti məhkəmə tərəfindən uzadılır, əgər vərəsələr arasında narazılıq yoxdursa miras məhkəməyə müraciət edilmədən də qəbul edilə bilər. Ərizəçinin ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, ərizəçi müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün əvvəlcə notariat orqanına müraciət etməli olduğu halda bu tələbə əməl etməmiş, mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barədə qanunla müəyyən edilmiş qaydaya əməl etməmiş və haliyədə də bu qaydanı tətbiq emək imkanı itirilməmişdir. Ərizəçi əvvəlcə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat orqanına müraciət etməli, digər vərəsələr narazı olduğu halda bundan sonra məhkəməyə müraciət etməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin məhkəmə ərizəçinin diqqətinə çatdırır ki, vərəsələr narazı olduğu halda hazırki mübahisəyə xüsusi icraat qaydasında baxıla bilməz, belə olan halda ərizəçi iddia icraatı qaydasında işə baxılması üçün məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi mirasın qəbul edilmə vaxtının (müddətinin) uzadılması tələbinə dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi mirasın qəbul edilmə vaxtının (müddətinin) uzadılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-639/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-639/2022
31.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver