Məhkəmə qərarları › İş №2(078)-641/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-641/2022

01.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-641/2022 01.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi X4, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən və evdən məcburi çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 27 may 2022-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsindən, həmin torpaq sahəsi üzərində olan tikililərdən və yaşayış evindən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı xx.xx.1971-ci il tarixdə atası mərhum Əli Rəcəbovun mülkiyyətində olan ünvan 2 ünvanla Babək rayonu, Qaraçuq kəndi) yerləşən yaşayış evində anadan olmuş və 2017-ci ilin dekabr ayına qədər həmin evdə yaşamışdır. X1 xx.xx.2005-ci il tarixdə, atası X9 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra qeyd edilən yaşayış evində ailə üzvləri ilə birlikdə daimi əsaslarla yaşamağa davam etmiş və miras əmlaka öz əmlakı kimi sahiblik etməyə başlamışdır. Qardaşları Vəli, Kamil və Yunis Rəcəbovlar, habelə bacıları Cavabdeh1 və Tərlan Rəcəbovanın şəxsi yaşayış evləri olmuş və atası vəfat etdikdən sonra da öz evlərində yaşamışlar. Qeyd edilən şəxslər onların ata ocağına ara-sıra qonaq kimi gəlib getmişlər. Atası vəfat etdikdən sonra davamlı olaraq əmək fəaliyyəti ilə məşğul olmaq üçün Türkiyə Respublikasına gedib gəlmiş, xx.xx.2016-cı ildə ailəsi ilə (həyat yoldaşı və oğlu) birlikdə işləmək üçün müvəqqəti olaraq Türkiyə Respublikasına getmiş, bu müddət ərzində qızı Kəmalə qardaşı Vəlinin evində qalmışdır. xx.xx.2017-ci il tarixdə, Türkiyədə olduğu zaman ona bacısı Cavabdeh1, onun həyat yoldaşı Sabir Qurbanov və oğlu Cavabdeh2 tərəfindən qeyd edilən yaşayış evinin qapısının açıldığı və adı çəkilən şəxslərin həmin evə daxil olaraq orada yaşamağa başladıqları məlum olmuşdur. Bu səbəbdən xx.xx.2018-ci il tarixdə Türkiyədən geri qayıtdıqdan sonra onun adı çəkilən yaşayış evində yaşamağı mümkün olmamış və o məcburən qardaşı Vəli Rəcəbovun evində yaşamağa başlamışdır. Bundan sonra bacısı və onun ailəsinin qeyd edilən evdən çıxarılması üçün daxili işlər orqanlarına və icra nümayəndəliyinə müraciətlər etsə də, bu müraciətlər nəticəsiz qalmışdır. Atası vəfat etdikdən sonra mirası faktiki olaraq qəbul etmiş, həmin yaşayış evinə əlavə tikililər tikmiş, müvafiq ödəniş və vergiləri vaxtlı-vaxtında ödəmiş, lakin, vərəsəlik şəhadətnaməsi almalı olduğunu bilmədiyi üçün 2018-ci ilin fevral ayına qədər bunun üçün müraciət etməmiş, qardaşları Vəli, Yunis, bacısı Tərlan, mərhum qardaşı Kamilin həyat yoldaşı və uşaqları mirasdan onlara çatası paydan onun xeyrinə imtina etmişlər. Cavabdeh Ceyran Rəcəbova sonradan mirasın qəbul edilmə vaxtının uzadılması məqsədilə müraciət etsə də bu müraciət təmin edilməmiş, apellyasiya instansiyası da yekun aktı qüvvədə saxlamışdır. Bacısı ilə olan anlaşılmazlıqla əlaqədar olaraq miras əmlakın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmiş, Culfa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(089)-97/2018 saylı qətnaməsi ilə onun ünvan 4 ünvanında yerləşən 0,2032 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş iki otaq və yardımçı tikililərdən ibarət olan fərdi yaşayış evini miras əmlak qismində qəbul etmə faktı müəyyən edilmişdir. Həmin qətnamə əsasında Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli xx.xx.2022-ci il tarixli Çıxarış almışdır. Cavabdehlər isə 2017-ci ildə mirası qəbul etmələri ilə bağlı Naxçıvan şəhər Məhkəməsinə müraciət etsələr də, Naxçıvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(078)-447/2017 nömrəli qətnaməsi ilə iddiaları rədd edilmişdir. Qeyd edilənlərə baxmayaraq, Cavabdeh2 onun mülkiyyət hüquqlarını həyata keçirməyinə mane olur. O, ev və torpağa pay hüquqlarının olduğunu iddia edərək, məhkəmənin qəbul etdiyi qətnaməyə qarşı çıxır, əmlakına ciddi ziyan yetirir. Dəfələrlə polis müdaxilə etsə də, nəticə olaraq o, sadəcə olaraq, bir neçə günlük onun evindən uzaqlaşmış, sonra yenidən zorla onun mülkiyyətində olan əraziyə daxil olmuş və qalmağa səy göstərmişdir. O və ailəsi bir müddət işləmək məqsədi ilə Türkiyə Respublikasına getdiyinə görə evin boş olduğundan istifadə edərək müntəzəm olaraq belə əməllərə yol verir. O, anasını yəni onun bacısı Cavabdeh1 da bu evə gətirərək bir müddət evin yanında yerləşən tikilidə yerləşdirmişdir. Qonşular və kəndin icra nümayəndəliyi də onun törətdiyi əməllərə şahid olmuşlar. Cavabdeh heç bir hüququ olmadan evinin divarını zədələmiş, nəticədə divarda çat əmələ gəlmişdir, evinin taxta döşəməsini kəsmiş, evi qanunsuz olaraq bölmək qərarına gəlmişdir. Ailəsi evə gəldikdə də bu hərəkətlərini törətməyə davam etməkdədir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçıya mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi X4 nümayəndəsi olduğu İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsasən İddiaçı iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. 01 avqust 2022-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi X7 məhkəməyə ərizə təqdim edərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən və evdən məcburi çıxarılma tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini qeyd edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərar verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının nümayəndəsinin iddia ərizəsinin qaytarılması ilə bağlı ərizəsinə baxılaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçının nümayəndəsi X7 tərəfindən məhkəməyə təqdim edilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən və evdən məcburi çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qaldırılarkən iddiaçının nümayəndəsi X7 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2022-ci il tarixli, 27976 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının nümayəndəsi X5 qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən və evdən məcburi çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçının nümayəndəsi X7 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2022ci il tarixli, 27976 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının nümayəndəsi X5 qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar