Məhkəmə qərarları › İş №2(078)-643/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-643/2021

09.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-643/2021 09.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçılar İddiaçı1, Şeyxəliyeva (Nəbiyeva) Xatirə Əkbər qızının, Nəbiyeva Tovuz Habil qızının, iddiaçı X2 vəkili Vəkil, Cavabdeh vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, Şeyxəliyeva (Nəbiyeva) Xatirə Əkbər qızının, İddiaçı3, X2 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsi üzərində olan tikilinin sökülməsi və mülkiyyətlərində olan torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, Şeyxəliyeva (Nəbiyeva) Xatirə Əkbər qızı, İddiaçı3 və X8 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********24 reyestr və ********** qeydiyyat nömrəli çıxarışla onların mülkiyyətində olan və Naxçıvan şəhəri Tumbul kəndində yerləşən 0.1127 kv.metr torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikililərin sökülməsi və Cavabdeh onun mülkiyyətində olan həmin torpaq sahəsindən məcburi çıxarılması barədə məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən İddiaçı1 iddiasını müdafiə edərək izahatında bildirmişdir ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli 29 nömrəli qərarı ilə ona ailə başçısı olmaqla üç nəfər ailə üzvü ilə birlikdə Naxçıvan şəhər Tumbul kəndində 0.11 ha həyətyanı torpaq sahəsi paylı mülkiyyət olaraq istifadələrinə verilmişdir. 1995-ci ildə bacısı qayınatası və qayınanası onu yola vermədiklərilərin həmin torpaq sahəsini Elnurə vermişdir ki, özünə ev tikib yaşasın, lakin gələcəkdə həmin torpaq sahəsinə görə başqa torpaq sahəsi və ya pul verəcəyini demişdir. Elnurə torpaq sahəsində ev tikib yaşamışdır. Ailə üzvləri ilə birlikdə 2003-cü il tarixdə işləmək üçün Türkiyə Respublikasına getmiş, beş il orada qalmışdır. Qayıtdıqda artıq Elnurəndən torpağının pulunu və ya başqa torpaq sahəsi verməsini tələb etsə də, Elnurə razı olmamışdır. Bundan sonra şifahi qaydada məhkəməyə müraciət etmişdir. Hakim onu və bacısını qəbul etdikdən sonra atasından qalan miras torpaqla bağlı sənədlərin araşdırılacağını bildirdiyi üçün artıq məhkəməyə müraciət etməmişdir. 2016-cı ildə yenidən ailə üzvləri ilə birlikdə Türkiyəyə getmişdir. İki il orada işləyib qayıtmışdır. Qayıtdıqdan sonra bacısından torpaq sahəsinin pulunu tələb etsə də bir nəticə alınmamışdır. Qızı Tovuza sənədləşmə aparılması üçün etibarnamə vermişdir və torpaq sahəsinin çıxarışını almışdır. Bundan əvvəl bir dəfə məhkəməyə müraciət etsələr də bəlkə bacısı ilə məsələni öz aralarında həll edə bilərlər deyə ərizə verib işi baxılmamış saxlamışlar. Lakin artıq cavabdehlə heç cür razılığa gələ bilmədiklərini görüb yenidən iddia qaldırmışlar. 2018-ci ildə qızı Tovuzu bacısı ilə danışmaq üçün evə göndərmiş, lakin cavabdeh onu söyüb qovmuşdur. O bilir ki, bacısı həmin torpaqda ev tikibdir. Artıq başqa torpaq və pul tələb etmir. Bacısının tikdiyi evin yerləşdiyi torpaq sahəsini ona verir. Evin sökülməsini istəmir. Lakin qalan torpaq sahəsi onundur və ona verilməlidir. Həyətin aşağısında cavabdehin tikdiyi tövlə də sökülməlidir. Artıq güzəştə getmək fikri yoxdur. Qeyd edilənlərə əsasən iddiasının təmin edilməsi barədə qətnamə qəbul eidlməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iddiaçı, eyni zamanda İddiaçı1 nümayəndəsi X8 iddianı müdafiə edərək izahatında mübahisəli torpaq sahəsinin onun, atasının, qardaşının və anasının mülkiyyətində olduğunu, həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini, onların Türkiyə Respublikasında yaşamasından istifadə edərək cavabdehin torpaq sahəsində özünə ev tikdiyini, dəfələrlə gedib danışsalar da cavabdehin torpaq sahəsindən çıxmadığını, nə də torpaq sahəsinin pulunu vermədiyini, hətta evlərinə getdiyində onu təhqir etdiyini, artıq nə pul, nə də başqa torpaq sahəsi istəmədiklərini, həmin torpaq sahəsini geri tələb etdiklərini, cavabdehin tikdiyi evin sökülməsi və torpaq sahəsindən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçı X2 vəkili Vəkil iddianı müdafiə edərək hüquqlarını müdafiə etdiyi iddiaçı Tovuz Nəbiyevanın iddiasını təsdiqlədiyini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçı Şeyxəliyeva (Nəbiyeva) Xatirə Əkbər qızı iddianı müdafiə edərək izahatında digər iddiaçıların izahatını təsdiq etdiyini bildirib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçı X5 iddianı müdafiə edərək izahatında digər iddiaçıların izahatını təsdiq etdiyini bildirib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında 1995-ci ildə ailə qurduğu evdə olan narazılıqlara görə qardaşı Habilin torpaq sahəsini ona verdiyini, həmin torpaq sahəsində ev tikib yaşamaları üçün torpağı verdiyini, əvəzində bacısı ərinin Habilə 200 ABŞ dolları pul verdiyini, ev tikib yaşamağa başladığını, atası vəfat etdikdən sonra ondan qalan torpaq sahələrini qardaşlarının satdığını, ona nə pay verdiklərini, nə də razılığınım alınmadığını, daha sonra iki dəfə Habilin ondan torpaq sahəsinin pulunu tələb etdiyini, lakin ona borcunun olmadığını bildirdiyini, 2018-ci ildə qardaşı qızı Tovuzun onlara gələrək torpağa görə 30000 (otuz min) pul istədiyini, yoxsa evi sökəcəklərini dediyini, 26 ildir ki, həmin evdə yaşadığını, özünə şərait yaratdığını, həyətin aşağısında tövlə tikdiyini, mal-heyvan saxlayıb dolandığını, hazırki vəziyyətdə kiçik qardaşının həmin kənddə olan 16 sot torpaq sahəsini ona verməsinə, qardaşının isə hazırki torpağı onun adına sənədləşməsinə dair təklif verdiyini, qardaşı Habilin razı olmadığını, zamaından pulunu verib torpağı aldığını, qardaşı olduğuna görə gələcəkdə bir problem yaradacağını fikirləşmədiyini, kimsənin torpağını zəbt etmədiyini, qardaşının özü könüllü şəkildə torpağı ona verdiyini, əgər ev tikmək üçün verirsə necə qaytaracağını tələb etdiyini bilmədiyini göstərib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh vəkili Şükürov Kamil oğlu iddianı müdafiə edərək hüquqlarını müdafiə etdiyi Cavabdeh izahatını təsdiqlədiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən mütəxəssis Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X6 verdiyi izahatında bildirmişdir ki, sözügedən mülki iş üzrə yerləşən torpaq sahəsinə naturada baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən 1127.39 kv.metr torpaq sahəsi (torpağın mülkiyyətə verilməsinə dair JN 299A nömrəli şəhadətnamə əsasında) Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********24 nömrəli reyestrlə İddiaçı1 adına döblət qeydiyyatına alınmışdır. Qeydiyyata alınmış 1127.39 kv.metr torpaq sahəsi üzərində tikinti altı sahəsi 160 kv.metr yaşayış evi və tikinti altı sahəsi 72.56 kv.metr tövlə tikilisi aşkarlanmışdır. Həmin tikililər Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində qeydiyyata alınmamışdır. H.Mahmudov bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, həmçinin işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib, onları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki işin materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN299a 10307028 kod olan şəhadətnamədən aydın olur ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli 29 nömrəli Qərarı ilə İddiaçı1, X3, İddiaçı3 və X4 Babək rayonu Tumbul kəndində 0.11 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. Mülki işin materiallarından aydın olur ki, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan aydın olur ki, ünvan 2 ünvanında yerləşən 0.1127 ha ölçüdə olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 16/22 nömrəli reyestr kitabının 4049 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlakın həqiqiliyi və tamamlığı prezumpsiyasından bəhs edən 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə mülki qanunvericiliyin norma və tələblərini iddia tələbinin iddiaçılar X8, X7 və İddiaçı3 aid hissədə əlaqəli şəkildə araşdırıb qeyd edir ki, iddiaçılar Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən hazırki vəziyyətdə zəbt olunmuş torpaq sahəsi üzərində olan tikilinin sökülməsi və mülkiyyətlərində olan torpaq sahəsindən məcburi çıxarılma ilə əlaqədar tələb etmək hüququna malik olmamaqla bu cür subyektiv hüququn daşıyıcısı deyillər. Ona görə də iddia tələbinin iddiaçılar X8, X7 və İddiaçı3 aid hissəsi iddia qaldırmaq üçün subyektiv hüququn olmaması əsası ilə rədd edilməlidir. Məhkəmə iddia tələbinin İddiaçı1 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsi üzərində olan tikilinin sökülməsi və mülkiyyətlərində olan torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair hüquqi qiymət verərək həmin hissədə tələbin rədd edilməsi qənaətinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, tərəflərin izahatından aydın olur ki, mübahisəli torpaq sahəsi ilə bağlı tərəflər arasında 1995-ci ildə hüquq münasibətləri yaranmışdır. Həmin dövrdə 11 sentyabr 1964-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsi qüvvədə olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ona görə də mübahisənin həllində 11 sentyabr 1964-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş maddi hüquq normaları tətbiq edilməlidir. Həmin Məcəllənin 90-cı maddəsinə əsasən torpaq, yerin təki, sular və meşələr dövlətin müstəsna mülkiyyətindədir. Həmin Məcəllənin 100-cu maddəsinə əsasən vətəndaşların şəxsi mülkiyyətində məişət, şəxsi istehlak, rahatlıq və yardımçı ev təsərrüfatı predmetləri, yaşayış evi və əmək qənaətləri ola bilər. “X9 haqqında” 18 fevral 1995-ci il tarixli Qanunun qəbulundan sonra torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsi, torpaq mülkiyyətçisinin Azərbaycan Respublikası Torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN299a 10307028 kod olan şəhadətnamədən aydın olur ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli 29 nömrəli Qərarı ilə İddiaçı1, X3, İddiaçı3 və X4 Babək rayonu Tumbul kəndində 0.11 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. Şəhadətnamədən göründüyü kimi, tərəflər arasında hüquq münasibəti torpağın iddiaçının mülkiyyətinə verilməsindən təxminən dörd il əvvəl yaranmışdır. Həmin vaxt ölkədə torpaq islahatı aparılana qədər torpaq sahələri dövlətin mülkiyyətində olmuş, vətəndaşlara istifadə hüququ əsasında verilmişdir. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında cavabdehə məxsus torpaq sahəsinin bağışlama və ya alqı-satqı ilə verilərkən İddiaçı1 mülkiyyətində torpaq sahəsi olmamışdır. Həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Mülki işin araşdırması zamanı müəyyən edilmişdir ki, həmin vaxt İddiaçı1 mülkiyyətində torpaq sahəsi olmamış və belə halda onun mülkiyyətində olmayan torpaq sahəsi alqı-satqının və ya bağışlanmanın predmeti ola bilməzdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşə məhkəmədə baxılarkən İddiaçı1 izahatında torpaq sahəsinin özü tərəfindən könüllü olaraq bacısı Cavabdeh verdiyini və dəfələrlə ona “uşaqlar nə qədər ki, körpədir, get torpağı öz adına keçirt” dediyini, torpaq sahəsini verərkən “gələcəkdə əvəzində ya pul, ya da başqa torpaq sahəsi verərsən” dediyini, torpaq sahəsi üzərində bacısı tərəfindən tikilən evin sökülməsini istəmədəyini, evin yerləşdiyi torpaq sahəsi çıxılmaqla qalan torpaq sahəsinin ona qaytarılmasını tələb etdiyini göstərmişdir. Məhkəmə iddiaçının izahatını sübut kimi qiymətləndirir və qeyd edir ki, iddiaçı öz izahatında iddia tələbində göstərdiyi tələbi özlüyündə rədd edir. Belə ki, iddia tələbi zəbt olunmuş torpaq sahəsi üzərində olan tikilinin sökülməsi və torpaq sahəsindən məcburi çıxarılması tələbi olsa da İddiaçı1 torpaq sahəsində cavabdehin tikdiyi evin sökülməsini istəmədiyini və belə olan halda cavabdehin məcburi çıxarılmasını istəmədiyini bildirmişdir. İddiaçı1 öz tələbini dəqiqləşdirməsi məhkəmə tərəfindən təklif edilsə də iddiaçı tələbini dəqiqləşdirməmişdir. Belə olan halda məhkəmə iddiaçının izahatına əsaslanaraq tələbin rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, Şeyxəliyeva (Nəbiyeva) Xatirə Əkbər qızının, İddiaçı3, X2 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsi üzərində olan tikilinin sökülməsi və mülkiyyətlərində olan torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar