Məhkəmə qərarları › İş №2(078)-646/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-646/2021

22.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-646/2021 22.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evindən ½ hissədə payın müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən yaşayış mənzilindən ½ hissədə payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında 22 mart 1989-cu il tarixdə Babək rayon Cavidabad kənd XDS İK-də nikah bağlanmış və bu barədə 07 nömrəli akt qeydi icra edilmişdir. Tərəflər arasındakı nikah qeydi pozumamışdır. İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbi barədə iddia qaldırmış və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-541/2021 nömrəli mülki işi üzrə tərəflərə barışaraq ailəni bərpa etmək məqsədilə 3 ay vaxt verilmiş və mülki işin məhkəmə baxış iclası 30 avqust 2021-ci il tarixdə saat 09:30-a təyin edilmişdir. Məhkəmə iclası zamanı dindirilən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 22 mart 1989-cu il tarixdə Babək rayon Cavidabad kənd XDS İK-də rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuş, xasiyyətləri tutmadığı üçün özünün tələbi əsasında nikahın pozulması tələbi barədə iddia qaldırmış və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-541/2021 nömrəli mülki işi üzrə tərəflərə barışaraq ailəni bərpa etmək məqsədilə 3 ay vaxt verilmiş və mülki işin məhkəmə baxış iclası 30 avqust 2021-ci il tarixdə saat 09:30-a təyin edilmişdir. Cavabdehlə birgə nikahda olduqları müddətdə-2003-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Naxçıvan şəhəri Əlincə məhəlləsi, bina 23-də 49 nömrəli mənzil almışlar və mənzilə dair 03.05.2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın dövlət qeydiyyatından keçərək onun adına MH ******* nömrəli Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Yola gedə bilmədikləri, cavabdehin onu tez-tez döydüyü üçün 2002-ci ilin dekabr ayında məcbur qalaraq evdən çıxmış və hazırda qardaşının yanında yaşayır. İddiaçı qeyd etmişdir ki, o, sözügedən evdən ona düşən ½ payın verilməsini istəyir. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclası zamanı Cavabdeh iddianı qəbul edərək verdiyi izahatında bildirmişdir ki, hazırda tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan sözügedən əmlakın bölünməsinə heç bir etirazının olmadığını, lakin gələcəkdə iddiaçı ilə aralarında hər hansı anlaşılmazlığın yaranmaması üçün bölgünün məhkəmə qaydasında həll edilməsinin daha düzgün olacağı qənaətində olduğunu bildirmiş və sonda müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki,hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki işin məhkəmə araşdırması zamanı tərəflərin məhkəməyə verdiyi izahatlardan, eyni zamanda İddiaçı məhkəməyə sübut qismində təqdim etdiyi Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 03.05.2021-ci il tarixdə verilmiş MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Naxçıvan şəhəri, Əlincə məhəlləsi, bina 23 ünvanında yerləşən 67.43 kv.m-dən ibarət 49 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/26 nömrəli reyestr kitabının 5122 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 31.1 və 31.2-ci maddələrinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünəkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa bərabər sayılır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Mülki Məcəllənin 152.5-ci mаddəsinə əsаsən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər... Yuxarıda qeyd olunan çıxarışın surətindən də məlum olur ki, həmin çıxarışa əsasən mübahisə predmeti olan Naxçıvan şəhəri, Əlincə məhəlləsi, bina 23 ünvanında yerləşən 67.43 kv.m-dən ibarət 49 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Məhkəmə hesab edir ki, Naxçıvan şəhəri, Əlincə məhəlləsi, bina 23 ünvanında yerləşən 67.43 kv.m-dən ibarət 49 nömrəli mənzil İddiaçı ilə Cavabdeh birgə mülkiyyəti sayılmaqla paylar bərabər qaydada müəyyən olunmalı, ½ hissə İddiaçı mülkiyyətində saxlanılmaqla ½ hissə Cavabdeh mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq belə hesab edir ki, İddiaçı tərəfindən “xxxx” ASC Naxçıvan filialına 16.05.2021-ci il tarixdə 9368 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı yaşayış evindən ½ hissədə payın müəyyən olunmasına dair iddia tələbi təmin olunsun. Mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan Naxçıvan şəhəri, Əlincə məhəlləsi, bina 23 ünvanında yerləşən 67.43 kv.m-dən ibarət 49 nömrəli mənzil İddiaçı ilə Cavabdeh birgə mülkiyyəti sayılmaqla paylar bərabər qaydada müəyyən olunsun, ½ hissə İddiaçı mülkiyyətində saxlanılmaqla ½ hissə Cavabdeh mülkiyyətinə verilsin. İddiaçı tərəfindən “xxxx” ASC Naxçıvan filialına 16.05.2021-ci il tarixdə 9368 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar