Məhkəmə qərarları › İş №2(078)-675/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-675/2024

04.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-675/2024 04.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, İddiaçı və cavabdeh təşkilatın nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti Sanitar Təmizlik İdarəsinə qarşı işlədiyi müddət ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə pul kompensasiyası tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti Sanitar Təmizlik İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi müddət ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə 11900 (on bir min doqquz yüz) manat pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2004-cü il tarixdən 2008-ci ilə qədər Naxçıvan Şəhər İcra Hakimiyyəti Sanitar Təmizlik İdarəsində sahə rəisi vəzifəsində işləyib. 2008-ci ildə sahə rəisi vəzifəsindən azad edilərək sürücü vəzifəsinə təyin olunmuş və 2021-ci ilə qədər sürücü vəzifəsində işləmişdir. xx.xx.2021-ci il tarixdən sürücü vəzifəsindən azad edilərək dispeçer vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü ilə qədər dispeçer vəzifəsində çalışmışdır. xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, tutduğu vəzifədən azad edilmişdir. İşlədiyi müddət ərzində sadəcə olaraq son iki il ərzində yəni 2022 və 2023-cü illərdə məzuniyyətə çıxıb. 2023-cü ildə məzuniyyətdə olduğu dövr ərzində də məcburi qaydada işə çağırılmış və buna görə ona heç bir kompensasiya ödənilməmişdir. Qalan 17 il ərzində məzuniyyət hüququndan istifadə etməmiş və istifadə etmədiyi məzuniyyət günlərinə görə 11900 (on bir min doqquz yüz) manat ödənilməmiş məzuniyyət pulu qalır. O, istifadə etmədiyi məzuniyyət günlərinə görə pul kompensasiyası tələb edir. Məsələnin həllinin yalnız məhkəmə yolu ilə mümkün olduğunu gördüyü üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki mübahisənin həlli ilə bağlı mediasiya prosesinin keçirilməsi zamanı tərəflər arasında razılıq əldə olunmamışdır. Məhkəmə iclasında izahat verən iş üzrə İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, 2004-cü ildən 2023-cü ilə qədər təmizlik idarəsində dispeçer vəzifəsində işləyib. Öz ərizəsi əsasında işdən ayrılıb. İşlədiyi illər ərzində ona 2 dəfə 2022-ci və 2023-cü illərdə məzuniyyət verilib. Hazırda 17 illik məzuniyyət pulunu tələb edir. Cəmi 11900 manat təşkil edir. O vaxt əmək haqqının aşağı olması ilə bağlı idarə rəhbərliyi tərəfindən onlara iki ödəmə kartı verilmişdi. 2 şəxsin əvəzindən işləyib iki ödəmə kartından adlarına pul çəkirdilər. Yəni bu təkcə ona yox bütün təmizlik idarəsinin işçilərinə aid idi. 337 manat əmək haqqı alırdı. 17 il fəaliyyət göstərib. 28 iyul 2023-cü il tarixdə yeni müdir Arzu müəllim təyin edildi. İdarədə bütün işçilər işlədiyi müddətdə heç məzuniyyətə də çıxa bilməyiblər. Deyirdilər ki, iş “çox ağırdır və mümkün deyil”. Onlar da heç nə deyə və tələb edə bilmirdilər. Heç bir kompensasiya verilməyib. Nəinki ona, heç bir işçiyə verilməyib. O, məzuniyyətlə bağlı müraciət etməyib, çünki məzuniyyətə çıxan şəxslərin əmək haqqısı çox kəsildiyindən məzuniyyətə çıxmayıb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə izahatında nümayəndəsi olduğu şəxsin izahatını təsdiq etdiyini bildirmiş və əlavə olaraq bildirmişdir ki, həyat yoldaşı hazırda işsizlikdən Türkiyə Respublikasına iş üçün gedib. Keçmiş müdir Samiri evdən çağırtdırıb zorla ərizəni yazdırdı. Yoxsa nəyə görə hazırda Samir işsiz olmalı idi. Məhkəmə iclasında iş üzrə cavabdeh təşkilat Naxçıvan Şəhər İcra Hakimiyyəti Sanitar Təmizlik İdarəsinin nümayəndəsi X4 iddianı rədd edərək verdiyi izahatında bildirmişdir ki, iddiaçı öz ərizəsi ilə işdən ayrılıb. xx.xx.2023-cü il tarixdə idarəyə yeni müdir təyin edildi. Hazırki idarə müdiri Ramin Talıbovdur. Keçmiş rəhbərliyin göstərişi ilə təmizlik idarəsinin əksər işçiləri bir neçə ödəmə kartı ilə əmək haqqı alırdı. Bu şəraiti onlara keçmiş rəhbərlik yaratmışdır. Yəni şəxs yaxın qohumlarının adını yazdırırdı, onlar iş stajı hesablanırdı, işçi kimi adları qeyd olunurdu, lakin həmin işçiləri idarə tanımırdı. Onların əmək haqqı kartını bir nəfərə verilirdi. Bir şəxs bir neçə şəxsin əvəzinə işləyirdi, onları da əmək haqını alırdı. İddiaçı öz ərizəsi ilə işdən ayrılıb. Yəni iş rejimi ağır olduğundan onlar işçilərə məzuniyyət verməyib. 2004-cü ildən işçilərə 80% miqdarında əmək haqqından əlavə verilib. İşçilər 3-4 ödəniş kartından əmək haqqı alıblar. işçilər idərə bir neçə şəxsin adından işləyib 3-4 qat əmək haqqı alırdılar. Ona görə də çox zaman məzuniyyətə çıxmırdılar. Elə keçmiş müdir Samirin dayısı idi. Müdir də işçilərin vacib işi olanda onları 3-4 gün müddətində üzürlü səbəblərdən işdə olmadığını nəzərə alırdı. Ona görə də Samir heç vaxt məzuniyyətlə bağlı idarə rəhbərliyinə müraciət etməyib. Kimlər məzuniyyət tələb edibsə, hamısını məzuniyyətə çıxartmışlar. Məzuniyyət əmrlər kitabında qeyd edilib. Əmək müfəttişliyin nümayəndəsinin hesablamasına heç nə deyə bilməz, bu sırf Maliyyə Nazirliyinin verəcəyi bir məbləğdir. İddiaçının nümayəndəsinin dediyi fikirlərlə də razı deyil, çünki Samir idarənin işçilərinin əmək haqqısı aşağı düşən kimi özü gəlib ərizəsini yazıb getdi. Hətta birdən Samir peşmanlıq çəkər, fikirindən dönər deyə o ərizəni dərhal müdirə təqdim etməmişdir. Ancaq iddiaçı könüllü ərizəsini yazıb. Cavabdeh təşkilatın nümayəndəsi X4 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsininin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Hazırkı iddia tələbi ilə bağlı iddia müddəti keçmişdir, ona görə də iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Naxçıvan MR Əmək və Əhalinin Müdafiəsi nazırliyi yanında X3 Xidmətinin mütəxəssisi X5 bildirmişdir ki, işlə bağlı vətəndaşın rəsmi şəkildə müfəttişliyə müraciət etdiyini xatırlamır. Əgər müraciət etsəydi həmin müraciət qeydə alınıb müvafiq tədbirlər görülərdi. Yol verilən nöqsanlar araşdırılardı. İşlə bağlı o mülki işin materiallarından lazımı sənədləri araşdırmışdır. Vətəndaş İddiaçı 2004-cü ildə işə qəbul edilib. Əmək müqaviləsinə 2023-cü ildə xitam verilib. Vətəndaşın əmək stajı 19 il 11 ay olmuşdur. Ona cəmi 1 il 27 gün əmək məzuniyyəti verilib. 10 aylıq işdən azad edilmə əmək maaşı verilib. Vətəndaşın 380 günlük əsas məzuniyyətinə 5076.80 manat pul əvəzi hesablanıb. Məhkəmənin qiymətləndirməsi: İş materiallarına əlavə olunmuş xx.xx.2004-cü il tarixdə verilmiş ******* nömrəli əmək kitabçasının surətindən məlum olur ki, iş üzrə İddiaçı xx.xx.2004-cü il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti Sanitar Təmizlik İdarəsində sahə rəisi vəzifəsinə təyin olunmuş və xx.xx.2008-ci ilə qədər həmin vəzifədə işləmişdir. xx.xx.2008-ci ildə sahə rəisi vəzifəsindən azad edilərək sürücü vəzifəsinə təyin olunmuş və xx.xx.2021ci ilə qədər sürücü vəzifəsində işləmişdir. xx.xx.2021-ci il tarixdən sürücü vəzifəsindən azad edilərək dispeçer vəzifəsinə təyin edilmiş xx.xx.2023-cü ilə qədər dispeçer vəzifəsində çalışmışdır. xx.xx.2023-cü il tarixdə 30 nömrəli əmrlə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh təşkilatın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş: İddiaçı xx.xx.2004-cü ildə Naxçıvan Şəhər İcra Hakimiyyəti Sanitar Təmizlik İdarəsinə ərizə ilə müraciət edərək onun münasib işlə təmin olunmasını xahiş etmişdir. xx.xx.2004-cü il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti Sanitar Təmizlik İdarəsinin rəisi (işəgötürən) X2 ilə (işçi) İddiaçı arasında əmək müqaviləsi bağlanmış və tərəflər əmək qanunvericiliyinə uyğun olaraq öhdəlik götürmüşdür. xx.xx.2023-cü il tarixi ərizə ilə İddiaçı işlədiyi Naxçıvan Şəhər İcra Hakimiyyəti Sanitar Təmizlik İdarəsinə müraciət edərək onun xx.xx.2023-cü il tarixdən öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatda deyd edilir ki, işə götürən Naxçıvan Şəhər İcra Hakimiyyəti Sanitar Təmizlik İdarəsinin rəisi X2 ilə işçi İddiaçı arasında əmək müqaviləsi bağlanmış və işçi xx.xx.2022-ci il tarixli xxxxxxx000100 nömrəli “Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Sanitar Təmizlik İdarəsinin xx.xx.2023-cü il tarixli 31 nömrəli əmri ilə həmin İdarənin dispeçeri İddiaçı öz ərizəsi əsasında xx.xx.2023-cü il tarixdən işdən azad edilərək son hesabı kəsilmişdir. xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarəti və yoxlamalar sektorunun müdiri X5 tərəfindən verilmiş rəydə qeyd edilmişdir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti Sanitar Təmizlik İdarəsi tərəfindən Naxçıvan şəhər Məhkəməsinə təqdim olunan sənədlərə uyğun olaraq bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmçinin Məcəllənin 140-cı maddəsinin 1-ci hissəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən verilir. Yuxarıda qeyd olunanlara əsasən bildirilir ki, İdarə tərəfindən İddiaçı istifadə edilməmiş 380 (üç yüz səksən) günlük əsas məzuniyyət günlərinə görə 5076.80 manat (beş min yetmiş altı manat səksən qəpik) məbləğində pul əvəzi ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 137.3-cü maddəsinə əsasən, əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən etibarən əmək haqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək bu Məcəllənin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 195-ci maddəsinin "d" bəndinə əsasən işçinin əməkhaqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən maddi məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı işlədiyi müddət ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə pul kompensasiyası tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Tərəflər arasında cari iş ilinin istifadə edilməmiş məzuniyyətinin növbəti işlə ötürülməsi barədə razılıq olmamış və iddiaçının bu barədə təşəbbüsü olmamışdır. Həmçinin ötən illər ərzində istifadə edilməmiş məzuniyyət əvəzinə kompensasiya ödənilməsi də həyata keçirilməmişdir. İstifadə edilməmiş əmək məzuniyyəti ilə bağlı sənədləşmə qaydalarının pozulmasına baxmayaraq iddiaçı 17 il müddətində etirazını bildirməmiş, həmin illər üzrə kompensasiya tələbi ilə müraciət etməmişdir. Hər iş ilinin istifadə edilməmiş məzuniyyəti üçün pul əvəzinin ödənilməsi və ya həmin məzuniyyət günlərinin növbəti ilə ötürülməsinin razılaşdırılması həmin iş ilinin sonunda həyata keçirilməli olduğundan, il sonunda bu hərəkətlərin edilməməsi məzuniyyətlə bağlı müddəaların pozulması hesab edilir. Belə olan halda, növbəti ilə keçdikdə artıq iddiaçının məzuniyyət əvəzinə kompensasiya ödənişinin həyata keçirilməsi tələbi üçün iddia müddətinin axımı başlamış olur. Yəni, iddiaçı misal üçün 2007-ci ilin istifadə edilməmiş məzuniyyətinin əvəzinə kompensasiyanı 2007-ci ildən etibarən tələb etməli idi, çünki hər iş ilinin məzuniyyəti ilə bağlı məsələlər həmin il sonuna qədər həll edilməlidir və həll edilmədiyi təqdirdə, növbəti ildən etibarən 1 illik iddia müddətinin axımı başlayır. Nəticə etibari ilə, misal üçün iddiaçı 2007-ci ilin istifadə edilməmiş məzuniyyətinin əvəzinə kompensasiyanı 2008-ci ilin sonunadək tələb etməli idi. Hər növbəti ilin məzuniyyət pulunun tələbi üçün iddia müddətinin hesablanması eyni qaydada həyata keçirilir. Belə olduğu halda, iddiaçının 2022 və 2023-cü illərdə məzuniyyətə çıxması nəzərə alındıqda onun 2021-ci ci ilin məzuniyyət pulu tələbi üçün iddia müddətinin axımı da 2022-ci ilin sonunda bitmişdir. Ondan əvvəlki illərin məzuniyyət pulu əvəzi isə 2021-ci ilə və ondan əvvələ təsadüf etmişdir. Hər iş ili üçün əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin, yəni məzuniyyət və son haqq hesabla bağlı müddəaların işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən pozulması faktı iddiaçıya aydın olduğundan, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsindəki 1 (bir) illik iddia müddəti 2004-2021-ci illərə münasibətdə ötürülmüşdür. Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər ki, qanunvericilikdə nəzərdə tutulmuş belə məhdudiyyətlərdən biri də iddia müddətidir. Hüquqi müəyyənliyin və qətiliyin təmin edilməsi, cavabdehin “köhnəlmiş” tələblərdən müdafiə edilməsi və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısının alınması məqsədi ilə iddia müddətinin tətbiq edilməsi zəruridir (AR Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin AR Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair KM-nin Plenum qərarı, xx.xx.2023) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnu pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Beləliklə, iddiaçının işlədiyi müddət ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə pul kompensasiyanın hesablanıb verilməsi tələbi üzrə iddia müddəti ötmüşdür. Mübahisə tərəfi olan cavabdeh təşkilatın nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək iddia müddəti keçdiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Bu halı nəzərə alan məhkəmə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq etməsi barədə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar qəbul edilməsi üçün əsasdır. Nəticə: Məhkəmə işin hüquqi və faktiki hallarını araşdırıb onlara qiymət verərək hesab edir ki, iddia tələbi iddia müddəti keçdiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti Sanitar Təmizlik İdarəsinə qarşı işlədiyi müddət ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə pul kompensasiyası tələbinə dair iddiası iddia müddəti keçdiyindən rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar