Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-679/2023 03.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı xüsusi mülkiyyət hüquqlu fərdi yaşayış evindən Cavabdeh məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, əvvəllər Cavabdeh məxsus Naxçıvan şəhəri, H.Aslanov küçəsi, döngə-4, ev-20 -də yerləşən, ümumi sahəsi 307,14 kv.m-lik və 109,17 kv.m-lik yardımçı sahəli 5 otaqlı fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ Naxçıvan MR Daşınmaz Əmlakın 23 aprel 2021-ci il tarixli AN-İ № ******* saylı alqısatqı müqaviləsi ilə təsdiq edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 05 oktyabr 2022ci il tarixli 2-1(122)- 207/2022 saylı Qərarı ilə xüsusi mülkiyyətçi qismində həmin yaşayış sahəsində qeydiyyatda olanların Cavabdeh, X5, X8, X4, X9, X6 pasport qeydiyyatından çıxarılmaları barədə iddiası təmin edilmiş və qanuni qüvvəsini almışdır. Əmlak alınarkən humanistlik prinsipini əsas tutaraq A. Hacıyevdən həmin mənzili qeyd-şərtsiz boşadılmasını tələb etməsə də, ötən iki il ərzində cavabdehin bundan sui-istifadə etməsi, edilən yazılı xəbərdarlığa məhəl qoymaması, həmin əmlakdan maneəsiz istifadə imkanlarını mümkünsüz edir ki, bu da ailəsində haqlı narazılıq yaradır. Məhkəmə iclaslarında izahat verən İddiaçı izahatında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında cavabdehin evi oğlunun ona olan borc və faizinə görə verməsi və əslində aralarında bağlanmış müqavilənin əsl alqı-satqı müqaviləsi olmaması ilə bağlı qeyd etdiklərinin yalan olduğunu, belə bir halın olmadığını, evi cavabdehə pul ödəyərək aldığını, sonra cavabdehin orada yaşamaq üçün ondan möhlət istədiyini, hətta bir müddət cavabdehin ona kirayə haqqı da ödədiyini, lakin sonradan nə evindən çıxdığını, nə də kirayə haqqı ödəmədiyini, mülkiyyətçi olaraq özünün evindən istifadə etməyə haqqı olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 izahatında iddiaçının qeyd etdiklərinə əlavəsinin olmadığını, mülkiyyətçi olaraq iddiaçının həmin evdən istifadə etmək hüququnun olduğunu bildirərək iddiaçının qeyd etdiklərinin nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, əvvəllər ona məxsus olmuş Naxçıvan şəhəri, H.Aslanov küçəsi, döngə 4 ev 20-də yerləşən ümumi sahəsi 307,14 kv.metr və 109. 17 kv.metr yardımçı sahəli 5 otaqlı fərdi yaşayış mənzilinin dəyərinin 150000 (yüz əlli min) manatdan artıq olmasına baxmayaraq Naxçıvan MR Daşınmaz Əmlakın 23 aprel 2021-ci il tarixli AN-İ №0970972 saylı alqı-satqı müqaviləsi ilə 60000 (altmiş min) manat dəyərində iddiaçıya satmağında səbəbinin oğlu X5 iddiaçıya faizlə borclanmasının olduğunu, qeyd olunan ünvanda yerləşən mənzilin dəyərindən aşağı qiymətə satmağının girov müqabilində olduğunu, həmin dövrdə borc müqaviləsi notarial qaydada sənədləşdirilmədiyi üçün aralarındakı razılaşmaya əsasən onun mənzili iddiaçıya borclarını qaytaranadək alqı-satqı yolu ilə sənədləşdirərək verdiyini, hazırda oğlu X5 iddiaçıya borclu olduğu məbləği faizi də daxil olmaqla artıqlaması ilə ödədiyini, ona görə də qeyd olunan mənzilin ona geri qaytarılmalı olduğunu, bunun üçün də aralarında bağlanan müqavilənin ləğv olunması üçün iddiaçıya təklif göndərmək istədiyini, lakin vəkilini düzgün başa düşməyərək həmin təklifi məhkəməyə göndərdiyini, iddiaçıya evi faiz qarşılığında satmasının iddiaçının özünün təsdiq etməli olduğunu, lakin bunu inkar etdiyini, iddiaçının onu və ailə üzvlərini həmin evdən qeydiyyatdan çıxarmaqla bağlı məhkəməyə müraciət etdiyini, lakin həmin məhkəmə qərarından şikayət vermədiyini, ona görə də onların qeydiyyatdan çıxarıldıqlarını bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, sübutları tədqiq edib və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 23 aprel 2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən satıcı Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 307,14 kv.m, yaşayış sahəsi 109.17 kv.m, yardımçı sahəsi 197.97 kv.m olan 5 otaqlı fərdi yaşayış evini 57000 (əlli yeddi min) manata alıcı İddiaçı satması aydın olur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/25 nömrəli reyestr kitabının 4845 nömrəli vərəqində qeydiyyata alınması aydın olur. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2023cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı 15 aprel 2023-cü il saat 15:00-dək xüsusi mülkiyyət hüquqlu yaşayış binasını əşyaları ilə birlikdə boşaltmalarını, əks təqdirdə barələrində qanuni tədbir görüləcəyini xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli 1638 nömrəli arayışdan görünür ki, Hacıyev X7 şəhəri, H. Aslanov küçəsi döngə-4, ev-20 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş AR Naxçıvan MR İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(122)-207/2022 nömrəli qərarından görünür ki, Cavabdeh, X5, X8, X4, X9 və X6 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikasın İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2- 1(122)-207/2022 nömrəli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2-1(122)-207/2022 nömrəli qərarının icra edilməsi üçün cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə göndərilməsinə, qərarın icra edilməsi üçün cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə Sərəncamı aldığı tarixdən etibarən 15 gün müddətin müəyyən edilməsinə, sərəncamın 2-ci bəndində göstərilən tələblərin yerinə yetirilməməsinə görə cavabdehə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq edilməsinə, cavabdehdən qərarın icrası barədə məhkəməyə məlumat verilməsinin tələb olunmasına sərəncam verilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırki halda iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı ona məxsus evdən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. İddia tələbinə hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Mülkiyyət hüququnun məzmunu Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq iddiaçıya məxsus evdə cavabdehin yaşaması iddiaçının mübahisəli ev üzərində mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. İddia tələbinin məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ona məxsus fərdi yaşayış evini qanuni şəkildə əldə etsə də, sahiblik və istifadə hüquqlarını sərbəst şəkildə cavabdeh tərəfindən yaradılmış maneələrə görə həyata keçirə bilmir. Bununla da iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Belə olan halda iddiaçı qeyd olunan fərdi yaşayış evindən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır, ona görə də iddiaçının iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin cavabdeh tərəfin diqqətinə çatdırır ki, cavabdeh məhkəmədə verdiyi izahatında fərdi yaşayış evinin dəyərinin 150000 (yüz əlli min) manatdan artıq olmasına baxmayaraq Naxçıvan MR Daşınmaz Əmlakın 23 aprel 2021-ci il tarixli AN-İ №0970972 saylı alqı-satqı müqaviləsi ilə 60000 (altmiş min) manat dəyərində iddiaçıya satmağında səbəbin oğlu X5 iddiaçıya faizlə borclanmasının olduğunu, qeyd olunan ünvanda yerləşən mənzilin dəyərindən aşağı qiymətə satmağının girov müqabilində olduğunu, həmin dövrdə borc müqaviləsi notarial qaydada sənədləşdirilmədiyi üçün aralarındakı razılaşmaya əsasən onun mənzili iddiaçıya borclarını qaytaranadək alqı-satqı yolu ilə sənədləşdirərək verdiyini, hazırda oğlu X5 iddiaçıya borclu olduğu məbləği faizi də daxil olmaqla artıqlaması ilə ödədiyini, ona görə də qeyd olunan mənzilin ona geri qaytarılmalı olduğunu qeyd etsə də bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir, eyni zamanda məhkəmə araşdırması zamanı da bu qeyd edilənləri təsdiq edən hallar ortaya çıxmamışdır. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən cavabdeh etirazının əsasını təşkil edən halları sübut etməlidir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə həmçinin cavabdehin diqqətinə çatdırır ki, həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədə olan daşınmaz əmlakın reyestrindən çıxarışdan da göründüyü kimi iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisidir və o, qanunvericiliyə uyğun olaraq fərdi yaşayış evinə istənilən qəsdə son qoyulmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında formalaşmış hüquqi mövqeyə görə Daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının ərazisində aparılan vahid qeydiyyat toplumudur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məcburi qaydada çıxarılmalı; - iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məcburi qaydada çıxarılsın. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-679/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-679/2023
03.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver