Məhkəmə qərarları › İş №2(078)-7/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-7/2021

07.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-7/2021 07.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X4 və cavabdeh təşkilatın nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan «xxxx Tikinti Quraşdırma» ATSC-nə qarşı əmək kitabçasında son hesablaşma aparılaraq ona verilməsi, istifadə edilməmiş məzuniyyət pulunun və boşdayanma halları üzrə əməkhaqqının hesablanıb ona verilməsi və 1987-ci ildən idarə etdiyi Kamaz 5511 markalı yük avtomobilinin mülkiyyətinə verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona məxsus əmək kitabçasının son hesablaşma aparılaraq ona verilməsi, bütün iş illəri üçün əmək məzuniyyətinə pul əvəzinin və boş qaldığı günlər üçün əmək haqqının alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 11 mart 2020-ci il tarixdə keçirilən məhkəmə baxış iclası zamanı İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, iddia tələbinə “ona məxsus əmək kitabçasının son hesablaşma aparılaraq ona verilməsi, bütün iş illəri üçün əmək məzuniyyətinə pul əvəzinin və boş qaldığı günlər üçün əmək haqqının və 1987-ci ildən idarə etdiyi Kamaz 5511 markalı yük avtomobilinin mülkiyyətinə verilməsi” tələb çərçivəsində işə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddia tələbinə “iddiaçıya məxsus əmək kitabçasının son hesablaşma aparılaraq iddiaçıya verilməsi, bütün iş illəri üçün əmək məzuniyyətinə pul əvəzinin və boş qaldığı günlər üçün əmək haqqının və 1987-ci ildən idarə etdiyi Kamaz 5511 markalı yük avtomobilinin mülkiyyətinə verilməsi tələbi” çərçivəsində baxılmasına qərar verilmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçının vəkili X6 məhkəməyə ərizə göndərərək İddiaçı tərəfindən Naxçıvan MR Kommersiya Məhkəməsində Naxçıvan xxxx Tikinti X15 Səhmdar Cəmiyyətinə qarşı Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən təsdiq olunmuş 15 iyul 2020-ci il tarixdə X9 Naxçıvan xxxx Tikinti X15 Səhmdar Cəmiyyəti tərəfindən satılmış ** AF *** dövlət qeydiyyat nişanlı KAMAZ 5511 yük markalı nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibrasız hesab edilməsi tələbi ilə bağlı iddia qaldırıldığından hazırda icraatda olan iddiаçı İddiaçı cavabdeh Naxçıvan «xxxx Tikinti Quraşdırma» ATSC-nə qarşı əmək kitabçasında son hesablaşma aparılaraq ona verilməsi, istifadə edilməmiş məzuniyyət pulunun və boşdayanma halları üzrə əməkhaqqının alınıb ona verilməsi və 1987-ci ildən idarə etdiyi Kamaz 5511 markalı yük avtomobilinin alınıb verilməsi tələbinə dair iddia üzrə icraatın dayandırılmasını xahiş etmiş və məhkəmənin 08 dekabr 2020-ci il tarixli 2(078)-259/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan «xxxx Tikinti Quraşdırma» ATSC-nə qarşı iddiaçıya məxsus əmək kitabçasının son hesablaşma aparılaraq iddiaçıya verilməsi, bütün iş illəri üçün əmək məzuniyyətinə pul əvəzinin və boş qaldığı günlər üçün əmək haqqının və 1987-ci ildən idarə etdiyi Kamaz 5511 markalı yük avtomobilinin mülkiyyətinə verilməsi tələbinə dair mülki iş üzrə icraat Naxçıvan MR Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı Naxçıvan xxxx Tikinti X15 Səhmdar Cəmiyyətinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair kommersiya mübahisəsinə baxılaraq yekun məhkəmə aktı qüvvəyə minənə qədər dayandırılmasına qərar verilmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-5/2021 nömrəli işi üzrə İddiaçı Naxçıvan xxxx Tikinti X15 Səhmdar Cəmiyyətinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə məhkəmənin 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən 15 iyul 2020ci il tarixdə təsdiq edilmiş Kamaz 5511 markalı **-BE-*** (**-AF-***) dövlət qeydiyyat nişanlı yük avtomobilinin alqı-satqısına dair müqavilənin etibarsız hesab olunması, Kamaz 5511 markalı **-BE-*** (**-AF-***) dövlət qeydiyyat nişanlı yük avtomobili Naxçıvan xxxx Tikinti Quraşdırma ATSC-nin balansına qaytarılması və İddiaçı tərəfindən “Asan ödəniş” sistemi vasitəsilə 21 noyabr 2020-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdeh Naxçıvan xxxx Tikinti Quraşdırma ATSCdən alınaraq İddiaçı qaytarılması qət edilmiş, sözügedən qətnamə 16 mart 2021-ci il tarixdə qanuni qüvvəsini almış və 17 mart 2021-ci il tarixdə icraya yönəldilmişdir. Mülki iş üzrə icraat təzxələnərək məhkəmə baxışı təyin edilmişdir. Məhkəmə iclasında dindirilmiş iş üzrə İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, 1987-ci ildən 51 saylı Dövlət Tikinti Quraşdırma Trestində sürücü işləmiş və öhdəsinə həmin vaxtdan Kamaz 5511 markalı yük maşını verilmişdir. 1999-cu ildə həmin təşkilat ləğv edilərək Naxçıvan “xxxx” Tikinti X15 Səhmdar Cəmiyyəti yaradılmış və o da sözügedən Cəmiyyətin həm sürücüsü, həm də səhmdarlarından biri olmuşdur. İdarə özəlləşdirilən vaxt öhdəsində olan Kamazı özəlləşdirmək istədiyini, lakin müxtəlif orqanlara müraciət etsə də, özəlləşdirməyin mümkün olmadığını bildirən iddiaçı qeyd etmişdir ki, Naxçıvan “xxxx” Tikinti X15 Səhmdar Cəmiyyəti yaranandan bəri Cəmiyyətin sədri Əhməd Bünyadovdur. Cəmiyyət həm dövlət sifarişlərini, həm də şəxsi sifarişləri yerinə yetirmiş, işlədikləri vaxt üzrə əmək haqqı almışlar, lakin o, işlədiyi dövlərdə məzuniyyət hüququndan istifadə etməmiş və ona məzuniyyət əvəzi ödənilməmişdir. Özünün 2005-ci ildən 2014-cü ilədək Naxçıvan “xxxx” Tikinti X15 Səhmdar Cəmiyyətində sürücü vəzifəsində işləməyi və aldığı əmək haqqı ilə bağlı Dövlət Arxiv İdarəsinə müraciət edərək arayış almışdır. 2014-cü ildən İdarə rəhbərliyi tərəfindən bildirmişlər ki, iş dayanıb işə gəlməyin. Sonra idarə rəhbərliyi tərəfindən onun əmək kitabçası verilməmiş və onunla son hesablaşma işləri aparılmamışdır. Bugünə qədər də əmək kitabçası qaytarılmamışdır. İşlədiyi müddət ərzində heç bir dəfə də olsun məzuniyyətə buraxılmamış və məzuniyyət pulu almamışdır. İş dayandıqdan sonra da işləyərək Ordubadda, Sirab Zavodda 2018-ci ildə sifarişlər yerinə yetirmişlər. Həmin sifarişlərin yerinə yetirilməsi zamanı pulu Əhməd müəllim əmək haqqı cədvəlinə uyğun verməmiş, öz cibindən onlara ödəmişdir. İdarənin fəaliyyətinin dayanması işçi olaraq onların günahı ucbatından olmayıb, idarə rəhbərliyinin səriştəsizliyindən iş dayanıb, onlara iş verilməyib. Neçə illərdir boş dayanmış və işin açılmasını gözləmişdir. Dəfələrlə Əhməd müəllimə müraciət edərək əmək kitabçasını istəmiş və öhdəsində olan yük maşınını özəlləşdirməyə kömək etməsini istəmişdir. Sonuncu dəfə 2019-cu ildə Əhməd müəllimin yanında getmiş və bidlirmişdir ki, maşını özəlləşdirmək istəyir. Əhməd müəllim də “9000 manat pul ver, maşını özəlləşdir” cavabını vermişdir. Özünün də səhmdar olduğu üçün maşın ona verilmişdir. Bu gün də qoyduğu səhmlər İdarədədir. Həmin maşını özəlləşdirmək onun hüququdur. Lakin İdarə rəhbəri Əhməd Bünyadov nə əmək kitabçasını qaytarmış, nə pulunu ödəmiş, nə də maşını özəlləşdirmək imkanı yaratmışdır. Məhkəmə tərəfindən verilən sualları cavablandıran İddiaçı bir daha vurğulamışdır ki, əvvəllər cavabdeh təşkilat PMK-51 tikinti təşkilatı olub, təşkilat 1999-cu ildən fəaliyyətini dayandırandan sonra səhmlərini 2000-ci ildən “xxxx” Tkinti Quraşdırma ASC alıb, özü 1996-1997-ci illərdə PMK-51 işləmiş, sonra isə fəaliyyətinə “xxxx” Tikiti Quraşdırma ATSC-də davam etdirmiş, hətta 2017-2018-ci illərdə “xxxx” Tikinti Quraşdırma Cəmiyyətinin vasitəsi ilə Sirab zavodda işləmiş, bütün iş illər üzrə məzuniyyət pulunu istəmiş, lakin əlində olan arxiv arayışında sadəcə 2005-2014-cü ildə işləməyi ilə və əmək haqqı almağı ilə bağlı məlumat olmuşdur. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən iddiaçının vəkili X6 iddianı müdafiə edərək verdiyi izahatında hüquqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 11 mart 2020-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında cavabdeh təşkilatın nümayəndəsi X10 iddianı rədd edərək verdiyi izahatında özünün Naxçıvan “xxxx” Tikiti Quraşdırma ATSC-də baş mütəxəssis işlədiyini, təşkilatın 2014-cü ildən fəaliyyətini dayadırdığını, işin dayandırılması barədə İdarə Heyətinin sədri tərəfindən 2014-cü ildə əmr verildiyini, həmin əmrdə öhdəsində maşın mexanizm olanlar istisna olmaqla qalan fəhlə və qulluqçularla əmək müqaviləsinə xitam verilmişdir qeydinin aparıldığını bildirmişdir. İddiaçının öhdəsində Kamaz 5511 markalı yük maşını olduğu üçün onunla əmək müqaviləsi o zaman xitam verilə bilər ki, maşını Cəmiyyətə təhvil versin, lakin iddiaçı maşını özündə saxlamaqla ondan sitifadə etmiş və gəlir götürmüşdür, həmçinin maşını özəlləşdirmək istəyir. Dəfələrlə Cəmiyyətə müraciət etsə də iddiaçıya bildirilib ki, maşını özəlləşdirmək üçün pulunu ödəməlidir. Maşın Cəmiyyətin balansında olduğuna görə iddiaçının mülkiyyətinə verilə bilməz. Məhkəmə tərəfindən verilən sualları cavablandıran təşkilatın nümayəndəsi qeyd etmişdir ki, əvvəllər bu təşkilat PMK-51 tikinti təşkilatı olub, təşkilat 1999-cu ildən fəaliyyətini dayandırıb, iddiaçı da daxil olmaqla bütün işçilərin maaşını vaxtı-vaxtında ödənilib, idarə mövsümi işləyən təşkilat olub, qış aylarında iş dayanıb, qanunvericiliyə uyğun olmadığı üçün mövsümü işləyən işçilərə məzuniyyət pulu verilməmiş, iddiaçı maşını İdarəyə təhvil vermədiyi üçün əmək kitabçası da qaytarılmayıb, Naxçıvan “xxxx” Tikinti X15 Səhmdar Cəmiyyətə dair sənədlərin əksəriyyəti Arxivə təhvil verilib, bəziləri isə İdarədədir. Cavabdeh təşkilatın nümayəndəsi sonda qeyd olunanların nəzərə alınaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş iş üzrə cavabdeh təşkilatın İdarə Heyətinin sədri X11 iddianı rədd edərək verdiyi izahatında bildirmişdir ki, təşkilat 2014-cü ildən fəaliyyətini dayadırıb. Bununla bağlı ASC-nin bütün sənədləri arxivə verilib və o, işin dayandırılması barədə 2014-cü ildə əmr vermişdir. Tikinti maşınlarını idarə edən şöferlərə “Maşınları təhvil verib, əmək kitabçalarını geri alın” demişdir. İddiaçını 20 ildir ki, tanıyır, İddiaçı neçə illər PMK-51 Tikinti təşkilatında işləyib, həmin təşkilat 1999-cu ildə fəaliyyətini dayandırdıqdan sonra onun bütün səhmlərini “xxxx” Tikinti Quraşdırma ATSC alıb. Bir çox işçilərlə bərabər Səməd kişi də xxxx Tkintidə işləməyə başlayıb. 2000-ci ildən bu cəmiyyət fəaliyyətə başlayanda o, Səməd kişini işə dəvət etmiş, lakin o, 1 il işə gəlməmiş, hətta tikinti cəmiyyətinə məxsus maşını da özü ilə birlikdə aparıb öz həyətində saxlamışdır. Onun ağsaqqallığına hörmət edib işdən azad etməmiş, yaxın qohumu vasitəsilə ona xəbər edərək işə gəlməsini bildirmiş, düz bir ildən sonra Səməd kişi işə qayıtmışdır. Maşını həm idarənin işində, həm də özünə aid şəxsi işlərində istifadə etsə də, yenə də ona heç nə deməmişdir. İş bağlandığı vaxt sürücülərin hamısı maşını verib əmək kitabçalarını geri aldıqlarında Səməd kişiyə “Cəmiyyətin maşınını geri qaytarmalısan” dediyində o, heç cür bununla razılaşmamışdır. Hətta iddiaçıya “1-2 sürücü ödəmə edib, maşını öz adlarına şəxsiləşdiriblər. 11000 qiyməti olan bu maşına 9000 manat pulu hissəhissə ver maşını sən götür” dediyində də razılaşmamış, ona “Bu maşına 4000 manat pul verərəm” demiş və təbii ki, o da bu təklifi qəbul etməmişdir. Zamanında işlərinin çox sürətlə getdiyini, Cəmiyyətin kəndlərdə və rayonlarda çox sayda məktəb, uşaq bağçası, inzibatı binalar, şəxsi evlər tikib istifadəyə verdiklərini, dəfələrlə tender elan edildiyini, həmin tenderin qalibinin də onlar olduğunu, işçiləri mükafatlandırdığını bildirən Ə.Bünyadov qeyd etmişdir ki, Səməd kişinin tutduğu iş heç düzgün olmayıb, İddiaçı maşını qaytarmaq istəmədiyini gördükdən sonra məcbur qalıb Babək Rayon Polis İdarəsinə məlumat vermiş, onlar da Səməd kişidən maşını alıb Tikinti Cəmiyyətinə təhvil vermişlər, hazırda maşın Cəmiyyətin həyətindədir. Səməd kişi də istədiyi vaxt gəlib əmək kitabçasını apara bilər, bununla bağlı heç bir maneə yoxdur. Məhkəmə tərəfindən verilən sualları cavablandıran Ə.Bünyadov bir daha vurğulamışdır ki, əvvəllər bu təşkilat PMK-51 tikinti təşkilatı olub, təşkilat 1999-cu ildən ləğv edilib, onun yerində hazırki “xxxx” Tikinti X15 Səhmdar Cəmiyyəti yaranıb, İdarə yarandığı vaxtdan o, Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədridir, bununla bağlı əmr Arxivə təhvil verilib, iddiaçı da daxil olmaqla bütün işçilərin əmək haqqını vaxtı-vaxtında ödəmiş, Səməd sürücü olub mövsümi işləyib və buna görə də ona məzuniyyət verilə bilməz. İdarənin fəaliyyətinin dayandırması onun təqsiri deyil ki, Səmədə boş qaldığı günlər üçün əmək haqqı verilsin. Səmədə dəfələrlə deyilib ki, maşını təhvil ver əmək kitabçanı götür, maşın təhvil verilənə qədər Səmədlə əmək müqaviləsi xitam verilə bilməz. Artıq maşın alındığından Səməd istədiyi vaxt gəlib əmək kitabçasını götürə bilər. Həmin vaxt onunla əmək müqaviləsinə xitam veriləcəkdir. İdarə 2014-cü ildən fəaliyyətini dayandırıb rəsmi şəkildə Vergilər İdarəsində qeydiyyata alınıbdır. Ümumiyyətlə bu iş məhkəmə icraatına alına bilməzdi. Çünki Səməd vaxtında İdarəyə müraciət edib hüququnu tələb etmədiyi üçün onun iddialarına məhkəmədə baxıla bilməz. Səməd bu günə qədər maşını özünə saxlamaqla ondan əldə etdiyi gəliri Cəmiyyətə ödəməmişdir. Necə olur ki, Səmədin iddiasına baxıla bilir, lakin onun tələbləri yerinə yetirilmir. Səmədin Cəmiyyətə 27000 manatdan artıq borcu vardır, əvvəlcə borcunu ödəsin ki, sonra ondan nəyisə tələb etsin. Hesab edir ki, iddiaçının iddiası sifarişlə yerinə yetirilir, dəfələrlə bu barədə hakimə etdiyi etiraz təmin edilməyərək işə yenə də həmin hakim baxmağa davam edir. Halbuki onun verdiyi qarşılıqlı iddia geri qaytarılmış, ondan 4 ay sonra məhkəmə iclasında ona verilmiş, həmin qarşılıqlı iddia da o təxid etdiyi üçün kphnə tarixə yazılıb qoyulmuşdur. Bu halda isə o həmin qərardadı almaqdan imtina etmişdir. Məhkəmə tərəfindən dəvət edilən mütəxəssis onu ittiham etmiş, mütəxəssisə təkrar verdiyi etirazlar hakim tərəfindən təmin edilməmişdir. Onun tələbləri hakim tərəfindən yerinə yetirilməmiş, iş üzrə icraata xitam verilməlii olduğu halda iş baxılmağa davam etmişdir. Cavabdeh təşkilatın İdarə Heyətinin sədri X11 məhkəmə çıxışlarına keçirilən zaman özbaşına məhkəmə iclasını tərk etmiş, cavabdeh təşkilatın nümayəndəsinin bu hərəkəti aktla rəsmiləşdirilmişdir. Ona görə də cavabdeh təşkiların nümayəndəsi çıxış etməmişdir. 02 iyul 2020-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında Naxçıvan MR X12 Xidmətinin əməyin sosial-hüquq məsələləri üzrə nəzarət sektorunun baş məsləhətçi-baş əmək müfəttişi X7 verdiyi izahatında qeyd etmişdir ki, o, işdə olan sənədlərlə qısa da olsa tanış olmuş və məlum olmuşdur ki, əgər müəsisə ləğv olunursa və onun yerində başqa bir müəssə yaradılırsa, onda yeni yaranmış müəssəyə işçilər müvafiq əmrlə adları göstərilməklə qəbul edilməlidirlər. Lakin iş materiallarında həmin əmrə rast gəlməmişdir. Cavabdeh təşkilatın nümayəndəsinin izahatında “öhdəliyində traktorları, kamaz, yük maşını olan şöferlərdən başqa qalan işçilər işdən azad edilsin” deyir. Bu gün iddiaçının öhdəliyində maşını olubsa, onda həmin işçi hazırda işdə hesab edilir, çünki İddiaçı işdən azad edilməsi barədə heç bir müəssə rəhbərinin rəsmi əmri yoxdur. Yəni işə qəbul və işdən azad edilmə barədə müəsisə rəhbəri tərəfindən rəsmi şəkildə əmr olmalıdır. Həmçinin iş materialalrında İdarənin əmrlər kitabı yoxdur. Əmrlər kitabı və işə qəbul edilmək barədə əmr olduqdan sonra mütəxəssis olaraq məzuniyyətlə bağlı hesablama aparıla bilər. 15 oktyabr 2020-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında mütəxəssis- Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X12 Xidmətinin rəis müavini X14 verdiyi izahatında qeyd etmişdir ki, o, işdə olan sənədlərlə tanış olub və bununla bağlı qeyd edə bilər ki, İdarənin sənədləşmə işləri düzgün aparılmayıb. 2005-2014-cü illərin məzuniyyət hesablanması aparılıb və məlum olub ki, İddiaçı bu illər ərzində məzuniyyət pulu 1799.49 manat olub. A.Qasımov işlə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən əmək mqqaviləsinə xitam verilərkən hansı şərtlər və məhdudiyyətlərlə bağlı olan arayışı məhkəməyə təqdim etmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarına əlavə olunmuş 05 dekabr 2020-ci il tarixdə Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilmiş 13/108 nömrəli arxiv arayışında 51 nömrəli Tikinti Trestinin 51 nömrəli X2 işləmiş İddiaçı 2005-2014-cü illərdə aylar üzrə aldığı əmək haqqı göstərilmişdir. Əsas: fond-6 siyahı 2, sax/vah-678, 681, 673, 682, 685, 609, 690, 695, 698, 700. Naxçıvan MR Dövlət Vergi Xidmətinin İddiaçı 13.01.2020-ci il tarixli ərizəsinə 15.01.2020-ci il tarixdə verilmiş **********054300 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Naxçıvan «xxxx Tikinti Quraşdırma» ATSC-nin (VÖEN: **********) hüquqi adında heç bir dəyişiklik edilməmiş və bu günədək ləğv olunmamışdır. Naxçıvan «xxxx Tikinti Quraşdırma» ATSC-nin 01 mart 2015-ci il tarixli əmrinin surətindən məlum olur ki, həmin əmrlə Naxçıvan «xxxx Tikinti Quraşdırma» ATSC-nin dövlət və fərdi sifarişləri olmadığından 2014-cü ilin axırından tikinti quraşdırma işləri dayandırılmış, öhdəsində nəqliyyat vasitələri olan maşınlar, krançılar, traktorçular və bulduzerçilər istisna olmaq şərti ilə 2015-ci ilin mart ayından etibarən fəhlə və ustaların əmək müqaviləsinə xitam verilmiş, Cəmiyyətin qulluqçuları özlərinə iş yeri tapana qədər öz hesablarına məzuniyyətə buraxılmışlar. 20-2000/S nömrəli Dövlət qeydiyyatı şəhadətnaməsinin surətindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən Naxçıvan «xxxx Tikinti Quraşdırma» ATSC 24 may 2000-ci il tarixdə ******* identifikasiya kodu ilə X19 Cəmiyyəti-təşkilati-hüquqi forması əldə etmiş və əsas fəaliyyət növü-tikinti, təmir, quraşdırma və abadlıq işlərinin təşkili, əhaliyə tikinti xidmətinin göstərilməsi, inşaat tikinti materiallarının istehsalı və satışı: Xarici iqtisadi əlaqələrdir. İddiaçı 05.04.1997-ci il tarixli 6 nömrəli əmrlə 03.04.1997-ci il tarixdən Naxçıvan 1 saylı Tikinti Quraşdırma İdarəsinə sürücü təyin edilmişdir. (03.10.1999-cu il tarixli 27 nömrəli əmrlə Naxçıvan MR Nazirlər Kabinetinin 22.09.1999-cu il tarixli 163 saylı qərarı əsasında 1 saylı Tikinti Quraşdırma İdarəsi ləğv edildiyindən köçürmə yolu ilə yaradılmış “xxxx” Tikinti Quraşdırma X19 Cəmiyyətinə keçirilmişdir. 01 aprel 2009-cu il tarixdə tərtib edilmiş əmək müqaviləsinin surətindən aydın olur ki, tərəflər həmin tarixdə müqavilə bağlamışdır. AD 067844 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 75AF230 dövlət qeydiyyat nişanlı Kamaz 5511 Yük özüboşaldan (buraxılış ili 1987, mühərrik 063286, ban 235833şassi 0268587, rəngi narıncı) Naxçıvan «xxxx Tikinti Quraşdırma» ATSC-nin nəzdindədir. İddiaçı idarə etdiyi Naxçıvan «xxxx Tikinti Quraşdırma» ATSC-nin balansında olan Kamaz 5511 markalı 41-24 AQO dövlət nişanlı nəqliyyat vasitəsinin özəlləşdirilməsi barədə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinə müraciət etmiş, nazirlik tərəfindən 20 noyabr 2000-ci il tarixdə verilmiş 04/5768-S-109 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, “xxxx” ATSC-nin 25 sentyabr 2000-ci il tarixli 0-46 nömrəli məktubunda bildirilmişdir ki, Cəmiyyətin özünün maşın-mexanizmlərə xüsusilə ağır tonrajlı dizel mühərrikli avtomaşınları zəruri ehtiyacı olduğundan, kollektivin qərarı ilə maşınların özəlləşdirilməsi işi müvəqqəti olaraq dayandırılmış və hazırda qeyd edilən nəqliyyat vasitəsinin satılması mümkün deyil. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin İddiaçı müraciətinə cavab olaraq 11.09.2000-ci il tarixdə verilmiş 953 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin “Dövlət Proqramı”na uyğun olaraq İddiaçı işlədiyi müəssisənin bazasında X19 cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanuna uyğun olaraq səhmdar cəmiyyətin idarə heyətinin qəbul etdiyi qərar əsasında əmlak üzərində mülkiyyət hüququ Dövlət Əmlakı Nazirliyinin sərəncamı ilə rəsmiyyətləndirilərək qanuna uyğun surətdə dəyişdirilir. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin İddiaçı müraciətinə cavab olaraq 03.10.2000-ci il tarixdə verilmiş 1022 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı işlədiyi Tikinti Quraşdırma İdarəsinin balansında 30.10.1999-cu il tarixdən Naxçıvan “xxxx” Tikinti Quraşdırma X19 Cəmiyyəti yaradılmış, mövcud qanunvericiliyə əsasən müəssisə səhmdar cəmiyyətə çevirilərkən müəssisədə olan bina və qurğular, maşın, avadanlıq və digər aktivlər cəmiyyətin nizamnamə kapitalını təşkil edir. “xxxx” ATSC-nin 25 sentyabr 2000-ci il tarixli 0-46 nömrəli məktubuna görə Cəmiyyətin dizel mühərrikli ağır tonrajlı avtomaşına zəruri ehtiyacı olduğundan, kollektivin qərarı ilə maşınların özəlləşdirilməsi nəzərdə tutulmur. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin İddiaçı müraciətinə cavab olaraq 09.10.2000-ci il tarixdə verilmiş 1042 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Naxçıvan 1 saylı Tikinti Quraşdırma İdarəsi Naxçıvan MR Nazirlər Kabinetinin 22.09.1999-cu il tarixli 163 saylı qərarına əsasən ləğv edilərək onun bazasında Naxçıvan “xxxx” Tikinti Quraşdırma X19 Cəmiyyəti yaradılmışdır. Məktubda qeyd edilmişdir ki, “Dövlət müəssisələrinin səhmdar cəmiyyətə çevirilməsi haqqında” Əsasnaməyə uyğun olaraq cəmiyyətin emissiya prospekti (özəlləşdirmə planı) hazırlanaraq səhmləri satılmaq üçün Azərbaycan mərkəzi çek auksionuna çıxarılacaqdır. Dövlətin əvəzsiz olaraq Sizə verdiyi özəlləşdirmə payından istifadə edərək açıq çek auksionunda və əmək kollektivinin qapalı abunə yazılışında iştirak etməklə Cəmiyyətin əmlakından pay ala bilərsiz. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin İddiaçı müraciətinə cavab olaraq 01.11.2000-ci il tarixdə verilmiş 1073 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Naxçıvan MR Nazirlər Kabinetinin 22.09.1999-cu il tarixli 163 saylı qərarı əsasında Naxçıvan MR Tikinti Quraşdırma Dövlət Şirkətinin tabeliyində olan Naxçıvan 1 saylı Tikinti Quraşdırma İdarəsi özəlləşdirilməsi üçün Naxçıvan MR DƏN-nin sərəncamına verilmişdir. 04.10.1999-cu il tarixli 389 saylı sərəncamla Naxçıvan 1 saylı Tikinti Quraşdırma Müəssisəsi bazasında Naxçıvan “xxxx” Tikinti Quraşdırma X19 Cəmiyyəti yaradılmışdır. Məktubda qeyd edilmişdir ki, Sizin müraciətinizlə əlaqədar “xxxx “ SC-nə müraciət edilmiş, Cəmiyyətin 25 sentyabr 2000-ci il tarixli 0-46 nömrəli məktubuna görə Cəmiyyətin özünün maşın-mexanizmlərə xüsusilə ağır tonrajlı dizel mühərrikli avtomaşınlara ehtiyacı olduğundan, kollektivin qərarı ilə maşınların fərdi özəlləşdirilməsi məqsədə müvafiq hesab edilməmişdir. (qoşma Naxçıvan “xxxx” TQ ATSC-nin 25 sentyabr 2000-ci il tarixli 0-46 nömrəli məktubu). Naxçıvan Şəhər Məhkəməsinin 06.07.2020-ci il tarixli 2(078)-259/2020 nömrəli məktubuna cavab olaraq 09.07.2020-ci il tarixdə verilmiş **********254800 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Naxçıvan “xxxx” Tikinti Quraşdırma X19 Cəmiyyəti ********** saylı VÖEN-lə hüquqi şəxs qismində vergi ödəyicisi kimi Naxçıvan Şəhər Vergilər İdarəsində qeydiyyatda dayanır və 14.10.2015-ci il tarixdən fəaliyyətini dayandırmışdır. İş materiallarına əlavə edilmiş bildirişin surətindən görünür ki, İddiaçı Naxçıvan “xxxx” Tikinti Quraşdırma X19 Cəmiyyətinin səhmlərinin əmək kollektivinə güzəştli satışda iştirak edərək iki nəfərə 1 ədəd özəlləşdirmə çeki təqdim edilmişdir və nəticədə hər birinin dəyəri 5000 manat olan 19 ədəd səhm əldə etmişdir. 23.09.2020-ci il tarixdə Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilmiş 13/661 nömrəli arxiv arayışında İddiaçı 2000-ci ildə aylar üzrə aldığı əmək haqqı göstərilmişdir. Əsas: fond-6 siyahı 2, sax/vah-685. (Qeyd: 1999, 2001-2004-cü illərə dair əmək haqqı cədvəllərində İddiaçı adına rast gəlinmədi). Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin İddiaçı 17.08.2020-ci il tarixli təkrar müraciətinə cavab olaraq 25.08.2020-ci il tarixdə verilmiş 08/72 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Naxçıvan “xxxx” Tikinti Quraşdırma X19 Cəmiyyəti 14.10.2015-ci il tarixdən fəaliyyətini dayandırdığından müraciətin araşdırılması mümkün deyil. 03.09.2020-ci il tarixdə Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilmiş 13/661 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Arxivdə mühafizə olunan Babək rayon 110 nömrəli X1 Dəstənin sənədlərində İddiaçı 08.04.1987-ci il tarixli 67 nömrəli əmrlə 222 nömrəli məktuba əsasən maşın gətirmək üçün ezamiyyətə getməsi, 14.04.1987-ci il tarixli 71 nömrəliu əmrlə ezəmiyyətdən qayıtması, 23.04.1987-ci il tarixli 79 nömrəli əmrlə Kamaz markalı avtomaşına sürücü vəzifəsinə keçirilməsi əmre kitabında göstərilmişdir. Əsas: fond-666 siyahı 2, sax/vah-685 sax/vah-294. Naxçıvan “xxxx” Tikinti Quraşdırma X19 Cəmiyyətinin İdarə heyətinin sədri Ə.Bünyadov 15 may 2020-ci il tarixdə Babək Rayon Polis Şöbəsinə müraciət edərək İddiaçı Cəmiyyətə məxsus olan Kamaz 5511 markalı **-AC-*** dövlət nömrə nişanlı yük maşınını etibarnamə olmadan idarə etdiyini bildirmiş və yük maşınının S.Səmədovdan alınaraq Cəmiyyətə təhvil verilməsi barədə müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktın surətindən görünür ki, Naxçıvan “xxxx” Tikinti Quraşdırma X19 Cəmiyyətinə məxsus Kamaz 5511 markalı **- AC-*** dövlət nömrə nişanlı yük maşını 16.05.2020-ci il tarixdə Babək Rayon Polis Şöbəsi tərəfindən saxlanca qəbul edilmiş, 23.05.2020-ci il tarixdə isə nəqliyyat vasitəsinin saxlanma səbəbi aradan qaldırıldığından nəqliyyat vasitəsi duraqdan buraxılmışdır. Naxçıvan MR DİN Babək Rayon Polis Şöbəsinin Ə.Bünyadovun 15.05.2020-ci il tarixli məktubuna cavab olaraq 18.05.2020-ci il tarixdə verilmiş 10/882 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Naxçıvan “xxxx” Tikinti Quraşdırma X19 Cəmiyyətinə məxsus Kamaz 5511 markalı **-AC-*** dövlət nömrə nişanlı yük maşını İddiaçı alınaraq Cəmiyyətə təhvil verilmişdir. Naxçıvan MR DİN X22 İdarəsi tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin 28.08.2020-ci il tarixli 2(078)-259/2020 nömrəli məktubuna 02.09.2020-ci il tarixdə verilmiş 1/791 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Kamaz 5511 markalı 41- 24-AQO dövlət qeydiyyat nişanlı avtomobil 15.07.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Naxçıvan şəhər Şahtaxtınski döngə 7, ev 1-də qeydiyyatda olan X8 adına qeydiyyata alınaraq **-BE-*** dövlət qeydiyyat nişanı verilmişdir. Kamaz 5511 markalı, **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda X8 adında qeydiyyatda durur. Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Naxçıvan “xxxx” Tikinti Quraşdırma X19 Cəmiyyətinə məxsus Kamaz 5511 markalı **-AC-*** dövlət nömrə nişanlı yük maşını 15.07.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında 8500 manata Naxçıvan şəhər Şahtaxtınski döngə 7, ev 1-də qeydiyyatda olan X3. Naxçıvan MR Kommersiya Məhkəməsinin 09 fevral 2021-ci il tarixli e-2-2(123)- 5/2021 nömrəli qətnaməsi ilə İddiaçı Naxçıvan xxxx Tikinti X15 Səhmdar Cəmiyyətinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiası təmin edilərək Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən 15 iyul 2020-ci il tarixdə təsdiq edilmiş Kamaz 5511 markalı **-BE-*** (**-AF-***) dövlət qeydiyyat nişanlı yük avtomobilinin alqı-satqısına dair müqavilənin etibarsız hesab olunması, Kamaz 5511 markalı **-BE-*** (**-AF-***) dövlət qeydiyyat nişanlı yük avtomobili Naxçıvan xxxx Tikinti Quraşdırma ATSC-nin balansına qaytarılması müəyyən edilmişdir. Naxçıvan MR İqtisadiyyat Nazirliyi tərəfindən İddiaçı 26.12.2019-cu il tarixli müraciətinə cavab olaraq 17.01.2020-ci il tarixdə verilmiş NAX İN-X/O-20/2020 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Naxçıvan “xxxx” Tikinti Quraşdırma X19 Cəmiyyəti Naxçıvan MR Dövlət Əmlak Komitəsinin 04 yanvar 2000-ci il tarixli Sərəncamı ilə Naxçıvan şəhər 1 saylı Tikinti Quraşdırma İdarəsi ləğv olunaraq onun bazasında yaradılmış, 2003-cü ilin avqust ayında Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi tərəfindən cəmiyyətin səhmləri pullu hərracda satışa çıxarılmış və cəmiyyətin səhmlərinin satışı başa çatdırılaraq 100% özəlləşdirilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia ərizəsində aşağıdakı tələblərini irəli sürmüşdür.

1. Əmək kitabçası son hesablaşma aparılaraq ona verilsin.

2. Bütün iş illəri üçün əmək məzuniyyətinə görə pul əvəzi ödənilsin.

3. Boş qaldığı günlər üçün əmək haqqı alınıb verilsin.

4. 1987-ci ildən istifadə etdiyi Kamaz 5511 markalı yük avtomobilini onun mülkiyyətinə verilsin. Məhkəmə iddiaçının hər bi tələbinə ayrı-ayrılıqdan qiymət verilməsini məqsədəmüvafiq hesab edir. İddiaçının ilkin tələbi əmək kitabçasının son hesablaşma aparılaraq ona verilməsi tələbidir. Məhkəmə həmin tələbi iş üzrə toplanmış sübutlarla əhatəli şəkildə yoxlayıb hesab edir ki, həmin tələb özlüyündə əsassız olduğundna təmin edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları bunlardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. İşə məhkəmədə baxılan zaman İddiaçı əmək müqaviləsinə xitam verilmədiyi tərəflərin izahatları, toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Cavabdeh təşkilat tərəfindən əmək qanunvericiliyinə uyğun olmayan şəkildə tərtib edilmiş 01 mart 2015-ci il tarixli əmrinin surətindən məlum olur ki, həmin əmrlə Naxçıvan «xxxx Tikinti Quraşdırma» ATSC-nin dövlət və fərdi sifarişləri olmadığından 2014-cü ilin axırından tikinti quraşdırma işləri dayandırılmış, öhdəsində nəqliyyat vasitələri olan maşınlar, krançılar, traktorçular və bulduzerçilər istisna olmaq şərti ilə 2015-ci ilin mart ayından etibarən fəhlə və ustaların əmək müqaviləsinə xitam verilmiş, Cəmiyyətin qulluqçuları özlərinə iş yeri tapana qədər öz hesablarına məzuniyyətə buraxılmışlar. Cavabdeh təşkilatın nümayəndəsi Əhməd Bünyadov tərəfindən sözügedən əmrin iddiaçıya aid olub-olmaması barədə məhkəmə tərəfindən verilən sualın cavabında qeyd edilmişdir, iddiaçının öhdəsində maşın olduğundan həmin əmr ona aid edilməmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Maşını təhvil verdiyi vaxt əmək müqaviləsinə xitam veriləcəkdir. Halbuki tərəflərin izahatlarından aydın olur ki, maşın cavabdeh təşkilata verildikdən sonra belə əmək müqaviləsinə xitam verilməmişdir. Məhkəmə sözügedən əmrin konkret olmamasına, həmin əmrin şamil edilmədiyi şəxslərin siyahısının dəqiq şəkildə göstərilməməsinə baxmayaraq öhdəsində maşın olan şəxslərdən birinin iddiaçı olduğundan əmək müqaviləsinə xitam verilməsi barədə əmrin İddiaçı şamil edilmədiyini işin mübahisəsiz halı hesab edir. Belə olan halda məhkəmə iddia tələbinin birinci hissəsində əmək kitabçasının son hesablaşma aparılaraq ona verilməsi tələbini əsassız hesab edərək rədd edilməsi qənaətinə gəlir. Belə ki, iddiaçı öz subyektiv hüququnu həyata keçirməli və əmək qanunvericiliyində nəzərdə tutulmuş formada öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənə müraciət etməli və əmək müqaviləsinə xitam verildikdən sonra əmək kitabçası işçi-iddiaçıya təhvil verilə bilər. İddiaçının bu subyektiv hüququnu həyata keçirməsi məhkəmə qətnaməsində nəzərdə tutula bilməz. İddiaçının iddiasının ikinci tələbi bütün iş illəri üzrə məzuniyyətin alınıb verilməsi tələbidir. Məhkəmə həmin tələbi iş materialları ilə araşdırıb tələbin qismən əsaslı olduğundan qismən təmin edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək Məcəlləsinin 144-cü maddsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. İddiaçı işlədiyi dövr ərzində məzuniyyətin hesablanıb verilmədiyi işin mübahisəsiz halıdır. İddiaçı məzuniyyətə çıxamdığını qeyd etməklə yanaşı, cavabdeh təşkilatın nümayəndəsi məzuniyyətin qanunla iddiaçıya verilməsinin qeyri-mümkün olduğunu bildirmişdir. Məhkəmə cavabdehin əmək məzuniyyətinin hesablanmasının qeyri-qanuni olması il bağlı qeyd etdiyi arqumentlərlə razılamışmır. Halbuki əmək qanunvericiliyi iştər müddətli, istərsə də müddətsiz əmək müqavilələri bağalanarkən işçinin əmək məzuniyyətini tənzimləmiş və bunun üçün başlıca meyarları dəqiq şəkildə göstərmişdir. Lakin məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi kimi bütün iş illəri üçün yox, faktiki işlədiyi dövr üçün məzuniyyət əvəzi-kompensasiyanın hesablanmasını qanuni və əsaslı hesab edir. Belə ki, Əmək Məcəlləsinin 110.1-ci maddəsinə görə işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 110.3-cü bəndinə görə işçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 132.1-ci maddəsinə görə əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt daxil edilir. 15 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyindən aydın olur ki, 2005-2014-cü illərin məzuniyyət hesablanması aparılmış, İddiaçı bu illər ərzində məzuniyyət pulu 1799.49 manat təşkil edir. Məhkəmə mütəxəssis rəyi ilə rrazılaşır və hesab edir ki, iddiaçının faktiki işlədiyi dövr 2005-2014-cü illəri əhatə etmişdir ki, bu hal arxiv arayışı ilə də öz təsdiqini tapmışdır. Ona görə də iddiaçının faktiki işlədiyi dövrə-2005-2014-cü il tarixə məzuniyyət əvəzi hesablanıb verilməlidir. Məhkəmə həmin məbləğin 1799.49 manat olmasına dair məhkəmə mütəxəssis hesbalanmasını əsaslı hesab edir. Məhkəmə iddia tələbinin bütün iş illəri üzrə məzuniyyət əvəzinin hesablanıb verilməsi tələbinin yalnız faktiki işlədiyi dövr üçün hesbalanamsını qanuni və əsaslı hesab edir və qalan iş illəri üzrə tələbin rədd edilməsi qənaətinə gəlir. Məhkəmə iddia tələbinin boş qaldığı günlər üçün əmək haqqı alınıb hesablanıb verilməsi barədə tələbini iş materialları ilə araşdırıb həmin tələbin əsassız olduğundan rədd edilməsi qənaətinə gəlir. Əmək Məcəlləsinin 169.1-ci bındində görə boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Həmin Məcəllənin 169.2-ci bəndinə görə işçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Mülki işin materiallarından aydın olur ki, cavabdeh təşkilat öz fəaliyyətini dayandırmış və vergi orqanından onun fəaliyyətini dayandırması qeydiyyata alınmışdır. 2015-ci ildən-təşkilat öz fəlaiyyətinə dayandırdıqdan sonra iddiaçının cavabdeh təşkilata boşdayanma ilə bağlı müraciətinin olması iş materialları ilə öz təsdiqini tapmamışdır. İddiaçının hazırki vaxta qədər əmək müqaviləsinə xitam verilməməsi nəzərə aldıqda isə hazırki vəziyyətdə boşdayanma halının mövcudluğu şübhə altına alınır. Belə ki, iddiaçı boşdayanma halının cavabdehin təqsiri ucbatından yarandığını sübuta yetirdiyi halda ona əmək haqqısının 2/3 hissəsindən az olmayaraq ödəniş edilməlidir. Hazırki vəziyyəti işçiiddiaçı boşdayanma halının işəgötürənin-cavabdehin təqsiri ucbatından yaranmasını sübuta yetirə bilmir. Ona görə də iddia həmin hissədə əsaslı sayıla bilməz. Məhkəmə iddia tələbinin sonuncu hissəsinə-1987-ci ildə istifadə etdiyi Kamaz 5511 markalı yük avtomobilinin onun mülkiyyətinə verilməsi tələbini iş üzrə toplanmış sübutlarla qarşılıqlı şəkildə tədqiq edib həmin tələbin əsassız olması nəticəsinə gəlir. Belə ki, iş materiallarından aydın olur ki, Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-5/2021 nömrəli işi üzrə İddiaçı Naxçıvan xxxx Tikinti X15 Səhmdar Cəmiyyətinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə məhkəmənin 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən 15 iyul 2020-ci il tarixdə təsdiq edilmiş Kamaz 5511 markalı **-BE-*** (**-AF-***) dövlət qeydiyyat nişanlı yük avtomobilinin alqı-satqısına dair müqavilənin etibarsız hesab olunması, Kamaz 5511 markalı **-BE-*** (**-AF-***) dövlət qeydiyyat nişanlı yük avtomobili Naxçıvan xxxx Tikinti Quraşdırma ATSC-nin balansına qaytarılması müəyyən edilmişdir. İş materiallarından aydın olur ki, 2000-ci ildən başlayaraq iddiaçı dəfələrlə sözügedən yük maşınının özəlləşdirilməsi barədə müxtəlif orqanlara müraciət etmiş və cavab məktublarında onun tələbinə baxılmasının qeyri-mümkünlüyü izah edilmişdir. İş materiallarından aydın olur ki, Naxçıvan xxxx Tikinti X15 Səhmdar Cəmiyyəti yarandıqdan sonra Naxçıvan 1 saylı Tikinti Quraşdırma Müəssisəsinin balansında olan maşın və mexanizmlər də onun balansına keçirilmiş və cavabdeh təşkilat tərəfindən özəlləşdirilmişdir. İddiaçının iddia ərizəsində həmin nəqliyyat vasitəsini 1987-ci ildən istifadə etdiyini göstərməsi ilə bağlı dəlilinə hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, əmlakın mülkiyyətçisi hazırda cavabdeh təşkilatdır və nəqliyyat vasitəsi onun balansındadır. Mübahisəli nəqliyyat vasitəsinin uzun müddət iddiaçı tərəfindən istifadə edilməsi həmin nəqliyyat vasitəsinin onun mülkiyyəti hesab edilməsinə əsas vermir. İddiaçı özəlləşdirmənin aparılmasını nəzərdə tutan qanunvericilik aktlarında göstərildiyi qaydada mübahisəli nəqliyyat vasitəsini cavabdeh təşkiatdan satın ala bilər və onun bu hüququnu həyata keçirməsi məhkəmə qətnaməsi ilə müəyyən edilə bilməz. Məhkəmə cavabdehetəşkilatın nümayəndəsi tərəfində iddia tələbinə etirazda qeyd etdiyi cəmiyyətin gördüyü tikinti-quraşdırma işləri mövsümi xarakter daşıdığından bu işlərə məzuniyyət verilməməsi, iş dayandıqdan sonra iki il ərzində cəmiyyətə müraciət etmədiyi halda iddianın əsassız olması,iddiaçının bir dəfə də olsun təşkilata müraciət etməməsi, həmçinin iddia müddətinin ötürülməsi, iş üzrə icraata xitam verilməli olması barədə dəlillərini əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində aydın olur ki, həmin müqavilə müddətsiz bağlanmışdır. Sözügedən müqavilədə işin mövsumi xarakter daşıması ilə bağlı hər hansı qeyd yoxdur. əlavə olaraq müddətli əmək müqaviləsində belə faktiki işlədiyi dövrə münasibətdə məzuniyyət hüququnu əmək qanunvericiliyi tənzimlənmişdir. İşəgötürən işçinin məzuniyyət hüququnu məhdudlaşdırması əmək qanunvericiliyi ilə qadağan edilmişdir. Digər tərəfdən iş materialarında olan iddiaçı tərəfindən müxtəlif təşkilatlara o cümlədən cavabdeh təşkilata hüquqlarının pozulması ilə bağlı müraciət etməsi öz təsdiqini tapır. Məhkəmə cavabdeh təşkilatın nümayəndəsinin diqqətinə onu da çadırır ki, əmək kitabçasının verilməsi, məzuniyyətin hesablanıb ödənilməsi, boşdayanma halına görə əmək haqqının hesablanıb verilməsi, istifadəsində olan nəqliyyat vasitəsinin mülkiyyətinə verilməsi tələbləri ilə əlaqədar mübahisənin məhkəməyəqədər həlli qaydasıpretenziya qaydası nəzərdə tutulmamışdır. Pretenziya qaydası nəzərdə tutulmadığı halda iddiaçı müxtəlif vaxltara öz müraciətini etmişdir. Eyni zamanda məhkəmə “iddiaçının qanunla müəyyən edilmiş iddia müddətini buraxması”na dair dəlili ilə razılaşmayaraq qeyd edir ki, əmək məzuniyyət hüququnun pul ilə kompensasiya edilməsinə dair hüquq mülkiyyət hüququnun məzmununa daxil olan hüquq kimi qiymətləndirilir. Mülkiyyət hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə iddia müddəti şamil olunmur. İddia tələbinin icraata götürülməsi və işin məhkəmə baxışı iclasında baxılması zamanı iş üzrə icraata xitam verilməsini nəzərdə tutan mülki prosessual qanunvericilikdə tənzimlənən hallar müəyyən edilməmişdir. Ona görə də məhkəmə cavabdeh təşkilatın nümayəndəsinin iddia tələbinə etirazlarında qeyd etdiyi arqumentləri əsasız hesab edərək həmin arqumentləri qanunvericiliyin tələbinə uyğun olmaması kimi qiymətləndirir. Nəticə: Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə sonda belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan «xxxx Tikinti Quraşdırma» ATSC-nə qarşı əmək kitabçasında son hesablaşma aparılaraq ona verilməsi, istifadə edilməmiş məzuniyyət pulunun və boşdayanma halları üzrə əməkhaqqının alınıb ona verilməsi və 1987-ci ildən idarə etdiyi Kamaz 5511 markalı yük avtomobilinin alınıb verilməsi tələbinə dair iddiası qismən təmin olunmalı, cavabdeh təşkilat Naxçıvan “xxxx Tikinti Quraşdırma” ATSC-dən iddiaçının fakitiki işlədiyi 2004-2015-ci il ərzində istifadə etmədiyi məzuniyyət əvəzi olaraq 1799.49 (bir min yeddi yüz doxsan doqquz manat qırx doqquz qəpik) manat kompensasiya İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə rədd olunmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdeh Naxçıvan «xxxx Tikinti Quraşdırma» ATSC-nə qarşı əmək kitabçasında son hesablaşma aparılaraq ona verilməsi, istifadə edilməmiş məzuniyyət pulunun və boşdayanma halları üzrə əməkhaqqının alınıb ona verilməsi və 1987-ci ildən idarə etdiyi Kamaz 5511 markalı yük avtomobilinin alınıb verilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh təşkilat Naxçıvan “xxxx Tikinti Quraşdırma” X19 Cəmiyyətindən iddiaçının fakitiki işlədiyi 2004-2015-ci il ərzində istifadə etmədiyi məzuniyyət əvəzi olaraq 1799.49 (bir min yeddi yüz doxsan doqquz manat qırx doqquz qəpik) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar