Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-703/2022 07.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehə ödədiyi 4600 (dörd min altı yüz) manat pulu və ödədiyi 66 (altmış altı ) manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, cavabdehi mənzilində mebel quraşdırmaq niyyətində olan zaman, tanışının vasitəsi ilə mebel ustası kimi tanımışdır. xx.xx.2021-ci il tarixdə cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilinə tərəfindən dəvət olunmuş və həmin mənzilə mətbəx, yataq otağı və dəhliz üçün mebel sifariş vermişdir. Ceyhun köməkçisi Fərhad adlı şəxslə mənzilə gələrək ölçü götürmüş və 50 faiz ilkin ödəniş tələb etmişdir. Cavabdehə 1600 manat nağd ödəniş etmiş və 3000 manat vəsaiti cavabdehin kart hesabına köçürmüşdür. Cavabdeh xx.xx.2021-ci il tarixdə sifarişi təhvil verəcəyini bildirsə də, mebellərdən bir iki natamam hissə gətirərək yoxa çıxmışdır. Dəfələrlə cavabdehdən işi bitirməsini və ya pulunun geri qaytarılmasını tələb etsə də, cavabdeh müxtəlif yalan səbəblər gətirərək, üzərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırmışdır. Onda olan məlumata görə cavabdeh Nizami rayon ərazisində qaldığı üçün, ərizə ilə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PB-nə müraciət etmişdir. PB-nə dəvət olunmuş cavabdeh orada izahat verərək, ona 4600 manat borcu olduğunu etiraf etmiş, mənzilə mebelin bir hissəsini gətirdiyini, lakin imkanı çatmadığı üçün qalan hissəsini ala bilmədiyini qeyd etmişdir. Cavabdehin izahatını ərizəsinə əlavə edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericiliyin tələbinə uyğun qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmiş, iddiaçı 25 iyul 2022-ci il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda 25 iyul 2022-ci il tarixinə təyin edilən 2(078)-703/2022 nömrəli mülki iş üzrə iddiaçı olduğunu, iddianı müdafiə etdiyini qeyd edərək işi ilə əlaqədar olaraq və gediş-gəliş çətinliklərinə görə iştirakı olmadan məhkəmə işinə baxılmasını, baxış iclasının keçirilməsini xahiş etmiş, iddiaçı həmçinin 05 avqust 2022-ci il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda 09 avqust 2022-ci il saat 1400-a təyin olunan 2(078)-703/2022- nömrəli iş üzrə hazırlıq iclasında iştirak edə bilməyəcəyini, mülki iş üzrə iddiaçı olduğunu, iddianı müdafiə etdiyini qeyd edərək hazırlıq iclasına onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iddiaçı 09 avqust 2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə 2(078)-703/2022 nömrəli mülki iş üzrə iddiaçı olduğunu, Bakı şəhərində yaşadığı üçün və həmçinin işi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini, bu barədə məhkəməyə teleqramlar da ünvanladığını, iddiasını tam həcmdə müdafiə etdiyini və təmin olunmasını xahiş etdiyini, tərəfindən təqdim olunmuş sübutların məhkəmə baxış iclasının keçirilməsinə və yekun məhkəmə aktı olan qətnamənin qəbul edilməsinə kifayət etdiyini hesab etdiyini qeyd edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddiaçı həmçinin 16 sentyabr 2022-ci il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda icraatda olan 2(078)-703/2022 saylı mülki iş üzrə 22 sentyabr 2022ci il tarixə təyin olunan məhkəmə prosesində iştirak edə bilməyəcəyini, iş üzrə iddiasını müdafiə etdiyini qeyd edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmiş, iddiaçı həmçinin 29 sentyabr 2022-ci il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda 30 sentyabr 2022-ci il tarixə təyin edilən 2(078)-703/2022 saylı iş üzrə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iş üzrə iddiaçı olduğunu, iddiasını müdafiə etdiyini qeyd edərək Bakıdan Naxçıvana səfərin çətin və xərcli olmağını nəzərə almağı və iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə göndərilmiş yuxarıda qeyd olunan teleqramları və ərizəni nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Mülki iş materiallarında olan İddiaçı tərəfindən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə verilmiş ərizədə qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə tanışı vasitəsi ilə mebel ustası olan Cavabdeh adlı şəxslə görüşərək mənzili üçün mətbəx, yataq otağı və dəhliz mebeli sifariş vermişdir. Usta kimi özünü təqdim edən Yusifov köməkçisi Fərhad adlı şəxs mənzilə gələrək ölçü götürmüş və işin ümumi dəyərinin 50 faizini ilkin ödəniş olaraq tələb etmişlər. Bu məqsədlə 1600 AZN nağd, 3000 AZN isə kartına köçürmə vasitəsilə Nizami rayon ərazisində ödəniş etmişdir. Usta Cavabdeh xx.xx.2021-ci il tarixində mətbəx mebelini təhvil verəcəyini vəd etsə də mebelin bəzi hissələrini gətirərək aradan çıxmışdır. Yusifov inamından istifadə edərək dələduzluq əməli törətmiş, 4600 manat pulu ələ keçirərək hətta telefon zənglərinə belə cavab verməmişdir. xx.xx.2021-ci il tarixindən onunla əlaqə tamamilə kəsilmişdir. İşin yerinə yetirilməsindən kobudcasına boyun qaçırır. Yusifovun törətdiyi əməl barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Mülki iş materiallarında olan Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin baş təhqiqatçısına İddiaçı tərəfindən verilmiş izahatda qeyd olunmuşdur ki, 22 iyul 2021-ci il tarixində özünü mebel ustası kimi təqdim edən Cavabdehla görüşərək mebel sifarişi etmiş və ona mətbəx, yataq otağı və dəhliz mebelinin hazırlanması məqsədilə 50% ödəniş olaraq 4600 manat ödəniş etmişdir. Məbləğin 1600 manatını nağd əlində, 3000 manatı isə kartdan karta köçürmə ilə 23 iyul tarixində Nizami rayonu, Q.Qarayev metrosu yaxınlığında etmişdir. Yusifov və digər köməkçisi Fərhad adlı şəxs 20 avqust 2021-ci il tarixində mətbəx mebelini təhvil verəcəklərini, 31 avqust 2021-ci il tarixinədək isə bütün mebeli təhvil verəcəyini vəd etmişdir. Buna baxmayaraq bu günədək mətbəx mebelinin bir hissəsini quraşdırmış (qapısız, rəflərsiz sadəcə qutu hissəsi). Telefona cavab verməyərək vədinə əməl etməməkdədir. Onun istehlakçı hüquqlarını pozaraq dələduzluq etmişdir. Hər dəfə bəhanə gətirərək sifarişin icrasından boyun qaçırmışdır. Mülki iş materiallarında olan Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin baş təhqiqatçısına Cavabdeh tərəfindən verilmiş izahatda qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə Amalya adlı şəxsin Yasamal rayonunda evinə getmişdir. Amalya onlara evinə mətbəx mebeli, yataq otağı mebeli və dəhliz mebeli sifariş verib. Ümumilikdə sifariş verilən mebelin qiyməti 10000 manat təşkil edib. Amalya ilə danışıqlarına əsasən o, onlara 4600 manat pul ödəyib. Onlar işə başlayıb və işin müəyyən hissəsini evinə aparıblar. İmkanları çatmadığı üçün qalan hissəsini yekunlaşdıra bilməyiblər. Noyabr ayının 15-nə kimi mətbəx mebelini bitirib digər mebelləri hazırlamağa başlayacağına söz verir. Halhazırda söz verir ki, Noyabr ayının 14-nə kimi mətbəx mebelini bitirəcək. Mülki iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 dekabr 2021-ci il tarixli qərarda qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan vətəndaş X1 RPİ-nin 25-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə tanışı vasitəsi ilə mebel ustası olan Cavabdeh adlı şəxslə görüşərək mənzili üçün mətbəx, yataq otağı və dəhliz üçün mebel sifariş vermiş, Ceyhun köməkçisi Fərhad adlı şəxs ilə mənzilə gələrək ölçü götürmüş və işin ümumi dəyərinin 50 faizini ilkin ödəniş olaraq tələb etmişlər, buna görə də Ceyhuna 1600 AZN nağd, 3000 AZN isə kart hesabına göndərmiş, Ceyhun xx.xx.2021-ci il tarixdə mətbəx mebelini təhvil verəcəyini vəd etsə də mebelin bəzi hissələrini gətirərək aradan çıxmışdır. Bundan sonra onunla əlaqə saxlaya bilməmişdir. Vətəndaş bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Material üzrə izahatı alınmış vətəndaş İddiaçı ərizəsi ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, Ceyhun adlı usta üzərinə götürdüyü işlərin bir hissəsini görmüş, yəni, mebelləri qurmuş, lakin, tam hazırlayaraq təhvil verməmişdir. Material üzrə izahatı alınmış vətəndaş Cavabdeh bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Amalya adlı şəxsin yaşadığı evə getmiş, Amalya evinə mətbəx, yataq və dəhliz mebeli sifariş vermiş, verilən sifarişin ümumi qiyməti 10000 (on min) AZN təşkil etmişdir. Amalya ilə danışıqlarına əsasən sonuncu ona ilkin olaraq 4600 AZN pul ödəmiş, onlar işə başlamış və işin müəyyən hissəsini onun evinə aparmışdırlar. Bundan sonra imkanları çatmadığı üçün işin qalan hissəsini tamamlaya bilməmişdirlər. Beləliklə, toplanmış təhqiqat materialından görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi yoxdur. Tərəflər arasında yaranmış mübahisə mülki xarakterlidir. Buna görə də toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməli, tərəflər arasında yaranmış mübahisənin həlli üçün məhkəmə orqanlarına müraciət etmələri tövsiyyə edilməlidir. Qeyd olunan qərar ilə İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, tərəflər arasında yaranmış mübahisənin həlli üçün məhkəmə orqanlarına müraciət etmələri tövsiyyə edilmişdir. Məhkəmə iddiaçının iddia ərizəsini, mülki iş materiallarında olan iddiaçı və cavabdehin polis şöbəsinə verdiyi izahatları, iddiaçının polis şöbəsinə verdiyi ərizəni, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardır. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından aydın olur ki, cavabdeh Yusifov X2 şəhəri, 28 may küçəsi, döngə 1, ev 2 ünvanında ünvanında rəsmi qeydiyyatdadır. Cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin məhkəmə bildirişləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmişdir. Həmçinin cavabdehə telefonoqram verilmiş və ona sms bildiriş göndərilmişdir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə və ya iddiaçıya təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Həmin məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin məcəllənin 762-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Məcəllənin 769-cu maddəsinə görə əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin məcəllənin 776-cı maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, onlar arasındakı razılaşmaya əsasən iddiaçı (sifarişçi) ona mətbəx, yataq otağı mebeli və dəhliz üçün mebel hazırlanması üçün cavabdehə (podratçıya) 10000 (on min) manat məbləğində pul verməyi öhdəsinə götürmüş, cavabdeh (podratçı) isə həmin pul məbləğinin qarşılığında mətbəx mebeli, yataq otağı mebeli və dəhliz üçün mebel hazırlayaraq iddiaçıya (sifarişçiyə) verməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı (sifarişçi) aralarındakı razılaşmaya əsasən qeyd olunan məbləğdə pulun bir hissəsini yəni 4600 (dörd min altı yüz) manatı cavabdehə (podratçıya) qabaqcadan vermiş, cavabdeh (podratçı) isə həmin məbləği alaraq onun qarşılığında mətbəx mebeli, yataq otağı mebeli və dəhliz üçün mebel hazırlayaraq iddiaçıya verməyi öhdəsinə götürmüş, iddiaçı mebellər təhvil verildikdən sonra pulun qalan hissəsini ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməyərək razılaşmada göstərilən mebelləri iddiaçıya təhvil verməmişdir. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərinin bir qismini icra edərək, müqavilə üzrə cavabdehə ödəməli olduğu məbləğin 4600 (dörd min altı yüz) manatını cavabdehə ödəmiş, cavabdeh isə tərəflər arasındakı razılaşma üzrə müəyyən olunmuş şərtlər daxilində əşyanın dəyərinin bir hissəsəsinin qabaqcadan ödənilməsinə, həmin məbləğin qarşılığında əşyanı iddiaçıya verməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin əşyanı hazırlayıb iddiaçıya verməkdən yayınmışdır. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının cavabdehlə aralarında olan podrat müqaviləsindən irəli gələn öhdəliyinin bir hissəsini yerinə yetirməsi yəni 4600 (dörd min altı yüz) manat məbləğində pulu cavabdehə ödəməsi mülki iş materiallarında olan iddiaçı və cavabdehin polis şöbəsinə verdiyi izahatları, iddiaçının polis şöbəsinə verdiyi ərizəsi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda tərəflər arasındakı podrat müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış şifahi podrat müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyin bir hissəsini yerinə yetirsə də cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş iddiaçıya verməli olduğu mebelləri ona təhvil verməmiş, onun verdiyi pulu da iddiaçıya qaytarmamışdır. Bu halda cavabdeh aradan qalxmış əsasla iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuş olsa da, işin məhkəmədə araşdırılmış halları ilə müəyyən edilmişdir ki, hazırda həmin əsas aradan qalxmışdır. Cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə iddiaçının ona verdiyi pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddia tələbində göstərilən pul məbləğinin iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, 4600 (dörd min altı yüz) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 66 (altmış altı) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -4600 (dörd min altı yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; -66 (altmış altı) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 4600 (dörd min altı yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. 66 (altmış altı) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-703/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-703/2022
07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver