Məhkəmə qərarları › İş №2(078)-708/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-708/2024

10.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-708/2024 10.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Məmmədova (İsmayılova) Gülnar Namiq qızının iştirakları ilə, İddiaçı cavabdeh Məmmədova (İsmayılova) Gülnar Namiq qızına qarşı 5000 manat kompensasiya ödənilməklə istifadə və yaşayış hüququna xitam verilməsi, fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Məmmədova (İsmayılova) Gülnar Namiq qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən 5000 (beş min) manat kompensasiya ödənilməklə istifadə və yaşayış hüququna xitam verilməsi, fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıraraq bildirmişdir ki, oğlu X8 cavabdeh X9 ilə 2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Rəsmi nikaha daxil olduqdan sonra o mükiyyətində Naxçıvani küçəsi, 4A da yerləşən iki otaqdan ibarət fərdi yaşayış evini yaşamaq üçün oğluna vermişdir. Bir neçə il oğlu həyat yoldaşı və azyaşlı uşaqları ilə həmin evdə yaşamışlar. Cavabdehin əxlaqsız hərəkətləri nəticəsində oğlu Naxçıvan Şəhər Məhkəməsinə nikahın pozulması ilə əlaqədar müraciət etmişdir. 17 dekabr 2021-ci ildə 169 nömrəli qeydli nikah aktı pozulmuşdur. Nikah pozulduqdan sonra oğlu Bakı şəhərinə köçmüşdür. Cavabdeh isə uşaqları ilə birlikdə 2 ildir ki, valideynlərin yanına köçmüşdür. Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək ona-İddiaçı qarşı mülkiyyətində olan fərdi yaşayış evinə yaşayış və istifadə hüququnun verilməsini tələb etmişdir. O məhkəmədə iştirak edərək iddiaçıya müvəqqəti olaraq istifadə hüququnun verilməsini xahiş etmişdir. Səbəb olaraq azyaşlı nəvələrinin evsiz qalmamasını göstərmişdir. Cavabdeh onun bu razılığından istifadə edərək onun fərdi yaşayış evimi əxlaqsız yuva kimi istifadə etməyi davam etmişdir. Kənar şəxsləri mənzilinə gətirib orda görüşmüşdür. Onun, bu əxlaqsız hərəkətləri barədə qonşular ona müraciət etmişlər. Onun bu əxlaqsız hərəkətləri azyaşlı qız nəvələrinin tərbiyəsini pozur. Evi əxlaqsız yuva kimi istifadə etdiyi üçün o məcbur olaraq evinə köçməli olmuşdur. Belə ki, onsuzda o şəraitsiz bir vəziyyətdə yaşamışdır. Oğlunun güzaranını yaxşı olmasını istəmişdir. Əfsus ki, bu belə olmamışdır. Sonuncu dəfə evə gələndə nəvələrinin baxımsız vəziyyətdə evdə qaldıqlarını görüb “ananız hardadır” deyə soruşanda ona tanımadıqları bir kişinin maşınına oturub getdiyini bildirmişlər. Cavabdeh ailəni dağıtmaqla yanaşı onun evini əxlaqsız yuva kimi istifadə edir. O bir ildən çoxdur evinə köçmüşdür və həmin vaxtdan da cavabdehi görmür. Dəfələrlə onun valideynlərinə “gəlin cehiz əşyalarını aparın” demişdir. Həmin əşyaların evin çox hissəsini zəbt etmiş və onun narahatçılığına səbəb olmuşdur. Yəni onun mülkiyyətində onun hüquqları pozulur. Bununla yanaşı hesab edir ki, iddiaçıya müvəqqəti yaşayış hüququ verilib və bu səbəbdən də onu mənzilindən çıxara bilər. O məhkəmə qətnaməsini almadığı üçün Naxçıvan Şəhər məhkəməsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə qətnaməsini oxuyarkən ona bəlli olmuşdur ki, cavabdehə yaşayış hüququ müvəqqəti deyil daimi verilmişdir. Ona məxsus olan ev özünün mülkiyyətindədir. Oğluna və gəlininə heç bir aidiyyəti yoxdur. Cavabdehə yaşayış hüququ verilməklə hüquqları məhdudlaşdırılmışdır. Azyaşlı nəvələrinin küçədə qalmamasını nəzərə alaraq həmin vaxtı məcbur mülkiyyətində olan mənzilinin 1 otağında cavabdehə yaşamaq hüququ vermişdir. Evini priton kimi istifadə etdiyi üçün məhkəməyə cavabdehin yaşayış və istifadə hüququna xitam verilməsini, əmlakının evindən çıxarılması məqsədi ilə müraciət etmişdir. O cümlədən cavabdehə tərəfindən 5000 manat kompensasiya ödənilməsini üzərinə götürür. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında cavabdehin 1 il yarımdır mülkiyyətində olan evdə yaşamadığını, cavabdehin evdə yaşamasına özünün icazə vermədiyini, evin özünün olduğunu, cavabdehin evindən çıxmasını, əşyalarını götürməsini istədiyini, müalicəsi üçün evi satmaq istədiyini, 5000 (beş min) manat kompensasiya ödəyə biləcəyini, 5000 (beş min) manatdan artıq kompensasiya ödəyə bilməyəcəyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Məmmədova (İsmayılova) Gülnar Namiq qızı izahatında 5000 (beş min) manat kompensasiyaya razı olmadığını, bu miqdarın çox az olduğunu, 20000 (iyirmi min) manat versə evdən çıxacağını, əks halda evə köçüb yaşamağa başlayacağını, iddiaçının onu həmin evdə yaşamağına imkan vermədiyini, buna görə məcbur qalıb evdən çıxdığıı bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsində 0.0288 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 51.9 kv.m olan fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 474 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər İcra Hakimiyyəti 4 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddia ərizəsinə əlavə olunmuş ünvan 2indən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İ seriyalı, 401077 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və X9 arasında olan nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 17 dekabr 2021-ci il tarixdə 169 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-721/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, X8 ilə X9 arasında 07 oktyabr 2009-cu il tarixdə Naxçıvan Şəhər Nikah Evində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 382 nömrə ilə qeydə alınmış nikahın pozulması və tərəflərin birgə nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X1 anaları X2 yanında saxlanılmaları qət edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-733/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qətnaməsindən görünür ki, X4 övladları 23 mart 2010-cu il təvəllüdlü X11, 16 sentyabr 2011-ci il təvəllüdlü X10, 16 noyabr 2013-cü il təvəllüdlü X6, 26 sentyabr 2015-ci il təvəllüdlü X7 və 30 may 2020-ci il təvəllüdlü X5 ilə birlikdə cavabdeh İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsində yerləşən 4A nömrəli fərdi yaşayış evindən yaşayış və istifadə hüququnun verilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-721/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-733/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qətnamələri ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyən edilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə, mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin ədalətlə əvəzi kimi çıxış etməlidir. Belə hallarda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzil tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən ödənilən kompensasiya da başqa yerdə yaşamaq və yeni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onunla elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi kompensasiya məbləğinin mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, ümumiyyətlə şəxsin yaşayış sahəsində olan hüququnu nə dərəcədə təmin edə bilməsinə görə müəyyən edilməlidir. Məsələyə bu cür yanaşdıqda, təklif olunan kompensasiya eyni yaşayış məntəqəsində mülkiyyətdə mənzilin əldə edilməsi üçün yetərli olmayıb, onun dəyərinin əhəmiyyətli hissəsini təşkil etdiyi hallarda da həmin məbləğ itirilmiş istifadə hüququnun ədalətli əvəzi kimi qəbul edilə bilər. Çünki bu halda şəxsin itirdiyi mənzildən istifadə hüququ əvəzinə birbaşa mülkiyyətinə ev (mənzil) əldə etmək üçün real və əhəmiyyətli maddi dəstək qazanır. İş üzrə İddiaçı ərizəsindən belə məlum olur ki, o, cavabdeh Məmmədova (İsmayılova) Gülnar Namiq qızına ümumilikdə 5000 (beş min) manat məbləğində kompensasiya ödəməyi təklif etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. İstifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Bazar qiymətlərinə uyğun olaraq kompensasiya məbləğinin düzgün müəyyən edilməsi məqsədilə məhkəmə baxışı zamanı Naxçıvan şəhəri, N.Naxçıvani küçəsində fərdi yaşayış evlərinin kirayə qiymətlərinin öyrənilməsi üçün Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə, Naxçıvan şəhər 2 saylı Notariat Ofisinə və Naxçıvan şəhər 3 saylı Notariat Ofisinə sorğu verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 02 avqust 2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsində yerləşən fərdi yaşayış evlərinin istifadəyə yararlığına, yəni yeni və köhnə tikililərə görə alqı-satqı müqavilələrinin rəsmiləşdirməsi zamanı mövcud olan bazar qiyməti 50000-70000 manat, kirayə müqavilələrinin bağlanması zamanı mövcud olan qiymət isə 300-500 manat dəyərindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi 3 saylı Notariat Ofisi tərəfindən verilmiş 09 avqust 2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin kirayə müqavilələri bağlanarkən müəyyən edilmiş qiymətlər 200-300 manat arası, alqı-satqı müqavilələri isə müəyyən edilmiş qiymət fərdi yaşayış evinin şəraitindən, mərtəbəliyindən və yerləşdiyi yerdən asılı olaraq 40000-60000 manat arasında dəyişir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh Məmmədova (İsmayılova) Gülnar Namiq qızına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış və istifadə hüququna xitam verilməsi müqabilində ona 5000 (beş min) manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilməz. Həmin ərazidə eyni ölçülü və eyni şəraitli evlərin kirayə qiymətləri ortalama olaraq 300-500 manat həddində olduğu müəyyən edilmişdir. Bu isə təklif olunan 5000 (beş min) manat kompensasiya məbləği ilə uzun, ağlabatan bir müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin edilə biləcəyi qənaətinə gəlməyə əsas vermir. Notariat ofisləri tərəfindən kirayə qiymətləri ilə bağlı məktublardan da göründüyü kimi, cavabdehə iddiaçı tərəfindən təklif olunan 5000 (beş min) manat məbləğində kompensasiya himayəsində beş uşağı olan cavabdehin mülkiyyətinə mənzil əldə etmək və ya Konstitusiya Məhkəməsinin qərarında da qeyd olunduğu kimi, mülkiyyətçinin hesabına istifadəçilərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən ağlabatan məbləğ deyil. Belə olan halda da məhkəmə İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilindən cavabdehə təklif etdiyi bu məbləği yaşayış və istifadə hüquqlarına xitam verilməsini mümkün edən ədalətli və qaneedici əvəz kimi qəbul etmir. Cavabdeh Məmmədova (İsmayılova) Gülnar Namiq qızının yalnız 20000 (iyirmi min) manat kompensasiya müqabilində hüquqlarına xitam verilməsinə razılıq verilə biləcəyini bildirməsi ilə əlaqədar məhkəmə belə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda da qeyd edilən Qərarlarında ifadə olunmuş hüquqi mövqe nöqteyi-nəzərindən yanaşılarsa Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu deyil, ona yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin edilməsini nəzərdə tutur. O da qeyd olunmalıdır ki, mənzildən istifadə hüququ şəxsin həmin mənzildə mülkiyyətçi kimi paya sahib olması və həmin payı tələb etməsi və ya həmin pay müqabilində kompensasiya ödənilməsini tələb etməsi kimi qəbul edilə bilməz. İstifadə hüququna görə ödənilməli kompensasiya məhkəmə tərəfindən hesablanarkən mənzilin şəraiti, həmin ərazidə kirayə haqlarının miqdarı, mülkiyyətçinin və mənzildən istifadə edən şəxsin maddi imkanı nəzərə alınmaqla mövcud bazar qiyməti ilə ağlabatan həddə təyin edilir. Bu səbəbdən istifadə hüququna xitama görə ödənilməli məbləğ həddən artıq şişirdilmiş olmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin bu mövqeyinə uyğun olaraq işə məhkəmə tərəfindən baxılarkən bazar qiymətinə uyğun kompensasiya məbləği 14500 (on dörd min beş yüz) manat müəyyən edilmiş, həmin məbləğ iddiaçıya təklif edilmiş, bu isə iddiaçı tərəfindən qəbul edilməmiş və 5000 (beş min) manat kompensasiya ödəmək üçün maddi imkanı çatdığını, daha artıq məbləğdə kompensasiya ödəyə bilməyəcəyini qeyd etmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında o da vurğulanmışdır ki, “Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar”. Beləliklə, Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Beləliklə, yuxarıda qeyd olunan əsasları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Məmmədova (İsmayılova) Gülnar Namiq qızına qarşı 5000 manat kompensasiya ödənilməklə istifadə və yaşayış hüququna xitam verilməsi, fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Göründüyü kimi cavabdehin mübahisəli mənzildən istifadə hüququ vardır və iddiaçı bazar qiyməti ilə müəyyən edilmiş kompensasiyanı cavabdehə ödəməyə razı deyildir, belə olan halda cavabdeh həmin mənzildə məcburi qaydada çıxarıla bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddiaçı cavabdeh Məmmədova (İsmayılova) Gülnar Namiq qızına qarşı 5000 manat kompensasiya ödənilməklə istifadə və yaşayış hüququna xitam verilməsi, fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdeh Məmmədova (İsmayılova) Gülnar Namiq qızına qarşı 5000 manat kompensasiya ödənilməklə istifadə və yaşayış hüququna xitam verilməsi, fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar