Məhkəmə qərarları › İş №2(078)-710/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-710/2024

21.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-710/2024 21.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh təşkilatın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Naxçıvan MR Təhsil Nazirliyi Naxçıvan Şəhər Təhsil Şöbəsinə qarşı ödənilməmiş əmək haqqı fərqinin yenidən hesablanıb verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh təşkilat Azərbaycan Respublikası Naxçıvan MR Təhsil Nazirliyi Naxçıvan Şəhər Təhsil Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 01 yanvar 2017-ci il tarixdən 01 dekabr 2021-ci il tarixədək Naxçıvan şəhər 5 saylı tam orta məktəbdə işlədiyi müddət ərzində düzgün hesablanmamış əmək haqqı fərqinin 3000 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Naxçıvan Dövlət Universitetini rus-dili müəllimliyi ixtisası üzrə 2014-cü il tarixdə bakalavr dərəcəsi ilə bitirmişdir. 01 yanvar 2017-ci il tarixdən başlayaraq Naxçıvan şəhərində yerləşən 5 nömrəli tam orta məktəbdə kitabxanaçı vəzifəsinə işə qəbul olunmuşdur, hal-hazırda da həmin vəzifədə işləyir. Ona 2022-ci ilin may ayında məlum olmuşdur ki onunla eyni vəzifədə çalışan kitabxanaçılardan fərqli olaraq onun əmək haqqı azdır. Bununla bağlı məktəbin müdiriyyətindən məlumat aldıqda isə ona ali təhsilli olmasını təsdiq edən sənədi təqdim etməməsi əsas gətirilmişdir. Halbuki bu həqiqəti əks etdirmir. Mübahisənin həlli üçün dəfələrlə Naxçıvan şəhər Təhsil Şöbəsinə və Maliyyə Nazirliyinə müraciət etmiş nəticədə son 2022-ci ilin əmək haqqı fərqini hesablanıb verilmişdir. Qalan 5 illik əmək haqqı fərqi isə yenidən hesablanıb verilməmişdir. Bu isə 3000 manat məbləğ həddindədir. Bununla bağlı 2023-cü ilin mart ayında Naxçıvan MR Təhsil Nazirliyinə, 2023-cü ilin may ayında isə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin mübahisənin həlli Naxçıvan MR İnzibati Məhkəməsinə aid olmaması əsas gətirilərək iddia ərizəsi bir neçə məhkəmə iclası keçirildikdən sonra geri qaytarılmışdır. Yalnız bir ilin əmək haqqı fərqinin hesablanıb verilməsi də onun haqlı olmasına dəlalət edir. Məsələnin həllinin yalnız məhkəmə yolu ilə mümkün olduğunu gördüyü üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki mübahisənin həlli ilə bağlı mediasiya prosesinin keçirilməsi zamanı tərəflər arasında razılıq əldə olunmamışdır. Məhkəmə iclasında izahat verən iş üzrə İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, 2022-ci ildə fərqlə bağlı müraciət etmiş, yay aylarında fərqi almış, 2018-2021-ci illər ödənilməmişdir, sadəcə 2022-ci ilin fərqi ödənilib. Guya diplomun surəti təqdim edilmədiyi üçün az əmək haqqı alıb. Ancaq ondan heç kəs diplom tələb etməyib. Təhsil Şöbəsinin mühasibi ona “hara gedirsən get, onsuzda sənin pulun verilməyəcək” dedi. 5 il ərzində haqsız olaraq əmək haqqısı tutulub. Gah deyildi diplom təqdim edilməyib, gah deyildi əmr səhvdir. İşə götürüləndə bütün sənədləşmə işlərində ali təhsilli qeydi aparılıb. Bütün bunlar onun problemi deyil. Pulu Maliyyə Nazirliyi ödəmirsə, Təhsil şöbəsi özü ödəsin. Kitabxanaçı köməkçisi vəzifəsini o yox məktəb direktoru yazıb. Əgər səhv idisə düzəldərdi. Bunun heç illər ərzində Təhsil Şöbəsi də fərqində olmayıb. Demək ki, öz səhvlərini də bilmirlər. Əgər belə idisə direktora deyilərdi ki, ştatın adı səhvdir, düzəlməlidir. Əgər deyilməyibsə demək ki, bu direktorun və təhsil şöbəsinin səhvidir. Bu səhvlərin heç biri ondan qaynaqlanmır. Yalnız bir ilin əmək haqqı fərqinin hesablanıb verilməsi də onun haqlı olmasına dəlalət edir. Əgər haqlı deyildisə, heç 2022-ci ilin fərqi də ödənilməməli idi. Digər illərin fərqini ödəməyi Maliyyə Nazirliyi öz üzərinə götürmürsə, Təhsil Şöbəsi ödəməlidir. Çünki bu səhv şöbənin mühasibatlığının səhvidir. Həmin vəzifəni icra edən işçilərin səhlənkarlığı nəticəsində illərlə o hər aya alacağı əmək haqqını tam şəkildə ala bilməyib. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil izahatında hüquqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiq etdiyini bildirmiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh təşkilat tərəfindən təqdim olunmuş iddia müddətinin keçməsi barədə ərizəni qəbul etmir. Çünki xx.xx.2023-cü il tarixdə Naxçıvan MR Təhsil Nazirliyinə müraciət etmişdir. İddiaçı keçən bu müddət ərzində lazımi orqanlara müraciət edib və iddia müddəti ötürülməyib. Məhkəmə iclasında iş üzrə cavabdeh təşkilatın nümayəndəsi X3 iddianı rədd edərək verdiyi izahatında bildirmişdir ki, Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində 31 təşkilat, 2500 nəfər kontingenti var. Şöbə sənədləşmə işləri ilə bağlı məktəb direktorları ilə əlaqəli işləyir. Məktəbdə işləyən heç kəsdən heç bir sənəd, şəxsi iş tələb olunmur. Əvvəllər kitabxanaçıları məktəb direktorları işə götürürdü və onlar texniki işçilərin tabelində gedirdi. Yalnız müəllimlər Təhsil Nazirliyi tərəfindən işə qəbul edilirdi. Qalan işçiləri isə məktəb direktorları işə götürürdü. Həmin dövrdə direktor iddiaçının əmək kitabçasına, əmrinə kitabxana köməkçisi yazıb. Əslində kitabxana köməkçisi deyilən bir ştat yoxdur. Kitabxana müdiri, kitabxanaçı ştatı var. Bu 196 nömrəli qərarla tənzimlənir. Hazırda Naxçıvan şəhəri 5 nömrəli tam orta məktəbinə yeni direktor təyin edilib. Lakin o 2017-ci ildə verilmiş əmri dəyişmək vəzifəsini öz üzərinə götürmür. Maliyyə Nazirliyi 2022-ci ilin fərqini verib. Təhsil şöbəsi özü-özünü maliyələşdirmir. Bu Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Buna görə də iddiaçının tələb etdiyi fərqin ödənilməsi Şöbənin səlahiyyətlərinə aid deyil. Cavabdeh təşkilatın nümayəndəsi X3 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsininin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Hazırkı iddia tələbi ilə bağlı iddia müddəti keçmişdir, ona görə də iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarına əlavə olunmuş 09 iyul 2015-ci il tarixdə verilmiş ******* nömrəli əmək kitabçasının surətindən məlum olur ki, iş üzrə İddiaçı xx.xx.2017-ci il tarixdə 105 nömrəli əmrlə Naxçıvan şəhər 5 saylı tam orta məktəbinə kitabxana köməkçisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2015-ci il tarixdə verilmiş Bakalavr diplomunun surətindən məlum olur ki, Qulamova X1 Dövlət Universitetinin xarici dil (rus dili) müəllimliyi ixtisasını bitirib. İddiaçı xx.xx.2023-cü il tarixdə Naxçıvan MR Təhsil Nazirliyinə ərizə ilə müraciət edərək onun 01 yanvar 2017-ci il tarixdən 01 dekabr 2021-ci il tarixədək dərəcə puluna görə hesablanmamış əmək haqqı fərqinin dərəcə puluna görə yenidən hesablanaraq ona ödənilməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Naxçıvan MR Təhsil Nazirliyi Naxçıvan Şəhər Təhsil Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəmənin xx.xx.2024-cü iul tarixli məktubuna verilmiş 4/185 nömrəli cavabda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Naxçıvan şəhər 5 saylı tam orta məktəbdə kitabxanaçı təyin edilmişdir. Lakin direktor işçinin təyin olunma əmrində 2017-ci ilin yanvar ayına aid əmək haqqı tabelində və işçinin əmək kitabçasında vəzifəsinin adını kitabxana köməkçisi olaraq qeyd etmişdir. İşçinin əmək stajının müəyyənləşdirilməsi üçün dəfələrlə şəxsi iş direktordan tələb edilsə də, göndərilməmişdir. İşçi 2022-ci ilin iyun ayında ali təhsil haqqında sənədi təqdim etdiyindən onun dərəcəsi 5-ci dərəcədən 8-ci dərəcəyə və sentyabr ayından 11-ci dərəcəyə qaldırılmışdır. Bu səbəbdən də 2022-ci ilin dekabr ayında 351.73 manat kəsr əməkhaqqı ödənilmişdir. Naxçıvan şəhər 5 saylı tam orta məktəbi tərəfindən xx.xx.2022-ci il tarixli 105 nömrəli əmrdən çıxarışın surətindən məlum olur ki, həmin əmrlə İddiaçı xx.xx.2017-ci il tarixdən məktəbə kitabxana köməkçisi vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. Naxçıvan şəhər 5 saylı tam orta məktəbinin texniki işçilərin 2017-ci ilin yanvar ayına aid əmək haqqı tabelindən müəyyən edilmişdir ki, tabeldə 3-cü sırada İddiaçı 1 ştat vahidi ilə kitabxana köməkçisi kimi qeyd olunmuşdur. Naxçıvan şəhər 5 saylı tam orta məktəbinin kitabxanaçısı İddiaçı 8 illik əmək haqqısı barədə məlumatda 2017-2022-ci illərdə dərəcəsi, əmək haqqısı (hesablanmış, əslində hesablanmalı olan və fərq) göstərilmişdir. Cəmi fərq 3695.99 manat təşkil edir. Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatda deyd edilir ki, işə götürən Naxçıvan şəhər Təhsil Şöbəsi Naxçıvan şəhər 5 saylı tam orta məktəbin direktoru X4 ilə işçi İddiaçı arasında əmək müqaviləsi bağlanmış və işçi xx.xx.2017-ci il tarixli xxxxxxx000100 nömrəli “Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə xx.xx.2018-ci il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Naxçıvan MR İnzibati Məhkəməsinin 2-1(122)-630/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan MR Təhsil Nazirliyinə qarşı 01 yanvar 2017-ci il tarixdən 01 dekabr 2021-ci il tarixədək dərəcə puluna görə hesablanmamış əmək haqqı fərqinin dərəcə puluna görə yenidən hesablanaraq ona 3000 manat ödənilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması tələbinə dair iddiası iddiaçının həmin tarixli ərizəsinə əsasən iş üzrə xitam verilmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarəti və yoxlamalar sektorunun müdiri X6 tərəfindən verilmiş rəydə qeyd olunmuşdur ki, Naxçıvan Şəhər Təhsil Şöbəsi tərəfindən Naxçıvan şəhər Məhkəməsinə təqdim olunan məlumat və sənədlərdən İddiaçı kitabxanaçı vəzifəsində çalışdığı Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbində 1 yanvar 2017-ci il tarixdən 2021-ci il tarix də daxil olmaqla 5 təqvim ili üzrə çalışdığı kitabxanaçı vəzifəsində əmək haqqısının faktiki vəzifə maaşına uyğun ödənilmədiyi məlum olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 156-cı maddəsinin 1cä hissəsinə əsasən əmək haqqı əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Həmçinin bu maddənin 2-ci hissəsinə əsasən isə yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir. İddiaçı müraciətində qeyd etdiyi müəssisədə çalışdığı keçmiş dövrlərdəki 5 illik əmək haqqı fərqi Şöbə tərəfindən təqdim olunan cədvələ uyğun olaraq aparılan hesablama nəticəsində 2017-ci il təqvim ili üzrə 408 manat, 2018-ci il təqvim ili üzrə 416 manat 54 qəpik, 2019-cu il təqvim ili üzrə 583 manat 61 qəpik, 2020-ci il təqvim ili üzrə 603 manat 36 qəpik, 2021-ci il təqvim ili üzrə isə 970 manat 87 qəpik olmaqla, ümumilikdə 2982 manat 38 qəpik olduğu müəyyən edilmişdir. Bununla da İddiaçı müəssisədə keçmiş dövrlərdə çalışdığı 2017- 2021-ci illərə dair vəzifə maaşı arasındakı fərq məbləği 2982 manat 38 qəpik olaraq hesablanıb ödənilməlidir. Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə Naxçıvan MR Maliyyə Nazirliyinə müraciət ünvanlanaraq bildirlmişdir ki, 09 yanvar 2017-cİ il tarixdən Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə kitabxanaçı vəzifəsində işləyən İddiaçı Ailahverdi qızının tarif üzrə vəzifə pulu 9-cu dərəci ilə yazılsa da Naxçıvan Şəhər Təhsil Şöbəsinə ali təhsil haqqında sənəd təqdim edilmədiyindən və vəzifəyə teyin olunma əmrində kitabxana köməkçisi yazıldığından vəzifə pulu 5-cİ dərəcə ilə ödənilmişdir. İddiaçı 2022-ci ilin may ayında Təhsil Şöbəsinə ali təhsil haqqında sənəd təqdim etdiyindən 2022-ci il üzrə əmək haqqı fərqi tam olaraq ödənilmişdir. Vətəndaşın tələbi əsasında 2017-2021-ci illər üzrə ödəniş dərəcəsinə görə əmək haqqı fərqlərinin ödənilməsi ilə bağlı Naxçıvan Şəhər Təhsil Şöbəsi tərəfindən Naxçıvan Şəhər Maliyyə İdarəsinə məlumat verilsə də həmin fərqlər bu günədək ödənilməmişdir. İddiaçı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində 2017-2021-ci illər üzrə dərəcə puluna görə hesablanmamış əmək haqqı fərqinin ödənilməsi tələbi ilə iddia qaldırmışdır. Məktubda vətəndaşa həmin illər uzrə ödənilməli olan 2897,76 (iki min səkkiz yüz doxsan yeddi manat yetmiş altı qəpik) məbləğində əmək haqqı fərqinin ödənilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Naxçıvan MR Maliyyə Nazirliyinin Naxçıvan MR Təhsil Nazirliyinə cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı tərəfindən 2022-ci ilin may ayında Təhsil Şöbəsinə ali təhsil haqqında sənəd təqdim edildiyi və 2022-ci İl üzrə əməkhaqqı fərqi tam olaraq ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri İlə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 195-ci maddəsinin "d" bəndinə əsasən işçinin əməkhaqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən maddi məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş əmək haqqı fərqinin yenidən hesablanıb verilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnu pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından və tərəflərin izahatından aydın olur ki, iddiaçıya bu fakt ona 2022-ci ilin may ayında məlum olmuş, 2022-ci ilin iyun ayında ali təhsil haqqında sənədi təqdim etdiyindən onun dərəcəsi 5-ci dərəcədən 8-ci dərəcəyə və sentyabr ayından 11-ci dərəcəyə qaldırılmış, bu səbəbdən də 2022-ci ilin dekabr ayında 351.73 manat kəsr əməkhaqqı ödənilmişdir. 2023-cü il tarixdə iddiaçı İnzibati Məhkəməyə, daha sonra isə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxtın 2022-ci il tarix olması nəticəsinə gəlinsə belə onun 2023-cü il tarixdə məhkəməyə müraciət etməsi, 2022-ci ilin kəsr əmək haqqının ödənilməsi, ondan əvvəlki illərə münasibətdə iddia müddətinin keçməsinə səbəb olmuşdur. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Beləliklə, ödənilməmiş əmək haqqı fərqinin yenidən hesablanıb verilməsi tələbi üzrə iddia müddəti ötmüşdür. Mübahisə tərəfi olan cavabdeh təşkilatın nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək iddia müddəti keçdiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Bu halı nəzərə alan məhkəmə ödənilməmiş əmək haqqı fərqinin yenidən hesablanıb verilməsi ilə bağlı tələb üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq etməsi barədə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar qəbul edilməsi üçün əsasdır. Nəticə: Məhkəmə işin hüquqi və faktiki hallarını araşdırıb onlara qiymət verərək hesab edir ki, iddia tələbi iddia müddəti keçdiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Naxçıvan şəhər Təhsil şöbəsinə qarşı ödənilməmiş əmək haqqı fərqinin yenidən hesablanıb verilməsi tələbinə dair iddiası iddia müddəti keçdiyindən rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar