Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-719/2021 12.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək, “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsinin 31 may 2021ci il tarixli, 41-K №-li İddiaçı işdən azad edilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsinin 31 may 2021ci il tarixli, 41-K №-li Əmrinə əsasən iddiaçı həmin tarixdən işdən azad edilmişdir. Əmrin surəti və əmək kitabçası iddiaçıya 02 iyun 2021-ci il tarixdə təqdim edilmişdir. Bu səbəbdən iddiaçı həmin tarixədək müəyyən olunmuş müddətdə işdə olmuşdur. İddiaçı aşağıdakılara əsasən həmin əmri qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, iddiaçı əmək fəaliyyətinə 2015-ci ilin may ayında Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının Aparatında başlamışdır. Dövlət qulluğunda olduğu müddətdə hər zaman dövlət qulluqçusunun adını şərəflə qorumuşdur. Elə bunun üçün də 2018-ci ilin iyul ayında Naxçıvan Muxtar Respublikası X24 yanında X10 üzrə Komissiyanın (hal-hazırda X16 adlanır) elan etdiyi müsabiqənin hər iki mərhələsini yüksək nəticə ilə keçərək daha yüksək kateqoriyadan və maaşdan ibarət vəzifəyə Agentliyin baş məsləhətçi-hüquqşünası vəzifəsinə təyin edilmişdir. Agentlikdə xidmət etdiyi müddətdə ona tapşırılan işləri vaxtı-vaxtında qərəzsiz və vicdanla yerinə yetirməyinə baxmayaraq işdən əsas olmadan azad edilmişdir. Belə ki, Agentliyin işdən azad edilməklə bağlı əmrində qeyd edilir ki, dəfələrlə iddiaçıya xəbərdarlıq edilməsinə baxmayaraq iş yerini tərk etmişdir. Qeyd edilən müddəa əsassızdır. Belə ki, işçiyə şifahi xəbərdarlıq verilən zaman ondan izahat alınır. İddiaçıdan belə bir izahat alınmamışdır. İddiaçı Agentlikdən izahatının olubolmaması ilə bağlı tələb irəli sürülməsini xahiş etmişdir. Agentliyin direktorundan övladının uşaq bağçasından götürülməsi ilə bağlı bir neçə dəfə etdiyi müraciətdən sonra direktor iddiaçıya hər gün əvvəlcədən razılaşdırılmış vaxtda övladını uşaq bağçasından götürəcəyini və bunun üçün təkrar-təkrar icazə almağa ehtiyac olmadığını bildirmişdir. Ancaq buna baxmayaraq iddiaçı yenə də hər dəfə olduğu kimi 26 may 2021-ci il tarixində də övladını uşaq bağçasından götürmək üçün xidməti otağından çıxan zaman digər iş yoldaşlarına bildirmişdir ki, əgər Agentliyin direktoru soruşsa deyərsiz ki, uşağı bağçadan götürməyə gedib. Digər bir müddəa olaraq qeyd edilib ki, iddiaçı Agentliyin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozmuşdur. Agentlik tərəfindən daxili nizam-intizam qaydalarını tənzimləyən hər hansı bir normativ hüquqi sənəd qəbul edilməmişdir. Əmrdə əsassız olaraq qeyd edilib ki, iddiaçı öz vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirməmiş və bu hallar mütəmadi təkrar edilmişdir. Əgər iddiaçı əmrdə qeyd edildiyi kimi, vəzifə funksiyalarını lazımi şəkildə təkrar-təkrar yerinə yetirməmişsə haqqında intizam tənbehi tədbirləri tətbiq edilməli idi. Əmrdə ən uyğunsuz və aidiyyatı olmayan bir müddəa qeyd edilib ki, iddiaçı 26 may 2021-ci il tarixdə işdən çıxıb getmişdir və yol hərəkəti qaydasını kobud şəkildə pozmuşdur. Yol hərəkəti haqqında qanunun tələblərinin pozulması ilə törədilən inzibati xəta işçinin əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Hətta qeyd edilib ki, törətdiyi əməllə bağlı iddiaçıya protokol tərtib edilib. İddiaçıya 2021-ci il ərzində YHH qanunun tələblərinin pozulması ilə əlaqədar ümumiyyətlə heç bir protokol tərtib edilməyib. İddiaçı xüsusilə qeyd etmişdir ki, qeyd olunan iddia ilə bağlı həmin an Agentliyin əməkdaşı baş məsləhətçi X13 mobil telefonu ilə zəng edərək bildirmişdir ki, “direktora bildirin ki, müəyyən səbəbə görə mən təyin olunmuş vaxtdan gec gələcəm” , bununla bağlı şəxs direktora şifahi bildirməsi ilə yanaşı yazılı məlumat da vermişdir. Əgər iddiaçı rəhbərlikdən əvvəlcədən icazə almadan iş yerini tərk etmişsə, təkrar təkrar yubanacağı ilə bağlı məlumat verməyi düzgün deyil. İddiaçı ona qarşı edilmiş böhtan xarakterli nüfuzunu aşağı salacaq halın araşdırılmasını xahiş etmişdir. Yuxarıda qeyd edilənlər əsas götürülərək iddiaçının əmək müqaviləsinə xitam verilməklə işdən çıxarılmağına əsas ola bilməz. Çünki qeyd edilənlərin heç bir hüquqi əsası yoxdur və onların hamısı yalandır. 31 may 2021-ci il tarixində iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Agentliyin direktoru tərəfindən verilən əmr üçün əsas götürülən aktın tərtib edilməsində Agentliyin Ümumi işlər və təsərrüfat sektorunun aparıcı məsləhətçisi X12 tərəfindən aktda iştirak etmədiyi halda düzgün olmayan məlumatlar əsasında direktorun tapşırığı ilə qanunsuz tərtib edilmişdir. Qeyd edilən akta imza atmaları üçün Agentliyin direktoru Samiq Sadıxov tərəfindən vəzifə səlahiyyətlərindən suiistifadə edilməklə Agentliyin baş məsləhətçiləri X5 və X8 imza atmağa məcbur ediliblər. Əməkdaşlar etiraz etmələrinə baxmayaraq direktor “agentliyin rəhbəri olaraq mən deyirəm imzalayın” ifadəsini işlətmişdir. İcbari tibbi sığorta işinin təşkili və qeydiyyat şöbəsinin müdiri Vüsal Məmmədov isə öz tabeçiliyində olan şəxslərə “direktor deyirsə imzalamalıyıq” ifadəsini işlətmişdir. Akt hadisə baş verdiyi zaman hadisənin iştirakçısı olan şəxslər tərəfindən tərtib olunur və könüllü olaraq imzalanır. Akta imza atmağa heç kim məcbur edilə bilməz. 31 may 2021-ci il tarixdə iş saatından sonra agentliyin baş məsləhətçisi-sığorta haqları üzrə əməkdaşı X18 tərəfindən iddiaçının şəxsi mobil nömrəsinə zəng edilərək Agentliyin direktorunun tapşırığına əsasən işdən azad olunduğunu və işə gəlməməyini bildirilmişdir. Ancaq iddiaçının işdən çıxarılmağı ilə bağlı iddiaçıya heç bir sənəd təqdim edilməmişdir. Məhkəmə baxış iclası zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasları zamanı cavabdeh “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi X6 10 iyun 2021-ci il tarixli iddia ərizəsinə qarşı verdiyi etiraz ərizəsinə uyğun izahat verməklə izahatında iddia tələbini qəbul etmədiyini, Talehin işlədiyi müddətdə əmək funksiyalarını dəfələrlə kobud şəkildə pozduğunu, rəhbərlik tərəfindən dəfələrlə ona iradlar bildirilməsinə baxmayaraq, onun işində dönüş yaratmadığını, hətta 23 iyul 2020-ci il tarixdə iddiaçıya töhmət elan edildiyini, bundan başqa Agentliyin vəzifə təlimatlarını hazırlaması barədə iddiaçıya direktor tərəfindən tapşırıq verilsə də, onun işinə səhlənkar yanaşaraq vəzifə təlimatlarını hazırlamadığını, buna görə həmin vəzifə təlimatları əsasında əmr hazırlamalı olan idarənin aparıcı məsləhətçisi Leylan Cəfərovadan izahat alındığını, iddiaçının 2020-ci ildən başlayaraq uşağını bağçadan götürmək məqsədilə təxminən saat dörd radələrində qısa bir müddətlik icazə aldığını, lakin bir müddət keçdikdən sonra onun özbaşına iş yerini icazə almadan tərk etməyə başladığını, iddiaçının 26 may 2021-ci il tarixdə Agentliyin rəhbərliyindən icazə almadan təxminən saat dörddən sonra övladını uşaq bağçasından götürmək üçün özbaşına işdən getdiyini, iddiaçının may ayının 26-sı iş saatı ərzində iş yerindən çıxıb getdikdən sonra direktorun köməkçisinə zəng edərək maşınını yol polis əməkdaşının saxladığını və bu səbəbdən gecikəcəyini bildirdiyini, onun direktorun müavini Məmmədtağı müəllimdən icazə alıb getdiyini bildirdiyini, lakin direktor müavini Məmmədtağı müəllimin direktora ondan Taleh müəllimin icazə almadığını bildirdiyini, həmin vaxt polis əməkdaşları tərəfindən iddiaçı barəsində inzibati protokol tərtib olunduğunu, lakin həmin protokolun Agentlikdə mövcud olmadığını, direktorun iddiaçıya ancaq onun köməkçisi işlədiyi vaxtlarda uşağını bağçadan götürməsi üçün icazə verdiyini, həmin icazənin daimi olmadığını, Agentliyin işçilərinə direktordan başqa heç kimin icazə vermək səlahiyyətinin olmadığını, iddiaçının 26 may 2021-ci il tarixdə icazə almadan iş yerini tərk etməsinə görə X2 Komitəsinə təqdimat verilərək onun işdən azad olunmasının məqsədə uyğun olub olmadığı haqqında məlumat verilməsinin tələb olunduğunu, bu əsasda 27 may 2021-ci il tarixdə akt tərtib olunduğunu, Həmkarlar İttifaqı Komitəsinin iddiaçının işdən azad olunmasını məqsədəuyğun hesab etdiyini, İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilmiş direktor tərəfindən işçilərin aktı imzalamağa məcbur edilməsinin tam yalan olduğunu, iddiaçının işdən azad olunduqdan sonra bir neçə gün ərzində idarəni tərk etmədiyini, idarədə saxlanılan izahatlarını özü ilə götürüb apardığını, həmin izahatların yerinə imzasız tarix göstərilməyən izahatları qoyduğunu, ümumi şöbənin qapısının daima açıq olduğunu, ona görə də iddiaçı tərəfindən rahatlıqla həmin izahatların götürülə bildiyini, Agentliyin daxili nizam intizam qaydalarının iddiaçı tərəfindən yazılmalı olduğunu, lakin yazılmadığını, ona görə də nizam intizam qaydalarına dair sənədi məhkəməyə təqdim edə bilmədiklərini bildirdi. 12 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı izahat verən cavabdeh “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi X9 iddiaçının işdən çıxarılması ilə bağlı Agentlikdə olan bütün sənədləri məhkəməyə təqdim etdiklərini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş İddiaçı məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən İddiaçı: -04 iyul 2018-ci il tarixli, 37-K nömrəli əmrlə həmin tarixdən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin aparatında baş məsləhətçi –hüquqşünas vəzifəsinə təyin edilməsi; -07 dekabr 2020-ci il tarixli, 93 nömrəli əmrlə Naxçıvan Muxtar Respublikası X22 01 dekabr 2020-ci il tarixli 43-VİPR nömrəli Fərmanına əsasən Agentliyin təşkilati hüquqi forması və strukturu dəyişildiyindən aparatın baş məsləhətçi-hüquqşünası vəzifəsindən azad edilməsi; -08 dekabr 2020-ci il tarixli 05-K nömrəli əmrlə Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin Aparatın Ümumi işlər və təsərrüfat sektorunda baş məsləhətçi-hüquqşünas vəzifəsinə təyin edilməsi; -31 may 2021-ci il tarixli, 41-K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifəsindən azad edilməsi aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin 31 may 2021-ci il tarixli, 41-k nömrəli əmrinin təsdiq edilmiş surətindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Aparatın Ümumi işlər və təsərrüfat sektorunun baş məsləhətçi-hüquqşünası vəzifəsində çalışan İddiaçı Agentliyin direktoru tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq iş vaxtı xidməti otağında olmadığı, iş yerini tərk etdiyi, Agentliyin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğu, özünün yol verdiyi nöqsanlar barədə rəhbərliyə düzgün məlumat vermədiyi, öz vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirmədiyi, rəhbərlik tərəfindən göstərilən iradlardan heç bir nəticə çıxarmadığı, bu kimi halları mütəmadi təkrar etdiyi, 26 may 2021-ci il tarixdə iş yerini tərk etdiyi, yol hərəkət qaydalarını kobud şəkidə pozduğuna görə X23 əməkdaşları tərəfindən saxlanılaraq avtonəqliyyat vasitəsinin cərimə meydançasına aparıldığı, 28 may 2021-ci il tarixdə inzibati xəta törətməyi barədə protokol tərtib edildiyi, bunları nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən tutduğu vəzifədən azad olunduğu aydın olur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı madəsinə əsasən, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımlar atacaqlar. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələri hesab olunur. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsinin direktorunun 31 may 2021-ci il tarixli, 41-K saylı əmrinin qanuniliyi yoxlanılmalıdır. Qeyd olunan əmrdə iddiaçının işdən çıxarılmasına əsas olan hallar sırasında iddiaçının Agentliyin direktoru tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq iş vaxtı xidməti otağında olmadığı, iş yerini tərk etdiyi qeyd olunmuşdur. Məhkəmə bu halla əlaqədar olaraq qeyd edir ki, iddiaçıya dəfələrlə şifahi xəbərdarlıq olunması onun iş yerini öz başına tərk etməsi halları mülki işin araşdırılması zamanı cavabdeh tərəfindən sübuta yetirilə bilməmişdir. Belə ki, iddiaçıdan iş vaxtı xidməti otağında olmaması, iş yerini özbaşına tərk etməsi ilə bağlı hər hansı bir izahat alınması və ya onun bununla bağlı intizam məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmçinin cavabdehin nümayəndəsi tərəfindən iddiaçının özbaşına iş yerini tərk etməsini təsdiq etdiyinin qeyd olunduğu izahatlar məhkəməyə təqdim olunmuşdur ki, həmin izahatlarda nə iddiaçının imzası, nə də həmin izahatın tarixi göstərilməmişdir. Cavabdehin nümayəndəsi Vüsal Məmmədov isə həmin izahatların imzasız tarixsiz olmasının səbəbini iddiaçının işdən azad olunduqdan sonra bir neçə gün ərzində idarəni tərk etmədiyini, iddiaçının idarədə saxlanılan izahatlarını özü ilə götürüb apardığını, həmin izahatların yerinə imzasız tarix göstərilməyən izahatları qoyduğunu, ümumi şöbənin qapısının daima açıq olduğunu, ona görə də iddiaçı tərəfindən rahatlıqla həmin izahatların götürülə bildiyini qeyd etməklə izah etmişdir. Lakin məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsinin həmin izahatlarla bağlı qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd olunan əmrdə iddiaçının işdən çıxarılmasına əsas olan hallar sırasında Agentliyin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğu göstərilmişdir. Agentliyin hansı nizam-intizam qaydasının iddiaçı tərəfindən pozulması əmr verilərkən cavabdeh tərəfindən göstərilməmiş, həmçinin məhkəmə iclası zamanı da bu halla bağlı hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi Agentliyin daxili nizam intizam qaydalarının iddiaçı tərəfindən yazılmalı olduğunu, lakin yazılmadığını, ona görə də nizam intizam qaydalarına dair sənədi məhkəməyə təqdim edə bilmədiklərini qeyd etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən həmin nizam intizam qaydalarının məhz iddiaçı tərəfindən yazılmalı olması və həmin nizam-intizam qaydalarının tapşırıq verilməsinə baxmayaraq iddiaçı tərəfindən yazılmamasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 182.1-ci maddəsinə əsasən müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 182.3-cü maddəsinə əsasən müəssisədaxili intizam qaydaları bu Məcəlləyə, habelə əmək qanunvericiliyi üzrə digər normativ hüquqi aktlara uyğun tərtib edilməlidir. Bu normativ hüquqi aktlara zidd olan müəssisədaxili intizam qaydalarının müvafiq müddəaları və onların tətbiqinin hüquqi nəticələri etibarsız hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 183.1-ci maddəsinə əsasən müəssisədaxili intizam qaydalarına, bir qayda olaraq, müəssisənin adı, təşkilati-hüquqi forması, fəaliyyət növü, hüquqi ünvanı, iş vaxtının, nahar və digər istirahət fasilələrinin başlandığı və qurtardığı saatlar, növbə cədvəlləri və onun tənzimlənməsi qaydaları, əmək şəraitinin təmin edilməsi qaydaları, əmək və icra intizamının, əmək vəzifələrinin yüksək səviyyədə yerinə yetirilməsində fərqlənmiş işçilərin, əmək kollektivlərinin mükafatlandırılması şərtləri və qaydaları, əmək və icra intizamını pozmuş işçilərə əlavə intizam tənbehi tətbiq edilməsinin şərtləri və qaydaları daxil edilir. Qeyd olunan əmrdə iddiaçının işdən çıxarılmasına əsas olan hallar sırasında 26 may 2021-ci il tarixdə iş yerini tərk etdiyi, yol hərəkət qaydalarını kobud şəkidə pozduğuna görə X23 əməkdaşları tərəfindən saxlanılaraq avtonəqliyyat vasitəsinin cərimə meydançasına aparıldığı, 28 may 2021-ci il tarixdə inzibati xəta törətməyi barədə protokol tərtib edildiyi göstərilmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirilən halları dəqiq şəkildə müəyyən edir. Həmin maddənin a bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi və f bəndinə əsasən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Yuxarıda qeyd olunan maddənin tələbindən də göründüyü kimi işçinin barəsində iş yerindən kənarda inzibati xəta törədilməsinə görə protokol tərtib edilməsi və işçinin bütün iş günü yox bir neçə saat iş yerində olmaması onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması sayıla bilməz və işçi bunların əsasında işdən çıxarıla bilməz. İddiaçı həm məhkəmədə verdiyi izahatında həm də iddia ərizəsində öz başına iş yerini tərk etmədiyini Agentliyin direktorunun ona uşağını hər gün bağçadan götürməsi üçün icazə verdiyini qeyd etmişdir. Cavabdehin nümayəndəsi Məmmədov Vüsal da məhkəmədə verdiyi izahatında iddiaçının may ayının 26-sı iş saatı ərzində iş yerindən çıxıb getdikdən sonra direktorun köməkçisinə zəng edərək maşınını yol polis əməkdaşının saxladığını və bu səbəbdən gecikəcəyini bildirdiyini qeyd etmişdir. İddiaçının direktorun köməkçisinə zəng edərək məlumat verməsini məhz cavabdehin nümayəndəsinin qeyd etməsini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan gün icazə almadan özbaşına iş yerini tərk etməsi halı sübuta yetmir. Həmçinin həmin gün iddiaçı tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi də məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 27 may 2021-ci il tarixli aktdan görünür ki, 27 may 2021-ci il tarixdə yəni iddiaçının iş yerini öz başına tərk etdiyinin qeyd olunduğu gündən bir gün sonra “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin icbari tibbi sığorta işinin təşkili və qeydiyyat şöbəsinin müdiri Məmmədov Vüsal, həmin publik hüquqi şəxsin mühasibat uçotu və informasiya texnologiyaları sektorunun baş məsləhətçisi Qadir Rəfiyev və həmin publik hüquqi şəxsin Ümumi işlər və təsərrüfat sektorunun kadr və kargüzarlıq üzrə aparıcı məsləhətçisi Cəfərova Leylan tərəfindən akt tərtib olunaraq həmin aktda 26 may 2021-ci il tarixdə İddiaçı iş yerini tərk etdiyi, saat 16:30-dan 18:00-dək iş otağında olmadığı, bu barədə Agentliyin direktoruna şifahi və yazılı olaraq məlumat vermədiyi, Agentliyin daxili nizam intizam qaydalarına uyğun olaraq tərtib edilmiş işçilərin hərəkət jurnalında İddiaçı mütəmadi olaraq iş yerini tərk etməsi barədə heç bir məlumat qeyd etmədiyi göstərilmiş və həmin akt qeyd olunan şəxslər tərəfindən imzalanmışdır. Cavabdeh tərəfindən qeyd olunan aktın hansı səbəbdən məhz işçinin iş yerində olmadığı gün deyil bir gün sonra tərtib olunması zərurəti ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, aktda Agentliyin daxili nizam intizam qaydalarına uyğun olaraq tərtib edilmiş işçilərin hərəkət jurnalında İddiaçı mütəmadi olaraq iş yerini tərk etməsi barədə heç bir məlumat qeyd etmədiyi göstərilsə də yuxarıda da qeyd olunduğu kimi cavabdehin nümayəndəsi Vüsal Məmmədov tərəfindən məhkəmə iclası zamanı Agentliyin daxili nizam intizam qaydalarının iddiaçı tərəfindən yazılmalı olduğunu, lakin yazılmadığını, ona görə də nizam intizam qaydalarına dair sənədi məhkəməyə təqdim edə bilmədikləri qeyd edilmişdir. Qeyd olunan aktda Agentliyin faktiki mövcud olmayan nizam intizam qaydalarının əsas götürülərək tərtib olunduğu iddia edilən hərəkət jurnalı da cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən iş üzrə tərəflərə onlarda olan sübutların hamısının məhkəməyə təqdim edilməsi təklif olunsa da cavabdehin nümayəndəsi tərəfindən bütün sübutların məhkəməyə təqdim edildiyi bildirilmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 26 may 2021-ci il tarixli təqdimatın təsdiq edilmiş surətindən görünür ki, həmin tarixdə “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin direktoru tərəfindən X2 Komitəsinə müraciət olunaraq həmin təqdimatda Aparatın Ümumi işlər və təsərrüfat sektorunun baş məsləhətçi-hüquqşünası İddiaçı dəfələrlə şifahi xəbərdarlıq etməyinə baxmayaraq onun mütəmadi olaraq iş vaxtı xidməti otağında olmadığı, iş yerini tərk etdiyi, Agentliyin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğu, bu barədə rəhbərliyə düzgün məlumat vermədiyi, 26 may 2021-ci il tarixdə iş saatlarında heç bir icazə almadan və məlumat vermədən iş yerini tərk etdiyi, yol hərəkət qaydalarını kobud şəkildə pozduğuna görə X23 əməkdaşları tərəfindən saxlanılaraq avtonəqliyyat vasitəsinin cərimə meydançasına aparıldığı, 28 may 2021-ci il tarixdə inzibati xəta törətməyi barədə protokol tərtib edildiyi göstərilərək göstərilənlərin nəzərə alınaraq onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad olunmasının məqsədəuyğunluğunun araşdırılmasını tələb etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə X3 İttifaqı Komitəsinin 31 may 2021-ci il tarixli, 06 nömrəli iclas protokolundan görünür ki, həmin tarixdə Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və həmin iclasın nəticəsi olaraq iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması üçün heç bir uyğunsuzluğun aşkar olunmadığı qeyd edilmişdir. X11 görünür ki, həmin gün Həmkarlar İttifaqı Komitəsi tərəfindən iddiaçının sadəcə işdə olmaması halı araşdırılmış, onun barəsində protokol tərtib edilməsi, onun tərəfindən daxili nizam-intizam qaydalarının kobud şəkildə pozulması, öz vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirməməsi, rəhbərlik tərəfindən göstərilən iradlardan heç bir nəticə çıxarmaması, bu kimi halları mütəmadi təkrar etməsi isə araşdırılmamışdır. Qeyd olunan hallar Həmkarlar İttifaqı Komitəsinin iclasında araşdırılmasa da iddiaçının işdən çıxma əmrində həmin hallara istinad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qeyd olunan maddənin tələbindən də göründüyü kimi təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Bu maddənin imperativ tələbinə əməl olunmamasına yəni iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdə azad edilməsi məsələsinin araşdırılması üçün verilmiş təqdimata iddiaçının işdən azad edilməsinin araşdırılması üçün lazım olan əsaslandırma sənədləri əlavə edilmədən müraciət olunmasına baxmayaraq Həmkarlar İttifaqı Komitəsi həmin təqdimata baxmış və yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Həmçinin X11 görünür ki, iddiaçı həmin tarixdə işdə olmasına baxmayaraq onun işdən çıxarılma məsələsinə baxıldığı halda o həmin iclasa dəvət edilməmiş, onun iştirakı olmadan, iddiaçı dinlənilmədən onun işdən çıxarılması ilə bağlı təqdimat araşdırılaraq yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Göründüyü kimi əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək də intizam tənbehi sırasında göstərilməsinə, intizam tənbehi verilməmişdən əvvəl işçidən izahat verilməsinin tələb edilməli olmasına baxmayaraq iddiaçıdan izahat alınmamışdır. Qeyd olunan əmrdə iddiaçının işdən çıxarılmasına əsas olan hallar sırasında iddiaçının öz vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirməməsi qeyd olunmuşdur ki, məhkəmə bununla bağlı qeyd edir ki, mübahisələnirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamış, sadəcə “öz vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirməməsi” ilə əsaslandırılmışdır. Lakin qeyd edildiyi kimi öz vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirməməsinin konkret nədən ibarət olması əsaslandırılmamış, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halının nədə ifadə olunması, yazılı əmək müqaviləsində əks olunmuş hansı öhdəliyin yerinə yetirilməməsi əks olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu bəndinə əsasən əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Cavabdehin nümayəndəsi tərəfindən iddiaçının əmək funksiyasının pozulmasının təsdiqi ilə bağlı məhkəməyə 23 iyul 2021-ci il tarixli, 58 nömrəli əmr və Agentliyin Ümumi işlər və təsərrüfat sektorunun kadr və kargüzarlıq üzrə aparıcı məsləhətçisi Cəfərova Leylanın 26 may 2021-ci il tarixli izahatı təqdim olunmuşdur. 23 iyul 2021-ci il tarixli, 58 nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, şifahi xəbərdarlıq olunmasına baxmayaraq əvvəllər də bu halın baş verməsini nəzərə alaraq həmin tarixdə iddiaçıya Agentliyin direktoru tərəfindən töhmət verilmişdir. Agentliyin Ümumi işlər və təsərrüfat sektorunun kadr və kargüzarlıq üzrə aparıcı məsləhətçisi Cəfərova Leylanın 26 may 2021-ci il tarixli izahatında vəzifə təlimatlarının hazırlanması barədə tapşırığı dəfələrlə Aparatın ümumi işlər və təsərrüfat sektorunun baş məsləhətçi-hüquqşünası İddiaçı çatdırmağına baxmayaraq bu günədək yerinə yetirmədiyi, buna görə də onun vəzifə təlimatları ilə bağlı əmri hazır edə bilmədiyi, İddiaçı bu barədə müvafiq sənədi hazırlamağı ona tapşırdığını, vəzifə funksiyalarının daxilində olmadığı üçün onun hazırlaya bilmədiyi qeyd olunmuşdur. Məhkəmə qeyd olunan əmr və izahatla bağlı qeyd edir ki, həmin əmr və ya başqa bir işçi tərəfindən verilmiş izahat iddiaçının öz vəzifə funksiyalarını yerinə yetirməməsini sübut etmir. Qeyd olunan izahatda göstərildiyi kimi iddiaçı tərəfindən vəzifə təlimatlarının hazırlanması üçün birbaşa işəgötürən tərəfindən iddiaçıya tapşırıq verilməsi və iddiaçının həmin tapşırığı icra etməməsini təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçıya onunla tabeçilik münasibətində olmayan digər bir işçi tərəfindən hər hansı bir tapşırığın yerinə yetirilməsi ilə bağlı tapşırıq verilməsi və ya hər hansı tapşırığın çatdırılması Əmək qanunvericiliyi baxımından əsaslı deyildir. Həmçinin töhmət verilməsi ilə bağlı əmrin verilməsindən 10 aydan artıq bir müddətin keçmişdir və həmin əmrdən iddiaçıya nəyə görə töhmət verilməsi müəyyən edilmir. Belə olan halda həmin əmri nəzərə almaqla iddiaçının öz əmək funksiyasını pozduğu qənatinə gəlmək olmaz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190.1-ci maddəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin ə bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən öz vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirməməsi arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının öz vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirməməsi və bu vəzifə funksiyalarının yerinə yetirilməməsi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının öz vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirməməsinə istinad edərkən bunun nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi cavabdeh tərəf iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edərkən yuxarıda sadalanan tələblərə əməl etməli idi. Ancaq cavabdeh Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsi tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübut etmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Əmək Məcəlləsinin 75.1-ci maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Lakin mülki iş materiallarından hazırki mübahisə üzrə belə halların olması müəyyən edilmir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsi ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsinin 31 may 2021-ci il tarixli, 41-K saylı əmri qanuni hesab edilə bilməz. Bu səbəbdən həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsinin 31 may 2021-ci il tarixli, 41-K saylı əmrin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunmalı olduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1 -ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafıq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli; -Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin 31 may 2021-ci il tarixli, 41-K nömrəli əmri ləğv edilməli; -Bağırov X7 Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin Aparatın Ümumi işlər və təsərrüfat sektorunun baş məsləhətçi-hüquqşünası vəzifəsinə bərpa olunmalı; -Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsi tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin 31 may 2021-ci il tarixli, 41-K nömrəli əmri ləğv edilsin. Bağırov X7 Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin Aparatın Ümumi işlər və təsərrüfat sektorunun baş məsləhətçi-hüquqşünası vəzifəsinə bərpa olunsun. Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsi tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-719/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-719/2021
12.08.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver