Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-742/2020 17.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə hüququn itirilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh onun istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzilin yaşayış sahəsinə hüququn itirilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən ev Naxçıvan şəhər XDS İcraiyyə Komitəsinin xx xxxx 1977-ci il tarixli 61 nömrəli qərarı ilə ona verilmişdir. Həmin evin ona verilməsinə dair order mövcuddur. Hazırda evi özəlləşdirmək istəsə də cavabdehin razılığını almaq mümkün olmur. Çünki cavabdeh 15 il bundan əvvəl ailə qurub Türkiyə Respublikasına gedibdir. Hətta anası vəfat edən zaman onun yasına da gəlməmişdir. Qeyd edilənləri nəzərə alaraq cavabdehin onun istifadəsində olan evdən hüququnun itirilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X3 iddianı müdafiə edərək izahatında cavabdehin iddiaçının istifadəsində olan mənzildə verilmiş orderdə adının olması iddiaçı tərəfindən mənzilin adına özəlləşdirilməsi hüquqlarını pozur. Çünki cavabdehin formal olaraq orderdə adı vardır, faktiki olaraq uzun müddətdir ki, ailə qurub Türkiyə Respublikasında yaşayır. Ona görə də onun iddiaçının istifadəsində olan mənzildən yaşayış sahəsinə hüququn itirilməsi barədə qətnamə qəbul eidlməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib,onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olur ki, Naxçıvan şəhəri, H.Rəhmanov küçəsində mülkiyyətində olan 0,0697 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 3 otaqlı, 40.60 kv.m yaşayış, --- kv.m qeyri yaşayış, --- kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 18/10 nömrəli reyestr kitabının 1884 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə “hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir” prinsipi ilə işə mahiyyəti üzrə yanaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. İddiaçının tələbinin qanuni əsasını analogiyanı tətbiq etməklə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 87-ci maddələri təşkil edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri 2000-ci ildən əvvəl yarandığından, hazırki mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə-həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə-onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1-7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında xx xxxx 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki tələblə iddiaçının müraciət etməkdə məqsədi ailə üzvləri ilə birlikdə ona order əsasında verilmiş evi özəlləşdirmək olmuşdur. Özəlləşdirilmənin həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməsi və müvafiq sənədlərin toplanılması üçün orderdə adı qeyd edilən lakin uzun müddətdir ki, həmin mənzildə yaşamayan şəxsin razılıq ərizəsi tələb edildiyindən iddiaçı istifadəsində olan mənzilin özəlləşdirilməsi hüququnu həyata keçirə bilməmişdir. İşin hallarından görünür ki, Cavabdeh ailə üzvü olaraq mübahisli mənzildə uzun müddətdir ki yaşamır. Bu hal iddiaçı tərəfindən bildirilməklə yanaşı cavabdehin uzun müddətdir ki, həmin ünvanda yaşamaması Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-İstismar İdarəsinin xx xxx 2020-ci il tarixli arayışında qeyd edilmişdir. İddiaçının izahatından aydın olur ki, cavabdeh on beş il əvvəl ailə quraraq Türkiyə Respublikasına getmiş, hazırda da həmin ünvanda yaşayır. Artıq qeyd edilən hallar onu deməyə əsas verir ki, cavabdeh ailə quraraq başqa mənzildən getmiş və özünə başqa yaşayış yeri seçmişdir. Məhkəmə bu halı cavabdehin mübahisəli mənzildən daimi çıxıb getməsi kimi qiymətləndirir. Beləliklə, icarədarın ailə üzvü kimi cavabdehin yaşayış sahəsindən getməsi onun yaşayış sahəsindən daimi olaraq çıxıb getməsi kimi qiymətəndirilərək bu hal cavabdehin mübahisəli yaşayış sahəsinə olan hüququnun saxlanılmaması kimi qəbul edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, cavabdeh uzun müddətdir ki, özünə başqa yaşayış yeri seçməklə daim olaraq mübahisəli mənzildən getmişdir və sadəcə mənzilin orderində adının olması reallıqda mənzildən istifadə edən şəxsin mənzili özəlləşdirmək və onun üzərində sərəncam vermək kimi hüquqlarını həyata keçirməyə maneə yaratması ilə nəticələnir. Buna görə də iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh ünvan 5 ünvanına yerləşən 38 nömrəli yaşayış sahəsinə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ünvan 6 ünvanında yaşayış sahəsinə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-742/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-742/2020
17.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver