Məhkəmə qərarları › İş №2(078)-771/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-771/2021

13.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-771/2021 13.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 və maraqlı şəxs Naxçıvan Bələdiyyəsinin nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi Naxçıvan şəhəri 54-cü məhəllə 6/12-də yerləşən həyətyanı torpaq sahəsinə bitişik olan 600 kvadrat metr torpaq sahəsinin ona verilməsi faktının təsdiq olunması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi Məmmədov X4 şəhəri 54-cü məhəllə 6/12-də yerləşən həyətyanı torpaq sahəsinə bitişik olan 600 kvadrat metr torpaq sahəsinin ona verilməsi faktının təsdiq olunması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, gənc mühəndis kimi təhsil alıb Naxçıvana qayıtdıqdan sonra ev növbəsinə dayanmışdır. 1990-ci ildə torpaq sahəsi ilə təmin edilmişdir. Həm özünə, həm də bacısına eyni vaxtda torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinin verilməsi barədə XDS İcraiyyə Komitəsinin qərarının tarixi 1992-ci ildir. Torpaq sahəsinin verilməsinə dair qərar və order əllərində olmadığından zamanında sənədləşmə aparılmamışdır. Çünki həmin dövrdə bu cür sənədlərin arxivə verilməsində müəyyən səhlənkarlıqlar olmuş və bu da nəticə etibarilə vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarmışdır. 2020-ci ildə torpaq sahələrinin sənədləşmə aparılması üçün Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etmişdir. Həmin vaxt ona bildirilmişdir ki, bacısına da torpaq sənədinin kötüyünü arxivdən tapılmış, məlum olmuşdur ki, qərarda 56-cı məhəlləolaraq göstərilən torpaq sahələri faktiki olaraq 54-cü məhəllədə yerləşir, özünə aid baş plandan çıxarış əsasında sadəcə 600 kvadrat metr torpaq sahəsini və bacısının 600 kvadrat metr torpaq sahəsini sənədləşdirə bilmişdir. Qalan torpaq sahəsinə aid arxivdə heç bir sənəd olmadığından sənədləşmə aparılmamışdır. Hələ 1994-cü ildə bütün həyətini beton divar çəkərək hasara almışdır. Həmin divarın tikilmı vaxtına baxanda belə onun uzun illərdir ki, həmin torpaq sahəsindən istifadə etməsi aydın olur. Hələ bələdiyyə yaranmazdan və torpaq dövlət mülkiyyəti olanda torpağı onun istifadəsinə vermişlər. Sonra da müəyyən edilmişdir ki, vətəndaşların istifadəsində olan torpaqlar onun mülkiyyətinə pulsuz verilməlidir. Lakin o 30 ildir ki, istifadə etdiyi torpaq sahəsini sənədləşdirə bilməmişdir. Qeyd edilənlərə əsasən ərizəsinin təmin ediməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən maraqlı şəxs Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X3 ərizəni qəbul etdiyini, həqiqətən 2020-ci il tarixdə ərizəçinin müraciəti əsasında ona məxsus olan 600 kvadrat metr torpaq sahəsinin sənədləşdirildiyini, həmin torpaq sahəsinə dair ən azı baş plandan çıxarış olduğundan bunu etməyin mümkün olduğunu, qalan torpaq sahəsinə aid heç bir sənəd olmadığı üçün sənədləşmənin aparıla bilmədiyini, ərizə verən şəxsə bu barədə məhkəmə qətnaməsi çıxarılmasının zəruri olduğunu bildirdiklərini, həqiqətən uzun illərdir ki, ərizəçinin həmin torpaq sahəsindən istifadə etdiyini, zamanında torpaq sahələri ilə bağlı sənədlərin arxivə verilməsində müəyyən çatışmazlıqlar olduğuna görə bu kimi halların yarandığını, torpaq sahəsinin hazırda bələdiyyə ərazisi kimi göstərildiyini, lakin bələdiyyə torpaqlarının xəritəsinin hazır olmadığını, Xidmət olaraq ərizəçiyə məxsus olan torpaq sahəsinin məhkəmə qətnaməsi əsasında onun öz adına qeydiyyata alınmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında izahat verən maraqlı şəxs Naxçıvan Bələdiyyəsinin nümayəndəsi X10 izahatında ərizəni qəbul etdiyini, ərizəçinin istifadə etdiyi torpaq sahəsi bələdiyyə ərazisi kimi göstərilsə də bu torpaq sahəsi ilə bağlı heç bir məlumatın onlarda olmadığını, ərizəçinin torpaq sahəsindən istifadəyə görə vergisini vaxtında ödədiyini, bələdiyyə torpaqlarının xəritəsinin hazılanmadığını, uzun illər ərizəçi tərəfindən həmin torpaq sahəsindən istifadə edilməsini nəzərə alaraq həmin torpaq sahəsinin ərizəçinin mülkiyyətinə verilməsinə etirazlarının olmadığını bildirmişdir. Məhkəmə baxış iclasında şahid X11 ifadəsində uzun illərdir Naxçıvan şəhəri 54-cü məhəllədə yaşadığını, o köçüb gələrkən Ərizəçi qonşu olaraq gördüyünü və hasar içərisində özünə məxsus olan torpaq sahəsində tikdiyi evdə yaşadığını göstərmişdir. Məhkəmə baxışı iclasında şahid X8 ifadəsində göstərmişdir ki, Naxçıvanda doğulub və 54-cü məhəllədə böyüyübdür. O hərbi xidmətə gedən zaman Vaqif müəllim ev tikib onlara qonşu olubdur. Sonra da hasarını çəkib yaşamağa başlayıbdır. Məhkəmə baxışı iclasında şahid X5 ifadəsində göstərmişdir ki, Vaqif müəllim onun qonşusudur. O 2000-ci illərdə köçüb həmin məhəlləyə gəlmişdir. Həmin vaxt artıq Vaqif müəllim öz evində yaşamışdır. O həmin məhəlləyə köçən zaman Vaqif müəllimin həyətini hasarda görmüşdür. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə ərizəçinin, maraqlı şəxslərin nümayəndələrinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda şahid ifadələrini nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Müki işin materiallarına əlavə edilmiş 04 oktyabr 2018-ci il tarixli arxiv arayışından aydın olur ki, Naxçıvan şəhər XDM İK-nin 12 may 1992-ci il tarixli 300 nömrəli qərarı ilə Naxçıvan şəhərində yaşayan bəzi vətəndaşların yaşayış evi tikdirmək üçün torpaq shaəsinin verilməsi haqqında qərarda 1988-ci ildən Naxçıvan Təsərrüfat hesablı Su Təhcizat və Sanitar qurğular İdarəsində mənzilalma növbəsində dayanan Ərizəçi şəhərin 56-cı məhəlləsindən 20 nömrəli torpaq sahəsinin verilməsi qeyd edilmişdir. Mülki işin materiallarında əlavə edilmiş Naxçıvan şəhərinin Baş Planından Çıxarışda Naxçıvan şəhər XDM İK-nin 12 may 1992-ci il tarixli 300 nömrəli qərarı ilə Ərizəçi şəhərin 56-cı məhəlləsində 20 a nömrəli torpaq sahəsinin ölçüsü 20x30 olaraq göstərilmişdir. Mülki işin materiallarına əlavə edilmiş qəbzlərdən aydın olur ki, Məmmədov X4 Bələdiyyəsinə torpaq vergisi ödəmişdir. Mülki iş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövət Xidməti tərəfindən 24.08.2020-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan məlum olmuşdur ki, Naxçıvan şəhəri, 54-cü məhəllə 6/12 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi X2 adına daşınmaz əmlakın dövlət reyestrində 16/24 nömrəli reyestr kitabının 4429 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, mübahisənin mahiyyətinə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz Məhkəmə mülki qanunvericiliyin norma və tələblərini hazırki tələblə əlaqəli şəkildə araşdırıb qeyd edir ki, ərizəçi hazırki vəziyyətdə torpaq sahəsinin ona verilməsi faktının tanınmaqla onun mülkiyyətinə verilməsi barədə müraciət etmək üçün subyektiv hüququn daşıyıcısı hesab edilir. Belə ki, ərizəçiyə 1992-ci il tarixli qərarla torpaq sahəsi verilməsi və hazırda istifadəsində olan torpaq sahəsindən həmin vaxtdan istifadə edərək öz həyətyanı torpaq sahəsinə daxil etməsi və hasara alınması mübahisəsiz haldır. Bu hal maraqlı şəxslərin nümayəndələri və şahidlər tərəfindən də təsdiq edilmişdir. Həmçinin iş üzrə cəlb edilmiş mütəxəssis X7 tərəfindən yerində müayinə və baxış keçirilməsinə dair təqdim edilmiş 07 iyul 2021-ci il tarixli rəydən aydın olur ki, hazırda ərizəçinin istifadəsində olan torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsinin şimal istiqamətində yerləşir və ölçüsü 561.25 kavdrat metrdir. Həmin torpaq sahəsi geri qaytarılması mümkün olmayan bələdiyyə torpaq sahəsinə aiddir. 1996-cı il tarixli “Torpaq İslahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsində olan fərdi yaşayış evlərinin altında olan torpaqlar, həmçinin həyətyanı sahələr, müxtəlif tipli bağlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Torpaqların qanuni istifadəçisi olan vətəndaşlar tərəfindən alınmasını (şəxsi yaşayış binalarına birləşən həyətlər, məişət sahələri, dövlət bağçılıq şirkətləri tərəfindən idarə edilən və şəxsi kollektiv və kooperativ bağlar) tənzimləyən Azərbaycan Respubliası Prezidentinin 10 yanvar 1997-ci il 534 saylı fərmanı ilə təsdiq edilmiş Qaydaların 1-ci maddəsinə əsasən, vətəndaşlar tərəfindən icarəyə götürülmüş və ya onların qanuni istifadəsində olan şəxsi evlərin altında yerləşən və belə evlərə bitişik olan torpaq sahələri müvafiq ölçüləri nəzərə alınmaqla vətəndaşların mülkiyyətinə ödənişsiz olaraq keçməlidir. “Axverdiyev Azərbaycana qarşı” iş üzrə Avropa İnsan Hüquqları üzrə Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, evin 8 oktyabr 2005-ci il tarixindən ərizəçinin şəxsi mülkiyyətində olması və həmin tarixdən əvvəl mübahisəsiz şəkildə onun mülkiyyətində olması mübahisələndirilmir. Bu fakt milli məhkəmələr tərəfindən təsdiq olunmuş və heç vaxt milli səviyyədə mübahisələndirilməmişdir. Evə aid olan və ümumi sahəsi 257 kv. m. olan torpaq sahəsinə gəldikdə isə, Hökumət iddia etmişdir ki, ərizəçi torpağa hər hansı hüququnun olduğunu sübut edə bilməmişdir; ərizəçi isə torpağın evlə birlikdə “mülkiyyətinin” bir hissəsi olduğunu iddia etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycanın hüquq sisteminə əsasən tikilinin altında yerləşən torpaq sahəsinə mülkiyyət hüququ birbaşa olaraq tikiliyə mülkiyyət hüququ ilə bağlı deyil. Başqa sözlə, daşınmaz əmlakın sahibi mülkiyyətin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququna malik olmaya bilər. Beləliklə, torpaq Dövlət və ya bələdiyyə mülkiyyətində qalmaqla, şəxs tikiliyə mülkiyyət hüququna malik ola bilər. Buna baxmayaraq, Mülki Məcəllənin 243.1-ci maddəsinə müvafiq olaraq, milli qanunvericiliyə əsasən daşınmaz əmlakın mülkiyyətçisinə həmin əmlakın yerləşdiyi və digər şəxsin mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ verilir. Bundan əlavə, fərdi yaşayış evlərinin altında yerləşən dövlət torpaqlarının, evə aid olan həyətlərin və həyətyanı sahələrin “qanuni istifadəçiləri” torpaq sahəsini əvəzsiz qaydada özəlləşdirmək hüququna malikdirlər. Onlar bu hüquqdan istifadə etdikdə, torpağa mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı tarixdən yaranır (Torpaq islahatları haqqında Qanunun (1996) və vətəndaşlar tərəfindən qanuni olaraq istifadə olunan torpaqların əldə olunmasına dair Qaydaların (1997). Doğrudur ki, ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq, qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın “qanuni istifadəçisi” olmuşdur. Bundan başqa, onun milli qanunverciliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına dair hüquqi gözləntisi var idi. Müvafiq olaraq, 8 oktyabr 2005-ci il tarixində ərizəçinin torpağın “mülkiyyət” qismində tanınması üçün kifayət qədər mülki marağa malik olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə müəyyən edir ki, həm ev, həm də torpaq sahəsi 1 saylı Protokolun 1-ci maddəsinə əsasən ərizəçinin “mülkiyyəti” olmuşdur. 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçinin mülkiyyətinə müdaxilə olmuşdur, belə ki, onun mülkiyyəti Dövlət tərəfindən alınmış və evi sökülmüşdür. Bu müdaxilə 1 saylı Protokolun 1-ci maddəsinin ikinci cümləsinin məzmunu baxımından “mülkiyyətdən məhrum etməyə” bərabərdir. Mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir. Birinci şərtə gəldikdə, Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsi dövlət orqanları tərəfindən mülkiyyətdən maneəsiz istifadəyə olan istənilən müdaxilənin qanuni olmasını tələb edir: həmin maddənin birinci bəndinin ikinci cümləsi “qanunla nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla” mülkiyyətdən məhrum etməyə imkan verir. Bundan əlavə, hüququn aliliyi demokratik cəmiyyətin fundamental prinsipi olmaqla Konvensiyanın bütün maddələrinin tərkib hissəsini təşkil edir. Məhkəmə sözügedən Avropa Məhkəməsi Qərarının hazırki tələbdə müəyyən edilmiş hallarla oxşarlığını müqayisə edir və bildirir ki, hazırki tələbdə hətta aqrar islahat komissiyasının qərarından əvvəl torpaq shaəsinin ərizəçinin öz hasarı daxilində olması mübahisələndirilmir. Aqrar islahat aparılmazdan əvvəl torpaq sahələri dövlət mülkiyyəti olub vətəndaşların istifadəsinə verilirdi. Aqrar islahatların aparılmasında məqsəd isə vətəndaşın istifadəsində olan torpaq sahələrinin onların mülkiyyətinə verilməsi təşkil etmişdir. Həmin dövrdə iddiaçının istifadəsində olan həyətyanı torpaq sahəsində hasarı daxilində olan hazırki 561 kvadrat metr torpaq sahəsi də qanuni istifadəsində olmuş, öz həyətyanı torpaq sahəsində hasarının daxilində torpaq sahəsindən istifadə etmişdir. Belə olan halda həmin torpaq sahəsi ərizəçinin istifadəsində olduğundan onun mülkiyyətinə verilməli idi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinə görə torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun qərarları Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarından aydın olur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. İşə məhkəmədə baxılan zaman müəyyən edilmişdir ki, hazırda ərizəçinin istifadəsində olan torpaq sahəsi müvafiq qərar əsasında ona verilmiş torpaq sahəsi olmuş, həmin qərarın əsasında verilmiş baş plandan çıxarışda torpaq sahəsinin yerləşdiyi yerdə müəyyən texniki yalnışlıq olmuş, belə ki, torpaq sahəsi 54-cü məhəllədə yerləşməsinə baxmayaraq 56-cı məhəllədə yerləşməsi qeyd edilmiş, həmçinin onun ölçüsü də 20x30-yəni 600 kvadrat metr olaraq qeyd edilmişdir. Lakin yerində müayinə və tədqiq aparılarkən məlum olmuşdur ki, bütövlükdə torpaq sahəsi 1161.25 kvadrat metr olmuş, həmin torpaq sahəsi hasarlanmış və ərizəçi tərəfindən istifadə edilmişdir. Sözügedən 561.25 kv.metr sahəsi olan torpaq sahəsinin ona verilməsi ilə bağlı sənədlərin arxivə təqdim edilməməsi nəticəsində hazırda sənədlərin mövcud olmadığı öz təsdiqini tapmışdır. Belə olan halda hüququ pozulmuş ərizəçinin hüquqları məhkəmə qətnaməsi əsasında bərpa edilməlidir. Eyni zamanda maraqlı şəxslərin nümayəndələri ərizələr təqdim edərək ərizəçinin hüquqlarının bərpa edilməklə torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş edərək məhkəmə qətnaməsi əsasında torpaq sahəsinin sənədləşməsinin aparılacağını qeyd etmişlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranma əsaslarından biri məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmüdür. Məhkəmə hesab edir ki, Ərizəçi istifadəsində olan 561 kvadrat metr torpaq sahəsinin onun mülkiyyətinə verilməsi hər hansı fiziki və hüquqi şəxsin bir mülkiyyət hüququnu pozmur, qanuni və mövcud vəziyyəti bərpa edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Naxçıvan şəhəri, 54cü məhəllə, 2/12 ünvanında yerləşən Ərizəçi mülkiyyətində olan torpaq sahəsinə bitişik olan və şimal istiqamətində ölçüsü 561.25 kvadrat metr olan torpaq sahəsinin Ərizəçi verilməsi faktı müəyyən edilməli və həmin torpaq sahəsi üzərində Ərizəçi mülkiyyət hüququ tanınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Naxçıvan şəhəri, 54-cü məhəllə, 2/12 ünvanında yerləşən Ərizəçi mülkiyyətində olan torpaq sahəsinə bitişik olan və şimal istiqamətində ölçüsü 561.25 kvadrat metr olan torpaq sahəsinin Ərizəçi verilməsi faktı müəyyən edilsin və həmin torpaq sahəsi üzərində Ərizəçi mülkiyyət hüququ tanınsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar