Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-775/2023 30.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, cavabdeh təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X1 və cavabdeh təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Cavabdeh1 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Cavabdeh1nə qarşı istifadə edilməmiş məzuniyyət pulunun və son hesabın ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1ndən xx.xx.2011xx.xx.2021-ci illər ərzində istifadə edilməmiş əsas məzuniyyətləri üçün ödənilməmiş məzuniyyət pulunun 5250 (beş min iki yüz əlli) manat və orta əmək haqqının iki misli 1050 (bir min əlli) manat qədərində işdən çıxarma müavinətinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01 iyul 2011-ci ildən-16 iyul 2012-ci ilədək Naxçıvan MR Dövlət Şəhər Salma və Arxitektura Komitəsinin tabeliyində olan Naxçıvan şəhər Abadlıq və Təmir Tikinti İdarəsində fəhlə,16 iyul 2012-ci ildən-07 yanvar 2021-ci ilədək isə həmin idarədə sürücü vəzifəsində işləmişdir. Naxçıvan MR Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli qərarı ilə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan Naxçıvan Şəhər Abadlıq və Təmir Tikinti İdarəsi Komitənin Naxçıvan Şəhər İdarəsinə birləşdirilmişdir. Həmin qərara əsasən, Naxçıvan Şəhər Abadlıq və Təmir Tikinti İdarəsinin əmlakı, hüquq və öhdəlikləri Komitənin Naxçıvan şəhər İdarəsinə verilməsinə baxmayaraq, heç bir işlə təmin olunmamışdır. 2021-ci ilin yanvar ayında Naxçıvan şəhər Abadlıq və Təmir Tikinti idarəsinin rəhbərliyi tərəfindən onlara bildirilmişdir ki, “İdarə ləğv edilib ona görə sizi işdən azad etdik”. Ondan sonra, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq xitam verilmişdir. Ona məxsus əmək kitabçası geri verildi və onunla heç bir son hesablaşma aparılmadı. Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən, Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq (on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında) işdən çıxarma müavinəti ödənilir. Lakin ona orta aylıq əmək haqqının iki misli qədəİndə işdən çıxarma müavinəti ödənilməmişdir. Bu gündədək istifadə etmədiyi məzuniyyət pulları və son haqq hesab ona ödənilməmişdir. Bununla bağlı Şəhər Təmir Tikinti İdarəsinə müraciət etdiyini, onlar cavabında cavabdeh olmadıqlarını, cavabdehin Komitə olduğunu bildirmişdir. Komitə isə cavabdehin Naxçıvan şəhər Təmir Tikinti İdarəsi olduğunu bildirir. İşlədiyi illərdə bir gün də məzuniyyətə buraxılmamış və məzuniyyət pulu almamışdır. Sürücü işləməsi və aylıq əmək haqqı alması arxiv arayışında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114, 129, 146, 172, 195, 196, 287, 288, 290 və 294-cü maddələrinə istinad edərək Naxçıvan Şəhər Təmir Tikinti İdarəsindən xx.xx.2011-xx.xx.2021-ci illər ərzində istifadə edilməmiş əsas məzuniyyətləri üçün ödənilməmiş məzuniyyət pulunun 5250 (beş min iki yüz əlli) manat və orta əmək haqqının iki misli 1050 (bir min əlli) manat qədərində işdən çıxarma müavinətinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının yazılı razılığı ilə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əlavə cavabdeh qismində işə cəlb edilmişdir. Cavabdeh təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi tərəfindən 07 avqust 2023-cü il tarixdə iddia ərizəsinə etiraz və əlavə edilən sənədlər məhkəməyə daxil olmuşdur. Cavabdeh təşkilatın nümayəndəsi iddiaya yazılı etirazında bildirmişdir ki, iddiaçı 01 iyul 2011-ci ildən 07 yanvar 2021-ci ilədək Komitənin tabeliyində olan Naxçıvan Şəhər Abadlıq və Təmir Tikinti İdarəsində əmək fəaliyyətində olmuş və işləmişdir. Adıçəkilən İdarə 13 iyul 2018-ci ilədək Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərmişdir. İddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu idarə yalnız 2018-ci il 13 iyul tarixdən Komitənin tabeliyinə verilmişdir. Aydın şəkildə görünür ki, iddiaçının əmək fəaliyyətində olduğunu bildirdiyi 9 il müddətin yalnız 2 ilini Komitənin tabeliyində olan idarədə işləmişdir. İddiaçının cavabdehin tabeliyində olan idarədə əmək fəaliyyətində olması haqqında Komitədə və tabeli Naxçıvan Şəhər İdarəsində hər hansı hüquqi sənədlər (əmək müqaviləsi və s) aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə uyğun olaraq iddiaçının cavabdehə qarşı bu iddiası qanuna əsaslanmır. İddiaçının tələbləri arxiv sənədlərində öz əksini tapmış əmək münasibətlərində olduğu Naxçıvan Şəhər Abadlıq və Təmir Tikinti İdarəsinə qarşı yönəltməlidir ki, həmin idarə də qeyd edilən tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində fəalliyyət göstərmişdir. Məhkəmə iclasında izahat verən iş üzrə İddiaçı iddianı müdafiə edərək iddia ilə eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, bu günədək istifadə etmədiyi məzuniyyət pulları və son haqq hesabı ona ödənilməmişdir. Bu məsələ ilə bağlı Şəhər Tikinti İdarəsinə müraciət etsələr də onlar cavabdeh olmadıqlarını, cavabdehin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olduğunu bildirdilər. Təşkilatın əvvəlki müdiri Hicran müəllim dəfələrlə pul veriləcəyini bildirdi. Amma heç nə verilmədi. Onlar ümumulikdə 600- 700 nəfər işçi olub. Onların son hesabının verilib-verilmədiyini bilmir. O işdən azad edildikdən sonra 6 ay işsiz qalıb. Hazırda “Buta-14” şirkətində sürücü işləyir. Onlara heç vaxt məzuniyyət pulu verilməyib. Komitə həmişə işdən azad ediləndə işçiyə son haqqhesab verirdi. Çıxan bütün işçilərə də əvvəl bu hesab ödənilibdir. O da gözləyirdi ki, işdən çıxan zaman son hesabını alacaqdır. O işlədiyi illərdə özü məzuniyyət üçün müraciət etməmişdir. Çünki axırda hər kəsə pul verilirdi. İşlədiyi vaxtlarda maddi təminata ehtiyac olmurdu. İşləyirdi və iş hərtərəfli qane edirdi. Son haqq-hesabı almaq hər il məzuniyyətə çıxmaqdan yaxşı olar deyə düşünmüşdür. 2023-cü ilin may ayına kimi məhkəməyə müraciət etməmişdir. O cavabdeh təşkilatın nümayəndələri tərəfindən iddia müddətinin tətbiqi barədə ərizəni qəbul etmir. Məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, cavabdeh təşkilatın nümayəndələri müddətlə bağlı əvvəlki məhkəmə iclaslarında fikir bildirmiş və buna etirazları olmamışdır. Lakin sonuncu məhkəmə iclasında müddətin tətbiqi ilə bağlı müraciət edirlər. Bunu qəbul etmir. Yoldaşı dəfələrlə İdarəyə müraciət edibdir. Əgər qərarda idarə ləğv edilib Şəhər Tikinti İdarəsinə birləşdirilibsə öhdəlikləri də ona keçibdir və bu qərarda qeyd edilibdir. Həmin öhdəliklərin biri də işçilərin məzuniyyət pulu və son hesabıdır. Onda niyə öhdəlik yazılıb qərara?. Bu gün belə İdarələri ləğv edilməsə də orada olan işçilər son hesab və məzuniyyətlə bağlı müraciət edirlər, onları neçə aylardır get-gələ salırlar. Səbəb məhkəməyə müraciət edəndə müddət keçsin və bununla bağlı məlumat versinlər. Bəs bu vətəndaşlar neyləməlidir? O qətiyyən müddətin tətbiqini qəbul etmir və iddia təmin edilməlidir. Məhkəmə baxışı iclasında cavabdeh təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi X10 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçının Abadlıq və Təmir Tikinti İdarəsində işləməsi ilə bağlı onun təmsil etdiyi idarədə heç bir bir sənəd yoxdur. Abadlıq və Təmir Tikinti İdarəsi xx.xx.2021-ci ildə ləğv edilib və onun işlədiyi idarəyə birləşdirilib. Lakin onlara heç bir mühasibat sənədləri, işçilərlə bağlı sənədlər təqdim edilməyib. İşçilərə son hesabın ödənilməsi üçün Nazirlər Kabineti tərəfindən heç bir vəsait ayrılmayıb və bu qərarda da yoxdur. Sadəcə maşın, mexanizmlər idarəyə verilibdir. Onun təmsil etdiyi idarə özünü maliyyələşdirmə prinsipi ilə işləyən təşkilatdır. Şəxslərin hansı illərdə neçə müddət işləməsi ilə bağlı onlarda heç bir sənəd yoxdur. İddianı əsassız hesab edir. İddiaçı işdən azad edilən zaman işlədiyi idarədən həmin gün son hesabını almalı idi. Əmək Məcəlləsinin 296cı maddəsini nəzərə alaraq iddiaçı məhkəmə iddia ərizəsi ilə müraciət etmək müddətini ötürüb. İddiaçı ümumiyyətlə onun təmsil etdiyi təşkilatda işləməyib, Naxçıvan MR Nazirlər Kabineti işçilərlə bağlı maliyyə vəsaiti ayırdığı halda belə onun təmsil etdiyi idarənin həmin vəsaiti kimlərə ödəməsinə dair heç bir sənədi yoxdur. Çünki ləğv edilən idarədə işləyən şəxslərlə bağlı heç bir sənəd onlara təhvil verilməmişdir. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında cavabdeh təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X4 iddianı qəbul etməyərək etiraza uyğun olaraq izahat vermiş, əvvəlki məhkəmə iclasında müddət barədə müraciət etməmənin səbəbi kimi məsələ vətəndaşın heç bir hüququnun pozulmamasını istəmədikləri olmuşdur. Müddətin tətəbiqinin son prosedur kimi düşünmüşdür. Hazırki vəziyyətdə idarə birləşdirilən zaman işçiyə dair heç bir sənəd təqdim edilməmişdir. İdarə ləğv edilən zaman məzuniyyət pulu və son hesab ödənilməmişdirsə o idarənin rəisi inzibati qaydada məsuliyyət daşımalı idi. Bu gün heç bir sənəd yoxdur, ümumiyyətlə hesab edir ki, onun təmsil etdiyi idarəyə bu iş aid deyil. Çünki İdarə ləğv edilib birbaşa Şəhər Tikinti İdarəsinə birləşdirilibdir, həmin idarə cəmi 3 il onların tabeliyində olubdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə uyğun olaraq iddiaçının məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutualan müddəti buraxdığından nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında Naxçıvan MR Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin mütəxəssisi X8 izahatında göstərmişdir ki, İddiaçı cavabdeh təşkilatda işlədiyi müddət ərzində 200 iş günü məzuniyyət günü olub. Məzuniyyət günün 21 təqvim günündən hesabladıqda iddiaçının məzuniyyət pulu 3120 (üç min bir yüz iyirmi) manat təşkil edir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan: 21 fevral 2023-cü il tarixli 13/400 nömrəli arxiv arayışından aydın olur ki, arxiv sənədlərində X2 2011-ci ildə iyul ayından əmək haqqı alması, 2020-ci ilə dair əmək haqqı cədvəllərində dekabr da daxil olmaqla əmək haqqı alması göstərilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin sorğusu əsasında Naxçıvan MR Dövlət Arxiv İdarəsindən daxil olan sənədlərdən aydın olur ki, İddiaçı xx.xx.2011-ci il tarixli 33 nömrəli əmrlə İİİ dərəcəli fəhlə qəbul edilməsi əmr kitabında qeyd edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən aydın olur ki, bildiriş sistemə xx.xx.2018-ci ildə daxil edilmiş, X3 iş yeri Naxçıvan Şəhər Abadlıq və Təmir Tikinti İdarəsi, vəzifəsi sürücü, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2011-ci il, əmək müqaviləsinin növü müddətsiz, əməyin ödənilməsi forması işə muzd, aylıq əmək haqqı məbləği 450 manat qeyd edilmişdir. Tərəflər arasında bağlanmış 01 iyul 2011-ci il tarixli əmək müqaviləsindən aydın olur ki, işçinin hər növbəti iş ili üçün Əmək Məcəlləsində nəzərdə tutulan məzuniyyət hüququ müqavilədə qeyd edilmişdir. Əmək kitabçasının surətindən aydın olur ki, İddiaçı xx.xx.2011-ci il tarixli 33 nömrəli əmrlə Naxçıvan şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinə İİİ dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.2012-ci il tarixli 52 nömrəli əmrlə sürücü vəzifəsinə keçirilmişdir. xx.xx.2021ci il tarixli 02 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin 19 may 2013-cü il tarixli 38 nömrəli məktubunda qeyd edilmişdir ki, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər Abadlıq və Təmir Tikinti İdarəsi Naxçıvan MR Nazirlər Kabinetinin 07 yanvar 2021-ci il tarixli 05 nömrəli qərarı ilə ləğv edilmişdir. Həmin idarə Naxçıvan Şəhər İdarəsinə birləşdirilməsinə baxmayaraq təhvil-təslim aktı, heç bir mühasibat sənədləri, əmək müqaviləsi və kargüzarlıq sənədləri təhvil verilməmişdir. Vətəndaş işlədiyi Abadlıq və Təmir Tikinti İdarəsindən hər il əmək məzuniyyətinə çıxmalı və yaxud istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanı Naxçıvan şəhər Abadlıq və Təmir-Tikinti İdarəsindən almalı idi. Ləğv edilmiş Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsindən Naxçıvan Şəhər İdarəsinə hesablanmış son hesab cədvəli və həmin cədvəllərə görə siyahı təqdim olunmamış, eyni zamanda vəsait ayrılmamışdır. Naxçıvan Şəhər İdarəsi Naxçıvan MR X13 06 fevral 2013-cü il tarixli 84-İV FR saylı Fərmanı ilə özünü maliyyələşdirmə prinsipi əsasında Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Kmitəsinin tabeliyinə verilmişdir. Naxçıvan MR Nazirlər Kabinetinin 13 iyul 2018-ci il tarixli 129 nömrəli Qərarından aydın olur ki, Naxçıvan Şəhər Abadlıq və Təmir Tikinti İdarəsi Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Naxçıvan MR Nazirlər Kabinetinin 7 yanvar 2021-ci il tarixli 5 nömrəli Qərarından aydın olur ki, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Kmitəsinin tabeliyində olan Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi Komitəsinin Naxçıvan Şəhər İdarəsinə birləşdirilmişdir. Ləğv edilən Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin əmlakı, hüquq və öhdəlikləri Komitənin Naxçıvan Şəhər İdarəsinə verilir. Naxçıvan Şəhər Təmir Tikinti İdarəsinin nümayəndəsi X10 tərəfindən təqdim edilən “Şərq qapısı” qəzetindən aydın olur ki, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi və “Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Naxçıvan MR X13 2007-ci il 20 noyabr tarixli 93-İİİ FR nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Naxçıvan MR Ali Məclisi sədrinin 22 iyun 2023-cü il tarixli Fərmanında Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rayon (şəhər) İdarələri Komitənin tabeliyindən çıxaraq özəlləşdirilməyə açıq elan edilmişdir. Naxçıvan Şəhər Təmir-Tikinti İdarəsinin nümayəndəsi X10 tərəfindən təqdim edilən 27 oktyabr 2023-cü il tarixli 95 nömrəli Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin rəisi vəzifəsini icra edən Sarvan Quliyev tərəfindən imzalanmış məlumatda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməsini nəzərə alaraq işə xitam verilməsini xahiş etmişdir. 12 oktyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş əlavə məlumatda cavabdeh təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə uyğun olaraq iddia müddətinin keçməsinin nəzərə alınması xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutlara qiymət verərək aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının tələbi işlədiyi bütün iş illəri üzrə məzuniyyətin və son hesabın ödənilməsi tələbidir. Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci bəndində görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87-ci maddəsinə görə işəgötürən tərəfindən bu Məcəllənin 173cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. Həmin Məcəllənin 113-cü maddəsinə görə əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər. Həmin Məcəllənin 131-ci maddəsinə görə işçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər. Həmin Məcəllənin 135-ci maddəsinə görə işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 138-ci maddəsinə görə məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir. Həmin Məcəllənin 143-cü maddəsinə görə işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə, ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 154-cü maddəsinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məhkəmə qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin əmək məzuniyyəti barədə işəgötürənin əmri ilə işçi tanış edilməlidir. İş materialları ilə işəgötürənin qanunun bu tələbinə riayət etmədiyi məhkəmə tərəfindən müəyyən edilmişdir. İddiaçı işlədiyi dövr ərzində məzuniyyətin və işdən azad edildiyi vaxt son hesabın hesablanıb verilmədiyi işin mübahisəsiz halıdır. İddiaçı məzuniyyətə çıxmadığını qeyd etmiş, məzuniyyətin verilməsi arxiv sənədlərində əksini tapmamışdır. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələbini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud olmamışdır. Əmək qanunvericiliyində istər müddətli, istərsə də müddətsiz əmək müqavilələri bağlanarkən işçinin əmək məzuniyyətini tənzimləmiş və bunun üçün başlıca meyarları dəqiq şəkildə göstərmişdir. Əmək Məcəlləsinin 110.1-ci maddəsinə görə işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 110.3-cü bəndinə görə işçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 132.1-ci maddəsinə görə əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt daxil edilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə görə işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Məhkəmə baxışı iclasında təqdim edilmiş mütəxəssis rəyindən aydın olur ki, İddiaçı cavabdeh təşkilatda işlədiyi müddət ərzində 200 iş günü məzuniyyət günü olub. Məzuniyyət günün 21 təqvim günündən hesabladıqda iddiaçının məzuniyyət pulu 3120 (üç min bir yüz iyirmi) manat təşkil edir. Qeyd olunmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Məhkəmə ilk olaraq hazırki iddia tələbinə cavab verməli olan orqanın Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olmaması nəticəsinə gəlir və ona qarşı iddianı əsassız hesab edir. Belə ki, təqdim edilən sənədlərdən və Naxçıvan MR Nazirlər Kabinetin Qərarlarından aydın olur ki, Naxçıvan Şəhər Abadlıq və Təmir Tikinti İdarəsi 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmiş, üç il sonra isə Arxitektura Komitəsinin tabeliyində olan Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi Komitəsinin Naxçıvan Şəhər İdarəsinə birləşdirilmişdir. Ləğv edilən Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin əmlakı, hüquq və öhdəlikləri Komitənin Naxçıvan Şəhər İdarəsinə verilmişdir. X7 Şəhər Abadlıq və Təmir- Tikinti İdarəsinin ləğv edilərək Cavabdeh1nə birləşdirilməsi artıq Şəhərsalma və Arxitektura Komitəsinin bilavasitə tabeliyindən çıxması ilə nəticələnmişdir. Belə olan halda ləğv edilən idarənin bütün əmlakı və öhdəlikləri Cavabdeh1nə verildiyindən Komitənin hər hansı tabelik və öhdəlik münasibətlərinə də xitam vermişdir. Hazırki vəziyyətdə Cavabdeh1 özəlləşdirilmədiyindən və fəaliyyət göstərdiyindən iddiaçının iddiasına cavab verməli olan orqan da məhz Komitənin Cavabdeh1dir, iddiaçı istifadə edilməmiş məzuniyyət pulunun və son hesabın ödənilməsini Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Cavabdeh1ndən tələb etməkdə haqlı olmuşdur. Azərbayca Respublikası Mülki Məcəlləsinin 56.1-ci maddəsinə görə hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Məhkəmə cavabdeh təşkilatın iddia müddətinin keçməsinə dair yazılı şəkildə bildirdiyi hallarla bağlı aşağıdakıları qeyd edir. Belə ki, iddiaçının tələbi məzuniyyətin və son hesabın hesablanıb ödənilməsi tələbidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. 296.6-cı maddəsinə görə bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə qeyd edir ki, iddia müddətinin tətbiqi heç də həmişə iddianın rədd edilməsinə səbəb olmur. Yuxarıda əmək qanunvericiliyində qeyd edilən üzürlü səbəblər olduqda ötürülmüş müddət bərpa edilə bilər. Buraya iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı hallar aid edilir. İddia ərizəsinə əlavə edilən əmək kitabçasının surətindən aydın olur ki, iddiaçının işdən azad edildiyi 2021-ci il tarixdən sonra başqa iş yerlərində işləmişdir və əmək kitabçasında onun iş yeri dəyişiklikləri qeyd edilmişdir. Bu onu deməyə əsas verir ki, işçi 2021-ci il tarixdə işdən azad edildikdən sonra əmək kitabçası özünə verilmiş, o işlədiyi iş yerlərinə əmək kitabçasını təqdim etmişdir. İddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ 2022-ci il tarixdə başa çatmışdır. Həmin 1 il müddətində məhkəməyə müraciət etməmişdir. Belə olan halda məhkəmə hazırki tələb üzrə məhkəmə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddətin keçməsi nəticəsinə gələrək cavabdeh təşkilat tərəfindən müddətin tətbiqi barədə ərizəni əsaslı hesab edir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Cavabdeh1nə qarşı istifadə edilməmiş məzuniyyət pulunun və son hesabın ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Cavabdeh1nə qarşı istifadə edilməmiş məzuniyyət pulunun və son hesabın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-775/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-775/2023
30.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver