Məhkəmə qərarları › İş №2(078)-787/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-787/2022

06.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-787/2022 06.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Ərizəçi hüquqi əhəmiyyət kəsb edən faktın, iş stajının müəyyən olunması tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 16 dekabr 1989-cu il tarixdən 2005-ci ilin iyul ayına qədər Naxçıvan 7 nömrəli Qaz Tikinti Quraşdırma İdarəsində işləməyinin, iş stajının müəyyən olunması və həmin illərin sosial sığorta stajına hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Ərizəçi ərizəyə təqaüdlə bağlı Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Naxçıvan şəhər şöbəsinə müraciət etməsi və Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Naxçıvan şəhər şöbəsinin bundan imtina etməsi barədə sənədi əlavə etməmişdir. Həmçinin, Ərizəçi ərizəyə Naxçıvan MR Dövlət Arxiv İdarəsindən alınan sənədlərin əslini və ya lazımi qaydada təsdiqlənmiş surətini əlavə etməli olduğu halda, kserosurətlərini əlavə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 89.3-cü maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Bu baxımdan lazımi sübutların əslinin və yaxud lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 02 iyun 2022-ci il tarixli, 295 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Ərizəçi izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2,152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Ərizəçi hüquqi əhəmiyyət kəsb edən faktın, iş stajının müəyyən olunması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 02 iyun 2022-ci il tarixli, 295 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qaytarılsın. Ərizəçi izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar