Məhkəmə qərarları › İş №2(078)-806/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-806/2024

26.04.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-806/2024 26.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, iddiaçılar İddiaçı və X1 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı sökülmüş mənzil sahəsinin əvəzinə başqa mənzil sahəsinin rəsmiləşdirilərək verilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdim: İddiaçılar İddiaçı və X3 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısının 693 №li 11 dekabr 2009-cu il tarixli orderi ilə Naxçıvan şəhəri Heydər Əliyev prospekti, ev 21, 1-ci blok, 1ci mərtəbədə ümumi sahəsi 71.76 kv.m. sahəsi olan yaşadıqları mənzilin əvəzinə eyni ərazidə, eyni ölçüdə rəsmi sənədləşdirmə apanlmaqla mənzil sahəsinin verilməsinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə həvalə edilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etmişdir ki, həmin ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə müvafiq olaraq qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati məhkəmə icraatı qaydasında həmçinin, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli qərarının 5-ci bəndinin 1-ci hissəsinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə iddia tələbinin mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati mübahisədir və həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-n 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçılar İddiaçı və X1 məhkəməyə təqdim etdiyi ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı və ona hazırki tələbi inzibati tələb olduğu xatırladılmaqla müvafiq qaydada inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinin məzmununa görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Buna görə də İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 9219 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçılar İddiaçı və X1 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı sökülmüş mənzil sahəsinin əvəzinə başqa mənzil sahəsinin rəsmiləşdirilərək verilməsi tələbinə dair iddia ərizəsi yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilməkdən imtina edilsin. İddiaçılar İddiaçı və X2 həmin tələbi ilə bağlı müvafiq inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən müvafiq inzibati məhkəməyə müraciət etmə hüququ izah olunsun. İddiaçılar İddiaçı və X3 tərəfindən məhkəməyə göndərilmiş ərizə və ona əlavə edilən sənədlər iddiaçılara qaytaılsın. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 9219 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar