Məhkəmə qərarları › İş №2(078)-82/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-82/2025

25.02.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-82/2025 25.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakdan ona çatası payının dəyərinin ödənilməsi, bu mümkün olmadıqda daşınmaz əmlakın açıq hərracda satılaraq ona payının dəyərinə uyğun kompensasiyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakdan ona çatası payının dəyərinin ödənilməsi, bu mümkün olmadıqda daşınmaz əmlakın açıq hərracda satılaraq ona payının dəyərinə uyğun kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66.59 kv.m olan mənzildən ona çatan 1/3 hissə payı olan 1 otaqlı evin dəyəri 30000 (otuz min) manat pulun ona ödənilməsi, bu mümkün olmadıqda isə həmin mənzilin açıq hərracda satılaraq ona payının dəyərinə uyğun olaraq kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə aralarında olan nikah Naxçıvan şəhər Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66.59 kv.m olan mənzildən ona çatan payın müəyyən olunması tələbinə dair Naxçıvan şəhər Məhkəməsində iddia qaldırmışdır. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66.59 kv.m olan mənzildən 2/3 hissə pay Cavabdeh və 1/3 hissə pay isə özünə ayrılmaqla paylar Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 19 aprel 2024-cü il tarixdə 12/2 nömrəli reyestr kitabının 366 nömrəli vərəqində qeydiyyata alınmışdır. Dövlət reyestrindən çıxarış verilməklə paylı mülkiyyətlərinə verilmişdir. Həmin daşınmaz əmlakın öz aralarında bölünməsinə cavabdeh razı olmadığına görə payının naturada ayrılması üçün Naxçıvan şəhər Məhkəməsinə müraciət etmişdir. Naxçıvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-805/2024 nömrəli qətnaməsi ilə onun cavabdehə qarşı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66.59 kv.m olan mənzilin naturada ayrılıb verilməsinin mümkün olmamasını əsas göstərərək onun daşınmaz əmlakdan payının naturada bölünməsi tələbinə dair iddiası rədd edilmişdir. Hal-hazırda cavabdeh mübahisəli daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını sərbəst həyata keçirməyinə imkan vermir və beləliklə də onun Azərbaycan Respublikası Konistitusiyası ilə təminat verilən mülkiyyət hüququ pozulur. Cavabdehlə paylı mülkiyyətlərində olan daşınmaz əmlakın naturada bölünməsi mümkün olmamışdır. Məhkəmə iclaslarında iştirak edən İddiaçı 1 il 4 aydır boşandıqlarını, heç bir şərti ilə razılaşmadığını, cavabdehin ona imkanı varsa ya şəhərdə 1 otaqlı ev alıb verməsini, ya da evi satıb 1 otaqlı evin dəyəri məbləğində kompensasiya ödəməsini istədiyini, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş arayışda göstərilən qiymətdən daha çox məbləğə evi almaq istəyən alıcılar olduğunu, lakin cavabdehin razı olmadığını, cavabdehin öz istəyi ilə evi satmadığını, evi hal-hazırda 140000 manata istəyən olduğunu, ancaq cavabdehin satmadığını, hərracda qiymətin düşəcəyini, ancaq başqa yolu olmadığı üçün hərraca çıxarılmasını istədiyini, evdə olarkən özünün yataq otağında uzandığını, cavabdehin durmadan gedib-gəldiyini gördüyünü, şübhələndiyini, niyə gedib-gəldiyini soruşduğunu, cavabdehin də ona çörək almağa gedəcəyini, hələ tez olduğu üçün belə etdiyini dediyini, özünün də “hava yaxşıdı çıx dolan da niyə geyinib evdə gedib-gəlirsən” dediyini, sonra gedib mətbəxdə qazı açıq gördüyünü, cavabdehin qəsdən qazı açıq qoyub getmək istədiyini, cavabdehin onun müəllimi olduğunu, evlənəndə özünün uşaq yaşda olduğunu, cavabdehin ona çox pis həyat yaşatdığını, dözülməz olduğunu, dəfələrlə tutulacağını, özünün onu qurtardığını, “3 qızım var, evimə elçi gələcək qoy deməsinlər atası tutulub” deyə düşünüb onu tutulmağa qoymadığını, hal-hazırda olan vəziyyəti oğlu ilə cavabdehin planladığını, evi hərracdan 90000 manata satıb ona cüzi bir məbləğ verib onu evdən atacaqlarını, sonra da evi 140000 manata satıb Bakı şəhərinə köçüb-yaşayacaqlarını, özünün heç nə edə bilmədiyini, qanunun tələbi ilə razı olduğunu, cavabdehin onkoloji xəstə olduğunu, evdə yıxıldığını, özünün onu qaldırdığını, təzyiqini ölçdüyünü, cavabdehə kifayət qədər vaxt verildiyini, artıq vaxt verilməsini istəmədiyini, cavabdehin kompensasiya ödənilməsinə razı olmadığını, ona görə də əmlakın açıq hərracdan satılmasını və satış pulunun payına mütənasib surətdə verilməsini istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında evin satılmağını istəmədiyini, 25000 manat ödəməyə razı olduğunu, ancaq müəyyən müddət ərzində ödəyə biləcəyini, hal-hazırda ödəməyə imkanı olmadığını, ona müəyyən qədər vaxt verilməsini istədiyini, iddiaçının danışdıqlarının çoxunun yalan olduğunu, özünün qazı açıq qoymadığını, evdə yıxıldığını, həkimlərin beynində nəsə problem olduğunu dediklərini, xəstə olduğunu, yıxılanda qabırğasının qırıldığını, hələ də müalicə aldığını, pul düzəldib verməyə çalışdığını, yenə vaxt istədiyini, evin açıq hərracda satılmasını istəmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 1/3 hissəsinin İddiaçı və 2/3 hissəsinin Cavabdeh mülkiyyətində olması, qeyd olunan daşınmaz əmlakda olan payların naturada bölünməsinin mümkün olmaması işin mübahisəsiz hallarıdır. Həmin halların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 31 avqust 2009-cu il tarixli, 14121 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun təsdiq edilmiş surətinə əsasən Naxçıvan şəhəri, Təbriz küçəsində 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 66.59 m2, yaşayış sahəsi 44.61 m2 olan 3 otaqlı, 30 nömrəli mənzilin Cavabdeh mülkiyyətində olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2(078)-805/2024 nömrəli qətnaməsindən iddiaçı Mahmudova (Zamanova) Səkinə Həbib qızının Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair iddiasının rədd edilməsinin qət edilməsi; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil- İstismar İdarəsi tərəfindən verilmiş 27 sentyabr 2024-cü il tarixli, 726 nömrəli arayışdan İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil- İstismar İdarəsi tərəfindən verilmiş 27 sentyabr 2024-cü il tarixli, 727 nömrəli arayışdan Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(078)-1136/2023 nömrəli qətnaməsindən Cavabdeh ilə X2 birgə nikah dövründə əldə etdikləri Naxçıvan şəhəri, Təbriz küçəsində 0.072 ha torpaq sahəsində 11 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 3-cü mərtəbəsində yerləşən, 66.59 kv.m ümumi, 44.61 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 30 nömrəli mənzilə X2 1/3, Cavabdeh 2/3 pay hüququnun müəyyən olunmasının qət edilməsi aydın olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi Naxçıvan Şəhər Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(078)-1136/2023 nömrəli və Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2(078)-805/2024 nömrəli qətnamələri ilə müəyyən edilmiş halların hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını tərəflərin nəzərinə çatdırmaqdır. Hazırda iddiaçının ünvan 1 ünvanında yerləşən mülkiyyətin paylı mülkiyyətçisi İddiaçı 1/3 payına qarşılıq 30000 (otuz min) manat kompensasiya ödəməsi, razılıq əldə edilmədiyi təqdirdə ünvan 1 ünvanında yerləşən mülkiyyətin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb etməsi isə mülki işin mübahisəli hallarıdır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin mübahisəli halının həlli baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş daşınmaz əmlakın qiymətləndirilməsinə dair 20 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66.59 m2 olan mənzilin 20 dekabr 2024-cü il tarixinə bazar dəyəri 102.200 (bir yüz iki min iki yüz) manat təşkil edir. Ekspert rəyini iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə görə mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Həmin Qərarda qeyd olunmuşdur ki, Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Həmin qərarda həmçinin göstərilmişdir ki, ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Həmin Qərara əsasən məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə belə qeyd edir ki, tərəflərin, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin, tərəflər ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlaka sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Həmçinin paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında naturada bölünməsində də razılıq əldə edilməmiş, buna görə də paylı mülkiyyətin naturada bölünməsi üçün məhkəməyə müraciət edilmiş, lakin payın naturada bölünməsi mümkün olmadığından iddia rədd edilmişdir. Məhkəmə iddiaçının payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi (kompensasiya vermək) ilə bağlı qeyd edir ki, iddiaçı, mübahisəli daşınmaz əmlakın paylı mülkiyyətçisi olmaqla, qeyd edilən əmlakın onun mülkiyyətində olan hissəsinin dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdehdən ona ödənilməsini tələb etmişdir. Lakin iddiaçının payının dəyərinin əvəzində digər mülkiyyətçi olan cavabdehdən kompensasiya tələb etməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddiaçıya kompensasiya ödəmək üçün maddi imkanının olmadığını, vaxt verilməsini xahiş etmiş, məhkəmə tərəfindən cavabdehə vaxt verilsə də kompensasiya məbləğini toplaya bilmədiyini, imkanı olmadığını bildirmişdir. Məhkəmə Cavabdeh iddiaçıya payının əvəzi olaraq kompensasiya ödəmək imkanının olmadığını qeyd etməsini nəzərə alıb, belə qənaətə gəlir ki, onun kompensasiya vermək imkanı yoxdur. Yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin Qərarını nəzərə alan məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya payın əvəzi olaraq kompensasiya ödəmək istəmədiyindən iddiaçıya kompensasiya ödənilməsi mümkün olmadığından daşınmaz əmlak açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Belə ki, hazırkı mübahisə predmeti olan daşınmaz əmlak paylı mülkiyyətdə olmaqla tərəflərin mülkiyyətindədir. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 1/3 hissədə İddiaçı və 2/3 hissədə Cavabdeh paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il qərarında qeyd olunur ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Həmin Qərara əsasən qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Qeyd olunan Qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlir ki, Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Mülki iş materiallarından da aydın olur ki, həmin qərarda qeyd olunan tələblər yerinə yetirilmişdir. Bu hallar Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2(078)- 805/2024 nömrəli qətnaməsi və hazırki işdə cavabdehin kompensasiya ödəməyə razı olmaması ilə də öz təsdiqini tapır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarını ümumiləşdirərək məhkəmə yekunda bu nəticəyə gəlir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd olunan bütün tələblər yerinə yetirildiyindən iş üzrə iddiaçının ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66.59 m2 olan mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib şəkildə bölünməsinə dair iddiası təmin edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 6 dekabr 2024-cü il tarixli, 02/2024 nömrəli Qərardadının 59-cu bəndində qeyd edilmişdir ki, mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır. Həmin Qərardadın 60-cı maddəsində qeyd edilmişdir ki, odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. İcra haqqında Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Həmin Qanunun 51.2-ci maddəsinə əsasən qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər bərabər həcmdə tərəflərin üzərinə qoyulur. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş daşınmaz əmlakın qiymətləndirilməsinə dair 20 dekabr 2024-cü il tarixli arayışdan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66.59 m2 olan mənzilin 20 dekabr 2024-cü il tarixinə bazar dəyərinin 102.200 (bir yüz iki min iki yüz) manat təşkil etdiyi müəyyən olunduğundan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66.59 m2 olan mənzilin açıq hərracdan satılması üçün ilkin satış qiyməti 102.200 (bir yüz iki min iki yüz) manat müəyyən edilməlidir. Həmçinin məhkəmə tərəflərin diqqətinə çatdırır ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia kompensasiya ödənilməsinə münasibətdə razılıq olmadığından əmlakların açıq hərracdan satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib şəkildə bölünməsi ilə bağlı təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş qalan 30 (otuz) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli; -ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66.59 m2 olan mənzil açıq hərracdan satılmalı və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib şəkildə bölünməli; -ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66.59 m2 olan mənzilin açıq hərracdan satılması üçün ilkin satış qiyməti 102.200 (bir yüz iki min iki yüz) manat müəyyən edilməli; -iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 130 (bir yüz otuz) manat məbləğində dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. İddiaçı və Cavabdeh izah olunmalıdır ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66.59 m2 olan mənzil açıq hərracdan satılsın və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib şəkildə bölünsün. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66.59 m2 olan mənzilin açıq hərracdan satılması üçün ilkin satış qiyməti 102.200 (bir yüz iki min iki yüz) manat müəyyən edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 130 (bir yüz otuz) manat məbləğində dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddiaçı və Cavabdeh izah olunsun ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar