Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-838/2021 26.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil Bahdur oğlunun və Cavabdeh iştirakları ilə İddiaçı Məmmədova (Qarayeva) Vüsalə İlham qızına qarşı fərdi yaşayış evindən məcburi çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Məmmədova (Qarayeva) Vüsalə İlham qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məmmədova (Qarayeva) Vüsalə İlham qızının iddiaçının tam mülkiyyətində olan Naxçıvan şəhəri, 35-ci məhəllə, ev 135 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, oğlu X3 ilə onun keçmiş həyat yoldaşı X5 12 dekabr 2006-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş və həmin tarixdən iddiaçının mülkiyyətində olan Naxçıvan şəhəri, 35-ci məhəllə, ev 135 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Sonradan onların arasında olan ailə münasibətləri pozulmuş və oğlu Naxçıvan Şəhər Məhkəməsində həyat yoldaşına qarşı nikahın pozulması tələbinə dair iddia qaldırmışdır. Naxçıvan Şəhər Məhkəməsinin həmin mülki işə baxması nəticəsində 03 aprel 2019-cu il tarixli, 2(078)-121/2019 saylı qətnamə qəbul edilmiş və onlar arasında bağlanmış olan rəsmi nikah pozulmuşdur. Bundan əlavə Məmmədova Vüsalə oğluna qarşı Naxçıvan Şəhər Məhkəməsində aliment tələbinə dair iddia qaldırmış və oğlu hal-hazırda iki uşaq üçün 200 manat aliment ödəyir. Onlar arasında nikah pozulsa da keçmiş gəlini iddiaçının mülkiyyətində olan evdən çıxmır və çıxmamaqda da israrlıdır. İddiaçı isə tam mülkiyyətində olan fərdi yaşayış evindən tam sərbəst olaraq istifadə edə bilmir və buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə evdən çıxması ilə bağlı dəfələrlə xəbərdarlıq etsə də, o hər dəfə məhkəməyə müraciət etməyini və yalnız bundan sonra bu məsələnin həll olunmasını istəmişdir. İddiaçı bildirmişdir ki, oğlu ikinci dəfə ailə həyatı qurub və o, kirayədə yaşayır. Həm kirayə pulu, həm də alimenti ödəməkdə oğlu çətinlik çəkir. Keçmiş gəlini artıq bir neçə ildir ki, iddiaçının mülkiyyətində olan evdə yaşayır və iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozur. İddiaçı öz oğlunu ailəsi ilə birlikdə öz evinə gətirə bilmir. Eyni zamanda iddiaçı onu da bildirmişdir ki, keçmiş gəlini iki övladı ilə birlikdə iddiaçıya məxsus olan evdə yaşayır. Keçmiş gəlini 2006-cı ildə iddiaçıya məxsus olan fərdi yaşayış evinə gəlin köçmüş və qanunvericiliyə görə də onun həmin evin tərkib hissəsindən yaşayış və istifadə hüququ yoxdur. Bunun üçün evin mülkiyyətçisi ilə, yəni iddiaçı ilə onun arasında bu istifadə hüququna dair notariat qaydasında müqavilə bağlanmalı və həmin istifadə hüququna dair müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməli idi. Belə bir müqavilə yoxdur və həmçinin cavabdeh iddiaçının evində pasport qeydiyyatında da deyildir. Heç bir hüququ (əsas və ya asılı) olmaya-olmaya iddiaçının evində yaşamağa davam edir. İddiaçı da onun evdən məcburi qaydada çıxarılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanuna görə ən əsas hüquqlardan biri mülkiyyət hüququdur və bu hüquq qanunla qorunur. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İddiaçı pozulmuş bu hüququnun bərpasını məhkəmədən xahiş etmişdir. Həmçinin iddiaçı onu da qeyd etmişdir ki, müvafiq qətnamə ilə onun iki övladı da onun yanında saxlanılmışdır. Əgər məcburi qaydada çıxarılma qərarı olarsa o zaman onun iki övladı da onunla bərabər çıxarılacaqdır. Qanunun tələbinə görə azyaşlı uşaqların yaşayış yeri onun valideynlərinin yaşayış yeri sayılır. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən iddiaçının vəkili Vəkil Bahdur oğlu izahatında hüquqlarını müdafiə etdiyi İddiaçı izahatına əlavəsi olmadığını, iddianı müdafiə etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən cavabdeh Məmmədova (Qarayeva) Vüsalə İlham qızı izahatında İddiaçı oğlu Coşqunla evli olarkən hazırda yaşadığı evi birlikdə tikdiklərini, evin tikilməsində atasının çox xərc çəkdiyini, evdən çıxmağı qəbul etdiyini, amma iddiaçının o evə çəkdiyi xərcləri qaytarmasını istədiyini, haqqı verildikdən sonra evdən çıxacağını, uşaqlarının o evdə yaşamağını istədiyini, həmçinin həyat yoldaşı Coşqun ilə boşandıqdan sonra yenə də o evə xərc çəkdiyini, evdə hamam və mətbəxi təmir elətdirdiyini, İddiaçı icazə verdikdən sonra təmir işlərini etdirdiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. 26 avqust 2021-ci il tarixə təyin edilmiş mülki iş üzrə məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək ərizəsində, cavabdeh Məmmədova (Qarayeva) Vüsalə İlham qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məmmədova (Qarayeva) Vüsalə İlham qızının iddiaçının tam mülkiyyətində olan Naxçıvan şəhəri, 35-ci məhəllə, ev 135 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini, hazırda ünvan 1 ünvanının dəyişdiyini, hazırda mübahisəli mənzilin ünvanının ünvan 2ə alaraq məhkəmədə qaldırdığı iddia tələbinə Məmmədova (Qarayeva) Vüsalə İlham qızının iddiaçının tam mülkiyyətində olan Naxçıvan şəhəri, 35-ci məhəllə, döngə 3, ev 6 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması həddində baxılıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Naxçıvan Şəhər Məhkəməsinin 26 avqust tarixində keçirilmiş məhkəmə iclasında iddiaçının ərizəsi təmin olunaraq iddia tələbinə Məmmədova (Qarayeva) Vüsalə İlham qızının İddiaçı tam mülkiyyətində olan Naxçıvan şəhəri, 35-ci məhəllə, döngə 3, ev 6 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması həddində baxılması qərara alınmışdır. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, X3 ilə X5 arasında 12 dekabr 2006-cı il tarixdə nikah bağlanması, onların birgə nikahlarından 21 may 2008-ci il təvəllüdlü X4 və 05 iyun 2010-cu il təvəllüdlü X8 adlı övladlarının doğulması, onlar arasındakı nikahın 03 aprel 2019-cu ildə məhkəmə qaydasında pozulması, nikah pozulduqdan sonra uşaqların ananın yanında saxlanılması, ünvan 1 İddiaçı mülkiyyətində olması, X2 2006-cı ildə qaynanası iş üzrə İddiaçı məxsus Naxçıvan şəhəri, 35-ci məhəllə, ev 135 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçməsi, hazırda mübahisəli mənzilin ünvanının dəyişdirilərək ünvan 3 hallarıdır. Həmin halların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan Naxçıvan şəhəri, 35-ci məhəllə, döngə 3, ev 6 ünvanında 0.0725 ha torpaq sahəsində yerləşən 191.09 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/43 nömrəli reyestr kitabının 8466 nömrəli vərəqində qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 03 aprel 2019-cu il tarixli 2(078)-121/2019 nömrəli qətnaməsindən X3 ilə X5 arasında Kəngərli rayon Qarabağlar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 12 dekabr 2006-cı il tarixdə nikahın bağlanması bu barədə 48 nömrə ilə qeyd edilməsi; - iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 03 aprel 2019-cu il tarixli 2(078)-121/2019 nömrəli qətnaməsindən X3 ilə X5 arasında Kəngərli rayon Qarabağlar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 12 dekabr 2006-cı il tarixdə bağlanmış 48 nömrəli nikahın pozulması, boşanmadan sonra 21 may 2008-ci il təvəllüdlü X4 və 05 iyun 2010-cu il təvəllüdlü X6 anaları X2 yanında saxlanılmasının qət edilməsi; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 23 fevral 2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 221657 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X3 ilə X5 arasında olan nikahın ləğv edilməsi haqqında 08 oktyabr 2019-cu il tarixdə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 34 nömrə ilə qeyd edilməsi, nikah ləğv edildikdən sonra qadına “Qarayeva” soyadının verilməsi; -iş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 17 iyul 2021-ci il tarixli, 04/438 nömrəli məktubdan İddiaçı adına qeydiyyata alınan Naxçıvan şəhəri, 35-ci məhəllə, döngə 3, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin əvvəlki ünvanının ünvan 4ktlərinin ünvanlarında aparılan dəqiqləşmə ilə əlaqədar olaraq fərdi yaşayış evinin ünvanında düzəliş olunması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24 iyun 2021-ci il tarixli, 01/3082 nömrəli arayışdan Məmmədova (Qarayeva) Vüsalə İlham qızının B.Şahtaxtınski küçəsi, ev 28 ünvanında qeydiyyatda olması aydın olur. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə müəyyən edilən hallar ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi tərəflərinin nəzərinə çatdırmaqdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 03 aprel 2019-cu il tarixli 2(078)-121/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Hazırda iddiaçının tam mülkiyyətində olan Naxçıvan şəhəri, 35-ci məhəllə, döngə 3, ev 6 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehin məcburi qaydada çıxarılmasını tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, həmin izahatları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin mübahisəli halının həlli baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya məxsus mənzildən çıxarılması məsələsi həll edilərkən, ilk öncə cavabdehin həmin mənzildən istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30 cu maddəsinin müddəaları tətbiq edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir İş materialları ilə müəyyən olunur ki, cavabdeh 2006-cı il tarixdə iddiaçının oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin vaxtdan iddiaçıya məxsus mənzilə köçərək orada yaşamışdır. Eyni zamanda tərəflər arasında mübahisəli hüquq münasibəti 01 oktyabr 2009-cu il tarixdən əvvəl yaranmışdır, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarına əsasən bu halda mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli Qərarında göstərilir ki, MM-in 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə, MM-in 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Göründüyü kimi qanunvericilik bu müddəada qeyd olunan şəxslərin yaşayış binasının tərkib hissəsinə köçürülməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Lakin, bunun üçün mülkiyyətçinin razılığının xüsusi olaraq mütləq şərt kimi müəyyən edilməsi qeyd olunan şəxslər tərəfindən yaşayış binasının tərkib hissəsindən əldə edilən istifadə hüququnun mülki hüquq sahəsi baxımından əşya hüququ kimi qiymətləndirilməli olmasına dəlalət edir. Konstitusiya Məhkəməsi Plenumunun Həmin Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının ailə üzvü hesab olunmadığından, onun iddiaçıya məxsus yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, Naxçıvan şəhəri, 35-ci məhəllə, döngə 3, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin mənzildən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı ona məxsus mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Konistitusiyanın 29-cu mddəsində qeyd olunur ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləninin 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehin iddiaçıya məxsus mənzildə olması iddiaçının mənzil üzərində mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddia tələbi təmin edilməli; -İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, 35-ci məhəllə, döngə 3, ev 6 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdeh Məmmədova (Qarayeva) Vüsalə İlham qızı məcburi qaydada çıxarılmalı; -iddia təmin edildiyindən 10 (on) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdeh Məmmədova (Qarayeva) Vüsalə İlham qızından alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, 35-ci məhəllə, döngə 3, ev 6 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdeh Məmmədova (Qarayeva) Vüsalə İlham qızı məcburi qaydada çıxarılsın. İddia təmin edildiyindən 10 (on) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdeh Məmmədova (Qarayeva) Vüsalə İlham qızından alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-838/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-838/2021
26.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver