Məhkəmə qərarları › İş №2(078)-84/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-84/2021

28.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-84/2021 28.01.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 20/80 hissəsinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs1 və Səfərli (Rzayeva) Leyla Həsən qızı maraqlı şəxs qismində prosesə cəlb olunmuşlar. Məhkəmə iclası zamanı dindirilən Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, atası xx xxx 2012-ci ildə vəfat etmidşir. X1 isə xx xxxx 2009-cu ildə vəfat etmişdir. ünvan 1 –də yerləşən ev mərhum babası Əbülfəz Rzayevdən miras qalmışdır. Həmin əmlakda babsının ölümündən sonra atası və ailəsi, atasının ölümündən sonra o tək qalmışdır. Babasının digər vərəsələrinin də əmlak hüquqları daşınmaz əmlakda qeydiyyata alınmışdır. Qardaşı Maraqlı şəxs1 Bakı şəhərində, bacısı Maraqlı şəxs2 isə xarici dövlətdə yaşayır. Bacısı və qardaşı miras əmlakı qəbul etməmiş, onun tərəfindən qəbul edilməsinin tanınmasına dair notarial qaydada ərizə vermişlər. Vərəsələr arasında mirasın qəbulu ilə bağlı heç bir mübahisə yoxdur. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə eədrək ərizəçinin izahatına əlavəsi olmadığını bildirib ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Maraqlı şəxs1 və Səfərli (Rzayeva) Leyla Həsən qızına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə iclasında işə baxılan zaman maraqlı şəxslər Maraqlı şəxs1 tərəfindən məhkəməyə teleqram ünvanlanmışdır. Maraqlı şəxs1 teleqramda dekabr ayının 18-də keçiriləcək məhkəməni onun iştirakı olmadan keçirilməsini xahiş edərək notarial qaydada verdiyi ərizəsini təsdiq etdiyini, qardaşı Ərizəçi xeyrinə qərar qəbul edilməsini bildirmişdir. Məhkəmə maraqlı şəxslər Səfərli (Rzayeva) Leyla Həsən qızı və Maraqlı şəxs1 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin, onun nümayəndəsi və vəkilinin izahatını dinləyərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, X8 xx xxx 2012-ci il tarixdə mədəcik fibrilyasiyası diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə xx xxxx 2012-ci il tarixdə 189 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, X2 xx.xx.2009-cu ildə miokard infarktı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə xx xxxx 2009-cu il tarixində 215 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Naxçıvan şəhəri, X11 küçəsi 22 ünvanında yerləşən 43.8 kvadrat metr ümumi sahəsi, 0.029 ha torpaq sahəsi olan fərdi yaşayış evi X5 adına qeydiyyata alınmaqla həmin əmlakda X5 payı 20/80 hissə olaraq göstərilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli X13 Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 01/2462 nömrəli arayışdan aydın olur ki, mərhum X5 ünvan 1 ünvanında müəyyən edilən vərəsələri aşağıdaklardır: 1.X3-həyat yoldaşı-vəfat edib; 2.Maraqlı şəxs1-oğlu-1981; 3.Ərizəçi-oğlu-1988; 4.X9-qızı-1996 Maraqlı şəxs1 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən aydın olur ki, xx xxx 2012-ci ildə vəfat edən miras qoyan atası X4 miras qalan əmlakdan ona çatan qanun üzrə vərəsəlik payını qəbul etməmişdir, miras əmlaka sahiblik etməmişdir, onun idarəçiliyində iştirak etməmişdir və idarəçilik etməyə başlamamışdır. Mirasın qəbulu üçün vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə verməmişdir. Maraqlı şəxs2 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən aydın olur ki, xx xxx 2012-ci ildə vəfat edən miras qoyan atası X4 miras qalan əmlakdan ona çatan qanun üzrə vərəsəlik payını qəbul etməmişdir, miras əmlaka sahiblik etməmişdir, onun idarəçiliyində iştirak etməmişdir və idarəçilik etməyə başlamamışdır. Mirasın qəbulu üçün vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə verməmişdir. Naxçıvan şəhəri bir saylı Notaroat Ofisi tərəfindən Ərizəçi xx xxxx 2020-ci il tarixli məktubuna xx xxxx 2020-ci il tarixdə verilmiş 148 nömrəli cavab məktubundan məlum olur ki, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət buraxıldığından iddiaçıya aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlaşılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur:

1. Miras əmlaka sahiblik etmək üsulu.

2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin tələbinə əsasən mirasın qəbul edilməsi faktı və vərəsəliyin açılma yeri məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı ərizəçinin, onun nümayəndəsi və vəkilinin izahatından, maraqlı şəxslərin notarial qaydada təsdiq edilmiş ərizələrindən, eyni zamanda iş materiallarından da məlum olmuşdur ki, ünvan 3 ünvanında yerləşən mərhum Ərizəçi miras qalan 43.8 kvadrat metr ümumi sahəsi, 0.029 ha torpaq sahəsi olan fərdi yaşayış evinin mərhum X5 adına olan 20/80 hissəsi mərhumun ölümündən sonra Ərizəçi tərəfindən istifadə və sahiblik etməklə onun tərəfindən idarə edilmişdir. Ərizəçinin izahatından da məlum olmuşdur ki, ərizəçi qanunla müəyyən olunmuş müddətdə Notariat orqanına müraciət etmədiyi üçün notariat orqanı tərəfindən vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçinin izahatından məlum olmuşdur ki, bu faktın təsdiqi qeyd edilən əmlaka hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazımdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli ünvan 3 ünvanında yerləşən 43.8 kvadrat metr ümumi sahəsi, 0.029 ha torpaq sahəsi olan fərdi yaşayış evinin mərhum X5 adına olan 20/80 hissəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi: Ərizə təmin edilsin. ünvan 3 ünvanında yerləşən 43.8 kvadrat metr ümumi sahəsi, 0.029 ha torpaq sahəsi olan fərdi yaşayış evinin mərhum X5 adına olan 20/80 hissəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar