Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-842/2024 06.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, “Xidmət” kooperativinin Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı istifadədə və sahiblikdə olmuş qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilərək qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: “Xidmət” kooperativi Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Naxçıvan Şəhər icra Hakimiyyətinə “Xidmət” kooperativinin qanuni sahibliyində və istifadəsində olan Naxçıvan şəhəri, Atatürk küçəsində, Naxkoopittifaq idarə binasının şərq tərəfində “Xidmət” kooperativinin 58 kv.metr torpaq sahəsində tikmiş olduğu iki mərtəbəli (birinci mərtəbəsində iaşə xidməti, ikinci mərtəbədə mağaza kimi istifadə etdiyi) qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılmaqla və həmçinin heç bir tikinti işləri aparılmamaq şərtilə və yaşıllığı qoruyub saxlamaq məqsədilə kooperativin istifadəsinə verilmiş “Xidmət” kooperativinin arxasında yerləşən 340 kv.metr torpaq sahəsinin “Xidmət” kooperativinin sahibliyinə və istifadəsinə verilməsi, ödənilmiş dövlət rüsumu olaraq 100 manat pulun və vəkil üçün ödədiyi 300 manat pulun alınaraq “Xidmət” kooperativinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsini ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina olunmalıdır. Belə ki, iddia ərizəsi nəzərdən keçirilərkən məlum olur ki, iddia Naxçıvan Şəhər İcra Hakimiyyətinin inzibati xarakterli qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədardır. Naxçıvan Şəhər İcra Hakimiyyəti inzibati orqan olmaqla, həmin orqanın inzibati qərar və hərəkətləri ilə əlaqədar mübahisələr inzibati mübahisə olmaqla, inzibati mübahisələrə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2-ci maddəsinə müvafiq olaraq, aidiyyəti üzrə inzibati məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi, inzibati mübahisələrə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalı deyil. İstər iddia tələbinin adından, istər mahiyyətindən, istər xarakterindən və subyekt tərkibindən hazırki tələb ümumi məhkəmələrdə baxılmalı olan tələb deyildir və icraata qəbul edilməsi yolverilməz hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmin qərarın 16.1-ci maddəsinə əsasən, inzibati mübahisə hüquqi təbiətinə görə mülki (iqtisadi) mübahisələrdən fərqli olduğundan mülki (iqtisadi) tələblər inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla heç bir halda birləşdirilə və onlara birgə baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə, iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunmalıdır ki, həmin Məcəllənin 153.2.1-ci maddəsində “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” ifadəsi işə yalnız məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür. “Xidmət” kooperativinin məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər “Xidmət” kooperativinə geri qaytarılmalı və ona Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hazırki tələbin inzibati tələb olduğu xatırladılmaqla, müvafiq qaydada inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinin məzmununa görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Buna görə də, “Xidmət” kooperativi tərəfindən 02 may 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: “Xidmət” kooperativinin Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı istifadədə və sahiblikdə olmuş qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilərək qaytarılması tələbinə dair iddia ərizəsi yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilməkdən imtina edilsin. “Xidmət” kooperativinə həmin tələb ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmə hüququ izah olunsun. “Xidmət” kooperativi tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsi və ona əlavə edilən sənədlər ona qaytarılsın. “Xidmət” kooperativi tərəfindən 02 may 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-842/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-842/2024
06.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver