Məhkəmə qərarları › İş №2(078)-855/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-855/2021

20.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-855/2021 20.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan mənzilə məcburi köçürülməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y yə n e t d i : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 11 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 10-cu mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 62.37 m2, yaşayış sahəsi 39.02 m2 olan mənzilə ½ mülkiyyət hüququ olduğundan iki uşağı ilə birlikdə həmin mənzilə köçürürlməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, Cavabdeh ilə 04 iyul 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı quraraq nikahlarını rəsmiləşdirdiklərini, birgə nikahlarından 16 iyun 2012-ci il təvəllüdlü X2 və 14 avqust 2016-cı il təvəllüdlü X4 doğulduğunu, nikahlarına Naxçıvan Şəhər Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(078)-94/2020 nömrəli qətnaməsi ilə son qoyulduğunu, birgə nikahda olarkən 05 mart 2015-ci il tarixdə "xxxx" ASC-nin Naxçıvan MR Baş İdarəsi ilə Cavabdeh arasında bağlanılmış 05-03/102/İK nömrəli Alqı-satqı və İpoteka Müqaviləsi əsasında cavabdehin illik 4% olmaqla, 300 ay müddətinə 45000 manat pul kreditə götürdüyünü, həmin müqavilə əsasında Naxçıvan MR DƏDRX tərəfindən verilmiş 27 fevral 2015-ci il tarixli, 597 nömrəli arayışa əsasən 2 otaqlı, ümumi sahəsi 62.37 m2, o cümlədən yaşayış sahəsi 39.02 m2 olan ünvan 1 ünvanında 11 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 10-cu mərtəbəsində yerləşən yaşayış sahəsinin alıcı-ipoteka qoyan keçmiş həyat yoldaşı Cavabdeh mülkiyyətinə verildiyini, 17 sentyabr 2020-ci il tarixli, 2(078)-660/2020 nömrəli Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi ilə Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında 11 mərtəbəli, 1 bloklu binanın 1ci blokunda, 10-cu mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 62.37 m2, yaşayış sahəsi 39.02 m2 olan mənzilə ipoteka yüklülüyü saxlanılmaqla, ½ pay hüquqlarının müəyyən olunduğunu, həmin qətnamə əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 13 noyabr 2020-ci il tarixli, ******* nömrəli Çıxarış aldığını, 24 iyun 2021-ci il tarixədək özünün və iki azyaşlı övladının həmin mənzildə yaşadıqlarını, lakin qeyd olunan tarixdə cavabdehin ondan xəbərsiz evin qapısının açarlarını dəyişərək onun və iki azyaşlı övladının mənzilə girməklərinə imkan verməyərək mənzildən istifadə hüquqlarına maneçilik yaratdığını, bununla bağlı cavabdehə dəfələrlə ona və övladlarına mənzildən istifadəyə şərait yaratmasını bildirdiyini, lakin bu müraciətlərinin heç bir nəticə vermədiyini, əlavə olaraq da, cavabdeh onları həmin mənzilə buraxmadığına görə, Naxçıvan şəhər Polis İdarəsinə şifahi olaraq məlumat verdiyini, lakin görülən tədbirlərin heç bir nəticə vermədiyini, cavabdehin mənzilə bütünlüklə yiyələndiyini, iki azyaşlı övladı ilə birlikdə məcburi şəkildə kənarda qaldığını və nəticə etibarilə də öz mülkiyyətindən istifadə edə bilmədiyini, özünün pay hüququnun olduğu mənzilin açarını cavabdehin gəlib qala bilər deyə dəyişmədiyini, həmin mənzildə 2019-cu ildən 2021-ci il iyunun 24-dək qaldığını, atasının vəfatından sonra hərdən atasına məxsus evdə də qaldığını, bu səbəbdən axşam evi aça bilmədiyini, bacısının yoldaşının gəlib baxdığını, cavabdehin evin kilidini dəyişdiyini bildiklərini, 2021-ci il yanvarın 30-da Elvinin Naxçıvana gəldiyini, alimenti ödəyə bilmədiyi üçün borcunun yarandığını, bu səbəbdən onunla razılaşmaq istədiyini bildirdiyini, lakin onun razılığının inandırıcı olmadığını, hazırda valideyinlərinə məxsus mənzildə iki uşağı ilə yaşadığını, bunları nəzərə alaraq, ünvan 1 ünvanında 11 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 10-cu mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 62.37 m2, yaşayış sahəsi 39.02 m2 olan mənzilə ½ mülkiyyət hüququ olduğundan iki uşağı ilə birlikdə həmin mənzilə köçürürlməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etmədiyini, 01 fevral 2021-ci il tarixdə Bakıdan Naxçıvana qayıtdığını, uşaqlarla ünsiyyət hüququnun iddiaçı tərəfindən pozulduğunu, iddiaçıya barışıq təklif etdiyini, alınmadığını, Səliməyə “evi aramızda həll edək” dediyini, hətta alimentə aid hissədə razılıq təklif etdiyini, Səlimənin evin onun adına keçməsini istədiyini, iyun ayında aliment borcuna görə onu şikayət etdiyini, işləmədiyi üçün maddi sıxıntısının olduğunu, lakin pul tapıb borcunu ödədiyini, sonra Səlimənin ona telefonda “evi görməyəcəksən” dediyini, qalmağa evinin olmadığını, anasına aid ev olsada anası ilə münasibəti olmadığı üçün kirayə qalmaq mıəcburiyyətində qaldığını, bu səbəbdən evinin açarı olduğundan yaşamaq istədiyini, evə girəndə yararsız olduğunu gördüyünü, anbar kimi istifadə olunduğunu, hətda evdə vaxtı keçmiş ərzaqların olduğunu, iddiaçının həmin mənzildə qalmadığını, valideyinlərinə məxsus mənzildə qaldığını, hazırda alimentə, evə borcunun olmadığını, evin satılmasını istədiyini, 4 müştərinin olduğunu, 80000-85000 manata istədiklərini, Səlimənin ona düşən payı verməsi qarşılığında evi ona verəcəyini, əlavə olaraq Səlimənin anasının adına 15 sot torpaq aldığını, həmin torpaq sahəsinin və əlavə olaraq 10000 manat da verməsini istədiyini, qalmağa ev tikmək istədiyini, banka da borclarının olduğunu, mənzil satılarsa bankın pulunun ödənilməli olduğunu, Səlimə ilə söhbətlərinin alınmadığını, daima mübahisə etdiklərini, mübahisələrinin düzgün həlli ilə əlaqədar razılığa gələ bilmədiklərini, birlikdə eyni mənzildə qalmaqlarının mümkün olmadığını, davaları olar deyə bir yerdə qala bilməyəcəklərini, ona görə iddiaçının köçməsini istəmədiyini, Səlimənin yox, övladlarının istədiyi vaxt mənzildə qala bilmələrini, bu səbəbdən iddianın rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətindən aydın olur ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 62.37 kv.m olan mənzil mülkiyyət hüququ üzrə ½ hissədə Cavabdeh, ½ hissədə isə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/16 nömrəli reyestr kitabının 2979 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********41-05304-093008, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 13.11.2020). Naxçıvan Şəhər Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(078)-94/2020 nömrəli qətnaməsinin surətinə əsasən, Cavabdeh ilə İddiaçı arasında 04 iyul 2011-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində bağlanmış 195 nömrəli nikah pozulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(078)-660/2020 nömrəli qətnaməsinin surətinə əsasən, İddiaçı Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında 11 mərtəbəli, 1 bloklu binanın 1 blokunda, 10-cu mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 62.37 m2, yaşayış sahəsi 39.02 m2 olan mənzilə ipoteka yüklülüyü saxlanmaqla İddiaçı ½ pay hüququ müəyyən olunmuşdur. Məhkəmə izahatları, işin digər hallarını nəzərdən keçirib iddianın dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, İddiaçı Cavabdeh ilə birgə nikahlarından doğulmuş övladları 16 iyun 2012-ci il təvəllüdlü X3 və 14 avqust 2016-cı il təvəllüdlü X6 ilə birlikdə Cavabdeh və İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında 11 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 10-cu mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 62.37 m2, yaşayış sahəsi 39.02 m2 olan mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında mütənasiblik prinsipini geniş təhlil edərək, onu insan hüquqlarının müdafiəsinin əsas prinsipi kimi təsbit etmişdir. Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə qeyd etmişdir ki, ictimai maraqla fərdin hüquqları arasında ədalətli balansın axtarışı bütün Avropa hüquq sisteminin xarakterik xüsusiyyətidir. Bu balansın təmin olunması üçün mütənasiblik təmin olunmalıdır. Həmçinin qanunun aliliyi prinsipinin əsas aspektlərindən biri, hüquqi müəyyənlik prinsipidir, bu prinsip, digərlərlə yanaşı, tələb edir ki, məhkəmələr iş üzrə yekun qərar çıxardıqda, bu qərarlar şübhə doğurmamalıdır. Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 7-ci bəndinə əsasən, kirayəçinin ailə üzvləri sırasına digər şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar onun öhdəsində olmuş olsunlar. Ayrı-ayrı hallarda kirayəçi ilə birgə yaşayıb ümumi təsərrüfatı birgə idarə edən və sırf ailə münasibətlərində olan başqa şəxslər də ailə üzvləri sırasına daxil ola bilərlər. Göstərilən cəhətlərdən biri mövcud olmadıqda, başqa şəxslər kirayəçinin ailə üzvü hesab oluna bilməzlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi və Mülki Məcəllənin 228-ci maddəsi ayrı-ayrılıqda vətəndaşların mənzildən istifadə etmək hüququnu tənzimləyərək bu hüququn müxtəlif şərtlərlə həyata keçirilməsini müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahlarından doğulmuş övladları 16 iyun 2012-ci il təvəllüdlü X3 və 14 avqust 2016-cı il təvəllüdlü X6 ilə birlikdə Cavabdeh və İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında 11 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 10-cu mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 62.37 m2, yaşayış sahəsi 39.02 m2 olan mənzilə köçürülsün. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar