Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-86/2023 24.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh, Şahid1 və Şahid2 qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 19155 (on doqquz min yüz əlli beş) manat pulun alınıb verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının ərizəsi əsasında Şahid1 və Şahid2 cavabdehlər qismində məhkəməyə cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, uzun illərdir mal-heyvan saxlayır, yaşlı olduğundan köməyi olmadığına görə heyvanları satmaq qərarına gəlmişdir. İnstaqram sosial şəbəkəsində bu barədə elan vermiş, 2022-ci ilin iyun ayının əvvəllərində bir nəfər ona zəng edərək adının Sənan olduğunu və ondan heyvanları almaq istədiyini bildirmişdir. Buna görə də onlar 14 iyun 2022-ci il tarixdə Böyükdüz kəndində görüşmüş, gedib heyvanlara baxmışlar. Sənan İsmət adlı bir nəfərlə gəlmişdi. Onlar heyvanları bəyənmiş, 234 baş balasız qoyun, 16 baş yanı balalı qoyun, 20 baş yanı balalı keçi, cəmi 306 baş heyvanı 48504 manat müqabilində razılaşmışlar. Belə razılığa gəlmişlər ki, həmin pulun 2000 manatını heyvanı aparanda, 25000 manatını həmin ilin sentyabr ayının sonunadək, qalan pulu isə 2023-cü ilin yanvar ayının sonunadək ödəyəcəyinə söz vermiş, bu barədə şahidlərin də iştirakı ilə yazılı sənəd tərtib edilmişdir. Bundan təxminən 10-15 gün sonra Sənan ona zəng edərək damazlıq qoç lazım olduğunu, qoçların da pulunu heyvanların pulu ilə birlikdə verəcəyini bildirdi. Onlar razılaşmış və Sənana hər biri 450 manatdan olmaqla 5 baş damazlıq qoç vermişdir. Həmin vaxtdan təxminən bir ay keçdikdən sonra borcunu ödəmədiyindən maraqlanmış, ona Sənanın fırıldaq adam olduğunu bildirmişdirlər. X9 heyvan saxladığı yerə göndərmişdir. Oğlu orada ona zəng edərək Sənanın haqqında deyilənlərin doğru olduğunu, satdıqları heyvanların cəmi 153 baş heyvanın qaldığını, qalmış heyvanların isə satıb öz borclarına verdiyini bildirdi. O qalan 153 baş heyvanı Sənandan geri almaq üçün Naxçıvan Şəhər Polis Bölməsinə müraciət etmişdir. X3 kənd icra nümayəndəliyinə zəng etmiş, icra nümayəndəsinin iştirakı ilə 3 baş keçi, 3 baş yanı balalı qoyun və 144 baş qoyunu kəndə aparmışlar. Bundan sonra Sənanın ona 22455 manat borcu qaldı. O Sənandan ona olan borcunu ödəməsini tələb etmiş, Sənan 2022-ci ilin oktyabr ayında borcundan 3300 manat ödəmişdir. Hazırda Sənanın ona 19155 manat borcu qalır. Həmin borcu isə verməyəcəyini bildirir. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, uzun illərdir mal heyvan saxlayır. İki oğlu var. Yaşlı olduğundan köməyi olmadığına görə heyvanları satmaq qərarına gəlmişdir. Fikirləşmişdir ki, heyvanı satıb böyük oğluna Naxçıvan şəhərindən ev alsın. Balaca oğlu da evdə qalsın. İnstaqram sosial şəbəkəsində bu barədə elan verdilər. 2022-ci ilin iyun ayının əvvəllərində bir nəfər zəng edərək adının Sənan olduğunu və ondan heyvanları almaq istədiyini bildirdi. Buna görə də 14 iyun 2022-ci il tarixdə Böyükdüz kəndində görüşmüşlər. Gedib heyvanlara baxıblar. Sənan İsmət adlı bir nəfərlə gəlmişdi. Onlar heyvanları bəyəndi. 234 baş balasız qoyun, 16 baş yanı balalı qoyun, 20 baş yanı balalı keçi, cəmi 306 baş heyvanı 48504 ( qırx səkkiz min beş yüz dörd) manat müqabilində razılaşmışlar. Belə razılığa gəldilər ki, həmin pulun 2000 manatını heyvanı aparanda 25000 (iyirmi beş min) manatını həmin ilin sentyabr ayının sonunadək, qalan pulu isə 2023-cü ilin yanvar ayının sonunadək ödəniləcəkdir. Bu barədə şahidlərin də iştirakı ilə yazılı sənəd tərtib etdilər. Əlavə Sənana 450 manat dəyərində at vermişdir. Bundan təxminən 10-15 gün sonra Sənan ona zəng edərək damazlıq qoç lazım olduğunu, qoçların da pulunu heyvanların pulu ilə birlikdə verəcəyini bildirdi. O razılaşmış, Sənana hər biri 450 manatdan olmaqla 5 baş damazlıq qoç vermişdir. Həmin vaxtdan təxminən bir ay keçdikdən sonra o söz verdiyi kimi borcundan ödəmədiyinə görə maraqlanmışdır. Ona bildirdilər ki, Sənan fırıldaq adamdı. Ona görə də X9 heyvanı saxladığı yerə göndərmişdir. Oğlu oradan zəng edərək Sənanın haqqında deyilənlərin doğru olduğunu, satdıqları heyvanlardan cəmi 153 baş heyvanın qaldığını, qalmış heyvanların isə satıb öz borclarına verdiyini bildirdi. Sənanın fırıldaq olduğunu görüb orada qalan 153 baş heyvanı Sənandan geri almaq üçün Naxçıvan şəhər Polis bölməsinə müraciət etmişdir. Polis bölməsindən Qaraxanbəyli kənd İN-nə zəng etdilər. İcra nümayəndəsinin iştirakı ilə 3 baş keçi, 3 baş yanı balalı qoyun və 144 baş qoyunu kəndə apardılar. Bundan sonra Sənanın ona 22455 (iyirmi iki min dörd yüz əlli beş) manat borcu qaldı. O Sənandan borcunu ödəməsini tələb etmişdir. Sənan 2022-ci ilin oktyabr ayında borcundan 3300 manatını ödədi. Hazırda Sənanın ona 19155 (on doqquz min yüz əlli beş) manat borcu qalır. Həmin borcu isə verməyəcəyini bildirir. Sədrlik edənin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, xx.xx.2022-ci il tarixə Sənanla İsmət gəlib heyvanlara baxıblar. Razılaşıblar. Səhərisi günü gəlib 308 baş heyvaları (yanı balalı olanlar da var idi), əlavə də 11 heyvan aparıblar. Sonra 153 heyvanı geri qaytardılar. Qalanları qaldı. Oğlu İbrahim satış məqsədilə instaqram sosial proqramında elan vermişdi. Həmin elanı görüb cavabdeh onlara gəlmişdi. 420 manat dəyərində Sənan at da almışdı. Həmin atını pulunu sonradan vermişdi. Apardığı heyvanların 153-nü qaytarmış, qalanlarının isə pulundan 2000 manat bir, 420 manat (atın pulu) və 3300 manat da Sənanın atası Ərrəhman kişi polis idarəsində vermişdi. Qalan 19850 manata qədər pulunu cavabdeh hələ də vermir. 16 yanı balalı heyvan- hər birini 234 manatdan, 20 yanı balalı keçi-hər birini 135 manatdan, qalan orta çəkili heyvanları-hər birini 180 manatdan hesablayıb cavabdehə satmışdır. Sənan ona ümumilikdə 420 manat+2000manat+3300 manat, cəmi 5720 manat pul verib. Qalan pul isə qalır. O alqısatqını və yazılı razılaşmanı ancaq Sənanla etmişdir. İsmətlə heç bir rəsmi razılaşma etməmişdir. Sentyabr ayından polis şöbələrinə şikayət etməkdən yorulmuşdur. Hətta polis şöbəsinin rəisi Şəmsi müəllim ona dedi ki, “İsmətlə danışmışam sənə 3700 manat pul verəcək. Həmin pul məndədir. Qoy Sənan da pulu gətirib versin sənə. İsmətin 3700 manat pulu məndədir. Sonra İsmətin pulunu verəcəm”. Bu sözləri ona Şəmsi müəllim dedi. Sənanın heyvanları saxladığı fermaya oğlu İbrahimlə birlikdə getmişdir. Həmin ferma Qaraxanbəyli kəndində yerləşir. Orada Rəmziyyə adında qadınla tanış olmuşdur. Rəmziyyə dedi ki ferma onundur. Rəmziyyə adında qadın ona dedi ki, heyvanların pulunun 10.000 manatını o verəcək. Qalan pulu Sənan verəcək. Sənan da dedi ki, qalan 13500 manat pulu o verəcək. İsmətin adı yox idi. O Rəmziyəni də İsməti də tanıyır. Onların pulun bir hissəsini Rəmziyyənin verəcəyi barədə razılıqları sonra oldu. Ancaq Sənanla haqq-hesab etmişdilər. Sənan öhdəlik yazmışdı. İddiaçı X1 24 may 2023-cü il tarixdə izahatında əlavə olaraq bildirmişdir ki, heyvanlarını Sənanla İsmət gəlib alıbdır. Orada İsmət onları aldadıb guya şahid kimi imza edibdir. Ancaq reallıqda belə deyildi. İsmət Sənanla birlikdə ondan heyvan alıbdır. Bir ay bundan əvvəl 1000 manat pul əlində evlərinə gəlibdir. Həmin pulun satdığı heyvanların pulu olduğunu bildiribdir və bu pulu alıb məhkəmədə İsmət borclu deyil deməsini istəyibdir. O isə razılaşmayıb, kimin borcu nə qədərdir, məhkəmə qərarı ilə ödəyəcəkdir deyibdir. Birinci dəfə razılıq pozulanda yenidən danışmağa gələndə Rəmziyyə dedi borc onlarındır, 10000 manat verəcəklər, ancaq yenə də vermədilər. Hər üç şəxs onu aldadıb, illərlə saxladığı heyvanlarımı alıb rahatlıqla satıb yeyiblər. İddianın təmin edilməsi, hər üç şəxsdən pulunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. O iddiaçıdan heyvan almışdır. Lakin tək almamışdır. Onun özünə aid olan bir hissəsinin pulunu vermişdir. Qalan heyvanların hamısını İsmətlə onun əmisi qızı Rəmziyyə satıb pulunu götürüblər. Bunu iddiaçı da bilir. Düzdür həmin heyvanları alarkən o pul öhdəliyi imzalamışdır. Ancaq həmin öhdəliyi o yox İsmət yazıb. O Türkiyədə yaşamışdır, yazısı yoxdur. Heyvanların hamısını o satmamışdır. Rəmziyyə və İsmət satıb. Hazırda da özünün çoxlu borcu olduğu üçün Rəmziyyə İsmətlə birlikdə Bakı şəhərinə qaçıb. Orada yaşayır. Onun telefonlarına da cavab vermir. Ona bu barədə dəfələrlə müraciət etsə də ona hədə-qorxu gəlib. Pulu qaytarmayacağını bildirib. Sədrlik edənin sualına cavab olaraq cavabdeh bildirmişdir ki, İsmətlə oturmuşdular, birdən İsmət instaqram sosial şəbəkəsində heyvan satışı elanını gördü. Həmin əlaqə nömrəsinə zəng etdilər. İbrahim adında şəxslə danışdılar. İbrahim dedi ki, “heyvanlar Böyükdüz kəndindədir, ancaq biz heyvanları 180 manatdan aşağı qiymətə satmayacağıq, əgər razısınızsa gəlin danışaq.” Onlar da danışmaq üçün səhəri günü Böyükdüz kəndinə getdilər. O 100 baş heyvanı saxlamaq üçün almağı fikirləşirdi. İsmət də 50 baş heyvan almağı düşündü. Birlikdə 150 baş heyvan almaq üçün Böyükdüzə getmişdilər. Orada onları qarşıladılar. İbrahim dedi ki, onlar heyvanın hamısını da sata bilərlər, istəyirlər 150 baş alsınlar, istəyirlər hamısını. Onlar da kənara çəkilib İsmətlə danışmışdılar. Ortaq şəkildə hamısını almağı planlaşdırmışdılar. Razılaşmışlar ki, sentyabr ayında heyvanların pulunu bir hissəsini verərlər. Razılaşıb heyvanları səhəri günü Qaraxanbəyli kəndinə Rəmziyyəgilin fermasına aparmışlar. Rəmziyyə onun əmisi qızıdır. Aralarında olan razılaşmanı rəsmiləşdirmişlər. O həmin sənədlərə imza etmişdir. Ancaq o həmin heyvanların hamısını almamışdır. Onlar üç nəfər İsmət, Rəmziyyə və o şərikli həmin heyvanları almışdırlar. Həmin heyvanları ortaq satıb pulunu da üçü verəcəkdi. Onun məqsədi heyvanı saxlamaq idi. O özünə aid olan heyvanlardan satıb əldə etdiyi 440 ABŞ dolları pulu Rəmziyyəyə vermişdir ki, aparıb Allahverdi kişiyə çatdırsınlar. Onlar isə pulu verməmişdilər. Rentacardan maşın götürüb Şərura yemək-içməyə gediblər. Axşam gələndə soruşmuşdur ki, pulu verib, İsmət dedi yox. Səbəbini soruşanda isə İsmət dedi ki, bəs yolda yol polisi onları cərimələdi 200 ABŞ dolları cərimə pulu verdilər. Qalan pulu da yeyib-içməyə xərcləyiblər. Həmin qoyunların bir hissəsini Şahbuzlu bir çobana satmışdır. Hətta bir gün fermaya gəlmişdir ki, İsmətlə Rəmziyyə onun xəbəri olmadan heyvanları hər birini 70 manatdan 70-75 baş heyvanı satıblar. 3800 manat pul əldə ediblər. Onlarla savaşmışdır. Demişdir ki, satdıqları heyvanların pulunu Allahverdi kişiyə aparıb versinlər. Ancaq onunla razılaşmadılar. Dedilər heyvan onlarındır. O da zəng vurdu İbrahimə, dedi gəlsinlər heyvanı aparsınlar, heyvanı satırlar. Allahverdi kişi, oğlanları gəldilər fermaya. Rəmziyyə, İsmət də orada idi. Orada əlavə razılaşma oldu. Rəmziyyə dedi 10000 manat pulu o verəcək. Sentyabr ayında 13500 manat da özü verəcəkdi. Sonra Allahverdi kişiyə 150 dən çox heyvanını özünə geri qaytardılar. Həmin heyvanları təkcə o satmamışdır, İsmətlə Rəmziyyə də satıb. Özlərinə dəfələrlə pulu qaytarmaqlarını bildirsə də Rəmziyyə ona hədə-qorxu gəlir. Hazırda ikisi də Bakıya gediblər. Allahverdi əmi düz deyir. Ona 20.000 manata kimi borcları var. Ancaq həmin borc onun deyil. X6 cavabdeh kimi yox elə təkcə onu cavabdeh kimi qeyd edir.? O üzərinə düşən borcu vermişdir, qalan pulu İsmətlə Rəmziyyə verəcək. İsmətlə 30-35 qoyun satmışdırlar. Ümumilikdə 1970 manat pul edib. Həmin pulun da 1500 manatını Allahverdi kişiyə vermişdir. O Allahverdi əmiyə 3300 manat, 2000 manat və 420 manat pul vermişdir. O əslində saxlamaq məqsədilə heyvanı almışdır. Sonra ona iynə vurdurmaq lazım oldu, ot lazım oldu, heyvanları satdı ki, zəruri olan işləri görsün. Qalan heyvanları da İsmətlə Rəmziyyə satdılar, yedilər. 2000 manat dayısı oğlundan pul alıb heyvanların ilkin ödənişini vermişdir. Dayısı oğlu gəlib həmin pul qarşılığında heyvanları götürüb apardı. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Sənan əmisi oğludur. İddiaçını da tanıyır. 1-2 dəfə görmüşdür. İddiaçı 1-2 dəfə Sənandan satdığı heyvanların pulunu almağa gəlib. Həmin vaxt Allahverdi dayını görmüşdür. Sənan Allahverdi dayıdan 306 baş heyvan almışdı. Heyvanları alanda Allahverdi dayının qapısına İsmətlə Sənan getmişdi. O orada olmamışdır. Əslində Sənan dedi ki, 150 baş qoyun alacaq. Sonra İsmət dedi ki, Sənan heyvanların hamısını aldı. Onun atasının Qaraxanbəyli kəndində böyük tövləsi var. Anası da heyvandarlıqla məşğul olub. Sənanın aldığı heyvanları gətirib onun təşəbbüsü ilə həmin tövləyə qatmışdır. Onun 2 övladı var. Heyvanların yemlənməsində onun uşaqları da iştirak edib, Sənana köməklik edirdi. Özü Sənana həmin heyvanların saxlanmasında köməklik göstərmişdir. O Sənana dedi ki, “gəl sən mənə də 100-150 baş heyvan ver mən də satım dolanaşacağım olsun”. İlk başda Sənan dedi yaxşı sonra baxdı ki, Sənan gündə bir şəxs gətirib heyvanları dəyər dəyməzinə 90-100 manata satır. Hətta bəzilərini 80 manata da satırdı. O zəng edib, Allahverdi dayıya dedi ki, “bəs Sənan heyvanları dəyər dəyməzinə satır, mən demişəm heyvanlardan mənə də ver, ancaq Sənan razılaşmır. Alllahverdi dayı və oğlu dedi ki, qoyunların alqı-satqısını müqavilə əsasında Sənanla etmişdirlər, sizin münasibətiniz bizə maraqlı deyil. Sənan bizim müəyyən edilən vaxta pulumuzu verəcək.” O inkar edə bilməz ki, o da həmin satılan heyvanların pulundan fayda götürmüşdür. Ailəsini, evini dolandırmışdır. Ona görə də demişdir ki, 5000 manat da o heyvanların pulundan Allahverdi dayıya verəcək. Sədrlik edənin sualına cavab olaraq şahid bildirmişdir ki, həmin videogörüntüdə o demişdir ki, ya 5000 manat ya da 10000 manat iddiaçıya heyvanlarından pulundan qaytaracaq. O heç bir heyvan satmamışdır. Heyvanların hamısını dəyər-dəyməzinə Sənan satıb. İsmət bu alış-verişdə heç bir fayda götürməyib. 1400-1500 manat qazancı olub ya olmayıb onu da ki, ya heyvanlara yem almaq üçün maşına pul verib, qalan pulu da siqaretinə və yeməyinə xərcləyib. İsmət ona dedi ki, o polis Şəmsi müəllimə ayda 100 manat pul göndərəcək iddiaçıya versin. Sədrlik edənin sualına cavab olaraq şahid bildirmişdir ki, o, İsmət və Sənan şərik olmuşdurlar. İsmət onun yaşadığı şəxsdir. Onlar belə razılaşmışdılar ki, 150 baş qoyunu o və İsmət alıb saxlayır, qalan 150 baş qoyunu Sənan saxlayır. Ancaq sənədləşməni Sənan edir, İsmət də şahid olur. Onların bu şərikli razılaşmasını Allahverdi dayı da bilirdi. Allahverdi dayıgilə Sənanla İsmət gedib. O getməyib. Heyvanlar tövləyə gələndən sonra onları ayırmamışdılar. Hamısı bir yerdə qaldı. Sənan gündə bir nəfər gətirib heyvanları satmağa başladı. Dəyər-dəyməzə satırdı. Onlara dedi ki, “siz qarışmayın, mən heyvanı satıb gedəcəm burdan”. Bir-iki dəfə Allahverdi dayıya zəng vurmuşlar. Gəldilər danışmışlar. Şərikli iş gördüklərini bildirdilər. O Allahverdi dayıya dedi ki, 10000 manat pulu verəcək. Həmin vaxt heyvanların çoxu satılmışdı. Puldan o da, İsmət də, Sənan da faydalanmışdılar. Onun fikri heyvanı saxlamaq idi. Ancaq Sənanın məqsədi saxlamaq adı ilə heyvanı alıb, satıb qaçmaq idi. 150 baş heyvanı Allahverdi dayı aparandan sonra şərikli iş pozuldu. O xərclədiyi puldan Allahverdi dayının borcunu verəcəyini bildirmişdir. İsmət polis rəisi Şəmsi müəllimlə danışmışdı. Ona pul göndərəcəkdi, o da Allahverdi dayıya verəcəkdi. Onlar üçü də Allahverdi dayıya pul verəcəkdilər. Ancaq ən çox Sənan verəcəkdi. Çünki heyvanıları o satıb. Məhkəmə iclasının gedişində Şahid1 və Şahid2 cavabdeh qismində prosesə cəlb edilmiş, iddia ərizəsinin surəti onlara göndərilmiş və məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilmişdir. Buna baxmayaraq cavabdehlər Şahid1 və Şahid2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə digər cavabdeh Şahid1 və Şahid2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X2 ifadəsində bildirmişdir ki, qardaşı İbrahim heyvanların satışı ilə bağlı instaqram sosial şəbəkəsində elan vermişdi. X8 kəndinə gəlib heyvanlara baxmışlar. İbrahim “Növündən asılı olmayaraq heyvanları 180 manatdan aşağı satmayacağam” demişdi. Əlbəttə ki, heyvanlar atası Allahverdi kişinin idi, sadəcə satılmasını İbrahimə həvalə etmişdir. Yanı balalı heyvanları qiyməti baha idi, ancaq minimum 180 manatdan aşağı heyvanları verməmişlər. Sənan “biz hamısını alacağıq” demiş, o da bir neçə qısır və yaşı çox olan heyvanları ayırıb onları Sənana satmamışlar. Öz aralarında yazılı razılaşma aparmışlar. Bütün yazışmaları Sənanla aparmışlar, çünki heyvanların satılması və pulun İddiaçı verilməsini Sənan öz üzərinə götürdü. Sentyabr ayının 20-nə kimi Sənan onlara 25000 manat pul verəcəkdi. Sonra görmüşlər ki, bunların arasında narazılıq var. Sənan onları Qaraxanbəyli kəndinə fermaya çağırmış, o orada Rəmziyyə adlı qadını görmüşdür. O dedi ki, “ferma bizimdir, heyvanların satışından əldə edilən pulun 10000 manatını mən verəcəm.” Əksər heyvanları-150 başa qədər heyvanı da onlara geri qaytardılar. Qalan pulu isə hələ də Sənan qaytarmır. İsmət isə heyvanlar üçü qapılarına gəlmiş, ancaq heyvanları satışı və sənədləşdirmə Sənanla aparılıb. Məhkəmə baxışı iclasında şahid X4 ifadəsində bildirmişdir ki, İddiaçı onun həyat yoldaşıdır. Onun çoxlu mal-heyvanı var. Onlar heyvandarlıq təsərrüfatı ilə məşğuldur. Heyvanları təkcə Sənan deyil Rəmziyyə və İsmət də satıb özlərinə qazanc götürüblər. Ancaq nə İsmət, nə də Rəmziyyə bir qəpik belə olsun Allahverdiyə qaytarmadılar. Hətta İsmət bir aya yaxın bundan əvvəl əlində 1000 manat pul gətirdi ki, satdığı heyvanların puludur. Həmin pulu alıb məhkəmədə desinlər ki, ismət borlu deyil. Onlar isə həmin pulu qəbul etməmişlər. İsmətə “Məhkəmə prosesi gedir. Qanuni qərar nə olsa onda razılaşarıq” demişlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. Nəzərə almaq lazımdır ki, tələbin qanuni əsası kimi bir neçə normanın yoxlanması istinsa deyil. Nəticə etibarı ilə onların hər birinini dispozisiya şərtləri yoxlanmaqla iddianın əsaslılığına qiymət vermək olar. Məhkəmə tərəflərin izahatlarında bildirdiyi hallarla əlaqədar hazırki tələbin qanuni əsasının tapılmasında beh münasibətlərinin tətbiq edilib-edilməməsi məsələsini araşdırır və bununla bağlı aşağıdakıları qeyd edir. İşin məhkəmədə araşadırılmış halları mülki işə əlavə edilmiş sənədlərlə, iddiaçının, cavabdehin izahatları və şahidlərin ifadəsi ilə müəyyən edilmişdir ki, Cavabdeh və tanışı Şahid2 ilə birlikdə İddiaçı məxsus olan heyvanı almaq barədə öz aralarında razılığa gəlmiş, bu razılıqlarını həyata keçirmək üçün İddiaçı Kəngərli rayonu Böyükdüz kəndində olan evinə Şahid2 ilə birlikdə gedərək heyvanları almış, həmin vaxt apardıqları alqı-satqını gələcəkdə təsdiq etmək üçün yazılı öhdəlik yazmış, həmin öhdəliyə Şahid2 şahid olaraq imza etmişdir. Həmçinin alqı-satqı adı altında bağlanan bu cür öhdəlik videoçəkiliş vasitəsilə lentə alınmışdır. Cavabdeh qohumu Şahid1 və tanışı Şahid2 ilə şərik olaraq heyvanların alınması və saxlanılması işə baxılarkən tərəflərin izahatları, Şahid1 şahid qismində verdiyi ifadəsi ilə təsdiq edilmişdir. Eyni zamanda heyvanların əvvəl 100 baş olaraq Cavabdeh tərəfindən alınması, qalan 50 baş heyvanın Şahid2 tərəfindən alınması barədə razılıq olması, Böyükdüz kəndinə gedəndə bütün heyvanın satıldığını bildikdə yenidən danışaraq bütöv şəkildə alınmasını razılaşmaları şərikli olaraq iş görülməsini bir daha təsdiq edir. Tərəflər arasında razılaşma əldə olunduqdan sonra Cavabdeh, Şahid1 və Şahid2 hər üçünün birlikdə heyvanların saxlanılması, satılması ilə bağlı məsələlərdə iştirakı, aralarında mübahisə olduqda heyvanı satan şəxsə müraciət edilməsi, ilkin razılaşmadan fərqli başqa bir razılaşmanın İddiaçı ilə əldə edilməsi və bunun da videolentə çəkilməsi, həmin razılaşmada Şahid1 pulun 10000 (on min) manatının özü tərəfindən verilməsinə öhdəlik götürməsi, İddiaçı cavabdeh olaraq sadəcə Cavabdeh deyil, digər iki şəxsi də tanıması və pulunu tələb etməsi, hər üç şəxsin heyvanlarına satılmasından əldə edilən puldan faydalanması, heyvanların alınma dəyərindən (180 manata alınan heyvanların) çox aşağı məbləğdə (70 manata) satılması işə baxılarkən tərəflərin verdikləri izahatlar əsasında öz təsdiqini tapmışdır. Eyni zamanda tərəflərin izahatları ilə heyvanların satılmasından əldə edilən pulun alınması barədə dəfələrlə Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinə müraciət edilməsi, işin araşdırılması zamanı pulun bir qisminin iştirakçılardan olan Şahid2 tərəfindən polis bölməsinin rəisi Şəmsi Mirzəliyevə veriləcəyi barədə tərəflərin izahatları, həmçinin izahatlarda həmin pulun heyvanların sahibi olan İddiaçı çatdırılacağı, Şahid2 1000 manat pul apararaq İddiaçı təqdim etmək istəməsi, qarşılığında heyvaların alqı-satqısında iştirakının inkar edilməsi, reallıqda alqı-satqının hər üç cavabdeh tərəfindən aparılmasını bir daha təsdiq edir. İşə baxılarkən hər üç şəxsin əməlində cinayət tərkibi olması barədə qərardada çıxarılaraq Naxçıvan Şəhər Prokuroluğuna göndərilmiş, daha sonra Kəngərli Rayon Polis Şöbəsində 14 mart 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə sözügedən qərarı sübut qismində qiymətləndirir. Belə ki, qərarda istər Cavabdeh, istər Şahid1, İddiaçı və digər şəxslərin izahatları alınmış, cinayət işinin başlanmasının rədd edilməsi nəticəsinə gəlinərkən Cavabdeh Şahid2 ilə Kəngərli rayonu Böyükdüz ərazisində Böyükdüz kənd sakini İddiaçı məxsus olan 306 baş xırdabuynuzlu heyvanı satın alması, həmin şəxslə heyvanları satmasına görə 48504 manata razılaşması, həmin pulun 2000 manatını heyvanı aparanda, 25000 manatını həmin ilin sentyabr ayının sonunda, qalan pulu, isə 2023-cü ilin yanvar ayının sonunadək ödəyəcəklərinə söz vermələri, bu razılaşmadan təxminən 10-15 gün sonra Sənanın İsmətlə birlikdə İddiaçı əlavə 5 baş damazlıq qoç alması və ümumilikdə 311 baş xırdabuynuzlu heyvan almaları, bir müddət sonra İddiaçı 153 baş xırdabuynuzlu heyvanı geri qaytarması, İddiaçı Cavabdeh, əmisiqızı Şahid1 və Şahid2 ona haliyyədə 19.155 manat pul verməli olduqları öz təsdiqini tapmışdır. Məhkəmə Cavabdeh tərəfindən borc öhdəliyi olaraq qeyd edilmiş əl yazısı olan və bir neçə şəxs tərəfindən imza olan həmin sənədi hər hansı hüquqi vəziyyəti təsdiq edən, müqavilə münasibətlərini təsdiq edən və hüquqi əhəmiyyətli sənəd hesab etmir. Mülki qanunvericilikdə alqı-satqı müqaviləsinin bağlanması, forması və məzmunu öz əksini tapmışdır. Məhkəmə sözügedən sənədi nə alqı-satqı münasibətlərini təsdiq edən, nə də adı borc öhdəliyi olsa da borc münasibətlərini təsdiq edən sənəd hesab etmir. Tərəflər arasında xırdabuynuzlu heyvanların nisyə alqı-satqısı barədə münasibətləri işə baxıların onların izahatları, şahidlərin ifadələri ilə öz təsdiqini tapmış və bu alqı-satqı üzrə cavabdehlərin məhz Cavabdeh, Şahid1 və Şahid2 olması müəyyən edilmişdir. Satılan xırdabuynuzlu heyvanların 153 baş heyvan iddiaçıya qaytarılmış, iddiaçı cavabdehlər tərəfindən satılan qalan heyvanın pulunu tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh, Şahid1 və Şahid2 ümumilikdə 19155 (on doqquz min yüz əlli beş) manat pul alınıb İddiaçı verilməlidir. Məhkəmə məhkəmə məsrəflərinə münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 18391 nömrəli qəbzlə ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu cavabdehlər Cavabdeh, Şahid1 və Şahid2 alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh, Şahid1 və Şahid2 ümumilikdə 19155 (on doqquz min yüz əlli beş) manat pul alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 18391 nömrəli qəbzlə ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu cavabdehlər Cavabdeh, Şahid1 və Şahid2 alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-86/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-86/2023
24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver