Məhkəmə qərarları › İş №2(078)-864/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-864/2022

28.07.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-864/2022 28.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 Naxçıvan MR-in Auksion Mərkəzinə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinə və Cavabdeh4 qarşı hərracın və onun nəticəsi barədə protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzilin əvvəlki vəziyyətinə qaytarılması və mənzil hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: X1 hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Naxçıvan MR-in Auksion Mərkəzinə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinə və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın və onun nəticəsi barədə protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzilin əvvəlki vəziyyətinə qaytarılması və mənzil hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə riayət edilmədən verilmişdir. Belə ki, iddiaçılar iddia ərizəsində hərracın və onun nəticəsi barədə protokolun etibarsız hesab edilməsini və çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin iddia ərizəsinə protokolu və çıxarışı əlavə etməmişdir. Həmçinin iddiaçılar iddia ərizəsinə sübut əhəmiyyətli sənədlərin əslini və ya lazımi qaydada təsdiqlənmiş surətini əlavə etməli olduğu halda, kserosurətlərini əlavə etmişdir. Tələb mülki-prosessual qanunvericiliyin tələbinə uyğun ifadə edilmədiyindən hesab edirəm ki, iddia ərizəsinin məzmununa dair tələbə riayət edilməmişdir və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 89.3-cü maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Bu baxımdan lazımi sübutların əslinin və yaxud lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. X1 hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsi geri qaytarıldığına görə, İddiaçı1 tərəfindən "xxxx" ASC-nin Qara Qarayev filialı vasitəsilə 20 iyul 2022-ci il tarixli, 9514 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Ona görə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: X1 hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 Naxçıvan MR-in Auksion Mərkəzinə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinə və Cavabdeh4 qarşı hərracın və onun nəticəsi barədə protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzilin əvvəlki vəziyyətinə qaytarılması və mənzil hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı1 tərəfindən "xxxx" ASC-nin Qara Qarayev filialı vasitəsilə 20 iyul 2022-ci il tarixli, 9514 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qaytarılsın. X1 hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar