Məhkəmə qərarları › İş №2(078)-871/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-871/2025

03.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-871/2025 03.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi, ərizəçinin vəkili və nümayəndəsi Vəkil, maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 iştirakları ilə, Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum nənəsi X2 miras qalan ünvan 1 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv.metr inşa edilmiş fərdi yaşayış evinin onun vəfatından sonra mərhum atası X3 tərəfindən sağlığında faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi, mərhum atası X1 vəfatından sonra ondan miras qalmış ünvan 1 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv.metr inşa edilmiş fərdi yaşayış evinin onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Məmmədova (İsmayılova) Lamiyə Bayram qızına, Maraqlı şəxs4 və Abbasova (İsmayılova) İlhamə Cəbi qızına məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 məhkəmə iclasında tələbi qəbul etmədiklərini bildirərək, tələbin rədd olunmasını xahiş etdilər. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cü maddəsinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə hakim ərizəni baxılmamış saxlayır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 10.1-ci maddəsinə görə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. İşə baxılarkən müəyyən edilmişdir ki, hüquq haqqında mübahisə vardır və maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 ərizədə göstərilən tələbə etiraz edirlər. Belə olan halda hüquq haqqında mübahisə yarandığından ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə iddia icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə görə ərizə baxılmamış saxlanıldığından Ərizəçi tərəfindən "xxxx" ASC-nin Xəzər Naxçıvan filialı vasitəsilə 17 may 2025-ci il tarixdə 5903 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənləri, Azərbaycan Respublikası MPM-in 259.0.10, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən "xxxx" ASC-nin Xəzər Naxçıvan filialı vasitəsilə 17 may 2025-ci il tarixdə 5903 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar