Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-89/2022 17.02.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1 və cavabdehin vəkil və nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 60 mənzil 11-ə yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq bildirmişdir ki, Naxçıvan şəhəri H.Əliyev prospekti ev 60 mənzil 11 onun mülkiyyətindədir. Cavabdeh mənzilin pasport qeydiyyatındadır və iyirmi ildən artıqdır ki, həmin mənzildə yaşamır, harada yaşaması isə ona məlum deyildir. Onun mənzilin pasport qeydiyyatında dayanması səbəbindən iddiaçı mülkiyyəti üzərində sərəncam hüquqlarını həyata keçirə bilmir. 28 yanvar 2022-ci il tarixdə cavabdehin vəkil və nümayəndəsi Vəkil2 məhkəməyə iddiaya qarşı etiraz göndərərək etirazda onu qeyd etmişdir ki, iddianın birinci səhifəsində iddiaçı Qaranın həmin ünvanda qeydiyyatda olma səbəbindən özünün mülkiyyət üzərində sərəncam hüquqlarını həyata keçirə bilməməsini göstərmişdir. Bunu onunla əsaslandırmaq istəyir ki, guya Qara 20 ildən artıqdır ki, əvvəllər valideynlərinin mülkiyyətində olan yaşayış evində yaşamır. İddianın hüquqi əsaslandırma hissəsində isə iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsaslanaraq qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və AR Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərhi ilə bağlı hüquqi nizama salma norması kimi göstərmişdir. Sonra iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərhi ilə bağlı 27 may 2008-ci il tarixli qərarlarını əsas götürərək iddia ərizəsində göstərmişdir ki, yuxarıda qeyd olunan normalara görə Qaranın iddia predmeti olan mənzildə yaşayış və istifadə hüququ yoxdur. Təmsil etdiyi şəxs iddiaya qarşı etirazını bildirərək qeyd edir ki, o 1963-cü ildə ünvan 1 ünvanında anadan olmuşdur və daimi yaşayış yeri həmin mənzildir. 1991-ci ildə Qaybalıyeva (Seyidova) Afət Ələkbər qızı ilə ailə həyatı quraraq həmin mənzildə yaşamışlar. Təxminən 2 ildən sonra işləri ilə əlaqədar müvəqqəti olaraq Bakı şəhərinə getmişlər. H.Əliyev adına Neft emalı zavodunun 236 saylı arayışından göründüyü kimi Qaranın həyat yoldaşı Afət Qaybalıyeva 2006-cı ilin aprel ayından həmin zavodda çalışır. Azneft istehsalat birliyinin neft və qazçıxarma idarəsinin 03/10 saylı arayışından isə göründüyü kimi Cavabdeh 2013-cü ilin mart ayından həmin idarədə işləyir. Bu sənədlər təsdiq edir ki, Cavabdeh və onun həyat yoldaşı işlədikləri üçün müvəqqəti olaraq Bakı şəhərində yaşayırlar. Onların mülkiyyətində hər hansı bir yaşayış evi və ya torpaq sahəsi yoxdur. 2004-cü ildə ilk dəfə olaraq Azərbaycan Respublikasına şəxsiyyət vəsiqəsi verilərkən o şəxsiyyət vəsiqəsini dəyişərkən fərdi uçot kartoçkasının 12-ci qrafasında X12 ilə evli olduğu göstərilmişdir. Həmin kartoçkanın 15-ci qrafası boş olduğundan bu bir daha təsdiq edir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi Qara həmin evə sonradan köçməmişdir. Bu mənzil Qaranın və onun həyat yoldaşı Afətin daimi yaşadığı evdir. Əlavə olaraq bildirir ki, Qara və arvadı Afət ailə həyatı quraraq həmin evdə yaşadıqları zaman qeyd olunan mənzil nə Qaranın atası Heydərin, nə də anası Bəyazın mülkiyyətində olmamışdır. 1990-cı ildə mənzil Qara tərəfindən əsaslı təmir olunmuşdur. Bir də bu mənzil təxminən 2016-2017-ci illərdə Naxçıvan şəhərində binaların yenidən üzlənməsi aparılarkən dövlət tərəfindən təmir edilmişdir. Bu mənzil 1992-ci ildə Qaranın anası X5 adına rəsmi qeydiyyata alınmışdır, 2016-cı ildə isə bağışlama müqaviləsi əsasında İddiaçı mülkiyyətinə keçmişdir. Qaranın atası X10 2018-ci il sentyabrın 1-i, anası X6 isə 15 sentyabr 2018-ci il tarixdə vəfat etmişlər. Hər iki valideynin yas mərasiminin xərclərini Qara, bacısı Mərcan və qardaşı Akif qarşılamışlar. 2021 -ci ildə Qaranın bacısı Mərcan Qara ilə danışaraq mənzilin satılaraq pulunun 3 övlad arasında - yəni Qaranın, qardaşının və Mərcanın arasında bölünməsini bildirmişdir. Sonradan isə hansısa ailə üzvləri tərəfindən Mərcan bu məsələdən uzaqlaşdırılmışdır. Qaranın doğum haqqında şəhadətnaməsinin təsdiq olunmuş surətindən və Afətlə aralarında olan nikahla bağlı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən göründüyü kimi Qara doğulduğu tarixdən, Afət isə 1991-ci ildən qeyd olunan yaşayış mənzilində yaşayış və istifadə hüququ əldə etmişlər. Əsas hal ondan ibarətdir ki, iddiaçı iddiasında tətbiq olunmalı olmayan normalara istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair qərarında Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi qeyd edir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsi və Mülki Məcəllənin 228-ci maddəsi ayrı- ayrılıqda vətəndaşların mənzildən istifadə etmək hüququnun tənzimləyərək bu hüququn müxtəlif şərtlərlə həyata keçirilməsini müəyyənləşdirir. Həmin qərarda qeyd edilir ki, 2000-ci il sentyabr ayının 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr qüvvədə olan Mülki Məcəllənin 228-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 2000-ci il sentyabrın birinədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü icarədarın ailə üzvlərinin hüquq və vəzifələri maddəsində qeyd edilir. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab oluna bilər. Həmin Məcəllənin 123-cü yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri maddəsində qeyd olunur ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsində onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılır. Yuxarıda qeyd olunan faktiki halları və hüquqi əsasları nəzərə alaraq İddiaçı Cavabdeh qarşı qaldırdığı ünvan 6-dən yaşayış və istifadə hüququnu itirilmiş hesab olunması barədə iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. 17 fevral 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında vəkili və nümayəndəsi Vəkil2 vasitəsilə təmsil edilmişdir. Cavabdehin vəkil və nümayəndəsi Vəkil2 hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Vəliyev X14 şəhəri H.Əliyev prospekti ev 60 mənzil 11-in onun mülkiyyətində olduğunu, həmin evin nənəsi X13 tərəfindən 15 aprel 2016cı il tarixli bağışlama müqaviləsi əsasında ona bağışlandığını, həmin vaxtdan evi adına keçirdiyini, cavabdehin onun dayısı olduğunu, ümumiyyətlə cavabdehin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamadığını, cavabdehin 1982-1983-cü illərdə Moskva şəhərinə getdiyini, orada yaşayıb işlədiyini, 1991-ci ildə cavabdehin Moskva şəhərindən gəlib evlənərək sonra ailəsini götürüb təkrarən Moskva şəhərinə getdiyini, orada yaşayıb işlədiyini, bir müddət sonra ailəsi ilə birlikdə Bakı şəhərinə köçərək orada yaşadığını, hazırda cavabdehin mübahisəli mənzildə sadəcə qeydiyyatda durduğunu, cavabdehin ana-atasına baxmadığını, onlara özünün, ata və anasının baxdığını, özünün uşaq vaxtından nənə və babasının yanında yaşadığını, onlar tək yaşadıqlarına görə onu yanlarında saxladıqlarını, cavabdehin Moskva şəhərinə getdikdən sonra öz toyunda gələrək bir müddət mübahisəli mənzildə yaşadığını, sonra təkrarən Moskvaya getdiyini, cavabdehin uşaqlarının sünnət toyunu mübahisəli mənzildə etdiyini, həmin toy ərəfəsində mübahisəli mənzildə yaşadığını, lakin onun daimi olaraq həmin mənzildə yaşamadığını, 2018-ci ildə nənə və babasının öldüyünü, cavabdehin həmin vaxt yasa gəldiyini, yasa gəldiyi vaxt mübahisəli mənzildə yaşadığını, hazırda cavabdehin mənzilin pasport qeydiyyatında dayanması səbəbindən özünün artıq kommunal xərclər ödəməli olduğunu, mülkiyyəti üzərində sərəncam verə bilmədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən iddiaçının vəkili Vəkil1 iddiaçının izahatına əlavəsinin olmadığını bildirib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən cavabdehin vəkil və nümayəndəsi Vəkil2 izahatında iddianın birinci səhifəsində iddiaçı Qaranın həmin ünvanda qeydiyyatda olma səbəbindən özünün mülkiyyət üzərində sərəncam hüquqlarını həyata keçirə bilməməsini göstərdiyini, onun bunu guya Qaranın 20 ildən artıqdır ki, əvvəllər valideynlərinin mülkiyyətində olan yaşayış evində yaşamaması ilə əsaslandırmaq istədiyini, iddianın hüquqi əsaslandırma hissəsində isə iddiaçının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsaslanaraq qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və AR Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərhi ilə bağlı hüquqi nizama salma norması kimi göstərdiyini, sonra iddiaçının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərhi ilə bağlı 27 may 2008-ci il tarixli qərarlarını əsas götürərək iddia ərizəsində qeyd olunan normalara görə Qaranın iddia predmeti olan mənzildə yaşayış və istifadə hüququnun olmadığını göstərdiyini, təmsil etdiyi şəxsin iddiaya qarşı etirazını bildirərək 1963cü ildə ünvan 1 ünvanında anadan olduğunu, daimi yaşayış yerinin həmin mənzil olduğunu bildirdiyini, 1991-ci ildə cavabdehin Qaybalıyeva (Seyidova) Afət Ələkbər qızı ilə ailə həyatı quraraq həmin mənzildə yaşadıqlarını, təxminən 2 ildən sonra işləri ilə əlaqədar müvəqqəti olaraq Bakı şəhərinə getdiklərini, H.Əliyev adına Neft emalı zavodunun 236 saylı arayışından göründüyü kimi Qaranın həyat yoldaşı Afət Qaybalıyevanın 2006-cı ilin aprel ayından həmin zavodda çalışdığını, Azneft istehsalat birliyinin neft və qazçıxarma idarəsinin 03/10 saylı arayışından isə göründüyü kimi Cavabdeh 2013-cü ilin mart ayından həmin idarədə işlədiyini, bu sənədlərin Cavabdeh və onun həyat yoldaşının işlədikləri üçün müvəqqəti olaraq Bakı şəhərində yaşadıqlarını təsdiq etdiyini, onların mülkiyyətində hər hansı bir yaşayış evi və ya torpaq sahəsinin olmadığını, 2004-cü ildə ilk dəfə olaraq Azərbaycan Respublikasına şəxsiyyət vəsiqəsi verilərkən cavabdeh şəxsiyyət vəsiqəsini dəyişərkən fərdi uçot kartoçkasının 12-ci qrafasında X12 ilə evli olduğunun göstərildiyini, həmin kartoçkanın 15-ci qrafası boş olduğundan bunun iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi Qaranın həmin evə sonradan köçmədiyini bir daha təsdiq etdiyini, bu mənzilin Qaranın və onun həyat yoldaşı Afətin daimi yaşadığı ev olduğunu, Qara və arvadı Afətin ailə həyatı quraraq həmin evdə yaşadıqları zaman qeyd olunan mənzilin nə Qaranın atası Heydərin, nə də anası Bəyazın mülkiyyətində olmadığını, 1990-cı ildə mənzilin Qara tərəfindən əsaslı təmir olunduğunu, bir də bu mənzilin təxminən 2016-2017-ci illərdə Naxçıvan şəhərində binaların yenidən üzlənməsi aparılarkən dövlət tərəfindən təmir edildiyini, bu mənzilin 1992-ci ildə Qaranın anası X5 adına rəsmi qeydiyyata alındığını, 2016-cı ildə isə bağışlama müqaviləsi əsasında İddiaçı mülkiyyətinə keçdiyini, Qaranın atası X4 2018-ci il sentyabrın 1-i, anası X3 isə 15 sentyabr 2018-ci il tarixdə vəfat etdiklərini, hər iki valideynin yas mərasiminin xərclərini Qara, bacısı Mərcan və qardaşı Akifin qarşıladıqlarını, 2021-ci ildə Qaranın bacısı Mərcanın Qara ilə danışaraq mənzilin satılaraq pulunun 3 övlad arasında - yəni Qaranın, qardaşının və Mərcanın arasında bölünməsini bildirdiyini, sonradan isə hansısa ailə üzvləri tərəfindən Mərcanın bu məsələdən uzaqlaşdırıldığını, Qaranın doğum haqqında şəhadətnaməsinin təsdiq olunmuş surətindən və Afətlə aralarında olan nikahla bağlı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Qaranın doğulduğu tarixdən Afətin isə 1991-ci ildən qeyd olunan yaşayış mənzilində yaşayış və istifadə hüququ əldə etdiklərinin göründüyünü, iddiaçının iddiasında tətbiq olunmalı olmayan normalara istinad etdiyini bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 06 yanvar 2022-ci il tarixdə keçirilən hazırlıq iclası zamanı Cavabdeh izahatında 1963-cü ildə Naxçıvan şəhərində anadan olduğunu, həmin mənzildə yaşadığını, 1984-cü ildə Rusiyaya getdiyini, Rusiyada yaşayıb işlədiyini, 1987-ci ildə həmin evin qeydiyyatından çıxdığını, 2004-cü ildə yenidən anasının verdiyi razılıq ərizəsi əsasında həmin mənzildə qeydiyyata düşdüyünü, həmin vaxtdan bu günə qədər mübahisəli mənzildə qeydiyyatda olduğunu, mübahisəli mənzilin 2016-cı ildə bağışlama müqaviləsi əsasında anası tərəfindən iddiaçıya bağışlandığını, özünün hazırda Bakı şəhərində yaşadığını, lakin yaşadığı evin öz evi olmadığını, oğlunun evi olduğunu, anası vəfat edəndə onun yas mərasiminə gəldiyini, yas mərasimini keçirdikdən sonra qardaşının evi satıb üç nəfər 2 qardaş və bir bacının arasında bölmələrini dediyini, özünün də razılaşdığını, həmin vaxt evin anaları tərəfindən Cəlilə bağışlandığını öyrəndiyini, onun mübahisəli mənzildə istifadə hüququnun olduğunu, bu hüququn itirilməsinə razı olmadığnı bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X19 ifadəsində Cəlilin onun qonşusu mərhum Bəyazın nəvəsi olduğunu, özünün 1964-cü ildən ünvan 2 ünvanında yaşadığını, mübahisəli mənzildə əvvəllər mərhum Heydər və Bəyazın yaşadığını, onlara baxmaq üçün qızları Mərcanın tez-tez həmin mənzilə gəlib getdiyini, Cəlilin nənə və babası ilə birlikdə yaşadığını, Heydərin və Bəyazın oğlanlarının uzun illərdir ki, mübahisəli mənzildə yaşamadıqlarını, cavabdeh Qaranın hərbi xidmətə Rusiyaya getdiyini, hərbi xidmətdən sonra Rusiyada qalaraq Moskva şəhərində yaşadığını, orada yaşayıb işlədiyini, onun sonradan ailəsi ilə birlikdə Bakı şəhərinə köçdüyünü, o vaxtdan da Bakı şəhərində yaşadığını, cavabdehi bu illər ərzində 2-3 dəfə mübahisəli mənzildə gördüyünü, cavabdehi mübahisəli mənzildə bir dəfə cavabdehin toyunda, bir dəfə cavabdehin uşaqlarının sünnət toyunda, axırıncı dəfə isə onun ata-anasının yasında gördüyünü, dəqiq müddətini xatırlamasa da cavabdehin toyu olduqdan təxminən bir həftə sonra arvadı ilə birlikdə Moskva şəhərinə qayıdıb orada yaşadıqlarını, daimi olaraq cavabdehin mübahisəli mənzildə yaşadığını görmədiyini, cavabdehin ailəsinin də mübahisəli mənzildə yaşadığını görmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində Cəlilin onun qonşusu mərhum Bəyazın nəvəsi olduğunu, 1964-cü ildən ünvan 3 ünvanında yaşadığını, mübahisəli mənzildə əvvəllər daimi olaraq mərhum Heydər və Bəyazın yaşadığını, onların nəvələri Cəlilin nənə və babası ilə birlikdə yaşadığını, nənəsinin Cəlili özünün işlədiyi uşaq bağçasına aparıb gətirdiyini, Heydərin və Bəyazın oğlanlarının uzun illərdir ki, mübahisəli mənzildə yaşamadıqlarını, cavabdeh Qaranın uşaqlıqdan hərbi xidmətə gedənəcən daimi olaraq mübahisəli mənzildə yaşadığını, sonra onun Rusiyaya gedərək orada yaşadığını, cavabdehin Rusiyadan gələrək ata-anasının ona toy etdiklərini, onun bir müddət mübahisəli mənzildə qalıb sonra arvadı ilə birlikdə Rusiyaya getdiyini, cavabdeh Qaranın uzun illərdir ki, mübahisəli mənzildə yaşamadığını, onu həmin ünvanda görmədiyini, onun ata-anasının yasına gəldiyini, yasda iştirak edib Bakı şəhərinə qayıtdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində Cəlilin onun qonşusu mərhum Bəyazın nəvəsi olduğunu, 1990-cı ildən ünvan 5 ünvanında yaşadığını, mübahisəli mənzildə əvvəllər daimi olaraq mərhum Heydər və Bəyazın yaşadığını, onlara baxmaq üçün qızları Mərcanın tez-tez həmin mənzilə gəlib getdiyini, Cəlilin nənə və babası ilə birlikdə yaşadığını, cavabdeh Qaranın Rusiyada yaşadığını, Qaranın dəqiq yadında olmasa da təxminən 1990-cı illərdə Rusiyadan gəldiyini, onun evləndiyini, ona ata-anasının toy etdiklərini, toydan sonra arvadı ilə birlikdə təkrarən Rusiyaya qayıtdığını, Qaranın arvadının qohumu Nazlı müəllimənin özünün müəlliməsi olduğunu, Qaranın toyu ərəfəsində Nazlı müəlliməni həmin blokda gördüyünü, onunla söhbət əsnasında Nazlı müəllimənin qohumunun Qara ilə evlənəcəyini dediyini, Nazlı müəllimənin həmin vaxt Qaranın arvadını da götürərək Rusiyaya qayıdacaqlarını bildirdiyini, qonşuların toydan bir müddət sonra Bəyaz xaladan oğlunu gəlinini soruşduqda həmçinin onun gəlini və oğlunun Rusiyaya qayıtdıqlarını bildirdiyini, buradan Qaragilin qısa müddət sonra Rusiyaya qayıtmalarının yadında qaldığını, onların təxminən bir həftə sonra Rusiyaya getdiklərini, cavabdehin mübahisəli mənzildə uşaqlarına sünnət toyu etdiyini, sünnət toyundan sonra mübahisəli mənzildə nə qədər müddət qaldıqlarını bilmədiyini, Qaranın mübahisəli mənzildə uzun illərdir ki yaşamadığnı, onun bir neçə dəfə həmin mənzilə gəlib getdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində Cəlilin onun oğlu, Qaranın isə qardaşı olduğunu, mübahisəli mənzilin anası Bəyazın mülkiyyətində olduğunu, anası Bəyazın Cəlili uşaq vaxtından öz yanında saxladığını, Qaranın təxminən 1983-1984-cü ildən Moskva şəhərinə Rusiyada olan əmisinin yanında işləməyə getdiyini, sonra orada qaldığını Naxçıvana daimi olaraq qayıtmadığını, təxminən 1990-1992-ci illərdə Qaranın Rusiyadan gəldiyini, evləndiyini, ata-anasının ona toy etdiklərini, toyundan sonra təxminən bir həftə və ya 10 gün mübahisəli mənzildə qaldığını, sonra arvadı ilə birlikdə Rusiyaya getdiklərini, cavabdehin uşaqlarına mübahisəli mənzildə sünnət toyu etdiyini, sonra yenə övladları və arvadı ilə birlikdə Rusiyaya qayıtdığını, bir müddət sonra cavabdehin Bakı şəhərinə köçdüyünü, o vaxtdan da Bakı şəhərində yaşadığını, cavabdehin mübahisəli mənzildə yaşamadığını, ata-anasına baxmadığını, ata-anasına özünün və həyat yoldaşının baxdığını, hər iki qardaşının da Bakı şəhərində yaşadıqlarını, anasının 2016-cı ildə mübahisəli mənzili oğlu Cəlilə bağışladığını, 2018-ci sentyabrın 1-də atasının, sentyabrın 15də isə anasının rəhmətə getdiyini, yasın xərclərini özünün və yoldaşının çəkdiyini, yasdan sonra cavabdehin 500 manat onlara pul verdiyini, Qaranın toyu olması üçün Rusiyadan gəldiyi vaxt özü ilə birllikdə divar kağızı gətirdiyini, həmin vaxt toy olacağı üçün adətlərə uyğun olaraq cavabdehin evi həmin divar kağızı ilə özünün təmir etdiyini, ondan başqa o evə xərc çəkmədiyini, həmin təmiri də öz toyu üçün etdiyini, uzun illərdir ki, cavabdehin özünə başqa yaşayış yeri seçərək mübahisəli mənzildə yaşamadığını bildirdi. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 60, mənzil 11 ünvanında yerləşən 44.83 kv.m ümumi sahəsi olan mənzilin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/18 nömrəli reyestr kitabının 3415 nömrəli vərəqində qeydiyyata alınması aydın olur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsi tərəfindən verilmiş 20 sentyabr 2021-ci il tarixli, 7/3594-V902 nömrəli məktubdan Cavabdeh ünvan 6 ünvanından qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 02.09.2010-cu il tarixli, 550 nömrəli əmrinin 5-ci bəndində göstərilən əsaslara uyğun olmadığından 17.09.2021-ci il tarixli ərizənin icra edilə bilmədiyi aydın olur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər İcra Hakimiyyəti 2 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 03 noyabr 2021-ci il tarixli, 04-3/2 nömrəli arayışdan Cavabdeh ünvan 6 ünvanında qeydiyyatda olduğu aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Zaks Bürosu tərəfindən verilmiş 09 sentyabr 1969-cu il tarixli, AZ seriyalı, 495809 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh 17 iyul 1963-cü il tarixdə doğulması, X4 onun atası, X3 onun anası olması aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 14 noyabr 1991-ci il tarixli, ЖГ seriyalı, 416465 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə X12 arasında 14 noyabr 1991-ci il tarixdə nikahın bağlanması, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 392 nömrə ilə qeydiyyatın aparılması, nikah bağlandıqdan sonra qadına “Qaybalıyeva” soyadının verilməsi aydın olur. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 24 yanvar 2022-ci il tarixli, 04/25 nömrəli məktubda qeyd olunmuşdur ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, bina 60-da yerləşən 11 nömrəli mənzil Naxçıvan şəhər XDS İK-nın 20 iyul 1992-ci il tarixli, 585 nömrəli qərarı əsasında 1992-ci ilin oktyabr ayında X8 adına qeydiyyata alınmışdır. 15.04.2016-cı il tarixdə Naxçıvan şəhər 1-ci DNK-da qeydiyyata alınan 4ə-220 nömrəli bağışlanma müqaviləsi əsasında həmin mənzil 10.05.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı şahidlərin ifadələrindən və iş üzrə tərəflərin izahatlarından məlum olmuşdur ki, Cavabdeh anası X1 onun tərəfindən mübahisəli mənzil İddiaçı bağışlanmadan əvvəl mübahisəli mənzildən olan yaşayış və istifadə hüququnu itirmişdir. Məhkəmə bu qənaətə gələrkən Cavabdeh mübahisəli evdən istifadə ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən ona münasibətdə bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəalarını əsas tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müyyənləşdirmişdir. 01.10.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 №-li qərarının (1994-cü il 20 may tarixli 4 №-li və 1998-ci il 25 mart tarixli 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 1963-cü ildə mübahisəli mənzildə doğulmuş, 1984-cü ilə qədər həmin mənzildə yaşamış, 1984-cü ildən mübahisəli mənzili daimi əsaslarla tərk etmiş, hətta özünün izahatına əsasən 1987-ci ildə mübahisəli mənzildən qeydiyyatdan çıxmışdır. Bunu məkəmə iclasında dindirilmiş şahid ifadələri və iş üzrə tərəflərin izahatları təsdiq edir. Cavabdeh hazırda Bakı şəhərində yaşayır. Qeyd edilənlərə əsasən müəyyən edildi ki, 1992-ci ildə mübahisəli mənzil X8 mülkiyyətinə verilmişdir, həmin vaxta qədər o həmin mənzilin icarədarı olmuşdur, cavabdeh də onun ailə üzvü kimi həmin mənzildən istifadə hüququ əldə etmişdir, lakin cavabdeh anası mübahisəli mənzilin mülkiyyətçisi olmadan əvvəl həmin mənzili 6 aydan çox müddətə daimi əsaslarla tərk etmiş, onun həmin mənzildə qeydiyyatı formal xarakter daşımışdır ki, bunun nəticəsində də cavabdehin mübahisəli evdən olan istifadə hüququ itirilmişdir. Cavabdehin mübahisəli mənzilin iddiaçıya bağışlanmasınadək uzun müddət mübahisəli mənzildə yaşamaması onun özünə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları, yuxarıda qeyd olunanları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddiaçının iddiası aşağıdakı əsaslara görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləninin 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.4-ci maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 may 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Həmin Qərara əsasən Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). İddia ərizəsindən, iş üzrə məhkəmə araşdırmasından aydın olur ki, mübahisəli mənzil İddiaçı mülkiyyətinə keçənə qədər cavabdeh həmin mənzildən istifadə hüququnu itirmişdir. 2016-cı ildən mübahisəli mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra isə Cavabdeh qeydiyyatda olduğu ünvanda - ünvan 8ndə İddiaçı mülkiyyət hüquqları qeydə alındıqdan sonra Cavabdeh mənzildən istifadə hüququnun yaranmasına dair tərəflər arasında notarial qaydada təsdiq olunmuş müqavilə bağlanmamışdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəlarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Qeyd olunan Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur Məhkəmə qeyd edir ki, hazırki iddia tələbində də cavabdeh qismində göstərilmiş Cavabdeh mübahisəli mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra da həmin mənzildə qeydiyyatda qalması onun həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmamışdır. Cavabdeh anasının sağlığında mübahisəli mənzilə istifadə hüququnu itirmiş, 2016-cı ildə həmin mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra həmin mənzilə istifadə hüququ yaranmamışdır. Belə olan halda mövcud olmayan istifadə hüququnun itirilmiş hesab edilməsindən söhbət gedə bilməz. Həmçinin "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəlarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, "Yaşayış yeri olduğu yer haqqında” AR Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Həmçinin müvafiq Plenum qərarında o da qeyd olunmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan Plenum Qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-89/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-89/2022
17.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver